Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına
Ədəbiyyat İnstitutunda Macarıstan Elmlər Akademiyası
(EA) Türkoloji Araşdırmalar İnstitutunun direkoru,
akademik Georq Xazai və Türkiyə Qafqaz Universitetlər
Birliyinin sədri, professor Ramazan Qorxmazla görüş
keçirildi.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəyli
akademiyanın humanitar elmlər sahəsində fəaliyyət
göstərən elmi-tədqiqat müəssisələrində görülən işlərdən
danışaraq ölkə rəhbəri tərəfindən elmə göstərilən
qayğını xüsusi vurğuladı. Akademik İsa Həbibbəyli qeyd
etdi ki, son illər Azərbaycanda bütün sahələrdə sürətli
inkişafa nail olunmuş, bu irəliləyiş elm sahəsində də
nəzərəçarpacaq dirçəlişə gətirib çıxarmışdır. Məhz ölkə
Prezidenti cənab İlham Əliyevin məqsədyönlü daxili və
xarici siyasətinin göstəricisidir ki, Azərbaycan elmi
dünyaya inteqrasiya olunur, qarşılıqlı beynəlxalq
münasibətlər nəticəsində elm inkişaf edir. Akademiya
rəhbərliyinin də prioritet vəzifələr sırasında
beynəlxalq elmi əlaqələrə böyük önəm verdiyini nəzərə
çatdıran akademik rəhbərlik etdiyi qurumda uzun illər
yaranmış boşluğun aradan qaldırılmasına xüsusi diqqət
yetirildiyini bildirdi.
Akademik İsa Həbibbəyli Nizami adına Ədəbiyyat
İnstitutunun tarixi, inkişaf yolu, başlıca elmi
istiqamətləri barədə də qonaqlara məlumat verdi.
Qarşılıqlı maraq doğuran fəaliyyət istiqamətlərindən
danışan natiq bu əlaqələrin ədəbiyyat elmi sahəsində
ölkələrimiz arasındakı əməkdaşlıqda səmərə verəcəyini
qeyd etdi.
Macarıstan EA Türkoloji Araşdırmalar İnstitutunun
direktoru, akademik Georq Xazai və Türkiyə Qafqaz
Universitetlər Birliyinin sədri, professor Ramazan
Qorxmaz son illər Azərbaycanda genişmiqyaslı
tikinti-quruculuq işlərinin aparıldığını, Bakı şəhərinin
simasının günü-gündən dəyişdiyini xoş niyyətlə bildirdi,
azərbaycanlıların qonaqpərvərliyini xüsusi
minnətdarlıqla vurğuladılar. Görkəmli alimlər Türkiyə,
eləcə də Macarıstanla elmi əlaqələrin daha da
genişləndirilməsinin əhəmiyyətindən danışaraq yeni
istiqamətlərdə fəaliyyət sahələrinin qurulmasının vacib
olduğunu diqqətə çatdırdılar.
Görüşün sonunda AMEA Nizami adına Ədəbiyyat İnstitutu və
Türkiyə Qafqaz Universitetlər Birliyi arasında anlaşma
memorandumu imzalandı. Əməkdaşlıq sazişini akademik İsa
Həbibbəyli və professor Ramazan Qorxmaz imzaladılar.
Ağahüseyn ŞÜKÜROV,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat
xidmətinin rəhbəri |