Yanvarın 29-da bp şirkəti Azərbaycan universitetlərində
neft-qaz sahəsində ixtisaslaşan bir qrup birinci və
ikinci kurs tələbələrinə öz xüsusi mükafatlarını təqdim
etmişdir.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən
tədbirdə çıxış edən şirkətin Azərbaycanda əlaqələr üzrə
meneceri Tamam Bayatlı layihənin bp-nin ölkəmizdə
təhsilin inkişafını dəstəkləmək və neft-qaz sənayesində
yerli mütəxəssislərin imkanlarını genişləndirmək
öhdəliyinin bir hissəsi olduğunu bildirmişdir.
Tamam Bayatlı demişdir ki, bp-nin 2013-cü il üçün xüsusi
mükafatlarının əhatə dairəsi daha da genişlənmişdir.
Ötənilki beş universitetin sıralarına əlavə olaraq
Bakıda yerləşən iki ali təhsil müəssisəsi və bölgədəki
bir universitet - Milli Aviasiya Akademiyası, Azərbaycan
Texniki Universiteti və Gəncə Dövlət Universiteti daxil
edilmişdir.
Qeyd olunmuşdur ki, tədbirdə ən yaxşı göstəriciyə malik
60 nəfər birinci kurs tələbəsi bp-nin illik xüsusi
mükafatını qazanmışdır. Neft və qaz ixtisası üzrə təhsil
almaq üçün qəbul imtahanlarında ən yüksək keçid balları
toplamış gənclər Azərbaycan Dövlət Neft Akademiyasının
(38 nəfər), Qafqaz Universitetinin (6), Azərbaycan
Memarlıq və İnşaat Universitetinin (5), Bakı Dövlət
Universitetinin (5), Gəncə Dövlət Universitetinin (3),
Xəzər Universitetinin (1), Milli Aviasiya Akademiyasının
(1) və Azərbaycan Texniki Universitetinin (1)
tələbələridir.
Bildirilmişdir ki, təqdim olunan xüsusi mükafatlar həmin
tələbələrə bp-nin maliyyəsi ilə 10 aylıq ingilis dilinin
təlimi proqramında iştirak etmək imkanı verəcəkdir. Bu
proqramla tələbələr texniki sahəyə aid dil bilgilərini
təkmilləşdirəcəklər. Bu da onların seçdikləri ixtisaslar
sahəsində alacaqları biliklərə dəyərli əlavə olacaqdır.
Bundan əlavə, bp şirkəti ötən il xüsusi mükafatlar almış
və hazırda ikinci kursda təhsillərini davam etdirən 27
tələbə üçün ingilis dilinin təlimi kursunu əlavə bir il
də artırmaq qərarına gəlmişdir.
Sonra bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda
insan resursları üzrə vitse-prezidenti Leyla Novruzova
çıxış edərək demişdir ki, Azərbaycanın ənənəvi olaraq
həmişə neft-qaz sahələrində yüksək səviyyəli
mütəxəssisləri olmuşdur. Lakin sənaye böyüyüb inkişaf
etdikcə, əlaqədar sahələrdə yerli mütəxəssislərin daha
da artırılmasına və təkmilləşdirilməsinə tələbat
yaranır. Azərbaycanın böyük neft və qaz layihələrinin
operatoru olan bp şirkəti bu istiqamətdə ölkəyə kömək
edən təşəbbüslərin və səylərin dəstəklənməsində çox
maraqlıdır.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanda bp-nin xüsusi
mükafat proqramı 2007-ci ildə fəaliyyətə başlamış və
indiyədək şirkət yüksək nəticə göstərmiş təqribən 400
tələbəyə öz xüsusi mükafatlarını təqdim etmişdir.
Sonda tələbələrə sertifikatlar verilmişdir. |