Paris XI Universitetinin tələbəsi
Mövlud
Möhbalı
ilə
söhbət
Mövlud
Xaliq oğlu Möhbalı 1991-ci il sentyabrın 11-də
Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun
Qıvraq kəndində anadan olub. VII sinfə qədər Bakıdakı
Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə təhsil
alıb. 2004-2008-ci illərdə isə təhsilini Bakı Özəl
Türk Liseyinin filialı olan Dədə Qorqud Özəl Türk
Liseyində davam etdirib. 2008-ci ildə Azərbaycan
Dövlət Neft Akademiyasının mühəndis iqtisadiyyatı və
idarəetmə ixtisasına qəbul olunub. Eyni zamanda YÖS
proqramı əsasında Türkiyə Cümhuriyyətinin Qazi
Universitetinin maliyyə və kredit fakültəsinə qəbul
olub. Elə həmin ildə "Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19
oktyabr tarixli Sərəncamına əsasən Fransa
Respublikasında təhsil almaq üçün Təhsil Nazirliyinin
keçirdiyi müsabiqədə iştirak edib və uğur qazanıb.
2008-2009-cu illərdə Fransanın Bezanson şəhərindəki Dil
Mərkəzində fransız dili üzrə hazırlıq kursunu
müvəffəqiyyətlə başa vuraraq Paris XI Universitetinə
daxil olub. "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində Paris XI Universitetinin
kompüter elmləri və riyaziyyat mühəndisliyi
fakültəsində bakalavr təhsili alıb. Hazırda Fransanın
Paris XI Universitetində müəssisələrin idarəedilməsi və
kompüter elmlərinin tətbiqi ixtisası üzrə magistr
pilləsində təhsil alır. ASAIF-in (Xaricdə Təhsil Alan
və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu)
İdarə Heyətinin üzvü və Fransa üzrə təmsilçisidir. Bir
müddət Parisdə müəllim kimi çalışıb, fransız və digər
əcnəbi şagirdlərə riyaziyyatdan dərs deyib. Mövlud
Möhbalı ilə söhbətimizə onun ilk təhsil illərindən,
əldə etdiyi uğurlardan başladıq.
- Təhsil illərində hər zaman əlaçı və nümunəvi şagird
olmuşam. Azərbaycan Respublikası Təhsil Nazirliyi
tərəfindən keçirilən kimya üzrə fənn olimpiadasında, "Çağ"
Öyrətim İşlətmələri Şirkətinin, Heydər Əliyev Fondunun
təşkil etdikləri müxtəlif bilik yarışlarında, fərqli
mədəniyyətlərlə bağlı olan sərgi və tədbirlərdə fəal
iştirak etmiş, fəxri diplom və sertifikatlarla
mükafatlandırılmışam. Eyni zamanda liseyin rəqs və idman
komandası heyətlərində də müxtəlif növ yarışlarda
iştirak etmiş və qələbə qazanmışıq.
- Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ili
üçün tələbələrin seçim prosesi yaddaşınızda necə qalıb?
-
Tələbələrimizin "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində 2013-2014-cü tədris ili üçün
seçim prosesini yüksək qiymətləndirirəm. Müsabiqədə
iştirak edəcək gənclərin daha rahat müraciət etmələri
üçün Təhsil Nazirliyinin veb-saytında elektron
müraciətin yerləşdirilməsi, müsabiqədə danışıq dilinin
tələbələrin seçdiyi universitetlərin tədris dili olması
bu istiqamətdə gələcəyə doğru atılmış uğurlu addım hesab
etmək olar.
- Oxuduğunuz ali məktəb, seçdiyiniz ixtisas barədə
məlumat verərdiniz...
- Paris XI Universiteti özündə 127 araşdırma, 5 elm və
təlim mərkəzi, 3 texnologiya institutu və 1 mühəndislik
məktəbini birləşdirən dövlət ali təhsil müəssisəsidir.
Universitet Fransanın ən böyük elm kampusu ünvanına
sahibdir. Fransaya ən çox Fields medalı (riyaziyyatçılara
verilən mükafatdır) qazandıran, dünyada ən çox Fields
medalı alanların çalışdığı ikinci təhsil ocağı və eyni
zamanda Nobel mükafatçıları olan Paris XI -də təhsil
almaq ayrıca bir qürur hissidir. Universitet əsasən
dəqiq elmlər sahəsində ixtisaslaşıb. Hazırda 27 minə
yaxın tələbənin təhsil aldığı universitetin əsası
1970-ci ildə Paris Universiteti əsasında yaradılıb.
Universitetin məşhur alimlərindən 1991-ci ildə Nobel
mükafatına layiq görülmüş Pyer Jil de Jeni, 2007-ci
ildə fizika üzrə Nobel mükafatına layiq görülmüş Alber
Feri göstərmək olar.
Seçdiyim ixtisas üzrə təhsil alan gənclər həm kompüter
elmləri, həm də idarəetmə üzrə bacarığa sahib olurlar.
Bu ixtisas üzrə təhsil alan tələbələr gələcəkdə layihə
rəhbəri, İT-məsləhətçi və müəssisə rəhbəri kimi
fəaliyyət göstərə bilərlər.
- Tələbə həyatınız necə keçir?
- Fransadakı təhsil həyatımı iki yerə bölmək istərdim.
Həyatımda yeni bir ölkəni, insanlarını, dilini yaxından
tanımağa Bezanson şəhərində başladım və hazırda
təhsilimi paytaxt Parisdə davam etdirirəm. Dünya
şöhrətli elm və incəsənət adamları yetişdirən bu ölkə
məni hadisələrə fərqli yanaşma bacarığı ilə yanaşı həm
nəzəri, həm də praktiki biliklərə əsaslanan elmlə tanış
etdi. Həyatıma yeni insanlar, dostlar daxil oldu.
Düşünürəm ki, gələcəyini qətiyyətli addımlar üzərində
qurmaq istəyən hər bir şəxs tələbəlik illərini səmərəli
keçirməli və mütəxəssisi olacaq sahəni düzgün seçməlidir.
- Asudə vaxtınızı necə keçirirsiniz?
- Fransada təhsil aldığım müddətdə universitet
tərəfindən tələb olunan layihələrin, fərdi
araşdırmaların çoxluğundan həftə ərzində boş vaxtlarım
demək olar ki, yoxdur. Bu səbəbdən də asudə vaxt
anlayışı mənim üçün həftə sonları keçirdiyim qısa
zamandan ibarətdir. Bu zaman ərzində yerli və xarici
dostlarımla görüşməyə, paytaxt Parisdə maraqlı sərgi və
ya tədbirlərdə iştirak etməyə çalışıram.
- Yaşadığınız şəhər haqqında.
- Artıq 5 ilə yaxındır təhsilimlə əlaqədər olaraq
Fransanın paytaxtı Parisdə yaşayıram. Paris ölkənin və
eyni zamanda dünyanın mühüm iqtisadi, mədəni
mərkəzlərindən hesab olunur. Avropa İqtisadi Əməkdaşlıq
Təşkilatı (OECD), YUNESKO və Beynəlxalq Ticarət Palatası
(ICC) kimi mühüm təşkilatların mənzil-qərargahlarının bu
şəhərdə yerləşməsi buna bariz nümunədir. Nüfuzlu jurnal
və saytlar tərəfindən hazırlanan reytinq cədvəllərində
son 2 il ərzində (2012/2013) fasiləsiz olaraq dünyanın
ən yaxşı tələbə şəhəri seçilən bu şəhər təhsil almaq
üçün seçdiyim yerin düzgün qərar olmasını bir daha
təsdiq edir.
- Ölkəmiz barədə həqiqətləri Avropada çatdıra
bilirsinizmi?
- Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
reallıqlarını, işğalçı dövlət tərəfindən məruz
qaldığımız haqsızlıqları, ölkəmizin mədəniyyətini
Fransada tanıtmaq, Azərbaycan həqiqətlərini dünyaya
çatdırmaq bizim borcumuzdur. Bunun üçün tədbir,
konfrans və sərgilərin təşkilində iştirak edirəm,
bacardığım qədər bu işə öz töhfəmi vermək istəyirəm.
Fransadakı Azərbaycan səfirliyinin, YUNESKO-nun
tədbirlərində də yaxından iştirak etməyə çalışıram.
Əlbəttə, Azərbaycanı layiqincə təmsil etməyin ilk yolu
mükəmməl təhsil almaq, öz peşəsində professional kimi
formalaşmaqdır. Buna nail olmaq istəyirəm.
- Fəal tələbə kimi fəaliyyətinizi daha hansı istiqamətdə
qurursunuz?
- 2010-2011-ci illərdə "Multi-tude Tələbə
Assosiasiyası"nda mətbuat katibi vəzifəsində çalışmışam.
2010-cu ildən ASAIF-in (Xaricdə Təhsil Alan və Məzun
Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu) Fransa
Respublikasından olan məclis üzvüyəm. 2011-ci ilin
fevral ayından etibarən Parisdə yenidən qurulmuş
Azərbaycan-Fransa Gənclik Assosiasiyasının (AFGA)
ictimaiyyətlə əlaqələr şöbəsinə sədr təyin edilmişəm.
2003-cü ildə Parisdə təhsil alan bir qrup azərbaycanlı
tələbə tərəfindən təsis edilmiş bu qurum Azərbaycan
dilini, tarixi həqiqətlərini, mədəniyyətini tanıtmaq
məqsədi daşıyır. Quruma sədrlik etdiyim müddətdə Dağlıq
Qarabağ probleminin Fransa ictimaiyyətinə çatdırılması
üçün bir çox aksiya və tədbirlər silsiləsi təşkil
etmişik. 2011-ci ilin fevral ayında Paris XI
Universitetinin cüdo üzrə yığma komandası heyətində
yeniyetmələr arasında VII Beynəlxalq cüdo çempionatında
III yerə layiq görülmüşəm.
- Gələcək planlarınız ?
- Yaxın gələcəklə bağlı planlarım, təhsilimi bitirdikdən
sonra öz ixtisasım üzrə dünyanın nüfuzlu şirkətlərində
iş təcrübəsi əldə etmək və Azərbaycanımızın rifahı
naminə ölkəmizdə iş həyatımı davam etdirməkdən ibarət
olacaq.
- Biz də sizə təhsilinizdə və Fransada Azərbaycan adına
gördüyünüz bütün işlərdə uğurlar arzulayırıq.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |