Naxçıvan Özəl Universitetində 2 fevral Gənclər Günü ilə
əlaqədar tədbir keçirilib. Tədbirdə universitetin
humanitar işlər üzrə prorektoru Əli Yusifov,
ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Könül Babayeva
və tələbə gənclər təşkilatının sədri Nəsib Mustafazadə
çıxış edərək tələbələri gənclər günü ilə bağlı təbrik
etmiş, bu günün tarixi əhəmiyyətindən danışıblar.
Bildirilib ki, ölkəmizdə hər il fevral ayının 2-si
Gənclər Günü kimi qeyd olunur. Bu, ümummilli liderimiz
Heydər Əliyev tərəfindən gənclərə verilən ən böyük
töhfələrdən biridir. Müstəqil Azərbaycanımızın gəncləri
ilk dəfə 1996-cı il fevralın 2-də ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə keçirilən forumda bir araya
gəldilər. Ümummilli liderimiz Heydər Əliyev hər zaman
gənclərə malik olduqları qabiliyyət və intellektual
imkanları müqabilində geniş meydan verməyin tərəfdarı
idi. Ulu öndər gənclərlə iş məsələsini həmişə diqqət
mərkəzində saxlamış, onların sağlam böyüməsinə,
təhsilinə, həyatda layiqli yer tutmalarına çalışmışdır.
Bu siyasət hazırda ölkə başçısı İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Bunun nəticəsidir ki,
gənclərimiz ictimai həyatın ən müxtəlif sahələrində öz
potensiallarını gerçəkləşdirmək imkanlarına
malikdirlər.
Vurğulanıb ki, dövlətimizin gənclərə göstərdiyi diqqət
və qayğı regionumuzda da ən yüksək səviyyədədir.
Gəncliyə göstərilən hərtərəfli dövlət qayğısının
nəticəsidir ki, muxtar respublika gəncliyinin səsi
artıq dünyanın inkişaf etmiş ölkələrinin ali təhsil
ocaqlarından gəlir. Hər il yüzlərlə gənc ən yüksək
ballarla məşhur universitetlərin tələbəsi adına layiq
görülür, həyata hazırlanır, ölkəmizin adını yüksəklərə
qaldırır, göstərilən etimadı doğrultmağa çalışır.
Gəncliyin sağlam, vətənpərvərlik ruhunda yetişməsi,
onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını
təmin etmək üçün də regionumuzda hər cür şərait var.
Son illər muxtar respublikada gənclər dövlət
strukturlarına daha fəal şəkildə cəlb olunmağa
başlamışlar. Artıq muxtar respublikada bir çox məsul
vəzifələrdə gəncliyin nümayəndələri çalışaraq müstəqil
dövlətin qurulması və möhkəmlənməsi işinə öz töhfələrini
verirlər. O da vurğulanmışdır ki, bu gün Azərbaycan
gəncliyi fəxr oluna biləcək səviyyədədir. Azərbaycan
gəncləri ölkə daxilindəki nailiyyətləri ilə yanaşı,
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da
artmasında mühüm rol oynayır. Uşaq, yeniyetmə və
gənclərin fiziki, mənəvi sağlamlığı, təhsilə,
informasiya texnologiyalarına yiyələnmələri
istiqamətində muxtar respublikamızda daim mühüm addımlar
atılır. Son illərdə yeniyetmə və gənclərin asudə
vaxtlarının səmərəli təşkili üçün gənclik mərkəzləri,
kitabxanalar, kinoteatrlar, mədəniyyət evləri, istirahət
və əyləncə mərkəzləri, ali təhsil müəssisələrində yeni
tədris korpusları, olimpiya idman kompleksləri,
məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələrinin
tikilməsi və ya əsaslı təmir olunaraq yeniyetmə və
gənclərin istifadəsinə verilməsi, bundan başqa, hazırda
Naxçıvan Özəl Universiteti üçün inşa edilən inzibati
bina və korpuslar dövlətimizin naxçıvanlı gənclərə
göstərdiyi ən böyük qayğının bariz nümunəsidir.
Sonra tələbələr arasında diskussiya keçirilmiş, onları
maraqlandırılan suallar cavablandırılmış, universitetin
ictimai işlərində fərqlənən tələbələrə ictimaiyyətlə
əlaqələr şöbəsi tərəfindən təşəkkürnamələr təqdim
edilmiş, 2 fevral Gənclər Gününə həsr edilmiş slayd
nümayiş etdirilmişdir.
Nuray ƏSGƏROVA |