Yanvarın 28-də T.Şevçenko adına Kiyev Milli
Universitetinin (KMU) Beynəlxalq Münasibətlər
İnstitutunun (BMİ) Elmi Şurasının zalında BMİ-nin ən
yaxşı tələbələrinə Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin (ARDNŞ) Ukraynadakı nümayəndəliyinin dost
ölkədə müxtəlif millətlərdən olan tələbə gənclərin
layiqli nümayəndələrini stimullaşdırma proqramı üzrə
Heydər Əliyev adına təqaüdlərin təntənəli təqdim edilmə
mərasimi keçirilmişdir.
Bu təqaüd həm də gənclərin mənlik şüurunun formalaşması,
intellektual potensialı gələcəkdə Ukraynanın daha da
inkişaf etdirilməsinə xidmət edəcək istedadlı gənclərin
dəstəklənməsi və maddi həvəsləndirilməsi məqsədilə təsis
edilmişdir.
T.Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq
Münasibətlər İnstitutunun direktoru, siyasi elmlər
doktoru, professor Valeri Kopeyka tədbiri giriş nitqi
ilə açmışdır. O, rəhbərlik etdiyi ali məktəbin
Azərbaycanla, ilk növbədə, Azərbaycanın Ukraynadakı
səfirliyi ilə əməkdaşlığının yüksək səviyyədə olmasını
vurğulamışdır.
Ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətli Azərbaycan
üçün yüksək ixtisaslı diplomatik kadrlar hazırlanması
məqsədilə iki ölkə arasında zamanın sınağından çıxmış
bərabərhüquqlu və qarşılıqlı sərfəli əlaqələr mövzusunu
davam etdirmişdir.
E.Mədətli bildirmişdir ki, bu gün T.Şevçenko adına
KMU-nun Beynəlxalq Münasibətlər İnstitutunun
məzunlarının çoxu Azərbaycanın siyasi elitasında təmsil
olunmuşdur.
Hazırda ölkəmizdən olan 30-dan çox tələbənin bu
adlı-sanlı ali məktəbdə təhsil aldığını vurğulayan səfir
xüsusi qeyd etmişdir ki, Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev adına təqaüd tələbələrin təhsildə
yüksək müvəffəqiyyətlər qazanması, ali məktəbin ictimai
həyatında fəal iştirak etmələri üçün güclü stimul
olacaqdır. Diplomat çıxışının sonunda azərbaycanlı
tələbələrə göstərilən diqqət və qayğıya görə institutun
direktoruna təşəkkür etmişdir.
ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin
Məmmədov öz çıxışında qeyd etmişdir ki, Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti müxtəlif ölkələrdə
təhsil prosesinə sanballı töhfə verir. O xatırlatmışdır
ki, Azərbaycanda, Rumıniyada və Gürcüstanda təhsil alan
tələbələr xüsusi təqaüdlər alır. E.Məmmədov demişdir:
"ARDNŞ Ukraynada uzunmüddətli biznes layihələrini nəzərə
alaraq bu ölkədə də Heydər Əliyev adına təqaüd
proqramını inkişaf etdirməyə başlayır".
Sonra E.Məmmədov Heydər Əliyev adına təqaüdə layiq
görülmüş tələbələrə - beynəlxalq iqtisadi münasibətlər
fakültəsinin üçüncü kurs tələbəsi Famil Qasımova,
beynəlxalq hüquq fakültəsinin ikinci kurs tələbəsi
Elvira Xanayevaya və beynəlxalq informasiya ixtisası
üzrə magistraturanın tələbəsi Darya Kirilkoya xüsusi
bank kartları təqdim etmişdir.
Tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin
əməkdaşları, T.Şevçenko adına Kiyev Milli
Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun
Elmi Şurasının üzvləri, ARDNŞ-nin Ukraynadakı
nümayəndəliyinin əməkdaşları, Ukraynada Azərbaycanlı
Gənclər İttifaqının sədri Anar Tahirov və başqaları
iştirak etmişlər.
Elə həmin gün Azərbaycanın Ukraynadakı səfiri və BMİ-nin
direktoru qarşılıqlı maraq doğuran profil məsələləri
müzakirə etmişlər.
AzərTAc |