Fevralın
6-da Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin
("Qaynar xətt" xidməti) və Vətəndaşların Qəbulu
Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılış mərasimi
keçirilib.
Mərkəzlər Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin "Dövlət orqanlarında elektron xidmətlərin
göstərilməsi haqqında" fərmanından və "Vətəndaşların
müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan
Respublikasının Qanunundan irəli gələn vəzifələrin
icrası işinin səmərəliliyinin artırılması məqsədlərinə
xidmət edir.
Müasir avadanlıqlarla və sürətli kommunikasiya
sistemləri ilə təchiz edilmiş hər iki mərkəz Təhsil
Nazirliyinin struktur bölmələri və müvafiq təhsil
qurumları ilə elektron qaydada əlaqələndirilib.
Mərkəzlər təhlil imkanına malik informasiya sistemləri
ilə təmin olunub.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu
Mərkəzinə müraciət edən vətəndaşlara metodiki və
maarifləndirici məlumatlar verilir, onlara müxtəlif növ
hüquqi yardımlar göstərilir. Azərbaycan, rus və ingilis
dillərində fəaliyyət göstərən mərkəzlər həftənin 5 günü
saat 09:00-dan 18:00-dək fasiləsiz olaraq vətəndaşlara
xidmət edir.
Mərkəzlərə
daxil olan müraciət, şikayət və təkliflər xüsusi məlumat
bazasına daxil edilir, elektron formada Təhsil
Nazirliyinin müvafiq struktur bölmələrinə yönəldilir.
Müraciət, şikayət və təkliflər araşdırıldıqdan sonra
vətəndaşlara rəsmi cavab verilir.
Məlumat bazasında qeydlər aparılır və müraciətlər
bazanın arxivinə yönləndirilir. Bundan əlavə, məlumat
bazasında axtarış sistemi yaradılıb. Burada hər bir
vətəndaşın müraciətini və onun Təhsil Nazirliyinə
müraciətlərinin sayını axtarış meyarları əsasında tapmaq
mümkündür.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu
Mərkəzinə daxil olan müraciətlərin gündəlik statistikası
aparılaraq təhlil edilir. Hər iki mərkəzin fəaliyyəti
üzrə toplanan statistik məlumatlar əsasında müvafiq
hesabatlar hazırlanır.
Mərkəzlərə xüsusi təlim keçmiş əməkdaşlar cəlb olunub.
Xidmət səviyyəsinin və keyfiyyətin yüksəldilməsi üçün
müasir avadanlıqlar vasitəsilə video-audio nəzarət
aparılır və hər bir əməkdaşın fəaliyyəti xüsusi meyarlar
əsasında qiymətləndirilir. |