Yanvarın 24-də Qafqaz Universiteti ilə "Gənc
Mühəndislərin İnkişafı" İctimai Birliyi (GMİİB) arasında
əməkdaşlığa dair müqavilə imzalanıb.
Qafqaz Universitetində keçirilən imzalanma mərasimində
bu ali məktəbin rektoru, professor Ahmet Saniç
müqavilənin əhəmiyyətini yüksək qiymətləndirib, onun
universitetdə texnoparkın inkişafında mühüm rol
oynayacağına əminliyini bildirib.
Qafqaz Universitetinin mühəndislik fakültəsinin dekanı,
dosent Yadullah Babayev rəhbərlik etdiyi fakültənin
fəaliyyəti barədə məlumat verib. Bildirib ki, fakültədə
bir neçə mühəndislik ixtisası üzrə mütəxəssislər
hazırlanır, 2 ixtisas üzrə magistratura və 1 ixtisas
üzrə doktorantura proqramları reallaşdırılır.
Universitet və fakültənin respublikada fəaliyyət
göstərən müxtəlif xarici şirkət və yerli müəssisələrlə
olan əlaqələri, bu müəssisələrdə, eləcə də Türkiyədə
keçirilən istehsalat təcrübələri məzunların nəinki
Azərbaycanda, həmçinin dünyanın bir sıra ölkələrində
uğurla çalışa bilməsi üçün böyük imkanlar yaradır.
"Gənc Mühəndislərin İnkişafı" İctimai Birliyi idarə
heyətinin sədri Polad Rüstəmov rəhbərlik etdiyi qurumun
fəaliyyəti, həyata keçirdiyi layihələr barədə danışıb.
Bildirib ki, GMİİB 2008-ci ildə Azrbaycanda gənc
mühəndislərin peşəkar inkişafına və maarifləndirilməsinə
dəstək verilməsi məqsədilə yaradılıb. Ölkəmizdə
mühəndislik mədəniyyəti və standartlarının tətbiqinə,
inkişaf etdirilməsinə dəstək olmaq, ətraf mühitin
qorunmasını ən ümdə vəzifə hesab edən mühəndislər
hazırlamaq da GMİİB-nin əsas fəaliyyət hədəflərindəndir.
P.Rüstəmov rəhbəri olduğu qeyri-hökumət təşkilatının
ötən il Azərbaycan Respublikasının Prezidenti yanında
Azərbaycan Gənclər Fondunun III qrant müsabiqəsinin
qalibi olduğunu da diqqətə çatdırıb və həmin qrant
hesabına həyata keçirdikləri "Gəlin mühəndis olaq"
layihəsinin orta məktəb şagirdləri arasında mühəndisliyə
marağı olanları üzə çıxarmaq, onlara düzgün ixtisas
seçməyə kömək etmək baxımından faydalı olduğunu
vurğulayıb.
Sonra müvafiq sahədə əməkdaşlığa dair müqavilə
imzalanıb.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |