Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

Beynəlxalq təhsil xəbərləri

 

Ukrayna təhsilinin əsas inkişaf prioritetləri açıqlanıb 

Ukraynanın təhsil və elm naziri Dmitri Tabaçnik 2014-cü ildə ölkə təhsilinin əsas inkişaf prioritetlərini açıqlayıb. Onun sözlərinə görə,   bu il əsas prioritet istiqamət məktəbəqədər təhsilin inkişafının gücləndirilməsi olacaq. "Ukrayna prezidenti tərəfindən 2013-2014-cü tədris ilində məktəbəqədər təhsil müəssisələrinə növbələrin ləğv olunması barədə vəzifə qoyulub.

Ötən il uşaq bağçalarında əlavə 55 min yer yaradılıb. Builki planda bu qədər yerin təmin olunması nəzərdə tutulub.  Ukrayna bu sahədə  Avropada ən yaxşı göstəricilərə malik ölkədir - bizdə  5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması 100 faiz təmin olunub".  Orta təhsil sahəsində yeni dövlət standartlarının tətbiqi əsas vəzifələrdəndir. Cari ilin sentyabrında III və VI siniflərə gedəcək şagirdlərin yeni  təhsil məzmununa keçidinə fəal  hazırlıq gedir. Onun sözlərinə görə, 2013-cü ildə müasir Ukrayna məktəbinin özülünün formalaşması başa çatıb, profil təhsilin Konsepsiyası hazırlanıb. Sənəddə bir sıra proqressiv ideyalar əksini tapıb. Bunlara  tədris saatlarının bölünməsində (52 faiz) məktəblərin müstəqilliyinin ciddi dərəcədə genişləndirilməsi, hər bir şagird üçün fərdi təhsil trayektoriyasının yaradılması imkanının təmin olunması daxildir.

Konsepsiyanın tətbiqinə 2018-ci il sentyabrın 1-dən başlanacaq. Cari il ərzində ümumtəhsil məktəblərinin III-IV-VI sinif şagirdlərinin yeni dərsliklə təmin olunması nəzərdə tutulub. Eyni zamanda məktəblərin idman meydançalarının modernləşdirilməsi və təhsil dairələrin yaradılması işi də davam etdirilir. Nazir ümumtəhsil məktəblərində bütün şagirdlərin tibbi müayinədən keçirilməsi məsələsinə toxunub və qeyd edib ki, bu proses aprelin 10-a kimi başa çatdırılacaq.  Qeyd olunur ki, bir sıra xəstəliklərin erkən inkişaf dövründə üzə çıxarılması və müalicəsi sayəsində məktəblilər arasında hərəkət-dayaq aparatı, göz və eşitmə orqanları xəstəliklərinin səviyyəsini aşağı salmaq mümkün olub.


"Erasmus +" tələbə mübadilə proqramı fəaliyyətə başlayıb

2014-cü ilin yanvarından "Erasmus" adı ilə tanıdığımız tələbə mübadilə proqramı artıq "Erasmus+" proqramı kimi fəaliyyətə başlayıb.  

Uzun müzakirələrdən sonra bu proqramın yeddiillik büdcəsi 14,774 milyard avro həcmində müəyyənləşib.  Bu məbləğ öncəki yeddiilliyin büdcəsindən 40 faiz çoxdur. Proqram 4 milyona yaxın gənci əhatə edir və onlar təkcə Avropa İttifaqını (Aİ) deyil, həm də tərəfdaş ölkələri təmsil edir. Proqrama qatılan gənclərin yarısını tələbələr, digərlərini isə peşəkar təlimlərdə və xaricdə könüllü proqramlarda iştirak etmək istəyən gənclər təşkil edəcək. Proqram əvvəlki kimi Aİ daxilində həyata keçiriləcək.

"Erasmus+" müxtəlif maliyyələşdirmə alətlərindən ibarətdir. Buraya tələbə mübadilə proqramı - "Erasmus", peşə fəaliyyəti öyrənənlər üçün  "Leonardo da Vinçi", məktəblilər üçün "Komenius", daha yaşlılar üçün isə "Qrundtviq" daxildir.

