Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

"Sosial pedaqogika" dərsliyi işıq üzü görüb

 

 Professor Hikmət Əlizadə və dosent Rəhimə Mahmudovanın "Sosial pedaqogika" dərsliyi işıq üzü görüb. Sosial pedaqogika pedaqogikanın çox mühüm qollarından, sahələrindən biridir. Qeyd olunmalıdır ki, sanballı, səviyyəli və lazımlı  dərslik birdən-birə meydana gəlməmişdir. Müəlliflərin əvvəlcə pedaqogika dərslikləri, sosial pedaqogikanın aktual problemlərini özündə birləşdirən dərs vəsaitləri pedaqoji ictimaiyyətin istifadəsinə verilmiş, sonra onlar diqqət mərkəzinə gətirdiyimiz  bu dərslik üzərində işləmişlər. Belə ki, pedaqogika üzrə elmlər doktoru, professor Hikmət Əlizadə professor A.Abbasovla "Pedaqogika", ayrıca olaraq "Sosial pedaqogikanın aktual problemləri", Q.Abbasova və R.Mahmudova ilə birgə  "Təhsilin sosial-pedaqoji məsələləri"; pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rəhimə Mahmudova da öz növbəsində professor L.N.Qasımova ilə "Pedaqogika" (mühazirə kursu), H.Əlizadə və Q.Abbasova ilə birgə "Təhsilin sosial-pedaqoji məsələləri"  tədris vəsaitlərini yazmışlar.

Göründüyü kimi, "Sosial pedaqogika"nın, müasir pedaqoji tədqiqatların əsasında dəyərli və  əhəmiyyətli bir dərslik   kimi meydana gəlməsinin obyektiv səbəbləri vardır. O, gərgin zəhmətin bəhrəsidir.

Dərslik "Sosial pedaqogikanın elmi-nəzəri əsasları", "Şəxsiyyətin sosial inkişafı və tərbiyəsi", "Sosial pedaqoji fəaliyyətin əsasları" kimi üç bölmədən ibarətdir. Birinci bölməyə "Sosial pedaqogikanın obyekti, predmeti və vəzifələri", "Sosial-pedaqoji tədqiqatlar", "Sosial pedaqogikanın  prinsipləri", "Sosial-pedaqoji proses: mahiyyəti və onun təkmilləşdirilməsi yolları"; ikinsi bölməyə "Şəxsiyyətin sosiallaşması: mikro-,mezo- və makro amillərin sosial pedaqoji məsələləri"; "İnsanın adaptasiyası, dezadaptasiyası və readaptasiyası" kimi mühüm fəsillər daxildir.

Dərsliyin üçüncü bölməsi digər bölmələrlə müqayisədə kifayət qədər genişdir. "Təhsilin sosial-pedaqoji məsələləri"; "Tərbiyənin sosial-pedaqoji məsələləri", "Sosial tərbiyə vasitəsi kimi", "Ailə tərbiyəsinin sosial-pedaqoji problemləri", "Sosial pedaqogikada uşaqların tipologiyası məsələsi və diferensial yanaşma", "Kollektivin  sosial-pedaqoji məsələləri", "Sosial pedaqoqun şəxsiyyəti və sosial-pedaqoji fəaliyyətinin xüsusiyyətləri" kimi fəsilləri əhatə edir.

Dərslikdə  deyilir: "Pedaqogikanın əsas anlayışları tərbiyə, təlim və təhsildir. Sosial pedaqogika da elə bu məsələləri öyrənir. Ancaq bir şərtlə, onu tərifdə göstərilən məsələlər ... sosial baxımdan maraqlandırır".  Bu müddəaya əsaslanaraq, müəlliflər belə qənaətə gəlirlər ki, "Sosial pedaqogika bir elm sahəsi kimi öz-özlüyündə sosial və pedaqoji sahələri öyrənmir, onun fenomenologiyasını sosial-pedaqoji hadisələr təşkil edir. Pedaqogika elmi bu mühüm problemi qnoseoloji aspektdə təhlil edir. Sosial pedaqogika  isə müvafiq problemə, ilk növbədə ontoloji baxımdan yanaşır, sosial-pedaqoji faktları xüsusi tədqiqat sahəsi kimi ayırıb onların mahiyyətini həmin kontekstdə araşdırır".

Dərslik müəllifləri V.İ.Zaqvyazinski və V.D.Semyonovun aşağıdakı fikirlərini əsas götürürlər ki, sosial pedaqogika tərbiyəni ictimai hadisə kimi, mənəvi münasibətlərin növü kimi tədqiq edir; o, təkcə cəmiyyətin tərbiyə potensialını deyil, həm də tərbiyəedici qüvvələrin müxtəlif inteqrasiya formaları əsasında onun aktuallaşdırılması yollarını öyrənir.

Daha sonra aşağıdakı suallara cavab axtarılır: ailənin peşə-təhsil strukturu şagirdlərin təliminə necə təsir göstərir? Sosiallaşma prosesinin başlıca xüsusiyyətləri hansıdır? Qaçqın və məcburi köçkün uşaqları necə tərbiyə olunmalıdırlar?  Uşaq və gənclərin formal və qeyri-formal qrupları  sosial pedaqoji baxımdan hansı xüsusiyyətlərlə səciyyələnir? Miqrant uşaqların inkişafı və tərbiyəsi üçün hansı məsələlər seçilməlidir?

Bildiyimiz kimi, sosial pedaqogika  sosiologiya və pedaqogika  elmlərinin vəhdətindən  meydana gəlib,  formalaşıb. Sosial pedaqogikanın nəzəri-metodoloji problemlərinin həlli, təbii ki,   pedaqogika  və sosiologiya ilə əlaqədardır. Sosial pedaqogikanın da obyekti, predmeti,  tədqiqat metodları, anlayışlar sistemi mövcuddur. O, pedaqoji elmlər sistemində  müstəqil və yeni elm sahəsi kimi özünəməxsus yer almışdlr.

Bunun faydalılığını, ali məktəblərdə tədris olunduğunu, müəllim-professor heyətinin və tələbə oğlan və qızların duyulan ehtiyacını nəzərə alaraq professor Hikmət Əlizadə  və dosent Rəhimə Mahmudovanın qələmə aldıqları "Sosial pedaqogika" dərsliyini yalnız və yalnız təqdir etmək olar. Dərsliyə "Bakı Universiteti" nəşriyyatı həyat vermişdir. Elmi redaktoru professor Əjdər Ağayev; rəyçilər professorlar Fərrux Rüstəmov, Ləzifə Qasımova və Nübar Muxtarovadır.

Dərsliyə daxil olan mövzular qənaətləndirici səviyyədə işlənmişdir. Bu zaman müasir dövrün və pedaqoji təfəkkürün tələbləri nəzərə alınmışdır.  Diqqəti cəlb edən mövzulardan biri "Sosial pedaqogikanın əhəmiyyəti və vəzifələri"dir. Burada müəlliflər bu ali məktəb fənninin  meydana gəlmə səbəblərinin üzərində dayanırlar. Məlum olduğu üçün,  insan amili xüsusi dəyər qazandığından və sosial problemlərin Yer üzünün çox önəmli problemlərindən biri olduğundan həmin problemlərin həllinə yardım etmək baxımından yeni peşə sahiblərinə ehtiyac yaranıb. Ali təhsil müəssisələri onların hazırlıqları ilə məşğul olurlar. İnstitut və universitetlərdə xüsusi sosial pedaqoq ixtisasları üzrə hazırlıq aparılır, təhsillərini başa vurduqdan sonra məzunlar sosial işçilər kimi fəaliyyət göstərirlər. Sosial pedaqoqlar ümumtəhsil məktəblərində və digər tip məktəblərdə, məktəb mikrorayonunda, mənzil-istismar  sahələrində və  s.  təlim-tərbiyə işinin təşkilatçısı vəzifəsini yerinə yetirirlər.

Onların köməyilə neqativ demoqrafik təsirlərin neytrallaşdırılması, korreksiya edilməsi və aradan qaldırılması mümkün olur. Sosial pedaqoqlar  məktəbdə demoqrafik proseslərin - doğum, ölüm, boşanma, təkrar nikah və miqrasiyanın nəticələrini öyrənir, müəllimlər və şagirdlər arasında iş aparırlar. Müəllimlərlə iş bu istiqamətdə onların maarifləndirilməsini nəzərdə tutur ki, bu da məktəblilərlə tərbiyə işlərinin düzgün qurulmasına, onların problemlərini öyrənməyə, çətinliklərini həll etməyə və s. imkan verir. Bu xüsusda dərslik müəllifləri yazırlar: "Təhsil və tərbiyənin  sosial pedaqoji məsələlərinin, sosiallaşma prosesinin  təhlili və şəxsiyyətin formalaşması prosesinin   intensivləşdirilməsi, kollektivin sosial-pedaqoji problemləri, xüsusilə  müxtəlif inkişaf mərhələlərində tərbiyə işinin xüsusiyyətləri, ünsiyyət və asudə vaxt  məsələləri, uşaqların tipologiyası və diferensial yanaşma, ailə tərbiyəsinin sosial-pedaqoji məsələləri, sosial tərbiyənin nəzəriyyəsi və metodikası kimi bu gün xüsusi aktuallıq kəsb edən problemlərin öyrənilməsi onun vəzifələri sırasında  xüsusi yer tutur".

Professor H.Ə.Əlizadə və dosent R.M.Mahmudova sosial elmlərin pedaqoji problemlərini, sosial-pedaqoji tədqiqatın nəzəri-metodoloji məsələlərini və mərhələlərini; sosial pedaqogikada prinsip anlayışını; pedaqoji prosesin mahiyyətini; sosial-pedaqoji fəaliyyətin əsas elementlərini; insanın adaptasiyasını, sosial inkişaf və sosiallaşmada onun yeri və rolunu; insanın dezadaptasiyası və onun səbəbləri, xəbərdarlıq və ona qalib gəlməni; təhsilin sosiologiyası və sosial pedaqogikada təhsil problemi və təlim motivləri: sosial əməkdaşlıq və qrupda iş üsulu məsələlərini və s.  diqqət mərkəzində saxlayırlar. Haqqında söz açdığımız problemlərin hər biri  müvafiq fəsillərdə yarımfəsillər kimi verilmişdir və tələbələrdə ayrı-ayrı mövzular barədə aydın təsəvvür yaradır. 

Digər məsələlərlə yanaşı bu faydalı dərslikdə şagirdlərin təlimə münasibətinin formalaşmasında sosial-pedaqoji amillərin rolu; ümumi və peşə təhsilinin bəzi sosial-pedaqoji məsələləri;  sinfin  sosial-pedaqoji xarakteristikası və təlim prosesində  pedaqoji korreksiya işinin xüsusiyyətləri; ali təhsilin sosial-pedaqoji məsələləri;  tələbə müstəqil işlərinin vacibliyi; tərbiyənin sosiologiyası və sosial pedaqogikada tərbiyə məsələləri; sosial tərbiyənin istiqamətləri: problemlər və vəzifələr; uşaqların tipologiyası;  sosial tərbiyə məsələləri  və onun idarə olunması;  sosial tərbiyə prosesinin optimallaşdırılması: dolayı təsir vasitələri və s. kimi məsələlərlə də tanış olmaq mümkündür.

Diqqəti cəlb edən yarımfəsillər sırasında ailənin sosioloji, demoqrafik və sosial-pedaqoji məsələləri; ailə münasibətləri: ailənin tərbiyə imkanları;   qaçqın, yetim, əlil, miqrant və "çətin" uşaqların tərbiyəsinin sosial-pedaqoji məsələləri; kollektiv tərbiyə nəzəriyyəsi və təcrübəsi; sinif kiçik qrup (kollektiv) kimi və s. mövzular  tələbələrdə dərin maraq yaradacaqdır. 

Biz əminik ki, bu dərslikdən pedaqoq və psixoloqlar,  ali və orta ixtisas məktəbləri tələbələri, magistrlər, müəllimlər, gənc tədqiqatçılar, dissertant və doktorantlar, sosial pedaqoqlar, sosial işçilər və ümumiyyətlə, pedaqoji ictimaiyyət faydalanacaqlar.

Akif ABBASOV,
pedaqogika üzrə elmlər doktoru, professor, əməkdar müəllim

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov