Bakının
Nizami rayonundakı Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində
28 dərnək fəaliyyət göstərir. Burada uşaq, yeniyetmə və
gənclər öz asudə vaxtlarını səmərəli və faydalı
keçirirlər. Onların məlumat dairələrinin
genişlənməsində, estetik zövqlərinin artırılmasında,
istedad və yaradıcılıq qabiliyyətlərinin üzə
çıxarılmasında bu dərnəklərin rolu çox böyükdür.
Yaradıcılıq mərkəzinin nailiyyətləri çoxdur. Dərnək
üzvləri nəinki şəhər, respublika əhəmiyyətli
tədbirlərdə, hətta beynəlxalq müsabiqə və sərgilərdə,
festival və bayramlarda fəal iştirak edirlər. Gənc
rəssamlar uğurlarını artırmaqda davam edirlər. Belə ki,
onlar Amerika, İngiltərə,Yaponiya, Türkiyə, İordaniya,
Norveç, Yunanıstan, Polşa, Çexiya, Rusiya, Ukrayna,
Belarus, Sloveniya, Hindistan, Finlandiya və digər
ölkələrdə keçirilən beynəlxalq rəsm müsabiqə və
sərgilərdə yüksək nailiyyətlər əldə edərək qızıl,
gümüş, bürünc medallar, diplom və fəxri fərmanlar
qazanıblar.
Növbəti uğurlardan biri də Polşa Respublikasında
"Su-həyat və element" mövzusunda keçirilən XVII
beynəlxalq uşaq rəsm müsabiqəsində əldə edilən
qalibiyyətdir. Belə ki, mərkəzin rəsm studiyasının 36
dərnək üzvünün su mövzusunda çəkdiyi rəsm işləri
Polşaya göndərilib və həmişə olduğu kimi, bu dəfə də
gənc rəssamlar böyük uğur qazanıblar. Dünyanın müxtəlif
ölkələrinin 5-19 yaş həddində olan uşaq və gəncləri
arasında keçirilən müsabiqədə iştirak edən 4 dərnək
üzvü-Şövqi Məmmədzadə, Rəşid Rəfiyev, Lalə Cavadlı və
Tural Ağakişiyev qalib olub. Mərkəzdə öz xüsusi istedadı
və pedaqoji ustalığı ilə seçilən dərnək rəhbəri Nərmin
Abdullayevanın yetirmələri olan bu uşaqların rəsm işləri
müsabiqənin təşkilat komitəsi tərəfindən qaliblər
sırasına daxil edilib. Şövqi Məmmədzadə I yeri
tutduğuna görə xüsusi medal və diploma, Rəşid Rəfiyev,
Lalə Cavadlı, Tural Ağakişiyev və dərnək rəhbəri Nərmin
Abdullayeva isə xüsusi diploma layiq görülüblər.
Mərkəzin direktoru Lalə Qətinin sözlərinə görə, bu
günlərdə Azərbaycanın Polşadakı səfirliyinin katibi
Samir Rzayev qalibləri mükafatlandırmaq üçün yaradıcılıq
mərkəzində olub. O xüsusi olaraq qeyd edib ki,
müsabiqədə Azərbaycanı məhz bu mərkəzin dərnək üzvləri
təmsil edib. Bildirib ki, yekun sərgidə Azərbaycanın
Polşadakı səfiri cənab Həsən Həsənov iştirak edib.
S.Rzayev görüşdə qaliblərə medal və diplomları,
müsabiqənin kataloqunu təqdim edib və istedadlı
yeniyetmə gənclərə gələcək fəaliyyətlərində uğurlar
diləyib.
Heç şübhəsiz ki, sənət yarışmasında qazanılan hər bir
uğur dərnək üzvlərini daha fəal olmağa, gözəl sənət
əsərləri yaratmağa ruhlandırır. Qazanılan hər bir uğur
mərkəzin fəaliyyətinə verilən qiymət kimi
dəyərləndirilir.
Sevindirici haldır ki, 2013-cü ildə Yaponiyada YUNİSEF
tərəfindən təşkil olunmuş XIV beynəlxalq uşaq ekoloji
rəsm müsabiqəsində mərkəzin rəsm dərnəyinin üzvləri də
fəal iştirak ediblər. 77 ölkədən olan uşaqların
qatıldığı bu müsabiqəyə Azərbaycandan göndərilən 43 rəsm
işinin 31-i mərkəzin rəsm dərnəyinin rəhbəri Nərmin
Abdullayevanın yetirmələrinə məxsus olub. "Yer
kürəsində dostcasına yaşamaq" mövzusuna həsr olunan
müsabiqənin nəticəsi olaraq bu günlərdə mərkəzə
Yaponiyadan bağlama göndərilib. Bağlamada müsabiqənin
təşkilat komitəsinin mərkəzə ünvanladığı təşəkkür
məktubu, müsabiqədə qalib olan uşaqların rəsm işlərindən
ibarət kataloq və müsabiqəyə qatılmış 31 dərnək üzvünün
hər birinə kiçik hədiyyə olub. Təşkilat komitəsi rəsm
dərnəyinin üzvlərinə 2014-cü ildə Yaponiyada "Yer;
möcüzə planeti" mövzusunda keçiriləcək XV beynəlxalq
uşaq ekoloji rəsm müsabiqəsində iştirak etmək üçün
dəvətnamə göndərib.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |