Bakıdakı
21 nömrəli tam orta məktəbdə Fövqəladə Hallar
Nazirliyinin Bakı Regional Mərkəzinin təşkilatçılığı ilə
"Fövqəladə hallarda özünü necə aparmalı?" adlı
maarifləndirici tədbir keçirilib. Nəzəri və praktik
hissədən ibarət olan tədbirdə Bakı Regional Mərkəzinin,
Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğından Mühafizə,
Dövlət Sularda Xilasetmə və FHN Tibb Xidmətlərinin,
Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım
Stansiyasının əməkdaşları və digər təşkilatların
nümayəndələri iştirak ediblər.
Məktəbin direktoru Ceyhun Bayramlı təhsil ocağında bu
cür tədbirlərin keçirilməsinin vacibliyini bildirib.
Qeyd edib ki, insanlar həyatda baş verə biləcək
müxtəlif hadisələrə hazır olmalı və müxtəlif həyati
bacarıqlara yiyələnməlidirlər. Maarifləndirmə
tədbirləri fövqəladə hallar zamanı hərəkət qaydalarını
aşılayır, baş verə biləcək hər hansı bir fövqəladə
hadisənin qarşısının alınmasına və ya artıq baş vermiş
hadisə zamanı onun nəticələrinin aradan qaldırılmasında
insanlara kömək edir.
Tədbirdə insanların həyat şəraitinə təsir edən
müxtəlif növ fövqəladə hadisələr haqqında ətraflı
məlumatlar verilib. Məktəbin həyətində zəlzələ, yanğın,
radiasiya və kimyəvi xarakterli fövqəladə hallar zamanı
nə etməklə bağlı əyani şəkildə təşkilatın
əməkdaşlarının iş təcrübələri nümayiş etdirilib.
Mövzu ilə bağlı FHN Bakı Regional Mərkəzinin operativ
məlumat şöbəsinin rəisi - idarənin rəis müavini,
polkovnik- leytenant Vaqif Teymurov, Operativ məlumat
şöbəsinin baş zabiti, baş leytenant Pərviz Əliyev,
İstismarda olan binaların təhlükəsizliyinin monitorinqi
şöbəsinin rəisi, daxili xidmət mayoru Elgün Ələkbərov
və başqalarının çıxışları şagirdlər tərəfindən
maraqla qarşılanıb.
Tədbir fövqəladə hallarda özünü necə aparmasına aid
şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya ilə başa
çatıb.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |