Qloballaşan dünyada informasiyanın yayılması və qəbul
edilməsi demək olar ki, sərhəd tanımır. Özündə müxtəlif
dillərdə saysız-hesabsız məqalələr toplusunu birləşdirən
"vikipedia.org" saytı dünyanın ən populyar informasiya
daşıyıcılarındandır. Saytda Azərbaycan dilli məqalələr
də mövcuddur, amma təəssüf ki, onlar həm kəmiyyət, həm
də keyfiyyət baxımından qənaətbəxş deyildir. Nəzərə alaq
ki, Vikipedia həm də güclü bir təbliğat vasitəsidir və
orada yerləşdirilən məlumatlarla bütün dünya tanış
olmaq imkanı əldə edir. Dövlətimiz son zamanlar bu
sahəyə diqqəti daha da artırıb. Buna bariz nümunədir ki,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
2013-cü ili "İnformasiya və kommunikasiya
texnologiyaları ili" elan etmişdi və bu çərçivədə həyata
keçirilən tədbirlər planına Vikipedia kimi qlobal
informasiya resurslarında Azərbaycanla bağlı
məlumatların sayının artırılması, ölkəmizdə Vikipedia
könüllülük hərəkatının genişləndirilməsi daxil
edilmişdir.
Bu gün ölkəmizin ali təhsil müəssisələri arasında ilk
olaraq Bakı Slavyan Universiteti öz yeni layihəsi olan
"VikiUniversitet"lə vikipedia hərəkatına qoşulur.
Yanvarın 21-də universitet rektorluğunun geniş
iclasında "VikiUniversitet" adlı qurumun struktur
baxımdan formalaşması, onun əsas fəaliyyət
istiqamətlərinin müəyyənləşdirilməsi, həmçinin müxtəlif
sahələr üzrə məqalələrin hazırlanması məsələləri
müzakirə edilib. BSU-nun rektoru, AMEA-nın müxbir üzvü,
professor Kamal Abdullayev bu qurumun formalaşmasını və
ciddi fəaliyyətə başlamasını günün tələbi kimi
vurğulayaraq Azərbaycanla bağlı gerçəklərin dünya
ictimaiyyətinə dolğun, eyni zamanda düzgün şəkildə
çatdırılmasında Vikipedianın əvəzsiz üstünlüyündən
danışıb. Qərara alınıb ki, "VikiUniversitet"in
çoxşaxəli işinə BSU-nun professor-müəllim heyətinin
üzvləri, tədqiqatçı və mütəxəssislərlə yanaşı müasir
informasiya texnologiyalarından istifadəyə xüsusi maraq
göstərən fəal tələbələr də cəlb edilsin.
"VikiUniversitet" fəaliyyətinin ilkin mərhələsində
BSU-da keçirilən beynəlxalq konfransları və
simpoziumları, müxtəlif elm sahələri üzrə gerçəkləşən
layihələri, fakültə və kafedraların, elmi-tədqiqat
laboratoriyaları və tədris-mədəniyyət mərkəzlərinin
işini, elmi və pedaqoji fəaliyyətini, zəngin və mənalı
tələbə həyatını, universitetin daim genişlənən
beynəlxalq əlaqələrini əks etdirən məlumatları müxtəlif
dillərdə Vikipedia oxucularına təqdim edəcəkdir. Yaxın
gələcəkdə isə müasir Azərbaycan gerçəklikləri, qədim
tariximiz və zəngin mədəniyyətimizlə bağlı məqalələrin,
ümumilikdə isə azərbaycançılıq məfkurəsinin inkişafına,
ölkəmizin dünyada nüfuzunun daha da artmasına xidmət
göstərə biləcək hər bir addımla bağlı məlumatların
tükənməz oxucu auditoriyasına çatdırılmasında
israrlıdır.
Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi" |