Yanvarın 30-da Təhsil Nazirliyində ali və orta ixtisas
təhsili müəssisələrində 2013-2014-cü tədris ilinin payız
semestrinin imtahan sessiyasının gedişinə və Təhsil
Nazirliyinin "Qaynar xətt" xidmətinin fəaliyyətinə həsr
olunmuş mətbuat konfransı keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin
müdir müavini Yaqub Piriyev, İnformasiya şöbəsinin müdir
müavini Cəsarət Valehov, Bakı Dövlət Universitetinin
prorektoru İradə Əliyeva, Azərbaycan Dövlət İqtisad
Universitetinin prorektoru Daməd Bağırov, Azərbaycan
Tibb Universitetinin prorektoru Nəsimi Qasımov, Bakı
Slavyan Universitetinin prorektoru Asəf Hacıyev,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru
Malik Cəbrayılov və Azərbaycan Texniki Universitetinin
prorektoru Xaliq Yaqubov media nümayəndələrinin
suallarını cavablandırıblar.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini
Cəsarət Valehov media nümayəndələrini salamlayaraq
müvafiq mətbuat konfranslarının mütəmadi olaraq
keçiriləcəyini bildirib. Şöbə müdirinin müavini təhsil
naziri Mikayıl Cabbarovun "İmtahan sessiyasının təşkili
və keçirilməsi barədə" əmrinə uyğun olaraq, imtahan
sessiyalarının gedişatı və "Qaynar xətt" xidmətinin
fəaliyyəti haqqında KİV-ə müntəzəm informasiya
veriləcəyini söyləyib.
Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir
müavini Yaqub Piriyev bildirib ki, qış imtahan sessiyası
dövründə nazirliyin tabeliyində olan ali təhsil
müəssisələrində 94825, digər dövlət qurumlarının
tabeliyində olan ali təhsil müəssisələrində 20567, özəl
ali məktəblərdə 19127 tələbə imtahan verib.
Qeyd edilib ki, ötən il dekabrın 25-dən bu günədək
Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə müxtəlif
məsələlərlə bağlı 2789 zəng daxil olub. Bunlardan 20-si
qiş imtahan sessiyası ilə əlaqədardır. Daxil olan
zənglər əsasında müvafiq araşdırmalar aparılıb və
qaldırılan problemlər operativ həllini tapıb.
"Qaynar xətt" xidmətinə daxil olan zənglərin bir
hissəsinin diplomların gecikdirilməsi ilə bağlı olduğu
nəzərə çatdırılıb. Bu problem 2014-cü ildə birdəfəlik
həll olunacaq. Belə ki, ali məktəblərin Təhsil
Nazirliyində yaradılmış müvafiq quruma son kursun payız
imtahan sessiyasını uğurla başa vuran tələbələr haqqında
təqdim edəcəyi məlumatlar əsasında diplomlar
hazırlanacaq. Ali Attestasiya Komissiyasının
razılığından sonra diplomlar dərhal ali təhsil
müəssisələrinə veriləcək.
Nazirlik rəsmiləri onu da vurğulayıblar ki, diplomların
verilməsi zamanı heç bir rüsum ödənişi nəzərdə
tutulmayıb.
Sonra ali məktəblərin nümayəndələri media təmsilçilərini
maraqlandıran çoxsaylı sualları cavablandırıblar. |