Yanvarın 28-də Azərbaycan Dillər Universitetində
(ADU) "Çin adət-ənənələri: tarixi və bu günü"
ədəbi-bədii tədbirlər silsiləsindən Çin Ay təqviminə
görə Yeni il bayram tədbiri keçirildi.
Tədbiri ADU-nun Çin dili və mədəniyyəti mərkəzinin
direktoru, dosent Rafiq Abbasov açaraq Çin təqviminə
əsasən Çində At işarəsinin himayəçiliyi altında
keçirilən Yeni il bayramının qeyd olunma ənənələrindən
danışdı.
Çıxışda Azərbaycanın ənənəvi qədim Qarabağ "Çovqan" at
oyunlarının 2013-cü ildə YUNESKO-nun Təcili Qorunmaya
Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil
olmasının simvolik əhəmiyyət daşıdığı və Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan
mədəniyyətinin qorunması və onun dünya ictimaiyyətinə
tanıdılması sahəsində gördüyü işləri xüsusi qeyd edildi.
Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı
səfirliyinin müşaviri Li Yonghui Çində ailələrin Yeni
ili qeyd etmə ənənəsi haqqında məlumat verərək
Azərbaycan Dillər Universitetində Çin ənənələri ilə
bağlı tədbirlərin keçirilməsini yüksək qiymətləndirdi.
ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin
Yunusov ADU-da Çin dilinin tədrisinin əhəmiyyətini qeyd
etdi və Çinin müasir siyasi, iqtisadi və mədəni həyatına
həsr olunmuş tədbirlərin həyata keçirilməsində
göstərdikləri yardıma və fəal iştirakına görə bu ölkənin
diplomatlarına təşəkkürünü bildirdi.
Tədbirdə regionşünaslıq və beynəlxalq münasibətlər
fakültəsinin tələbələri ayrı-ayrı Çin sülalərinə məxsus
bayram-mərasim geyimləri və onların bədii
özünəməxsusluğu, ənənəvi Çin qadın geyimlərinin növləri,
qədim Çin mədəniyyətində rənglər və ornamentlərin
simvollarının fəlsəfəsindən danışdılar. Tədbir
çərçivəsində fakültənin Çinşünaslıq ixtisasında təhsil
alan tələbələrinin kalliqrafik applikasiya dizaynı ilə
hazırladıqları qadın geyimləri kolleksiyasının yer
aldığı "Dəbli hieroqlif" adlı moda nümayişi olundu.
Tədbirin sonunda ÇXR-nın Azərbaycandakı səfirliyinin
əməkdaşlarının ifasında qədim Çin simli alətində Çin
mahnısı səsləndirildi və xalq rəqsləri nümayiş olundu.
Tədbirdə ənənəvi Yeni il şirlərinin rəqsləri təqdim
edildi.
ADU-nun Mətbuat xidməti |