Qeyd edək ki, Aİ pedaqoqları və təhsil sahəsində çalışan digər şəxsləri bir neçə gündən bir neçə ayadək xaricdə çalışmağa həvəsləndirmək niyyətindədir. Bu tədbirlər 800000-ə yaxın şəxs üçün  nəzərdə tutulub. Bundan əlavə, tələbələr təhsillərinin hansı pilləsində olmasından asılı olmayaraq bir neçə dəfə staj  və ya təlimə gedə bilərlər.  Bu ölkələr isə  yalnız Aİ-nin üzv ölkələri ilə məhdudlaşmır. Proqramın əsas yeniliklərindən biri də odur ki, xaricə oxumağa getmək istəyənlər Avropa İnvestisiya Bankından zəmanətli kredit götürə biləcəklər. Aİ iki yüz minədək insana  12000 avrodan 18000 avroyadək kreditlər verməyə hazırlaşır ki, bu da 500 milyon avro, yəni büdcənin 3,5 faizini təşkil edir. Bu faiz göstəricisi qərar qəbulu zamanı fikir ayrılığı yaratdığı üçün 2017-ci ildə rəqəmə dəyişiklik edilə bilər.


Almaniyada tələbələr üçün pulsuz təhsil təmin olunub

Almaniyalı tələbələr  pulsuz təhsilə nail ola biliblər.  Avropa Birliyinin ən zəngin dövlətində  tələbələrin pulsuz təhsilin təmin olunması barədə tələbinin əsasında təhsilin keyfiyyətinin kifayət qədər aşağı səviyyədə olması ilə izah olunur.  Məsələ ondadır ki, Avropada ən çox ali məktəb Almaniyanın payına düşür.  Lakin buna baxmayaraq nüfuzlu reytinq cədvəllərində  çox az sayda alman universitetləri yer alır.   Tələbələr hələ ötən əsrin  90-cı illərinin ortalarından başlayaraq bütün dünyada olduqca yüksək hesab olunan təhsil haqlarının ləğv olunmasını tələb edirlər. Tələbələr və onların tələblərini müdafiə edən KİV-lər və siyasətçilərin təzyiqi altında universitetlər təhsil haqlarını ləğv etməyə başlayıblar. Hazırda alman universitetlərində semestr ərzində xərclər 200-250 avrodan artıq deyil, buraya yarımil üçün  nəqliyyat biletləri də daxildir.  Gənclərin digər təhsil xərclərini dövlət öz üzərinə götürüb.


Fransada robot məktəbə gedir 

Fransada robotlar hər hansı xəstəlik üzündən  dərslərdə iştirak edə bilməyən şagirdləri əvəz edəcək. Yeni tədris ilindən başlayaraq  Lion şəhərindəki 3 liseyin şagirdlərinə xəstəlik səbəbindən dərs buraxdıqlarına görə narahatlıq keçirmək lazım gəlməyəcək. Dünya praktikasında ilk dəfə olaraq liseylərdə şagirdlərə distant təhsil almağa kömək edəcək əvəzləyici robotlardan istifadə olunacaq.  Kompüterin köməyi ilə uşaqlar sinifdə yerləşdirilmiş maşınları idarə edə biləcəklər. Xəstə uşaqlar hətta sinif yoldaşları ilə kiçik monitorun köməyi sayəsində  ünsiyyət qura biləcəklər.    Robotlar xüsusi zənglərlə təchiz olunacaq  və xəstə uşaqlar onun verdiyi siqnallar vasitəsi ilə əlavə izahat almaq üçün müəllimlə ünsiyyət quracaq. 


Rusiyada tələbələr üçün xüsusi "qaynar xətt" yaradılıb 

Rusiyanın Təhsil və Elm Nazirliyi tələbələrə  məsləhətlər vermək məqsədilə xüsusi "qaynar xətt" yaradıb. "Uçitelskaya qazeta"nın yazdığına görə, bu barədə təhsil və elm naziri Dmitri Livanov bildirib.  Onun sözlərinə görə,  "qaynar xətt"də  işləyən mütəxəssislər  tələbələrin  hər hansı suallarına cavab verə bilərlər. "Tələbələr onları maraqlandıran istənilən məsələlər, təqaüd, yataqxanada yaşamaq, idman və s. üzrə  peşəkar cavablar alacaqlar". 

D.Livanov həmçinin əlavə edib ki, universitetlərdə təhsil daha çox təcrübə keçməyə əsaslanmalıdır. "Mən hesab edirəm ki, ali məktəblərdə tədris  daha çox təcrübəyə,  müasir eksperimental bazaya malik olmalıdır, çünki  təcrübəni yalnız müasir avadanlıqlarla keçmək olar, köhnə avadanlıqla təcrübə keçməyin heç bir mənası yoxdur.  Bu, sadəcə tələbələr üçün vaxt və vəsait itkisi olacaq". Onun sözlərinə görə, nazirlik hazırda universitetlərin texnoloji və elmi bazasının yeniləşdirilməsinə fəal şəkildə vəsaitlər qoyur.

 Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"
Xarici mətbuat materialları əsasında

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov