İnnovasiya
nədir?
İnnovasiya
- yeniliyin məzmunu və reallaşmasıdır. Bu termindən
iqtisadiyyatda, sonralar isə müxtəlif elmlərdə geniş
istifadə etməyə başlamışlar. İnnovasiyaların,
yeniliklərin yaradılması müxtəlif elm sahələrində
spesifik cəhətlərlə müəyyən edilir. Amma müxtəlif
sahələrdə intellektual yeniliklərin yaradılması,
ixtiraçılıq, səmərələşdirmə kimi mürəkkəb
proseslərin müəyyən ümumi tərəfləri də mövcuddur.
Hətta bu proseslərin alqoritmi də mövcuddur. TRİZ
(teoriya reşeniye tvorşeskix zadaç), ARİZ (alqoritm
reşeniye izobretatelnıx zadaç) kimi nəzəriyyə və
metodikalar bu gün dünyada çox geniş yayılmışdır.
Yaponiya, Cənubi Koreya və s. innovasion inkişaf
yolu tutan ölkələr xeyli müddətdir ki, bu fənləri
orta məktəblərdə tədris edirlər. Universitetlərə
qəbul zamanı abituriyentlər bu fəndən imtahan
verirlər.
Fərəhli haldır ki, bu nəzəriyyələr vaxtı ilə Bakıda
yaradılmışdır. TRİZ-ə aid ilk məqalələr və kitablar
da məhz Bakıda dərc edilmişdir. Belə ki, onların
müəllifi tanınmış mühəndis - ixtiraşı Genrix S.
Altşuller uzun illər ərzində (SSRİ dağılana qədər)
Bakıda yaşamışdır. Bu səbəbdən də mühəndis-texniki
sahədə çalışanlar üçün TRİZ üzrə ilk təlim kursları
vaxtı ilə Bakıda təşkil edilmişdir. Kreativ təfəkkürün
formalaşmasında TRİZ əvəzedilməz texnologiyadır.
Təəssüf ki, bir çox inkişaf etmiş ölkələrin məktəb və
universitet proqramlarına daxil edilmiş TRİZ
nəzəriyyəsi barədə bizim elm, təhsil və texnologiya
mütəxəssisləri məlumatsızdır. Bu gün - biliklərə
əsaslanan iqtisadiyyatın qurulması mərhələsində milli
təhsilimizin əsas məqsədlərindən biri kreativ düşüncəli,
yaradıcı, tənqidi təfəkkürə malik yeni nəsil
formalaşdırmaqdır. Milli təhsilimizin bütün
pillələrində testlərdən ifrat dərəcədə istifadə təbii
ki, yaradıcılığın inkişafına mane olur (beynəlxalq
təcrübədə testlərin təhsildə tətbiqi getdikcə
məhdudlaşır, məsələn, ABŞ -da testlərin təhsildən
çıxarılması məqsədi ilə son illər bir neçə milyard
dollarlıq təhsil meqalayihəsi həyata keçirilir). Bu
baxımdan TRİZ nəzəriyyəsinin bizim ölkədə də təhsil
proqramlarına daxil edilməsi rəqabətədavamlı, kreativ
düşüncəli gənclərin yetişməsinə dəstək ola bilər.
İnnovasiyaların yaradılması özlüyündə hələ iqtisadi
inkişaf demək deyil. Yaradılmış innovasiyalar
iqtisadiyyatda tətbiq edilməlidir ki, real iqtisadi
səmərə, inkişaf olsun. Əgər elmi fəaliyyətin
məqsədi pul sərf etməklə yeni informasiya əldə
etməkdirsə, innovasiya fəaliyyətinin məqsədi yeni
informasiya vasitəsi ilə pul qazanmaqdır. SSRİ
dönəmində sovet alimləri müəyyən innovasiyalar
yaradırdılar, lakin onların çox az qismi iqtisadiyyatda
tətbiq edilirdi (əsasən hərbi-sənaye komplekslərində).
İnnovasiyaların böyük qismi rəflərdə "yatır", az
hissəsi isə hansısa yollarla xarici şirkətlərin əlinə
düşürdü (çox hallarda müəllif hüquqları məsələləri
həll edilmədən). Bu səmərəsiz fəaliyyət innovasiyaların
idarə edilməməsi ilə əlaqədar idi. Deməli, yeniliyin
yaradılması hələ kifayət deyil, onu operativ tətbiq
etməyi, faydalanmağı (kommersiyalaşdırmağı) bacarmaq
lazımdır. Hələ 2500 il əvvəl dahi Çin filosofu Konfutsi
demişdir ki, elm və təhsildən faydalanmağı bacaran xalq
firavan yaşayar.
İnnovasiyaların idarə edilməsini menecment elmi
öyrənir. İnnovasiyaların menecmenti (innovasiyaların
idarə edilməsi) kimi adlanan bu sahə hazırda sürətlə
inkişaf edir. Bu gün insan fəaliyyətinin bütün
sahələrində innovasiyalardan geniş istifadə edilir.
Əslində bəşər tarixində innovasiyalar həmişə olmuş,
bəşəriyyətin inkişafı məhz innovasiyalar hesabına
mümkün olmuşdur. Son 20 ildə isə innovasiyalar
haqqında daha çox söhbətlər gedir. Bu İKT-nin
sürətli inkişafı və onun müxtəlif sahələrdə
tətbiqləri hesabına çoxsaylı yeni innovasiyaların
yaradılması, onların qlobal bazara çıxış imkanlarının
artması, tətbiqlərinin operativliyi,
rəqabətədavamlılığın və iqtisadi səmərənin yüksəlməsi
ilə əlaqədardır.
"İnnovasiya" və "yenilik" anlayışları sinonimlərdir, çox
hallarda eyni mənada istifadə olunurlar. İnnovasiya
(yenilik) - yeninin yaradılması və tətbiqi prosesidir,
yəni elm, texnika, iqtisadiyyat və idarəetməni
birləşdirən mürəkkəb intellektual prosesdir. O,
istehsal və istehlak münasibətləri kompleksini əhatə
edir. Geniş mənada innovasiya dedikdə yeniliklərin (yeni
texnologiya, məhsul, xidmət, istehsal, maliyyə,
kommersiya) inzibati, təşkilati-texniki və
sosial-iqtisadi qərarlar şəklində mənfəətli istifadəsi
başa düşülür. Bu səbəbdən də həm "innovasiya", həm də
"yenilik" terminləri eyni mənada işlənilir.
İnnovasiyanı yaradan və tətbiq edən insanlara innovator
deyirlər. İnnovator olmadan innovasiya və innovativ
inkişaf mümkün deyil. İnnovator yaradıcı,
qeyri-standart təfəkkürə, yüksək erudisiya və savada,
sahibkarlıq qabiliyyətinə malik olmalıdır. Bu
xüsusiyyətlər isə keyfiyyətli təhsil hesabına yarana
bilər. Deməli, innovatorların yaranmasında, dolayısı
ilə innovasion inkişafda təhsilin rolu mühümdür.
İnnovasiya prosesləri ilə innovatika elmi məşğul olur.
İnnovatika - innovasiya fəaliyyətinin elmi bünövrəsi,
nəzəri əsasıdır. İnnovatika - innovasiyanın
proqnozlaşdırılması və yaradılmasının elmi metodologiya
və üsullarının hazırlanması, inkişafı ilə məşğul olan
elmi istiqamətidir. İnnovatika dedikdə həmçinin
innovasiya fəaliyyətinin, innovasiyaların tətbiqinin
planlaşdırılması və təşkili üsulları da başa düşülür.
İnnovatikanın müasir inkişafının təhlili, bu inkişafın
proqnozu bir çox fundamental elmlərin problemlərini
ifadə etməyə imkan verir. Bu problemlərin həlli
innovatikanın tədqiqat obyekti kimi nəzəri bazasının və
metodoloji əsaslarının inkişafına təkan vermişdir.
Beləliklə, innovatika elmi istiqamət kimi yeni
biliklərin, texnologiyaların, metodologiya və metodların
daxili nizamlanmış tam sistemidir. Bu sistem innovasiya
proseslərinin vahid, qarşılıqlı əlaqəli və tam
sisteminin məntiqi birləşdirilmiş konseptual sxemini
əhatə edir.
İnsan fəaliyyətinin bütün sahələrində olduğu kimi
təhsildə də innovasiyaların mühüm rolu vardır.
Əslində təhsil tarixindəki bütün islahatlar ictimai
inkişafdan doğan innovasiyaların təhsildə sistemli
tətbiqinə xidmət etmişdir. Təəssüf ki, təhsil
tarixində elə islahatlar da olmuşdur ki, onların
müəllifləri və icraçıları innovasiya haqqında
təsəvvürlərə malik olmamışlar. İnnovasiyalara
əsaslanmayan islahatlar, bu proseslərin düzgün
layihələnməməsi nəticəsində təhsil sistemi iflic
edilmiş, onun islahatdan əvvəlki işlək mexanizmi
dağıdılmış, yeni təhsil modeli isə yaranmamışdır.
Necə deyərlər, islahatlar "qaş düzəltmək əvəzinə göz
çıxartmışdır".
Təhsildə innovasiya dedikdə müxtəlif yeniliklərin
təlim-tərbiyənin məqsəd, məzmun, metod və formalarına
tətbiqi, təhsilin iqtisadiyyati, təşkili və idarə
edilməsində pedaqoq və təhsilalanın müştərək
fəaliyyətlərinin yeni biliklər əsasında təşkili
nəzərdə tutulur. Təhsildə innovasiyalar ölkə və ya
regional səviyyədə, təhsil islahatları və ya müəyyən
məqsədli inkişaf proqramları çərçivəsində,
mərkəzləşdirilmiş formada və ya təhsil müəssisəsinin
(TM) təşəbbüsü ilə lokal formada həyata keçirilə
bilər. Bu zaman pilot layihə çərçivəsində
eksperimental fəaliyyət təşkil edilə bilər. Təbii ki,
bütün bu proseslər hüquqi-normativ baza əsasında
reallaşmalıdır.
Məqalədə təhsil innovasiyalarının idarə edilməsindən
danışılarkən, təhsil pilləsini xüsusi olaraq qeyd
etmirik. Çünki müxtəlif səviyyəli təhsil
müəssisələrində innovasion proseslərin metodoloji
baxımdan ümumi cəhətləri çoxdur. Bu səbəbdən
məqalədəki ideyalar faktiki olaraq təhsilin istənilən
səviyyəsi üçün əhəmiyyətli ola bilər.
Təhsil sektorunda innovasiya fəaliyyəti
Müasir təhsildə gedən qlobal proseslərin səciyyəvi
xüsusiyyəti onun fasiləsiz modernləşməsidir. Təhsildə
modernləşmənin əsas məqsədi bu gün reallaşan kütləvi
təhsil şəraitində yüksək keyfiyyətə nail olmaqdır.
İnkişaf etmiş ölkələrin təhsil sistemləri qlobal
tendensiyalara uyğun inkişaf edir. Qlobal tendensiyalar
isə dünyanın yeni inkişaf səviyyəsi ilə müəyyən
edilir. Bu məqsədlə bir çox ölkələrdə müvafiq təhsil
strategiyaları və inkişaf proqramları hazırlanmış,
hazırda icra edilməkdədirlər. Bu gün təhsildə strateji
yanaşma digər fəaliyyət sahələrinə nisbətən vacibdir.
Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin imzaladığı sərəncamla "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" təsdiq olunmuşdur. Hesab edirik ki, bu
strategiyanın icrası innovativ ideyalar əsasında milli
təhsilin inkişafına dəstək verəcək.
Müasir zamanda innovasiyaların yaranmasına səbəb olan
müəyyən tendensiyalar var:
*
tədris prosesinin humanistləşməsi;
*
uşaqların təhsilləri və gənc nəslin inkişafı
keyfiyyətinə verilən yüksək tələblər;
*
mədəni-mənəvi dəyərlərə yönəlmə;
*
təhsil müəssisələri arasında rəqabətlilik
münasibətləri.
İnnovasiyaların idarə edilməsi
Hər bir təhsil müəssisəsi yeniləşmə prosesində 3
mərhələdən keçir:
*
təşəkkül (yeni təhsil müəssisəsinin, yeni kollektivin
yaranması və ya kollektivin böyük hissəsinin
təzələnməsi mərhələsi);
*
fəaliyyət (təlim-tərbiyə prosesinin ənənəvi, stabil
proqram və pedaqoji texnologiyalar əsasında işinin
təşkili mərhələsi);
*
inkişaf (təlim-tərbiyənin köhnə məzmunu və mövcud
pedaqoji texnologiyalar yeni sosial-iqtisadi tələblərə
cavab vermədiyindən yeni məzmun, forma və
texnologiyaların yaradılması və tətbiqi mərhələsi).
İnkişafda olan təhsil müəssisələri ənənəvi, stabil
formatda işləyən təhsil müəssisələrindən fərqlənir. Bu
fərqlər özünü idarəetmədə də göstərir. Ənənəvi iş
rejimində müsbət nəticə verən pedaqoji texnologiyalar
bəzi hallarda yeni-innovasion iş rejimində arzu
olunan nəticələr verməyə bilər. Təhsil
müəssisələrində innovasion fəaliyyətin əsas subyekti
müəllim, idarəetmə obyekti isə təlim-tərbiyə
prosesidir. İnkişaf etmiş təhsil müəssisələrində
idarəetmənin predmeti təhsilin məqsədi, məzmunu, metod
və formalarıdır. Praktik olaraq, hər bir innovasion
təhsil prosesinin obyekti təhsilalanlardır.
Tədqiqatçıların və təhsil müəssisəsi rəhbərlərinin əsas
vəzifəsi təhsilin proqnozlaşdırılan nəticələrinə
maksimum yaxınlaşmaqdır. Ona görə təhsil müəssisəsində
tətbiq edilən hər bir innovasiya prosesi idarə
edilməlidir.
Hər bir innovasiya, yenilik, yeniliyin tətbiqi öz
inkişafı prosesində müəyyən mərhələlər keçir: ideyanın
yaranması, məqsədin formalaşması, yeni ideyanın
konkretləşməsi (formalaşması), yeniliyin
reallaşdırılması, yayılması, yeniliyin "adiləşməsi",
"köhnəlməsi".
İnnovasion rejimdə təlim-tərbiyə prosesinin bütün
iştirakçılarının - müəllim və şagirdlərin fəal şəxsi
özünütəyin prosesi gedir. Bu, insanların qarşılıqlı
münasibətlərinin xarakterində öz əksini tapır.
İnnovasiyaların həyat mərhələləri yeniliyi qəbul edən
kollektivin inkişaf mərhələləri ilə sıx bağlıdır.
Təhsil müəssisələrində innovasiyaların yaranmasının 5
yolu mövcuddur:
1. Müəssisəyə məxsus yeni təcrübənin yaranması;
2. Kənar təcrübədən istifadə;
3. Elmi araşdırmaların nəticəsi;
4. Eksperiment;
5. "Sınaq və səhv" yolu.
İnnovasion prosesə daxil olan kollektiv, bir qayda
olaraq, öz inkişafında bir neçə mərhələ keçir.
Cəsarətsizlik-"əməkdaşlığın" stabilliyi-yetkin
kollektiv. Son iki mərhələ-innovasiya prosesinin
kollektiv tərəfindən yüksək dərki mərhələsidir. Bu,
kollektivin hər bir üzvünün bütün mərhələlərdə
iştirakı ilə təyin edilir. Kollektivin cəsarətsizlik
mərhələsindən yetkinlik mərhələsinə inkişafı innovasiya
tsikillərin dəyişmə sürətindən asılıdır. İnnovasiya
proseslərini idarə edən menecerin ilkin vəzifəsi
innovasiyalara olan münasibəti öyrənmək, bu barədə
fərqli münasibət və rəyləri toplamaqdır.
Yeniliyin yaranması və tətbiqi bu yeniliyə olan
mürəkkəb münasibətlər sistemi ilə xarakterizə edilir.
Statistik məlumatlara görə, yeni ideyaların yaranma
mərhələsində təhsil müəssisəsi kollektivi üzvləri
yeniliyə motiv dərəcəsindən asılı olaraq bu qruplara
bölünürlər:
1. Liderlər qrupu (1-2%).
2. Müsbət yanaşanlar qrupu (50%).
3. Neytral olanlar qrupu (30%).
4. Mənfi yanaşanlar qrupu (20%).
Yeniliyin mənimsənilməsi və tətbiqinə zəif motivləşən
insanlar bu yeniliyə müxtəlif formalarda müqavimət
göstərirlər. Təcrübə göstərir ki, pozitiv nəticələr
insanların yeniliyə qarşı münasibətlərini dəyişir.
Yeniliyə "köklənmə" şəxsiyyətin fərdi
xüsusiyyətlərindən -sinir sistemi tipindən, refleksiya
dərəcəsindən, həyacanlanma səviyyəsindən,
kreativliyindən, səriştəliliyindən,
özünüqiymətləndirməsindən və s. amillərdən asılıdır.
İnnovasiya prosesini idarə edənin əsas vəzifəsi 3-cü və
4-cü qrupda olan insanları yüksək motivləşmə zonasına
keçirməkdir. Məhz bu səbəbdən, yeniliyin tətbiqi zamanı
məlumatlandırma, təlimatlandırma mühüm rol oynayır. Bu
zaman hər bir iştirakçı öz vəzifəsini, missiyasını
düzgün dərk edir. Əgər insan öz missiyasını, vəzifəsini
düzgün dərk edirsə, onda özünütəyin, özünüifadə,
özünürealizə prosesləri başlayır, onun stereotipi
dəyişir, özünüinkişaf baş verir.
Təhsil müəssisəsi üçün müasir innovasiya prosesləri,
innovasiyaların idarə edilməsi kifayət qədər
mürəkkəbdir, bu səbəbdən innovasiyalar sahəsində
səriştəli məsləhət xidmətlərinə ehtiyac var (təəssüf
ki, ölkəmizdə təhsil innovasiyaları, ümumən təhsil
xidmətləri sahəsində konsaltinq şirkətləri yoxdur, yəqin
ki, səriştəli məsləhətə ehtiyac olmayıb). Bu prosesdə
məqsədi təyinetmə, təhlil, planauyğun addımlar, pedaqoji
texnologiyalar, yeniliyin təşkili, ekspert nəzarəti, bir
sözlə, innovasion idarəetmənin bütün elementləri iştirak
edir. Çalışmaq lazımdır ki, daha çox özünənəzarət və
özünütənzimləmə elementləri olsun, nəinki kənardan
tənzimləmə. İnnovasiya proseslərini idarə edərək son
nəticədə kollektivin inkişafını idarə etmək mümkündür.
Hər bir innovasion proses ehtimallı xarakter daşıyır.
İnnovasiyaların nəticəsini proqnozlaşdırmaq asan
deyil, risk dərəcəsi yüksəkdir. Layihələndirmə və
modelləşdirmə mərhələsində bir çox səhvlərdən xilas
olmaq üçün yeniliyin analitik əsaslandırılması və
innovasion sınaq proqramının tərtib edilməsi
məqsədəuyğundur. İnnovasion sınaq proqramını
eksperimenti həyata keçirən fərd (layihə qrupu)
hazırlayır. Bu proqram daha sonra ekspertlər
tərəfindən təhlil edilməlidir.
İnnovasion sınaq proqramına verilən rəyə, əslində
yeniliyin tətbiqinə dair rəy kimi də baxmaq olar.
Rəydə bu məsələlər öz konkret əksini tapmalıdır:
proqramın məzmununun tamlığı, onun hissələrinin və
bloklarının struktur əlaqələri və ardıcıllığı,
məntiqliyi, konstruktivliyi, səhvlər, nöqsanlar,
çatışmazlıqlar, əsaslandırılmış təkliflər və proqrama
əlavələr, yekun ekspert rəyi ( rəydə birmənalı olaraq
bildirilir ki, yenilik təklif edilən variantda tətbiq
edilə bilər, yoxsa bütün nöqsanlar və səhvlər bir daha
yenidən işlənilməlidir). Təhsil müəssisəsinin
innovasiya fəaliyyəti proqramı müəyyənləşdikdən və əsas
gözlənilən nəticələr proqnozlaşdırıldıqdan sonra
müəssisənin rəhbərləri təşəbbüs qrupu ilə birgə məqsədli
kompleks proqram hazırlaya bilər. Bu proqram təşkilati
tədbirlərdən və innovasiyaların reallaşdırılması
mərhələlərindən ibarət olacaqdır.
Yeniliyin tətbiqi mərhələsinin təşkili
Məqsəd:
Təhsil müəssisəsində innovasiya proseslərinin müəyyən
edilməsi, formalaşması və inkişafı üçün şəraitin
yaradılması. Yeniliyin tətbiqi şəraitində TM-nin iş
sistemi modeli və texnologiyasının qurulması.
İşin təşkilinin məqsədyönlü forma və tədbirləri
1. Kadrlarla işin təşkili
1.1. Rəhbərlik səviyyəsində müşavirə.
Məqsəd: innovasiyanın tətbiqi stra
tegiya və taktikasının hazırlanması
1.2. Elmi (pedaqoji) şura.
Məqsəd: eksperimentin təşkili barədə qərar qəbulu,
kollektiv üzvlərinin innovasiyaların tətbiqinə şərait
yaradılmasına həvəsləndirilməsi
1.3. İstehsalat müşavirəsi.
1.4. Yaradıcı qrupun iclası.
1.5. Özünütəhsil üzrə iş.
2. Valideynlərlə iş.
Məqsəd: valideynlərin eksperimentin məqsəd və
vəzifələri ilə tanış edilməsi, eksperimentin təşkili və
icrasında onlarla müştərək fəaliyyət.
3. Rektoratın (Təhsil müəssisəsi şurasının) iclası.
Məqsəd: eksperimentin başlanması barədə qərarın qəbul
edilməsi
4. Baza müəssisəsi və təşkilatları ilə əlaqə.
5. Nəzarət, təhlil, tənzimləmə.
Məqsəd: informasiya toplanması və eksperiment
proqramının reallaşma gedişatının ilkin təhlili
6. İnformasiya təminatı.
Məqsəd: innovasiyanın tətbiqi prosesinin idarə edilməsi
üçün məlumatın toplanması.
Kollektivin proqram fəaliyyətinin məqsəd və vəzifələri
TM-dəki mövcud vəziyyətin müfəssəl təhlili və
inkişafı proqnozlarına əsasən hazırlanmalıdır.
Proqramın məqsəd və vəzifələri TM-nin bütün struktur
bölmələri ilə razılaşdırılmalı, kollektivin əksəriyyəti
tərəfindən dəstəklənməli, yeni şəraitə uyğunlaşmalı,
real olmalı, motiv və stimul səviyyəsini yüksəltməli,
nəzarətə imkan verməlidir.
TM-də innovasiya prosesləri son nəticələrin proqnozları
nəzərə alınmaqla idarə edilməli, prosesin aralıq
nəticələri kollegial formada müzakirə edilməlidir.
Təhsil İnnovasiyaları bankının formalaşması
Yeniliklərin tətbiqini idarə etmək üçün innovasiyalar
bankı yaradılmalıdır. Bu məqsədlə innovator hər bir
yeniliyə dair xüsusi formada blank hazırlamalıdır.
Tərtib edilən blank bu bölmələri əhatə etməlidir.
1. Problem.
Ənənəvi təlim-tərbiyə praktikasının hansı
ziddiyyətlər səbəbindən yenisi ilə əvəzlənməsinə
ehtiyac olduğu müəyyən edilməlidir (yəni, innovasiya
hansı zərurətdən yaranır?).
2. İnnovasiyanın, yeniliyin məqsədi.
Məqsədi konkret , dəqiq ifadə etmək üçün problemin
ikinci hissəsinə diqqət yetirmək lazımdır.
Bilinməlidir ki, işin sonunda nə əldə edilməlidir.
3. İnnovasiyanın, yeniliyin mahiyyəti.
Məqsədə çatmaq üçün həlli zəruri olan, qarşılıqlı
əlaqəli vəzifələr kompleksi müfəssəl təsvir
edilməlidir.
4. Yeniliyin tətbiqinin proqnozlaşdırılan nəticələri.
Proqnozlaşdırılan nəticə əldə edilməli olan
nailiyyətin konkret göstəricilərini əks etdirməlidir:
mümkün müsbət nəticələr, mümkün itkilər, risklər,
neqativ nəticələr, onların aradan qaldırılması
yolları.
5. Biliklərin tətbiq sahələrinə görə innovasiyaların
təsnifatı.
Yeniliyin hansı bilik sahələrinə aid problemləri həll
etdiyi xüsusi göstərilməlidir.
6. İnnovator.
Məlumat-blankda innovasiyanı kimin tətbiq etdiyi barədə
xüsusi qeyd olmalıdır. Bu innovasiyaya nəzərən
innovatorun kim olduğu - müəllif, istifadəçi, təşviq
edən və s. kimi məlumat qeyd edilməlidir.
7. Yeniliyin hansı mərhələləri keçməsi göstərilməlidir:
1. ideyanın formalaşması;
2. məqsədin müəyyənləşməsi;
3. innovasiyanın hazırlanması;
4. təcrübi sınaq və eksperiment;
5. innovasiyanın yayılması;
6. mövcud struktur çərçivəsində innovasiyanın
reallaşması.
8. Yenilik eksperimental sınaqdan keçmişdir.
Tədris ili ərzində və sonrakı müddətdə neçə dəfə
sınaqdan keçməsi göstərilir.
9. İnnovasion eksperiment.
İnnovasion təhsil eksperimenti əsasən 3 mərhələdə olur:
Müəyyənləşdirici eksperiment-nəticələrin qeydiyyatı
prosesinin izlənməsi;
Dəqiqləşdirici eksperiment-nəticələrə müvafiq olaraq
hipotezanın dəqiqləşdirilməsi;
Formalaşdırıcı eksperiment- pedaqoji texnologiya və
gözlənilən nəticələrin formalaşdırılması və təsviri.
İnnovasion eksperimentin iki tipi var: fəal, passiv.
Fəal eksperiment laborator və istehsalat xarakterli
ola bilər. Passiv eksperiment isə pedaqoji
müşahidədir.
10. Tətbiq və işlənmə mərhələsindəki problemlər.
Bu, innovasiyanın tətbiqinə mane olan problemlərdir.
11. Eksperimental nəzarətin icraçıları.
Eksperimentator qismində mütəxəssislər- müəllimlər,
digər TM-nin rəhbərləri, metodistlər, alimlər və s. ola
bilər.
12. İnnovasiyanın qiymətləndirilməsi.
13. Əlavə daha hansı problemlər həll edilməlidir.
14. İnnovasiyanın əhəmiyyəti barədə qeydlər.
Qeyd edilən blank innovasiya proqramı və yeniliyin
tətbiqi ekspertizasının nəticələri əsasında
doldurulur. İnnovasiyalar bankı yarandıqdan sonra
nəticələr ciddi təhlil edilməlidir. Yalnız bu halda
TM rəhbərliyi innovasiyaların korreksiyası və
tənzimlənməsi proqramını həyata keçirə bilər.
Təhsil innovasiyaları bankı yaradıldıqdan sonra
innovasion fəaliyyətin ekspertizası, innovasiya
proseslərinə nəzarət, təhlil və tənzimləmə məsələləri
həll edilməli, pedaqoji kollektivin innovasion
potensialının inkişafı şərtləri müəyyənləşməlidir.
İlham ƏHMƏDOV,
ADPU-nun Kompüter mərkəzinin direktoru, dosent
|