| 
						
						2014-cü ildə Azərbaycan ədəbiyyatının görkəmli 
						nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi 
						Vazehin anadan olmasının 220 illiyi tamam olur. 
						
						Vazeh Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə 
						yaşatmış və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi 
						tərənnüm edən diqqətəlayiq irs qoyub getmişdir. Onun 
						yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni 
						əlaqələrinin inkişafında özünəməxsus mühüm yer tutur. 
						
						Azərbaycan Respublikası Konstitusiyasının 109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli şair 
						və maarifçi Mirzə Şəfi Vazehin 220 illik yubileyinin 
						keçirilməsini təmin etmək məqsədi ilə  
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm 
						Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Gəncə 
						Şəhər İcra Hakimiyyəti ilə birlikdə, Azərbaycan 
						Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mirzə 
						Şəfi Vazehin 220 illik yubileyinə həsr olunmuş tədbirlər 
						planını hazırlayıb həyata keçirsin. 
						
						2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
						sərəncamdan irəli gələn məsələləri həll etsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 3 fevral 2014-cü il
 |