Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

Təhsil Problemləri İnstitutunda "Pedaqoji innovasiyalar" mövzusunda seminar keçirilib

 

Yanvarın 29-da Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda "Pedaqoji innovasiyalar" mövzusunda seminar keçirilib. Seminarda TPİ-nin direktoru Qulu Novruzov, direktor müavinləri Ənvər Abbasov, Rəfiq Qəndilov, Rəsul Əsgərov, Təhsil Nazirliyinin nümayəndələri Nəbi Mahmudov və Nəzakət Mehdiyeva, TPİ-nin şöbə və bölmə müdirləri, elmi işçiləri, respublikanın Bakı, Sumqayıt və Xırdalan şəhərlərindən, Siyəzən, Lənkəran, Neftçala, İsmayıllı, İmişli, Göygöl, Ağdam, Masallı, Laçın, Ağcabədi, Quba, Füzuli, Qəbələ, Şəki, Biləsuvar, Abşeron, Xızı, Cəlilabad, Lerik və Tovuz rayonlarından gəlmiş 100 nəfərə yaxın məktəb rəhbərləri, qabaqcıl fənn müəllimləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov ayda bir dəfə aktual məsələlərə həsr olunmuş bu səpgidə "Pedaqoji innovasiyalar" seminarının keçirilməsinin planlaşdırıldığını qeyd etmişdir. Natiq daha sonra kurikulum islahatının uğurla davam etdirilməsinin məktəbdaxili qiymətləndirmənin müvafiq qaydalara uyğun olaraq aparılması ilə sıx bağlı olduğunu bildirmiş, ölkədə bu işin yüksək səviyyədə təşkilinin zəruri olduğunu vurğulamışdır.

Sonra institutun şöbə müdiri, dosent Elxan Bəylərov "Məktəbdaxili qiymətləndirmə: problemlər, vəzifələr" mövzusunda təqdimat etmişdir. Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair beynəlxalq təcrübədən danışan natiq, şagird nailiyyətlərinin qiymətləndirilməsində rəqəmli qiymətin yazılmasına İsveçdə və Norveçdə 8-ci sinifdən, Finlandiyada əsas (həftədə 2 saatdan az olmayan) fənlər üzrə 6-cı sinifdən, Almaniya və Belarusda 3-cü sinifdən, Rusiyada 2-ci sinfin ortasından, Azərbaycanda isə 1-ci sinifdən başlandığını qeyd etmişdir.

O, uşaq şəxsiyyətinin inkişafının psixoloji xüsusiyyətləri baxımından rəqəmli qiymətin məqsədəuyğunluğu barədə danışarkən bildirmişdir ki, həvəs və ümidlə I sinfə gələn şagirdlər ilkin hazırlıq, fərdi keyfiyyətlər, inkişafın psixoloji xüsusiyyətləri, yaş dövrü, idraki, emosional və hərəki sahələrin tam formalaşmaması və dayanıqlı olmaması səbəbindən təlim prosesində fərqli nəticələr göstərir. I sinif şagirdləri qiymətin mahiyyətini, onun nəyi ifadə etdiyini aydın şəkildə anlamadıqlarından onlarda inamsızlıq, psixoloji komplekslər yaranır. Bəzi müəllimlər şagirdin fəaliyyətinə verdikləri qiyməti onun şəxsiyyətinə də şamil edir və şagirdlə münasibətini bu zəmində qurur.

Rəqəmli qiymətlər, əsasən, valideynlərə formal nəzarət, müəllimlərə isə təsir vasitəsi kimi lazımdır. Rəqəmli qiymət məzmundan kənarda olan stimuldur. Şagird üçün mahiyyəti izah edilməyən "2", "5" qiyməti "şallaq - şəkər" kimidir.  Bu üsulla şagird və ya valideyn qiymətə alışdırılır. Əslində şagirdlərə lazım olan "5" deyil, "5"-lə bağlı ona göstərilən münasibətdir.

Ş.A.Amonaşvilinin 1950-ci illərdə qiymətsiz təlim təcrübəsi ilə bağlı apardığı eksperimentlərin nəticələrinə görə, rəqəmli qiymət şagirdlərin yalnız 20-30%-ni stimullaşdırır, qalanlarını isə stimullaşdırmır. Rəqəmli qiymət psixoloji damğaya çevrilərək şagirdlərin inkişafa cəhdlərini əngəlləyir, bəzən müəllimlər də onun təsirindən qurtula bilmir.

Rəqəmli qiymətləndirməyə dünyada müxtəlif münasibətlərin olmasından danışan natiq görkəmli alimlər L.V.Zankov və Ş.A.Amonaşvilinin qiymətsiz təlim təcrübəsi sahəsində uğur qazandıqlarından bəhs etmiş, V.A.Suxomlinskinin təcrübəsində isə şagirdlərin ancaq müsbət nəticələrinin qiymətləndirildiyini, V.F.Şatalovun sistemində "açıq hesabat vərəqləri"ndən istifadə olunduğunu vurğulamışdır.

E.Bəylərov daha sonra müasir məktəbdaxili qiymətləndirmənin xüsusiyyətlərindən danışmışdır. Qiymətləndirmənin aparılmasında müəllimləri narahat edən məsələlər, məktəbdaxili qiymətləndirmənin növlərinə uyğun müəllim fəaliyyətinin qurulması, bu zaman müvafiq təlimatlardan istifadə barədə qənaətlərini seminar iştirakçıları ilə bölüşmüşdür. Bu işin daha səmərəli qurulması üçün müvafiq təkliflər irəli sürmüşdür.

Daha sonra seminar işgüzar şəraitdə davam etmiş, mövzu ətrafında iştirakçılarla fikir mübadiləsi aparılmışdır. 

Müzakirədə Təhsil Nazirliyinin əməkdaşları Nəbi Mahmudov, Nəzakət Mehdiyeva, İmişli rayon Aranlı kənd 2 nömrəli məktəbin direktoru Malik Aranlı, Azərbaycan Müəllimlər İnstitutunun kabinet müdiri Dilguşə Süleymanova, institutun əməkdaşı Hüseyn Hüseynov, Milli Konservatoriya nəzdindəki Respublika İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi Təranə Əliyeva, Laçın rayonu İmanlar kənd ümumi orta məktəbinin riyaziyyat-informatika müəllimi Lalə Pirəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin riyaziyyat fənni üzrə metodisti Sədaqət Musayeva, Bakı şəhəri 255 nömrəli tam orta məktəbin informatika müəllimi Roza Qasımova, 9 nömrəli tam orta məktəbin fizika müəllimi Sona Hacılı, 238 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İradə Bayramova, Neftçala rayonu Yeniqışlaq kənd ümumi orta məktəbin direktoru Ülvi Fərzəliyev, Ağdam rayonu 36 nömrəli orta məktəbin biologiya müəllimi Xəyalə Məmmədova,  Cəlilabad rayonu Dövlətəlibəyli kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Fəxrəddin Səfərov, Tovuz rayonu Çobanqışlaq kənd tam orta məktəbinin kimya müəllimi Talıb Mahmudov çıxış edərək seminarın praktik əhəmiyyətini qeyd etdilər, problemlə bağlı rəy və təkliflərini bildirdilər. 

İlham CAVADOV,
Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin koordinatoru,
 pedaqogika üzrə
fəlsəfə doktoru, dosent

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov