Sumqayıt
Dövlət Universitetində Tokio-Boeki texnoloji firmasının
Ukraynadakı təmsilçiləri, idarəetmə direktoru Aleksey
Şpak və tətbiq üzrə mühəndis Vitali Tinkovun iştirakı
ilə yapon texnologiyası əsasında təhsil və elmin
innovasiyalı kompleks həlli üçün əhəmiyyət kəsb etməsi
mövzusunda görüş keçirildi. Görüşdə universitetin rektor
əvəzi dosent Elxan Hüseynov qonaqları salamlayaraq,
onların universitetdə elmin və təhsilin inkişafı, elmi
tədqiqatların yüksək şəkildə həyata keçirilməsi üçün
müasir avadanlıqlarla təchizat məsələsini yüksək
qiymətləndirdi.
Müzakirə zamanı qonaqların təklifləri, elmi-texniki
avadanlıqlarla bağlı fikirləri görüş iştirakçıları
tərəfindən bəyənildi və gələcək əməkdaşlıq üçün razılıq
əldə olundu. Hər iki qonaq səmimi qarşılanması və
fikirlərinin universitet rəhbərliyi tərəfindən yüksək
qiymətləndirilməsinə görə öz təşəkkürlərini bildirdi.
Görüşdə universitetin təlim-tərbiyə işləri üzrə
prorektoru, dosent Nizami Namazov, qiyabi təhsil üzrə
prorektor, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə
doktoru Qafar Atayev, mühəndislik fakültəsinin dekanı,
dosent Sabir Xəlilov, kimya və biologiya fakültəsinin
dekanı, dosent Ələddin Qədimov, bərk cism elektronikası
kafedrasının professoru Yadigar Hüseynov, neft-kimya
texnologiyası kafedrasının müdiri, professor Əkbər
Ağayev, texniki-kibernetika kafedrasının müdiri,
professor Fazil Ələkbərli, həmin kafedranın dosenti
Ulduz Ağayev iştirak etdilər.
SDU-nun Mətbuat xidməti |