Yanvarın 28-də "ADA" Universitetinin Biznes İnstitutunda
beynəlxalq MBA proqramının açılışı keçirilmişdir.
"ADA" Universitetinin Kommunikasiya Departamentindən
AzərTAc-a bildirmişlər ki, tədbirdə universitetin
rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev,
tədris işləri üzrə prorektoru, doktor Patrik Kvin giriş
nitqi ilə çıxış etmişlər.
"ADA" Universiteti Biznes İnstitutunun dekanı, doktor
Nejdet Delener yeni proqramı təqdim etmişdir.
Qeyd edək ki, biznesin idarə edilməsi üzrə magistratura
proqramında təhsilin müddəti 18 aydır. İşləyənlər üçün
təhsil uyğun qrafikdə aparılacaqdır. Proqramda
tələbələrə kadrların, səhiyyənin, texnologiyaların,
təchizat şəbəkəsinin idarə olunması üzrə ixtisaslar
təklif edilir.
MBA proqramında mühasibatlıq, maliyyə, marketinq,
liderlik, iqtisadiyyat və strategiya üzrə fənlər "ADA"
Universitetinin yüksək ixtisaslı azərbaycanlı və əcnəbi
professorları tərəfindən tədris olunacaqdır. Proqramda
iştirak üçün iş təcrübəsi tələb olunmur. Artıq
sənədlərin qəbulu başlanmışdır və mayın 1-dək davam
edəcəkdir. Maraqlananlar əlavə məlumat üçün suallarını
mba@ada.edu.az elektron ünvanına göndərə bilərlər.
Xatırladaq ki, "ADA" Universitetinin Maastrixt Menecment
Məktəbi ilə birgə həyata keçirdiyi Ekzekyutiv MBA
proqramı artıq fəaliyyətə başlamışdır. Modullarla tədris
olunan bu proqram minimum dördillik iş təcrübəsinə malik
peşəkarlar üçün nəzərdə tutulmuşdur. Dərslər həm "ADA"
Universitetinin, həm də Maastrixt Menecment Məktəbinin
professorları tərəfindən Bakıda və Maastrixtdə tədris
edilir. Proqramın sonunda məzunlara hər iki
universitetin beynəlxalq səviyyədə akkreditə olunmuş
diplomu veriləcəkdir. |