Yanvarın
24-də Təhsil Nazirliyi tərəfindən media nümayəndələrinin
5 nömrəli Bakı Peşə Məktəbinə səfəri təşkil olunub.
Səfər çərçivəsində media nümayəndələri tədris ocağında
yaradılmış şəraitlə, emalatxanalar, studiyalar və dərs
otaqları ilə yaxından tanış olublar. Səfərdə iştirak
edən 5 telekanalın, 7 informasiya agentliyinin və 2
qəzetin təmsilçiləri peşə məktəbindən telereportaj və
süjetlər hazırlayıb, müəllim və şagirdlərdən müsahibələr
alıblar. Təhsil müəssisəsinin təlim-tədris şəraiti,
pedaqoji kollektivi və təhsilalanlar haqqında media
nümayəndələrinə ətraflı məlumat verilib.
Qeyd olunub ki, 5 nömrəli Bakı Peşə Məktəbi Heydər
Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yenidən inşa
edilərək 2012-ci ildə istifadəyə verilib. Qafqazda yayım
mediası üzrə ixtisaslı kadrlar hazırlayan yeganə ilk
peşə-ixtisas təhsili müəssisəsi olan məktəbdə zəngin
maddi-texniki baza yaradılıb. Təhsil müəssisəsinin
müəllimləri tanınmış və peşəkar mütəxəssislərdən
ibarətdir.
300 şagirdin təhsil aldığı peşə məktəbində müasir
tələblərə cavab verən 8 ixtisas üzrə (video çəkilişi
üzrə operator, kino-montajçı, səs texnikasına xidmət
üzrə mexanik, işıq ustası, dekorator, kostyumçu dərzi,
qrimçi-pastijor, kompüterlərin təlimi və xidməti üzrə
texnik) kadr hazırlığı aparılır. İstehsalat dərsləri
müasir avadanlıqlarla təchiz olunmuş emalatxana və
studiyalarda, həmçinin, səsyazma, kino-montajçı,
dekorator, qrimçi-pastijor, dərzi otaqlarında keçirilir.
Təsadüfi deyil ki, 5 nömrəli Bakı Peşə Məktəbinin
yetirmələri televiziya, kino və teatr sahəsində uğurla
fəaliyyət göstərirlər. |