Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Yanvar 2014 - №04

 

Azərbaycan ilə Tacikistan arasında elm və təhsil sahələrinin inkişafı məsələləri müzakirə edilib

 

 Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov bu ölkənin təhsil və elm naziri Nuriddin Saidov ilə görüşmüşdür.

Səfir ölkələrimiz arasında əməkdaşlığın inkişafında təhsilin ən vacib istiqamətlərdən biri olmasından geniş söhbət açmışdır. O, XIV əsrdə yaşamış tacik mütəfəkkiri Kamal Xucəndinin Gəncəyə və Təbrizə gedərək elmlə məşğul olduğunu diqqətə çatdırmış, bu ənənənin davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır.

Diplomat, həmçinin hər iki ölkənin əlyazmalar institutlarının arxivlərindən qarşılıqlı istifadənin mümkünlüyünü, ayrı-ayrı əlyazmaların surətlərinin mübadiləsini, azərbaycanlı və tacik alimlərinin birgə tədqiqat aparmalarını məqsədəuyğun hesab etmişdir.

Bildirmişdir ki, Azərbaycan geologiya və neft-qaz sənayesi sahəsində böyük təcrübəyə malikdir. Dünyada ilk dəfə Azərbaycanda 1846-cı ildə sənaye üsulu ilə neft hasil edilmiş, 1949-cu ildə dünyada ilk dəfə Xəzər dənizində neft çıxarılmasına başlanmışdır. Uzun illərdir ki, fəaliyyət göstərən Azərbaycan Dövlət Neft Akademiyasında dünyanın bir çox ölkələrindən tələbələr təhsil alırlar.

Nuriddin Saidov bildirmişdir ki, 2012-ci ilin iyul ayında Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri zamanı nümayəndə heyətinin tərkibində iştirak etmiş və ölkələrimiz arasında təhsil sahəsində saziş imzalanmışdır. Nazir Azərbaycanda təhsilin neft-qaz, geologiya, kibernetika, tibb və digər sahələrində inkişaf etdiyini bildirmiş, bu sahədə tələbə və müəllim mübadiləsinin vacibliyindən danışmışdır. Qeyd etmişdir ki, Tacikistanın bir çox alimləri vaxtilə Azərbaycanda ali təhsil almış, dissertasiya müdafiə etmişlər.

Tərəflər iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın ayrıca iş planının tərtib və təsdiq olunmasını və ondan sonra müvafiq sahələrdə əməli işlərin həyata keçirilməsini məqsədəuyğun hesab etmişlər.

Abbasəli Həsənov 2013-cü ildə Azərbaycanın Tacikistandakı səfirliyinin fəaliyyəti barədə danışmış, dost ölkənin müxtəlif regionlarında və şəhərlərində dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar 13 muğam konsertinin təşkil olunduğunu, "Leyli və Məcnun" operasının Düşənbədəki S.Ayni adına Dövlət Opera və Balet Teatrında Tacikistan və Azərbaycan incəsənət ustalarının birgə iştirakı ilə səhnəyə qoyulduğunu bildirmişdir.  

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov