| 
						
						
						 Azərbaycan 
						Prezidenti İlham Əliyev mərasimdə iştirak edib 
						
						Fevralın 3-də Bakının 28 May küçəsində Azərbaycan 
						mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri, 
						bəstəkar və pedaqoq, SSRİ xalq artisti, Sosialist Əməyi 
						Qəhrəmanı Qara Qarayevin abidəsi açılmışdır. 
						
						Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham 
						Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər. 
						
						Prezident İlham ƏLİYEV mərasimdə çıxış edərək 
						dedi: 
						
						- Hörmətli xanımlar və cənablar, əziz dostlar! 
						
						Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu 
						gün biz Bakının mərkəzində böyük bəstəkar Qara Qarayevin 
						abidəsinin açılışına toplaşmışıq. Böyük bəstəkarın doğum 
						günü ərəfəsində bu abidənin açılışı münasibətilə Qara 
						Qarayevin ailə üzvlərini, Azərbaycanın musiqi 
						ictimaiyyətini, bütün Azərbaycan xalqını ürəkdən təbrik 
						edirəm. 
						
						Qara Qarayev Azərbaycan xalqının böyük oğludur, böyük 
						şəxsiyyətdir, dahi bəstəkardır. O, Azərbaycanı, 
						Azərbaycan xalqını ləyaqətlə təmsil edirdi. Onun 
						fəaliyyəti sayəsində Azərbaycanı sovet məkanında və 
						dünyada daha da yaxından tanıdılar. O, Azərbaycan 
						xalqını, Azərbaycan musiqi mədəniyyətini dünyaya 
						tanıtdırırdı. Onun yaşayıb-yaratdığı dövrdə Azərbaycan 
						müstəqil deyildi və ancaq Azərbaycan xalqı incəsənət, 
						ədəbiyyat, musiqi sahəsində öz istedadını dünya 
						ictimaiyyətinin diqqətinə çatdıra bilirdi. Əlbəttə, Qara 
						Qarayevin əsərlərini dinləyən tamaşaçılar anlayırdılar 
						ki, ancaq istedadlı xalqın nümayəndəsi belə gözəl 
						əsərləri yarada bilər. 
						
						Qara Qarayevin əsərləri ölməzdir. Onlar bu gün də 
						yaşayır, bundan sonra da yaşayacaqdır, əbədi 
						yaşayacaqdır. Bir sözlə, bu böyük şəxsiyyət bizim milli 
						fəxrimizdir. Azərbaycan klassik musiqisinin inkişafında 
						onun danılmaz və müstəsna xidmətləri vardır. Eyni 
						zamanda, bildiyiniz kimi, o, milli musiqiyə də çox bağlı 
						idi. Xalq mahnıları, bizim milli musiqimiz onun 
						fəaliyyətinə, yaradıcılığına böyük təsir göstərmişdir. 
						
						Eyni zamanda, Qara Qarayev gözəl müəllim idi. Azərbaycan 
						Dövlət Konservatoriyasının rektoru vəzifəsində 
						işləyirdi. Onun davamçıları öz növbəsində Azərbaycan 
						musiqi mədəniyyətini zənginləşdirmişlər. Bir sözlə, çox 
						istedadlı adam idi, dostluğa da çox sadiq idi. Bildiyimə 
						görə, onun dostluqla bağlı fikirləri çox maraqlı idi. 
						Ulu öndər Heydər Əliyev ilə onların çox yaxın 
						münasibətləri var idi. Qarşılıqlı hörmət, qarşılıqlı 
						rəğbət əsasında qurulmuş bu münasibətlər nümunəvi 
						xarakter daşıyırdı. Mən də gənclik, yeniyetməlik 
						dövrümdə bir neçə dəfə onların bir yerdə təşkil etdiyi 
						məclislərdə iştirak edirdim. O səmimi münasibətləri 
						görürdüm, duyurdum və belə də olmalı idi. Çünki bir daha 
						demək istəyirəm ki, Qara Qarayev Azərbaycan xalqının 
						görkəmli nümayəndəsidir, milli fəxrimizdir. Hər bir 
						Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, onun 
						Qara Qarayev kimi böyük nümayəndəsi olmuşdur və vardır. 
						
						Qara Qarayev Sovet İttifaqı çərçivəsində ən yüksək 
						mükafatlarla təltif edilmişdir. Haqlı olaraq təltif 
						edilmişdir, gənc yaşlarında bu mükafatlara layiq 
						görülmüşdür. Ona ən yüksək ordenlər, ən yüksək 
						mükafatlar verilmişdir. Əlbəttə, əgər o, müstəqillik 
						illərində yaşasa idi, müstəqil Azərbaycan dövlətinin ən 
						böyük mükafatları ilə təltif olunardı. Əfsuslar olsun 
						ki, o, həyatdan tez getdi. Daha çox yaşaya bilərdi, daha 
						çox yarada bilərdi. Ancaq onun yaratdığı əsərlər 
						Azərbaycan musiqisinin zirvəsidir. Biz hamımız bir daha 
						onun ölməz xatirəsi qarşısında baş əyirik. Mən çox şadam 
						ki, bu gün bu gözəl yerdə, tarixi yerdə, onun yaşadığı 
						evin yaxınlığında bu gözəl abidə açılır. 
						
						Azərbaycan musiqi mədəniyyəti çox zəngindir. Biz haqlı 
						olaraq fəxr edirik ki, gözəl musiqimiz vardır. Xalq 
						musiqimiz, muğam sənəti ümumdünya musiqi sənətinin 
						zirvəsidir. Bu gün Azərbaycan musiqisini inkişaf etdirən 
						bəstəkarlar, sənət adamları öz töhfəsini verirlər ki, bu 
						ənənələr davam etsin, bu ənənələr kəsilməsin, istedadlı 
						musiqiçilər, bəstəkarlar yetişsin. Bu məqsədlə 
						Azərbaycan dövləti əlindən gələni edir və edəcəkdir. 
						
						Azərbaycanın musiqi həyatı zəngindir, ölkəmizdə müxtəlif 
						beynəlxalq tədbirlər, dünya səviyyəli festivallar, 
						müsabiqələr keçirilir. Eyni zamanda, biz Azərbaycan 
						musiqisini dünyada da təqdim edirik. Müxtəlif 
						konsertlər, müsabiqələr, festivallar keçirilir. Yəni, 
						hesab edirəm ki, bu gün Azərbaycan, o cümlədən bu 
						istiqamətdə də uğurla inkişaf edir. Mədəniyyətlə, 
						tarixlə bağlı olan bütün tədbirlər yüksək səviyyədə 
						keçirilir. Bizim tarixi irsimiz qorunub saxlanılır. 
						Memarlıq abidələri bərpa edilir. Muzeylər, teatrlar, 
						konsert salonları təmir edilir, tikilir. Bakıda, 
						bölgələrdə mədəniyyət mərkəzləri açılır. Yəni, bu, 
						Azərbaycan dövlətinin bu sahəyə göstərdiyi diqqətin 
						nəticəsidir. 
						
						Hər bir ölkənin inkişafı üçün onun mədəni həyatı xüsusi 
						əhəmiyyət daşıyır. Biz uzun illər, əsrlər boyu 
						müstəqillikdən məhrum idik. Ancaq müstəqilliyə olan 
						sevgimizi ürəyimizdə yaşatmışdıq. Musiqimiz, ana 
						dilimiz, ədəbiyyatımız, incəsənətimiz bizi bir xalq kimi 
						qorudu və bu gün Azərbaycan xalqı öz taleyinin 
						sahibidir. Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə 
						inkişaf edən dövlətdir. 
						
						Qara Qarayevin xatirəsi müstəqil Azərbaycan dövləti 
						tərəfindən əbədiləşdirilib. Onun adına prospekt, metro 
						stansiyası, incəsənət məktəbi vardır. Bu gün onun gözəl 
						abidəsi Bakının tarixi yerində açılır. Bu münasibətlə 
						bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək 
						istəyirəm. Bir daha ümumi fikri ifadə edərək demək 
						istəyirəm ki, Qara Qarayevin əziz xatirəsi və onun ölməz 
						əsərləri Azərbaycan xalqının qəlbində əbədi 
						yaşayacaqdır. Sağ olun. 
						
						
						*** 
						
						Mərasimdə Bakı Musiqi Akademiyasının rektoru, xalq 
						artisti Fərhad Bədəlbəyli, Qara Qarayevin tələbəsi, xalq 
						artisti, bəstəkar Arif Məlikov, Azərbaycan Yazıçılar 
						Birliyinin sədri, xalq yazıçısı Anar, Qara Qarayevin 
						oğlu, Çaykovski adına Moskva Dövlət Konservatoriyasının 
						professoru, əməkdar incəsənət xadimi, bəstəkar Fərəc 
						Qarayev çıxış etdilər. 
						
						
						*** 
						
						Sonra Prezident İlham Əliyev abidənin açılışını etdi. 
						
						Dövlətimizin başçısı və xanımı abidənin önünə gül 
						dəstəsi qoydular. 
						
						Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban 
						Əliyeva musiqi ictimaiyyətinin nümayəndələri ilə xatirə 
						şəkli çəkdirdilər, onlarla səmimi söhbət etdilər.  
						
						
						AzərTAc |