Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

"Ana  dilimizi sevək və inkişaf etdirək"

 

 Böyütmək üçün şəkili seçinHər bir xalqın ən qiymətli sərvəti onun doğma dilidir. Azərbaycan dili də  babalarımızın əzəli və əbədi əmanətidir. Bu fikirlər yanvarın 24-də Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə "Ana  dilimizi sevək və inkişaf etdirək" mövzusunda keçirilmiş tədbirdə səslənib.

Tədbirdə  Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, uşaqların sevimlisi, şair Zahid Xəlil və qələm dostları Füzuli Əsgərli, Qəşəm İsabəyli, Xırdalan Şəhər İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin nümayəndələri, KİV təmsilçiləri və b. iştirak ediblər. Əvvəlcə qonaqlar  foyedə məktəbin şagirdlərindən Yusif Aslanov və Aysel Kərimlinin ibtidai siniflərdə ana dilinə həsr olunmuş fənn aylığı çərçivəsində təşkil olunmuş rəsm sərgisi ilə tanış olublar. Məktəbin direktoru Ədalət Camalova fənn aylığı ilə bağlı görülən işlər haqqında məlumat verib. Bildirib ki,  aylıq müxtəlif  tədbirlərlə  zəngin olub. Şagirdlər arasında  inşa  və şeir müsabiqəsi, müəllimlərin   "açıq dərs"ləri keçirilib.

Məktəbin akt zalında davam edən tədbir   Dövlət himninin ifa olunması ilə başlayıb. Sonra  məktəbin direktoru Ədalət Camalova dilimizin inkişafı, qorunması, dövlət dili səviyyəsinə   yüksəlməsindən danışıb,  tarixi kökləri haqqında  ətraflı  məlumat  verib. Bildirilib ki, dil hər bir millətin maddi, mənəvi irsini qoruyan, insanın mənəvi aləmini zənginləşdirən, dünyagörüşünü genişləndirən əsas amildir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi dil siyasəti ulu öndərin dövlət quruculuğu siyasətinin əsas tərkib hissəsi olmuşdur. Ulu öndər Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilmişdir.

Sonra Zahid Xəlilin həyat və yaradıcılığına həsr olunmuş film göstərilib.

Tədbirin aparıcısı ibtidai sinif müəllimi Gözəl Abbasova ulu öndər Heydər Əliyevin "Mən çox istərdim ki, hər bir azərbaycanlı şagird Səməd Vurğunu azərbaycanca, Puşkini rusca, Şekspiri isə ingiliscə oxusun" sözlərini xatırladıb. O, Zahid Xəlilin yaradıcılığından söz açaraq qeyd edib ki, şair yaradıcılığa başladığı ilk günlərdən müxtəlif mövzulara müraciət etmişdir. Onun doğma dilimizdə yazıb yaratdığı şeirlər balaca oxucular tərəfindən daim rəğbətlə qarşılanıb. Məktəbə sevgi, Vətənə məhəbbət, valideynə hörmət, ana təbiətin qorunması, dilimizə sonsuz ehtiram Zahid Xəlil poeziyasının ana xəttini təşkil edir. Onun məktəbə həsr etdiyi şeirlərdə məktəb şagirdlərinin hiss və həyəcanları öz əksini tapıb.

Şair Zahid Xəlil çıxış edərək fənn aylığı  ilə əlaqədar məktəbdə keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, onların şagirdlərin təlim-tərbiyəsində önəmli rol oynadığını vurğulayıb. Qeyd edib ki, bizim dilimiz ahəngdar, axarlı və çox şirin dildir. Dilimiz dünya xalqları dilləri içərisində ən qədim dillərdən biridir. Ananın südü insanın pərvərişinin əsası olduğu kimi, anamızın dili də ruhumuzun, mənəviyyatımızın, kamilliyimizin qidasıdır. Hər bir azərbaycanlı ana dilimizi mükəmməl bilməli, onu göz bəbəyi kimi qorumalıdır. İnsanın öz ana dilinə münasibəti onun mənəvi səviyyəsini, vətəndaşlıq qayəsini müəyyən edir. Azərbaycan dilini sevmədən  gözəl torpağımızı sevmək mümkün deyil.

Tədbirdə şagirdlərdən Yusif Hüseynli, Murad Haqnəzərov, Emin Yusifli, Sara Zamanzadə, Fərid Məmmədli, Bayram Əliyev, Aytac Abbasova, Sahib Qasımov, Rəsul Quluzadə, Səbuhi Məmmədov, Məryəm Hüseynova və başqaları Zahid Xəlilin şeirlərini söyləyiblər. "Ana dilim" kompozisiyası nümayiş etdirilib. Şagirdlər ifa etdikləri müxtəlif rəqs nömrələri, xalq mahnıları və göstərdikləri səhnəciklərlə həmin günü daha da maraqlı, yaddaqalan ediblər.

Sonra Füzuli Əsgərli və Qəşəm İsabəyli Zahid Xəlilin  yaradıcılığından danışaraq  "Ana  dilimizi sevək və inkişaf etdirək" adlı gecənin yüksək səviyyədə təşkil olunmasına görə təhsil ocağının kollektivinə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda məktəbin  riyaziyyat müəllimi Validə Tağıyevaya  60 yaşı münasibəti ilə  təbriklər ünvanlanıb və o, Abşeron Rayon Təhsil Şöbəsinin fəxri fərmanı ilə təltif edilib. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov