Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və
ictimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva
ilə müsahibə
- Arzu xanım, necə oldu ki siz məhz təhsil sahəsində
çalışmağa başladınız?
- Təsadüfən, amma mən inanıram ki, bütün təsadüflər
əslində zərurətdən doğur. Mən məhz burda işləməyi
planlaşdırmırdım, lakin həmişə bilirdim ki, mənim işim
dövlət sektoru ilə bağlı olacaq və mütləq insanlarla iş
üzrə sahəni əhatə edəcək.
- Bəs harda təhsil almısınız?
Bakalavr və magistr pilləsini Azərbaycanda bitirmişəm -
əvvəl Bakı Dövlət Universitetinin regionşünasliq
fakültəsini, sonra isə Azərbaycan Dillər Universitetinin
beynəlxalq əlaqələr fakültəsini. Təhsilimi bitirdikdən
sonra mən iki il dövlət strukturlarından birində -
ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsində
çalışmışam.
Lakin bir müddətdən sonra anladım ki, mənim daha çox
biliklərə ehtiyacım var, çünki işimdə peşəkar olmaq
istəyirdim, bunun üçün də biliklərimi artırmağa
ehtiyacım var idi. Bundan əlavə, mən təhsilimi xaricdə
davam etdirmək istəyirdim, bu isə yüksək təhsillə yanaşı
dünyagörüşünün də artması deməkdir.
- Bu hansı biliklərdir?
- Tarixi və mədəni irsin qorunması və inkişafı üçün
lazım olan biliklər. Bəzi tarixi və mədəniyyət
abidələrinə zərər gətirmədən, onları qoruyub saxlamağa
imkan verən məqamlar.
- Siz təhsil almaq üçün niyə məhz Şotlandiyanı seçdiniz?
- Mən məhz Britaniyada təhsil almaq istəyirdim, çünki
ingilis təhsil sistemi dünyanın ən güclü təhsil
sistemlərindən biridir. Mən Londonda yerləşən bir neçə
universitetə və Qlazqo Universitetinə dəvət almışdım.
Baxmayaraq ki, London dünyanın ən gözəl şəhərlərindən
biridir, mən başa düşürdüm ki, bir il ərzində bu cür
böyük meqapolisdə yaşaya bilməyəcəm. Mən gözəl təbiəti
olan, şəhərdən uzaq olan bir yerə getmək istəyirdim.
Şotlandiya məni yalnız təbiəti ilə deyil, həm də
mədəniyyəti ilə cəlb etdiyi üçün çox düşünmədən mən
İngiltərənin və həmçinin dünyanın ən yaxşı
universitetlərindən biri olan Qlazqo Universitetini
seçdim. Baxmayaraq ki, bizim tədris aldığımız korpus
Qlazqo şəhərindən iki saatlıq məsafədə yerləşirdi. Orada
təhsil almaq mənim üçün mükəmməl biliklərə yiyələnmək,
həmçinin bu sehrli ölkənin təbiətinə, həyatına səyahət
etmək üçün fürsət oldu. Və mən deyə bilərəm ki,
şotlandlar mənim avropalılar haqda mövcud olan
stereotiplərimi dağıtdılar. Ondan başlayaq ki, oradaki
kişilər çox nəzakətlidirlər, onlar feminizmin qurbanına
çevrilməyiblər. Onlar qadınlarla gözəl davranmağı
bacarırlar: həmişə qapını açarlar və yaxud başqa bir
şəkildə öz diqqət və qayğılarını göstərərlər. Bir sözlə,
onlar bu cəhətdən bizim kişilərə oxşayırlar.
Bundan əlavə, şotlandlar çox istiqanlı, mehriban və
qonaqpərvər millətdir. Mən, həqiqətən də, bu ölkəni çox
sevdim və ora yenidən dönməyi istərdim. Lakin əlbəttə,
vətənimdən ayrı düşməyi heç bir zaman düşünməmişəm, mən
köklərimə çox bağlıyam. Və təhsil prosesindən əldə
etdiyim xoş təəssüratlara baxmayaraq, ailəm və
dostlarım, Bakı üçün çox darıxırdım.
- Sizdən başqa universitetdə Azərbaycandan olan
tələbələr var idi?
- Əlbəttə. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata
keçən "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" sayəsində dünyanın ən nüfuzlu
universitetlərində azərbaycanlı tələbələrin sayı daim
artır. Bu Proqrama əsasən, mənimlə birgə Qlazqoda daha
bir neçə azərbaycanlı təhsil alırdı.
- Demək olarmı ki, bu Dövlət Proqramı nəticəsində
xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayının
artması ilə bütün dünya ölkəmiz haqqında daha çox
məlumatlanır?
- Şübhəsiz. Hətta, deyə bilərəm ki, dünya bizi müsbət
tərəfdən tanımağa başlayır, çünki Dövlət Proqramı ilə
xaricə təhsil almağa göndərilənlər çox savadlı,
bacarıqlı və müasir gənclərdir. Bundan əlavə, onlar
müəyyən şəxsi və mənəvi keyfiyyətləri ilə seçilirlər və
bu azərbaycanlı tələbələrin imicinə ən yaxşı şəkildə
təsir edir.
- Siz qeyd etdiniz ki, xaricdə təhsil almaq insanın
dünyagörüşünə də təsir edir. Sizin halda nə dəyişdi?
Onların təhsil sistemi sizi nə qədər və nə ilə
təəccübləndirdi?
- İlk növbədə, məni onların müəllimləri təəccübləndirdi.
Onların tələbələrə münasibətini
"valideyn-övlad"münasibətləri ilə müqayisə eləmək olar.
Belə ki, dərslərdəki ciddiyyət, hər bir kəsdən kifayət
qədər sərt tələbkarlıq universitet xaricində inanılmaz
səmimiyyətlə uyğunlaşır. Müəllimlər kömək edir,
istiqamətləndirir və tələbələrdə güvən hissi yaradır.
Onlar düşünməyi öyrədir, hər bir tələbənin təhsilə
marağını artırmaq üçün əlindən gələni edirlər. Bu isə
çox vacibdir. Şəxsən mən bizim fakültənin dekanı,
professor D.Klark və onun ailəsi ilə o dərəcədə
dostlaşdım ki, onlar məni hətta ailə yığıncaqlarına və
ad günlərinə dəvət edirdilər. Onun ailəsi bu günə kimi
mənə və mənim ailəmə məktub yazır (gülür). Onlar hətta
Azərbaycana gəlməyə hazırlaşırlar.
Ölkəmizə olan maraq həqiqətən də artır, o cümlədən
xaricdə təhsil alan tələbələrin hesabına.
- Sizin Şotlandiyaya getməmişdən əvvəl ora ilə bağlı
fikirləriniz ora getdikdən sonra yaranan fikirlərinizlə
üst-üstə düşdümü?
- Yox, tamamilə. Mən britaniyalıların sərt olmaqları
haqda mövcud olan stereotiplərə inanırdım, amma
şotlandların səmimiyyətinə, xeyirxahlıqlarına,
münasibətlərinə və həyat tərzlərinə heyran oldum.
Düzdür, ilk zamanlar yağışlı hava mənim üçün çox sıxıcı
idi. Amma indi o yağışlar üçün belə darıxıram.
- Yəqin ki, orada yeni dostlar əldə etdiniz?
- Bəli. Amma tək şotlandlarla deyil, başqa ölkələrdən
olan tələbələrlə də dostlaşdım: Bolqarıstandan,
Nepaldan, Pakistandan, Çindən, Avstraliyadan,
Braziliyadan olan tələbələrlə. Yəni, mən onlarla
ünsiyyət yaradaraq yalnız Şotlandiyanı deyil, həmçinin
digər ölkələri tanıdım.
- Bakıya qayıtdıqdan sonra nə ilə məşğul oldunuz?
- Qayıtdıqdan dərhal sonra mənə bu vəzifədə çalışmaq
təklifi gəldi, necə deyərlər, heç özümə gəlməyə vaxt
olmadı.
- Qızğın islahat prosesləri gedən sahədə bu vəzifədə işə
başlamaq sizdə qorxu hissi yaratmadı ki?
- Belə hiss var idi. Amma risk - uğurun əsasını təşkil
edən amillərdən biridir.
- Əla. Bu uğur nə deməkdir?
- İnsanın sevdiyi işlə məşğul olmağı - uğurdur. Bir
şəxs, yadımda deyil kim, belə bir fikir səsləndirib:
"Səhər məmnuniyyətlə işə getmək, axşam isə eyni
məmnuniyyətlə evə qayıtmaq - xoşbəxtlik deməkdir". Bu
sözlərlə tam razıyam.
- Uğur formulunuz var? Həyat dəyişdikcə bu formul da
dəyişə bilər?
- Formulu təşkil edən komponentlər dəyişə bilər. Lakin
mahiyyət birdir: məqsəd qoyaraq ona nail olmaq üçün
əlindən gələni etməlisən və onda səndən asılı olmayan
məqamlar özü düzələcək. Nəticə hər zaman göstərilən
səylərdən asılıdır.
- Bəs pozitiv yanaşma necə? Rol oynayır? Məsələn, siz
çox pozitiv insansınız.
- Çox sağ olun. Siz doğru düşünürsünüz, pozitiv yanaşma
çox vacibdir. Xüsusi ilə söhbət insanlarla iş barədə
gedirsə. İnsanların münasibəti və problemlərin həll
edilməsi hər bir problemə və yaxud xahişə pozitiv
yanaşmaqdan asılıdır. Amma qeyd edim ki, bu hər bir
halda və hər hansı bir problem üçün də keçərlidir
(gülür).
- Sizin arzularınız və məqsədləriniz? Yoxsa onlar
üst-üstə düşür?
- Həm o var, həm də o birisi və əksər hallarda onlar
üst-üstə düşür (gülümsəyir). Hələ ki, bu, sevdiyim işlə
məşğul olmaq və valideynlərimə kömək etməkdir. Mən
Azərbaycanın ali təhsil ocaqlarından birində dərs deməyi
çox istərdim. Bizim ölkədə kişilər üçün yaşamaq daha
asandır, onların qayğısını həyat yoldaşları çəkir
(gülür). Onlar işdən sonra dincələ bilər, TV-yə baxa
bilər. Biz qadınlar isə evdə də nə isə etməliyik. Amma
elə həyatın da gözəlliyi bundadır.
- Siz müasir Azərbaycan xanımının tipajısınız. Siz
karyera qurmaq məqsədindəsiniz? Yoxsa ola bilər ki, ailə
qurduqdan sonra bir evdar xanım olasınız?
- Hələ ki, mən öz adamımı tapmamışam. Mən bütün vaxtımı
karyerama və valideynlərimə həsr edirəm. Amma ailə
qurduqdan sonra iş və ailə arasında balansı tapmaq
istərdim. Belə ki, nə işimi itirim, nə də ki, ailəmi
diqqətsiz qoyum.
- Arzu xanım, təhsillə bağlı xəbərləri bizimlə bölüşə
bilərsiniz...
- Bildiyiniz kimi, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən
"Azərbaycan Respublikasında təhsilin inkişafi üzrə
Dövlət Strategiyası" hazırda təhsil sistemində baş verən
islahatların təməlini qoydu. Bəli, bizim sahədə bəzi
problemlər mövcuddur və biz onları kompleks şəklində,
bütün istiqamətlərdə həll etməyə çalışırıq. Bəlkə də ilk
baxışdan bu yeniliklər elə də gözə çarpmır, amma inanın
ki, qısa müddətdən sonra biz bu islahatların
nəticələrinə şahid olacağıq. Təhsilin şəxsiyyətyönümlü
məzmununun yaradılması strategiyanın əsas
istiqamətlərindən biri olacaq. Sadə dillə desək,
şagirdləri heç bir xüsusi qabiliyyəti və meyilləri
olmayan fənləri öyrənməyə məcbur etməyəcəklər, əksinə
onlara düşünməyi, öz istedadlarını və tədqiqat
bacarıqlarını inkişaf etdirməyi öyrədəcəklər. Buna görə
də tədris proqramları bu prinsipə uyğun inkişaf edəcək.
- Çox gözəl. Bəs müəllimlər üçün hansı xəbərləriniz
var?
- Bəli, ilk növbədə, onlara saat baxımından işləmək üçün
daha çox vaxt verildi. Əgər əvvəllər saatların sayı 24
saat təşkil edirdisə və bu həddindən əlavə tədris edilən
saatlar ödənişsiz qalırdısa, indi isə norma 36 saatdan
ibarətdir və bütün saatlar ödənişlidir. Müəllim əməyinin
maliyyə baxımından qiymətləndirilməsi üçün hər birinin
işinə diferensial şəkildə qiymətləndirmənin aparılması
haqqında məsələlər müzakirə olunur. Yeri gəlmişkən,
məktəb idarəetməsinin yeni sistemində valideynlərə mühüm
rollardan biri həvalə olunacaqdır. Əlbəttə, biz
valideynləri hər həftə məktəbə gəlməyə məcbur edə
bilmərik, amma biz onlara məktəbin fəaliyyətində iştirak
etmək, öz təşəbbüslərini irəli sürmək üçün onlara bir
kart-blanş vermək istərdik. Bu-tematik mühazirələr,
məktəblilər üçün ekskursiyaların və bayram tədbirlərinin
keçirilməsi və digər tədbirlər ola bilər. Bundan əlavə,
məktəb direktorları və bu vəzifədə çalışmaq istəyən
müəllimlər üçün təlim kursları təşkil edilir. Hazırda
tədbirlərdə iştirak etmək istəyən namizədlər arasında
seçim aparılır.
- Məktəblərin maliyyə təminatı ilə bağlı məsələlər
həllini tapacaqmı?
- Bəli. Artıq 2013-cü ilin dekabr ayından məktəb
direktorlarını cari xərclər üçün xüsusi plastik
kartlarla təmin etmə praktikası həyata keçirilir. Hər ay
xərclər üçün ayrılan maliyyə vəsaitlərinin məbləği 1000
nəfər şagird heyəti olan məktəblər üçün 400 manat, 1000
nəfərdən 1300 nəfərədək şagirdi olan məktəblər üçün 500
manat, 1300 nəfərdən artıq şagirdi olan məktəblər üçün
isə 600 manat təşkil edir. Vəsaitlər xüsusi olaraq
direktorlar üçün açılmış plastik kartlara köçürülür.
- Bu vəsaitlərin xərclənməsi ilə əlaqədar nəzarət
həyata keçirilirmi?
- Əlbəttə. Bundan əlavə, bu praktika bütün növ "sinif
fondu" və məktəb xərcləri üçün vəsait toplanışının
aradan götürülməsini təmin edəcək. Yeri gəlmişkən,
valideynlərə bir də xatırlatmaq istərdim ki, bu qaydalar
pozulduğu halda onlar istənilən vaxt Təhsil Nazirliyinin
xüsusi "Qaynar xətt"inə zəng edə bilərlər. Təhsil naziri
M.Cabbarovun qərarı qətidir: məktəblərdə maliyyə
vəsaitlərinin toplanmasına son qoymaq!
- Bu gün gündəmdə olan məsələlərdən biri də məktəblərin
qida məhsulları ilə təmin olunması məsələsidir...
- Bəli. Siz haqlısız. Şagirdlərin sağlamlığı, təhsil
nailiyyətləri və ümumiyyətlə, gələcək nəslin sağlamlığı
qidalanmadan çox asılıdır. Bu gün biz məktəblərin qida
məhsulları ilə təminatı məsələlərini bir daha gözdən
keçiririk. Həmçinin, təhsil müəssisəsi ilə imzalanan
müqaviləyə əsasən məktəbləri qida məhsulları ilə hüquqi
və yaxud fiziki şəxslər təmin edəcək.
Qeyd edim ki, ilkin mərhələdə layihə Bakıda yerləşən
320-dən artıq dövlət təhsil müəssisələrini əhatə edəcək.
Operatorlar isə təhsil müəssisələrini Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 38 ¹-li
(06.05. 2013-cü il tarixli) qərarına əsasən təsdiq
edilən "Təhsil müəssisələrində təhsil və tərbiyə
alanların qidalanması üzrə dövlət standartları"na cavab
verən qida məhsulları ilə təmin edəcək. Layihənin
növbəti mərhələsində bu prosesə bütün təhsil
müəssisələrinin də cəlb olunması nəzərdə tutulur.
Məktəblərlə əməkdaşlıq imkanını əldə etmək üçün
operatorlar pul vəsaitlərini məktəbin bank hesabına,
şagirdlərin sayına mütənasib olaraq köçürməlidirlər.
Bakı miqyasında bir il ərzində təhsil müəssisələrinin
hesabına firma-operatorlar tərəfindən köçürülən
vəsaitlər milyonlarla manat təşkil edir. Bu vəsaitlər
məktəb rəhbərliyi tərəfindən məktəbin maliyyə
ehtiyaclarının təmin edilməsinə sərf ediləcək, bu da, öz
növbəsində, valideynlərdən pul vəsaitlərinin
toplanmasını istisna edir.
Xüsusilə qeyd etmək istərdim ki, geniş yayılmış yanlış
məlumatlara zidd olaraq, dövlət təhsil müəssisələrində
qidalanmanı təmin etmək üçün heç bir vəsait ayırmır. Bu
proses təhsil müəssisəsi ilə xidməti təmin edən
operatorlar arasında bağlanan müqaviləyə əsasən
tənzimlənir. Qidalanma xidmətinin keyfiyyət ekspertizası
Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi və yaxud digər dövlət
strukturları tərəfindən keçirilə bilər.
- Mən elə başa düşürəm ki, təhsil sahəsində islahatlar
doğrudan da bütün istiqamətlərdə aparılır. Bu
ümidvericidir.
- Bəli, bu yaxınlarda Təhsil Nazirliyi tərəfindən
Bakının orta məktəblərində cari tədris ilində aparılacaq
islahatların əsas istiqamətlərini özündə əks etdirən bir
sənəd nəşr edilib. Biz hər zaman valideynlər tərəfindən
gələn təkliflərə və dialoqlara hazırıq. Bunun üçün hər
bir kəs həlli vacib olan problemlər haqqında bizim 146
"Qaynar xətt" nömrəsinə zəng vura bilər.
- Arzu xanım, müsahibəyə görə sizə təşəkkür edirik. Sizə
bütün işlərinizdə uğurlar arzu edirik!
www.1news.az |