Xəzər Universitetində "Əlilliyi olan insanların
Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının
təməlinin qoyulması" adlı Tempus layihəsinin icrasına
başlanmışdır.
Xəzər Universitetindən AzərTAc-a bildirmişlər ki,
layihənin əsas məqsədi Təhsil və Əmək və Əhalinin Sosial
Müdafiəsi nazirliklərinin dəstəyi ilə əlilliyi olan
insanların Azərbaycanın ali təhsil müəssisələrinə
inteqrasiyasını sürətləndirmək və bu sahədə Avropa
təcrübəsini universitetlərdə tətbiq etməkdir.
Bu münasibətlə keçirilən ilk görüşdə Xəzər
Universitetinin təsisçisi, direktorlar və qəyyumlar
şurasının sədri, professor Hamlet İsaxanlı layihə və
onun ölkəmiz üçün əhəmiyyətindən danışmışdır. Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri
İsgəndər Mustafayev Xəzər Universitetinin kollektivini
bu münasibətlə təbrik etmiş və təmsil etdiyi qurumun
layihənin gələcək fəaliyyətlərinə dəstək olacağını
vurğulamışdır.
Azərbaycanda Milli Erasmus+ ofisinin rəhbəri Pərviz
Bağırov "Erasmus Plus"un yeni imkanları barədə məlumat
vermişdir.
Tədbirdə digər çıxış edənlər də layihəni yüksək
qiymətləndirmiş, onun idarə edilməsi və tərəfdaşların
rolu haqqında danışmışlar. Avropa İttifaqının
tərəfdaşları bu sahədə təcrübələrini bölüşmüşlər. |