(Əvvəli qəzetimizin 13 dekabr 2013-cü il tarixli
sayında)
Qloballaşan
dünyamız informasiya əsrinə keçdikdən sonra təhsil də
yeni forma və məzmun əldə etməyə başladı.
Yeni texnologiyalar distant təhsilin imkanlarını
genişləndirdi. XXI əsrdə distant təhsil dedikdə bu,
təhsilalana öyrədilən məlumatın informasiya və
kommunikasiya texnologiyaları vasitəsilə operativ
çatdırılması, eyni zamanda öyrənilən materiallara
testlər, məntiqi sxemlər, test-məşğələlər vasitəsilə
nəzarətin artırılmasını və online imtahanların
götürülməsi kimi başa düşülür. Distant təhsilin
tətbiqinin uğurlu nəticələri təhsilalmanın bu formasına
dövlət dəstəyinin necə yerinə yetirilməsindən asılıdır.
Azərbaycan Respublikasında təhsil islahatları ümummilli
lider Heydər Əliyevin ölkəyə rəhbərlik illərinə təsadüf
edir. 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti
tərəfindən "Azərbaycan Respublikasının təhsil sahəsində
İslahat Proqramı" təsdiq olunduqdan sonra bütün təhsil
sistemində, o cümlədən ali təhsil pilləsində
islahatların məqsədyönlü və planauyğun aparılmasına
başlanılmışdır. Aparılan islahatların nəticəsi olaraq 10
il sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq
sərəncamı ilə təsdiq olunmuş "2009-2013-cü illərdə
Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqrami" tədrisin təşkilində
Bolonya prinsiplərini əks etdirməklə bərabər distant
təhsili də əhatə etmişdir. Proqramın həyata keçirilməsi
üzrə Tədbirlər Planının 2.9-cu maddəsi məsafədən
təhsilin təşkilini nəzərdə tutmuşdur.
Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli
sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası" təsdiq edilmişdir.
Strategiyadakı dördüncü strateji istiqamət təhsil
müəssisələrində informasiya-kommunikasiya
texnologiyaları əsasında təlim metodologiyasına uyğun
infrastrukturun yaradılması, təhsil müəssisələri
şəbəkəsinin rasionallaşdırılması və digər tədbirlərlə
yanaşı, distant təhsil kimi tədbirləri də əhatə
etmişdir. Beləliklə, distant təhsilin inkişafına dövlət
dəstəyi strategiyada da öz əksini tapmışdır.
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda
da distant təhsil təhsilalma kimi göstərilib. Təhsil
Qanunda "distant (məsafədən) təhsil - tədris prosesinin
elektron, telekommunikasiya, proqram-texniki vasitələr
əsasında təşkil olunduğu təhsilalma forması" kimi
dəyərləndirilib.
Distant təhsilin tətbiqi imkanları
Distant təhsil vəsaitləri bütün növ informasiya
texnologiyaları-kompüter, kompüter şəbəkələri,
multimedia, audio və video sistemlərini əhatə edir. Bu
təhsil formasının əsasını proqram təminatı təşkil edir.
Proqram təminatı universitetin strukturunu, özündə
informasiyaları birləşdirən verilənlər bazasını əhatə
edir. Distant təhsilin əsas komponentləri təhsilverənlə
təhsilalan arasında qarşılıqlı əlaqənin olması, təhsilin
məzmununun kompüter vizuallığı, böyük həcmli
informasiyaların arxivləşdirilməsi, məlumat axtarış
sisteminin mövcudluğu və tədris materiallarının
mənimsənilməsinə nəzarət təşkil edir.
Dünya
təcrübəsində distant təhsili həyata keçirmək üçün
əlverişli proqram təminatlarından biri də MOODLE
(Modular-Object-Oriented-Dynamic-Learning-Environment)
sistemidir. Onun üstün cəhətlərindən biri pulsuz
olmasıdır. Moodle proqramı 82 dilə tərcümə olunaraq
dünyanın 212 ölkəsində tətbiq olunur. Sistem 50000
tələbəni və yüzlərlə kursu əhatə etmək imkanına
malikdir. Windows, Linux, Mac OS X kimi proqram
təminatları bu sistemi dəstəkləyir. Sistemdə yaranmış
hər hansı bir problemin həlli asanlıqla mümkündür.
Moodle vasitəsilə məsafədən təhsil, vebinarlar və online
konfranslar həyata keçirmək olar.
Dünya təcrübəsi göstərir ki, distant təhsil bir neçə
istiqamətdə həyata keçirilə bilər: Ayrı-ayrı ixtisaslar
və peşələr üzrə distant təhsil kursları, distant orta
təhsil, distant ali təhsil və distant əlavə təhsil,
distant "açıq dəsr"lər və distant konfranslar.
Ayrı-ayrı ixtisaslar və peşələr üzrə distant təhsil
kursları müxtəlif şirkətlərdə, dövlət qurumlarında və
müəssisələrdə çalışan əməkdaşların çalışdıqları sahələr
üzrə iş yerlərini tərk etmədən, daha ucuz və sərfəli
yolla peşə qabiliyyətlərinin təkmilləşdirilıməsinə
xidmət edir. Bu kurslar vasitəsilə əldə olunan
sertifikatlar yerli və beynəlxalq xarakterli ola bilər.
Distant yolla həyata keçirilən təlimlər Azərbaycanda
daha geniş yayılmış tədris metodu kimi tanınır.
Distant "açıq dərs"lərin keçirilməsi ənənəsi isə
Azərbaycan təhsil məkanına çoxdan tanışdır. Distant açıq
dərslər fakültələrarası, universitetlərarası və ya
beynəlxalq xarakter ala bilər. Tələbələr bu yolla yerli
və xarici mütəxəssislərdən konkret bir mövzu ilə bağlı
geniş məlumat əldə edə və bu dərsi online yolla
interaktiv şəklə sala bilərlər.
Distant və ya online konfranslar da Azərbaycanda geniş
yayılmış təlim metodudur. Polycam kameralar və ya skype
proqramı vasitəsi ilə bir neçə təhsil müəssisəsinin bir
arada konfrans keçirməsi ənənəsi artıq uzun illərdir
mövcuddur.
Bəs ali təhsildə distant təhsil dedikdə nə başa düşürük?
Əlbəttə ki, burada tədris prosesinin distant idarə
olunması əsas yerlərdən birini tutur. Tədris prosesi
modullardan ibarətdir. Hər modul bir neçə mühazirəni
əhatə edir. Mühazirələr rəqəmsal formatda slaydlar
şəklində təqdim olunur. Slaydlar təhsilalanın
aktivliyinin artmasına və diqqətinin tədris olunan
materiala yönəlməsinə böyük təsir edir. Burada lazımi və
əhəmiyyətli məlumatlar birləşmiş, sistemləşdirilmiş
şəkildə sadə və anlaşılan dildə təqdim olunur. Hər
mühazirə dinləməsindən sonra tədris olunan materiallar
test yolu ilə yoxlanılır, mənimsənilmə səviyyəsi
öyrənilir. Bütün modullar üzrə testlərin uğurlu
nəticəsindən sonra fənn üzrə imtahan və ya məqbul
suallar təqdim olunur.
Distant təhsilin tələbələr üçün üstünlükləri nədən
ibarətdir?
* Əlçatan olması
- təhsil müəssisəsinin harada yerləşməsindən asılı
olmayaraq internet və kompüter olan hər yerdən təhsil
ala bilmək imkanı.
* Sosiallıq
- sosial gərginliyi aradan götürməklə harada
yaşamasından, maddi təminatından, yaşından, səhhətindən
asılı olmayaraq insanların bərabər təhsil alması üçün
şəraitin yaradılması.
* Keyfiyyət
- dünyanın tanınmış və yüksək kvalifikasiyalı
universitetlərində təhsil almaq şansı verməklə yanaşı,
təhsilin monitorinqinin aparılması, professor-müəllim
heyəti ilə birbaşa və rahat əlaqə, tədris krediti
götürən tələbələrlə internet üzərindən sıx əlaqə və
qrup, komanda şəklində verilən tapşırıqların yerinə
yetirilməsi.
* İndividuallıq
- tələbəyə individual tədris proqramının, tədris
planının, tədris qrafikinin hazırlanmasına şərait
yaratmaq, fənlərin mənimsəmə ardıcıllığının gənc analar
və fiziki cəhətdən qüsurlu insanlar üçün əlçatan olması.
* Obyektivlik
- qiymətləndirmənin fənn müəlliminin kimliyindən asılı
olmayaraq obyektiv və şəffaf aparılması.
* İnnovasiyalaşdırma
- ən müasir informasiya texnologiyalarından istifadə
etməklə ən son yenilikləri tətbiq etmə imkanı.
* Səmərəlilik
- ev kirayəsi, nəqliyyat xərcləri, tədris materiallarına
çəkilən xərclərin və vaxtın qənaət olunması, tədris
tapşırıqlarının qısa müddət ərzində elektron daşıyıcılar
vasitəsilə çatdırılması. Dərsdə iştirak etmədiyi
təqdirdə saytda yerləşdirilən mühazirə videorolikini
istənilən qədər təkrar izləmək imkanının verilməsi.
* Davamlılıq
- istənilən ixtisas üzrə təhsil pilləsini başa vurub,
digər təhsil pilləsini əldə etməyə şəraitin yaradılması.
* Mobillik
- informasiyanın müəllim tərəfindən hər gün yenilənməsi
hesabına tələbənin aktual materialı əldə etməklə peşəkar
yetişməsi və müasir əmək bazarını öyrənə bilməsi.
Beləliklə, distant təhsil qeyri-ənənəvi mənbələrə
istinad etməklə effektivliyi, sərbəst fəaliyyəti, fərdi
və yeni yaradıcılıq imkanı, müxtəlif peşəkar vərdişlərin
əldə olunub möhkəmləndirilməsi, hadisə və proseslərin
konseptual və riyazi modelləşdirməsi hesabına təhsildə
yeni forma və metodların reallaşdılmasına şərait
yaradır.
Naxçıvanda distant təhsilin tətbiqi imkanları
Soruşa bilərsiniz ki, distant təhsil üçün niyə məhz
Naxçıvanı hədəf seçmişik?
Bu suala cavab verməmişdən öncə Naxçıvan Muxtar
Respublikasında internetin yaranması və hazırda ali
təhsildə tətbiqindən bəhs edək. Çünki distant təhsilin
keyfiyyəti kompüter avadanlıqları və internetin
sürətindən, o cümlədən digər audio-vizual və informasiya
texnologiyalarının uğurlu tətbiqindan asılıdır.
Naxçıvan Muxtar Respublikasında İnternet ilk dəfə
1999-cu ildə Naxçıvan Kompüter Mərkəzində abunəçilərin
istifadəsinə verilmişdir. O zaman yalnız 8 abunəçi ilə
İnternetə qoşulma imkanı əldə edən mərkəz qısa zamanda
böyük inkişaf yolu keçmişdir. 10 may 2003-cü il tarixdə
Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi tərəfindən Naxçıvanda
nakhchivan.az internet provayderi yaradılmışdır. 2006-cı
ildən internet provayderin adı nakhinternet.az olaraq
dəyişdirilmişdir. Həmin dövrdə yalnız Dial-up-la
internetlə qoşulmaqla internetin sürəti 56 kbt/san
olmuşdur. 2005-ci ilin oktyabr ayından etibarən isə
Naxçıvan şəhərində internet şəbəkəsinə ən müasir
texnologiya ilə - ADSL (asimmetrik rəqəmli abunəçi
xətti), yəni genişzolaqlı internet xidməti vasitəsilə
qoşulma tətbiq edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 5
aprel 2010-cu il tarixli sərəncamı ilə Naxçıvan MR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
tabeliyində Naxçıvan MR İnternet Mərkəzi yaradılmışdır.
Mərkəzin fəaliyyətinin əsas məqsədi Naxçıvan Muxtar
Respublikası ərazisində inzibati və təsərrüfat
obyektlərini, hüquqi və fiziki şəxsləri, muxtar
respublika əhalisini İnternetlə təmin etmək, internetlə
əlaqədar müxtəlif xidmətləri göstərməkdir. Mərkəz yüksək
keyfiyyətli İnternet xidmətləri, web səhifələrin
tərtibatı və hazırlanması, domen adların qeydiyyatı,
elektron poçt və ünvanların ayrılması, server
sahələrinin icarəyə verilməsi, şəbəkələrin
layihələndirilməsi və qurulması işlərini həyata keçirir.
Muxtar respublikanın telekommunikasiya şəbəkəsi TAE
(Trans-Asiya-Avropa) fiberoptik magistral xəttinə
qoşulub. Bütün informasiyalar bu magistralin üzərindən
ötürülür. 2012-ci ilin avqust ayından başlayaraq
Naxçıvan şəhərində "Evədək optika" layihəsinin icrasına
başlanılmışdır. "Evədək optika" layihəsi imkan verir ki,
hər abunəçiyə 10 mbt/san və ondan yuxarı sürətdə
internet verilsin. Bu da elektron ticarət, məsafədən
təhsil (distant) istifadə və s. üçün əlverişli internet
sürətidir.
Hazırda Naxçıvanda İnternetdən istifadə edənlərin sayı
344 mindən çoxdur. Bu gün muxtar respublikanın ən ucqar
dağ kəndlərində belə genişzolaqlı İnternet xidməti
fəaliyyət göstərir. 2013-cü ildə Naxçıvanın yaşayış
məntəqələrinin 85,3 faizində genişzolaqlı İnternet
xidməti, 90 faizində isə simsiz İnternet xidməti
göstərilib. Muxtar respublikaya daxil olan internetin
sürəti 2005-ci ildə 512 kbt/saniyə idisə, 2013-cü ildə
bu sürət 3 GB/saniyəyə çatdırılıb.
Naxçıvan MR-də ali təhsil müəssisələrinə internet 8-10
mb/san verilir. Tam orta məktəblərdə isə bu rəqəm 4-5
mb/san arası dəyişir. Qeyd edək ki, elektronlaşma yalnız
təhsil müəssisələrini əhatə etmir. 2013-cü ilin
oktyabrında Naxçıvanda "Elektron hökumət"
(e-hokumet.nmr.az) portalı da istifadəyə verilmişdir. Bu
portal vasitəsilə muxtar respublikanın 34 dövlət
orqanının xidmətlərindən yararlanmaq mümkündür.
2014-cü ildə muxtar respublikanın yasayıs məntəqələrinin
100 faizinin genişzolaqlı internetlə təmin edilməsi
nəzərdə tutulub. Bu il muxtar respublikaya daxil olan
internetin sürəti artırılaraq 5 GB/saniyə olması
planlaşdırılıb.
Naxçıvanda ali təhsilin inkişafında İKT
Naxçıvan MR-in aparıcı ali məktəblərindən sayılan
Naxçıvan Dövlət Universitetində müasir İKT-nin tətbiqi
imkanları 2000-ci ilə təsadüf edir. Həmin dövrdən
başlayaraq Azərbaycan Respublikasında İKT-nin inkişafı
ilə bağlı həyata keçirilən genişmiqyaslı dövlət
proqramları, Naxçıvan MR-də bu sahədə aparılan köklü
islahatlar və universitet layihələrinin ali məktəbə
qazandırdığı informasiya texnologiyaları ildən-ilə
artmağa başladı. 2005-ci ildən bu günədək ardıcıl həyata
keçirilən Elektron - Naxçıvan beynəlxalq konfransları
isə həm dövlət qurumlarının, həm də xarici ali təhsil
müəssisələrinin İKT-nin gözü ilə Naxçıvanı tanımasına
şərait yaratdı. Dövlət və ali təhsil müəssisəsinin
qarşılıqlı işbirliyi ilə həyata vəsiqə alan tədbirlər
isə NDU-nun paytaxt və regional ali məktəblər arasında
İKT-nin tətbiqi imkanlarına görə ilk sıralarda yer
tutmasına səbəb oldu. Qeyd edək ki, universitetin
maddi-texniki bazası- elektron lövhə və proyektorla
təchiz olunmuş 100-dən artıq auditoriya, 1000-dən
yuxarı kompüter avadanlığı, Polycom kameralı
auditoriyalar, elektron kitabxana, internet portal və
universitetin 110 ha ərazisini əhatə edən 10 mb/san
gücündə wi-fi simsiz internet xidməti Elektron Təhsil
bazasının yaradılmasına geniş imkanlar açdı. Hazırda
universitetdə bütün ixtisaslar üzrə imtahanların
kompüter vasitəsilə aparılması, bütün dərslərin,
elmi-pedaqoji təcrübələrin nəticələrinin, təhsilin bütün
sahələrinin mərhələ-mərhələ elektronlaşması, online
dərslərin təşkili, magistr dissertasiyaları və diplom
işlərinin elektron qəbulu və digər tədbirlər İKT
imkanlarının öyrədən və öyrənən arasındakı
münasibətlərin düzgün qurulması, obyektivlik, şəffaflıq,
aktuallıq, peşəkarlıq kimi prinsiplərin tədrisdə tətbiqi
ilə nəticələnmişdir.
Hazırda Naxçıvan Dövlət Universitetinin Azərbaycan ali
təhsil məkanında 3,5 milyon dollarlıq dəyəri və
genişmiqyaslı əhatə dairəsi ilə seçilən və Cənubi
Koreyanın KOİCA şirkəti ilə birgə həyata keçirilən
"Elektron universitet" layihəsi isə aparılan məqsədyönlü
tədbirlərin ən uğurlu nəticəsidir. Artıq Naxçıvan Dövlət
Universitetinin elektronlaşması universitetə girişdən
tutmuş, çıxışadək bütün proseslərin, tələbənin dərsə
davamiyyətinin, elmi-pedaqoji potensialın, administrativ
işlərin elektronlaşmasını əhatə edir. Qeyd edək ki,
"Elektron universitet" layihəsi reallaşdıqdan sonra
Naxçıvan MR rəhbərliyinin dəstəyi ilə universitetə
ayrılan internetin sürətinin 100 mb/san çatdırılacağı
planlaşdırılır.
Bütün bu prosesləri isə distant təhsilə keçid və
hazırlıq mərhəsi kimi də dəyərləndirmək olar. Distant
təhsilin nəticələri o zaman uğurlu ola bilər ki, o
mövcud bazanın təməlləri üzərində davam gətirə bilsin.
Bəs, distant təhsili həyata keçirmək üçün hansı meyarlar
tələb olunur?
İlk növbədə sürəti 100 və ya 200 mb/san olan internet,
ən müasir kompüter avadanlıqları, bu avadanlıqlardan
sərbəst istifadə edən professor-müəllim heyəti və
öyrənən tərəfin bütün bu prosesləri əldə etmə imkanı.
Distant təhsili həyata keçirən universitet buna nə qədər
hazırdırsa onu qəbul edən cəmiyyət də buna o qədər hazır
olmalıdır. Bütün bunlar onu deməyə əsas verir ki,
Naxçıvan Muxtar Respublikasında distant təhsilə keçidi
tam reallaşdırmaq olar. Lakin bundan əvvəl Azərbaycanda
distant təhsili tətbiq etmək üçün aşağıdakı proseslərin
həyata keçirilməsi zəruridir:
1. Azərbaycan Respublikasında distant təhsillə bağlı
hədəfləri bəlli edən strategiyanın işlənib hazırlanması.
2. Strategiyanı həyata keçirə biləcək kadr potensialının
və vəzifələrin müəyyənləşməsi.
3. Distant təhsillə bağlı qanunvericilik bazasının
yaradılması.
4. Cəmiyyətin distant təhsilə hazırlığına,
maarifləndirmə tədbirlərinin kütləvi informasiya
vasitələri tərəfindən aparılmasına geniş şəraitin
yaradılması.
5. Azərbaycanda nümunəvi Distant Təhsil Universitetinin
yaradılması.
6. Cəmiyyətin bütün təbəqələrinin distant dərsləri
almasına şərait yaradan Distant Təhsil Televiziyasının
yaradılması.
7. Tədris-metodiki vəsaitlərin və elmi ədəbiyyatların
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
elektronlaşmasına nəzarətin gücləndirilməsi.
8. Bu sahədə dünyanın qabaqcıl ali təhsil
müəssisələrinin təcrübəsindən istifadə edilməsi.
Biz bu təhsilalma formasını tətbiq etməklə cəmiyyətin
bütün təbəqələrinin təhsil almasına şərait yarada
bilərik. Artıq yaşından, fiziki problemlərindən,
iqtisadi və sosial durumundan asılı olmayaraq hər kəs
təhsil ala biləcəkdir. Ən böyük qazancımız cəmiyyətimizi
pis vərdişlərdən, kənar meyillərdən uzaq etməklə, onun
üçün əlçatmaz sayılan arzuların reallaşmasına,
müasirləşməsinə, dünyagörüşünün artmasına, əmək
bazarının tələblərinə uyğun yetişməsinə, İKT imkanlarını
yalnız əyləncə vasitəsi deyil, eyni zamanda elmin və
təhsilin inkişafına xidmət edən vasitə kimi qəbul
etməsinə şərait yaratmaqdır. Ən nəhayət, bu istiqamətdə
aparılan ardıcıl və məqsədyönlü prosesləri dövlətin
qüdrətlənməsinə, iqtisadi, siyasi, sosial gücünün
artmasına, təhsil strategiyasının uğurlu tətbiqinə
yönəldə bilərik.
Surə SEYİD,
Naxçıvan Dövlət Universitetinin tədris işləri üzrə
prorektoru,
filologiya
üzrə fəlsəfə doktoru, dosent
seyidsura2014@gmail.com |