...Təhsil,
ordu quruculuğu sahələrində, sosial sahədə çox ciddi
islahatlar başlamışdır. Bu islahatlar artıq öz bəhrəsini
verməkdədir. Dediyim sahələrdə və bütün başqa sahələrdə
ictimai nəzarətin gücləndirilməsi, əlbəttə, bizə kömək
edəcək ki, xoşagəlməz halların qarşısının alınması
istiqamətində daha da ciddi addımlar atılsın. Hər halda
kadr və struktur dəyişikliyi, işə yanaşmada dəyişiklik
artıq reallıqdır. Bunu cəmiyyət də bilir. Mən də,
əlbəttə ki, bunu qiymətləndirirəm və bu işlərə nəzarət
edirəm. Elə etməliyik ki, Azərbaycanda bütün
istiqamətlər üzrə ən qabaqcıl metodlar, ən mütərəqqi
texnologiyalar tətbiq edilsin... Ona görə mən gələcək
illər üçün əsas mövzulardan birinə - təhsil məsələlərinə
bir daha qayıtmaq istəyirəm. Təhsil hər bir ölkənin
gələcəyini müəyyən edir. Bu sözlər çox işlədilir. Amma
bu, həqiqətdir. Savadı olmayan, yaxud da ki, aşağı
səviyyədə olan cəmiyyətlərdə xarici müdaxilə uğurla
nəticələnə bilər. Xarici təbliğat ölkənin inkişafına
təsir edə bilər. Ona görə hazırlıqlı, yetkin, bilikli və
savadlı cəmiyyət ekstremizmə, xarici müdaxiləyə və digər
xoşagəlməz hallara qarşı bir sığortadır. |