Rusiyada
gələcəyin müəllimləri ölkənin 167 universitetində
hazırlanır. Orta hesabla hər il universitetləri 100 minə
yaxın müəllim bitirir. Lakin aparılan rəy sorğularına
əsasən ali məktəb məzunlarının yalnız 10 faizi məktəbdə
işləməyə hazırdır. Ən təəccüblü məqam odur ki,
abituriyentlərin 80 faizi etiraf edir ki, ali məktəbə
oxumağa heç də gələcəkdə öz həyatlarını zəkalar
yetişdirməyə, gənc nəslə elm-bilik verməyə deyil, sadəcə
diplom xatirinə, ümumi humanitar təhsil almaq və bu
diplomla istənilən vaxt hardasa işə düzələ biləcəklərinə
ümid etdiklərinə görə gedir. Rusiyanın Təhsil və Elm
Nazirliyi yaranmış vəziyyəti dəyişmək üçün ölkədə
pedaqoji ali təhsilin dəstəklənməsi üzrə Konsepsiya
layihəsini hazırlayıb. Bu sənəd müəllim hazırlığı
sistemini tamamilə kökündən dəyişməlidir.
Mövcud müəllim hazırlığı sisteminə iradlar isə kifayət
qədərdir. İlk dəfə əmək fəaliyyətinə başlayan müəllimlər
kollektivlə işləyə, hazırda qüvvədə olan icbari təhsil
standartlarından yararlana bilmirlər. Ən təəccüblü məqam
isə ondan ibarətdir ki, onlar uşaqları sevmirlər.
Təhsil müəssisələrinin rəhbərləri də qeyd edirlər ki,
məktəblərdə fizika, riyaziyyat, rus dili müəllimləri
çatışmır. Müəllim hazırlığı ilə məşğul olan pedaqoji
müəssisələrə də iradlar var: onlar tələbələrə köhnə
qayda ilə dərs keçir, pedaqoji praktika da köhnə
qaydalarla təşkil olunur. Nəticədə məzunlar dərslərin
aparılması metodlarına dair anlayışdan belə
bixəbərdirlər. Bəzən elə olur ki, əvvəllər məhkum olmuş
və pedaqoji peşəyə yararsız hesab olunmuş insanlar da
məktəbə gəlir. Məlum olub ki, Kaluqa vilayətində
pedaqoji peşəyə yararsız elan olunmuş şəxs Moskvada rus
dili və ədəbiyyatı fənnini tədris edib. İşə qəbul
olunarkən o, bu faktı gizlədib. Bu qadının uşaqlara nə
öyrətdiyi böyük sualdır. Məktəbi bu cür pis
pedaqoqlardan necə xilas etməli? Pedaqoji ali
məktəblərin ən yaxşı məzunlarını məktəb sisteminə necə
cəlb etməli? Gələcək müəllimlərin seçimi necə
aparılmalıdır? Müəllim hazırlığı sahəsində hansı
problemləri həll etmək lazım gələcək?
Konsepsiyada aşağıdakılar nəzərdə tutulub: ən azı
magistr təhsili almış müəllimlərin əməkhaqları
artırılacaq, tələbələr və təcrübəçilərin bütün pedaqoji
və məktəb praktikası dövründəki xərcləri dövlət öz
üzərinə götürəcək. Pedaqoji ali məktəblərə daxil olmaq
isə indi daha çətin olacaq. Pedaqoji ixtisaslar üzrə
artıq əlavə qəbul imtahanları vermək lazım gələcək.
İxtisaslar üzrə müəllim hazırlığı rus dili və
ədəbiyyatı (17 faiz), riyaziyyat (17 faiz), xarici
dillər (14 faiz), tarix (7 faiz), bədən tərbiyəsi (7
faiz), incəsənət (5 faiz), fizika (5 faiz), biologiya (5
faiz), coğrafiya (5 faiz), kimya (5 faiz), digər fənlər
üzrə (15) faiz təşkil edir. Məqsədli qəbul planı
əvvəlki kimi qalacaq, lakin abituriyentlərə - gələcək
müəllimlərə qarşı tələblər olduqca sərt olacaq.
Beləliklə, pedaqoji ali məktəbə daxil olan hər bir
tələbə istəsə də, istəməsə də təcrübə keçməli olacaq.
Əks halda, gələcəyin müəllimi Rusiya Federasiyasının
"Təhsil haqqında" Qanununda olduğu kimi, cərimə ödəməli
olacaq. Yeri gəlmişkən, cəriməni həm də məzunu işə
götürməyən, lakin ona göndəriş ünvanlamış tərəf də
ödəməlidir.
Pedaqoji ali məktəblərdə universal və pedaqoji
bakalavriat proqramlarının tətbiqinə başlanılacaq.
Artıq ali təhsilə malik olan və məktəbdə işləmək
arzusunda olanlar üçün magistr proqramları inkişaf
etdiriləcək.
Xatırladaq ki, böyük pedaqoq Konstantin Uşinski,
ümumiyyətə, pedaqoji təhsil almamışdı. O, Moskva Dövlət
Universitetinin hüquq fakültəsini əla qiymətlərlə
bitirib. A.Makarenko isə orta məktəbdən sonra əvvəlcə
dəmiryolu məktəbinə, yalnız bundan sonra pedaqoji
kurslara daxil olmuşdur. Təhsili edarəetmə qurumlarının
əməkdaşları və metodist müəllimlər üçün magistraturalar
yaradılacaq. Təhsil sahəsində işləyənlərə üstünlük
veriləcək. Eksperiment gedişində 25 ən yaxşı pedaqoji
universitet orta məktəblərdə öz filiallarını açacaq.
Pedaqoji universitetlərin müəllimləri isə öz
ixtisaslarını hətta Elmlər Akademiyasında artıra
biləcəklər. Bütövlükdə proqramın birinci mərhələsinə
17-dən 25-ə qədər ali məktəb cəlb olunacaq. 2016-2017-ci
illərdə bu təcrübə ölkənin bütün ali məktəblərində
yayılacaq.
Müəllim, o kimdir?
Rusiya Pedaqoji Akademiyası Pedaqoji Təhsil İnstitutunun
son araşdırmalarına görə, orta statistik məktəb
müəlliminin portreti aşağıdakı kimidir:
-47 yaşlı qadın,
-ali pedaqoji təhsilli (onlar tam 82 faiz təşkil edir),
- 20 min rubldan az maaş alır,
- nadir hallarda teatra gedir,
- çox əminliklə kompüter biliklərindən yararlanır.
Kompetensiyalar
Hansı pedaqoji ali məktəbləri bağlamaq lazımdır?
Tələbələrin pedaqoji təcrübə keçməsinə görə xərcləri kim
ödəməlidir? Gələcək müəllimlər üçün əlavə imtahanlar nə
zaman başlayacaq? Bu sualları şərh edən Rusiya Dövlət
Dumasının təhsil komitəsinin sədr müavini Nadejda
Şaydenko bildirib ki, əlavə imtahanlar hər bir
müəllimin onun bu peşəyə yararlı olub-olmamasını müəyyən
edəcək. "Bəzi müəllimlər ibtidai siniflərdə əlifbadakı
hərflərin yarısını deyə bilmir. Uşaqları sevməyən
müəllimləri məktəbə buraxmaq olmaz. Məktəb kinli, hirsli
insanların yeri deyil. Mən uzun müddət pedaqoji
universitetin rektoru işləmişəm. Valideynlərin birinci
siniflər üçün yaxşı müəllimi necə seçmək lazımdır
sualına cavab olaraq mən onlara məsləhət görürdüm:
"Dərs zamanı məktəbə gedin, qapı arxasından müəllimin
siniflə necə ünsiyyət qurmasına qulaq asın. Əgər müəllim
qışqırır, ayaqlarını yerə döyür, kimisə sinifdən
qovursa, onda bu pedaqoqdan qaçmaq lazımdır". Məktəb
zəif əsəbli insanların yeri deyil. Bütün bunları
psixoloji testlərin köməyi ilə yoxlamaq olar.
Təhsil konsepsiyasında müəllim hazırlığının pedaqoji
bakalavriat və universal bakalavriat kimi iki
istiqamətindən bəhs olunur. Tətbiqi pedaqoji bakalavriat
kolleclərdə, pedaqoji institutlarda yaradılacaq və onlar
ilk növbədə ibtidai məktəblər üçün müəllim hazırlayacaq.
Universal bakalavriat isə nümunəvi müəllimlər üçün
açılacaq və pedaqoq üçün ixtisasartırmada daha yüksək
səviyyə hesab olunacaq. Bakalavriat hər zaman 4 il üçün
nəzərdə tutulmayıb. İkili ixtisaslar, məsələn,
fizika-riyaziyyat və biologiya-kimya kimi ixtisaslar
üçün beşillik bakalavriat proqramı nəzərdə tutulub.
Növbəti səviyyə pedaqoji magistraturadır ki, bu haqda
konsepsiyada ayrıca bəhs olunur. Magistraturanın
məzunları daha yüksək əməkhaqları alacaqlar. Əgər
pedaqoq inklüziv məktəbdə işləmək istəyirsə, məhz bu cür
təhsil növü tələb olunur. Əgər müəllim magistratura
təhsili almaq istəyirsə, onun dərs yükü azaldılacaq,
maaş dərəcəsi isə əvvəlki kimi qalacaq. Konsepsiya
sənədində göstərilir ki, ali pedaqoji institutlar
məktəblərdə öz kafedralarını aça bilərlər. Tələbələrin
məktəbdə keçdikləri pedaqoji təcrübənin xərcləri isə ali
məktəb tərəfindən həyata keçiriləcək. Konsepsiyada
müxtəlif stajkeçmə növlərindən bəhs olunur. Onların
arasında gənc müəllimlərin daha təcrübəli pedaqoqlara 3
illik təhkim olunmaları təcrübəsi də əksini tapıb.
Konsepsiyada qeyd olunub ki, tələbələr fərdi təhsil
trayektoriyaları seçə bilərlər. Bu isə təhsildə əsl
novator yenilikdir. Hər kəsin öz təhsil proqramını və
tədrisin müəyyən mərhələsində gələcək peşəsini dəyişmək
imkanı olacaq. Təhsilin müəyyən mərhələsində ola bilər,
kimsə mühəndis və ya həkim yox, müəllim olmaq istəsə,
onun üçün pedaqoji təhsil almaq imkanı yaranacaq.
Beynəlxalq təcrübə
Almaniyada gələcək müəllimlər universitetdə əsasən iki
fənn seçirlər ki, bu da onların təhsilinin əsasını
təşkil edir. Hər bir tələbə psixologiya, sosiologiya,
didaktika və təcrübəni özündə cəmləşdirən "Tərbiyə
haqqında" kursunu keçməyə borcludur. Yalnız xüsusi
olaraq yaradılmış imtahan götürən təşkilatlarda
keçirilən iki dövlət imtahanını verdikdən sonra müəllim
olmaq olar. Gələcək müəllimlər, həkimlər və
hüquqşünaslar bu qurumlarda imtahan verirlər. Birinci
imtahana buraxılmaq üçün təxminən beşillik magistratura
səviyyəsini bitirmək lazımdır. İlk imtahanda tələbənin
"Tərbiyə haqqında" kursda və iki əsas fənn üzrə nəzəri
bilikləri yoxlanılır. Daha sonra gələcəyin müəllimi
ibtidai və ya orta məktəbdə iki il ilk praktik hazırlıq
kursu keçməlidir. Tələbələr məktəblərdə həqiqətən əsl
müəllim kimi işləyir və "hazırlıq xidmətində olan
müəllim" statusunda rəsmən dövlət tərəfindən əməkhaqqı
alırlar. 2 illik praktikadan sonra onlar, adətən,
kollokvium şəklində ikinci dövlət imtahanı
verməlidirlər. İkinci dövlət imtahanı daha mühümdür.
Bu mərhələ tələbəyə müəllim olmaq imkanı verir, ancaq
alman müəllimlərinin böyük əksəriyyəti dövlət məmuru
statusu alırlar. Bu isə onlar üçün ömürlük yüksək maaş
və iş yeri, pensiya, işdən çıxarılmanın
qeyri-mümkünsüzlüyü, tibbi sığortanın ödənilməsi,
məzuniyyət deməkdir.
Müəllimlərin ciddi hazırlıq işləri öz bəhrəsini verir:
uşaqların 90 faizindən çoxu dövlət məktəblərində oxuyur.
Orada yaxşı pulsuz təhsil verilir ki, həm valideynlər,
həm də uşaqlar bundan məmnundur.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
Rusiyanın Təhsil və Elm Nazirliyinin materialları
əsasında |