Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və
hazırda ölkəmizin Prezidenti möhtərəm İlham Əliyev
cənabları tərəfindən uğurla davam etdirilən daxili və
xarici siyasət bütün sahələrdə olduğu kimi, elm və
təhsil sahəsində də özünü göstərir. Son altı il ərzində
Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunun beynəlxalq əməkdaşlıq
sahəsindəki uğurları bu siyasətin məntiqi nəticəsidir.
Prezidentin sərəncamı ilə 24 oktyabr 2013-cü il tarixdə
təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nın icrası
istiqamətində bu uğurların kəmiyyət və keyfiyyət
göstəricilərinin davamlı inkişaf etdirilməsi
hədəflərimizdəndir.
İnstitutumuz dünyanın, o cümlədən Ukraynanın bir sıra
ali məktəbləri və elmi-tədqiqat institutları ilə
əməkdaşlıq edir. Bu sahədəki uğurlarda Təhsil
Nazirliyinin xüsusi qayğısı danılmazdır. İnstitutun
rektoru, professor Asəf Zamanov Kiyev Vilayət
Administrasiyası Təhsil Departamentinin direktoru,
professor Nataliya Klokar və Ukraynanın Təhsil
Menecerləri Universitetinin rektoru, akademik Viktor
Oleynik tərəfindən Ukraynaya dəvət edilmiş, Təhsil
Nazirliyinin müvafiq razılıq məktubuna əsasən 14-18
yanvar 2014-cü il tarixlərdə Kiyev şəhərində ezamiyyədə
olmuşdur.
Professor A.Zamanov Təhsil Menecerləri Universitetində
ixtisasartırma sistemi və innovasion layihələrin
işlənməsi, təhsil menecerlərinin hazırlanması, həmçinin
ixtisasartırma sahəsində təhsil sisteminin
modernləşdirilməsi problemlərinə həsr edilmiş tədbirdə
iştirak etmiş, akademik V.Oleyniklə mövcud ikitərəfli
əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur.
Görüş zamanı BPKİYİ-nin əsas təşkilatçılığı ilə
Albaniya, Almaniya, Azərbaycan, Böyük Britaniya,
Belarus, Özbəkistan, Ukrayna, Rusiya və Gürcüstanın
müvafiq ali məktəbləri ilə 11-13 iyun 2014-cü il
tarixlərdə Bakıda keçiriləcək "İnnovasiya, təhsilin
keyfiyyəti və inkişaf" III Beynəlxalq elmi konfransın
təşkili ilə əlaqədar məsələlər də müzakirə edilmişdir.
Asəf Zamanov BPKİYİ-nin əsas təşkilatçılığı ilə 30-31
oktyabr 2013-cü il tarixlərdə keçirilmiş "Xarici
dillərin tədrisində yeni tendensiyalar: mövcud təcrübə
və inkişaf strategiyaları" beynəlxalq elmi-praktik
konfransın materiallarını və institutumuzun beynəlxalq
əlaqələrindən bəhs edən "Beynəlxalq əməkdaşlığın
uğurları (2008-2013-cü illər)" kitabını Viktor Oleynikə
təqdim etmişdir.
Səfərin səmərəli nəticələrindən biri də Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu
ilə M.P.Draqomanov adına Milli Pedaqoji Universitetinin
Yenidənhazırlanma və İxtisasartırma İnstitutu arasında
elm və təhsil sahəsində əməkdaşlıq müqaviləsinin
imzalanması olmuşdur. Müqavilədə ixtisasartırma və
yenidənhazırlanma proqramlarının mübadiləsi, tələbə və
dinləyicilər üçün birgə treninqlərin təşkili,
professor-müəllim heyətinin elmi-tədqiqat fəaliyyətində,
beynəlxalq layihələrdə birgə iştirakı, beynəlxalq və
regional elmi simpozium, konfrans və seminarların
təşkili, nəşr məhsullarının mübadiləsi və digər
məsələlər nəzərdə tutulmuşdur. Bununla da BPKİYİ-nin
beynəlxalq səviyyədə əməkdaşlıq etdiyi ali məktəblərin
və elmi-tədqiqat mərkəzlərinin sayı 50-yə çatmışdır.
Sevindiricidir ki, 2014-cü ilin yanvar ayında
institutumuz Gürcüstan Texniki Universiteti ilə də
əməkdaşlıq müqaviləsi imzalamışdır.
Kiyev Vilayət Administrasiyası Təhsil və Elm
Departamentinin rəhbərliyi ilə görüşdə ali təhsil
mərkəzləri ilə əməkdaşlığın uğurlarından söz açılmış,
təhsil sahəsində gələcək əməkdaşlığın perspektivləri və
hər iki tərəf üçün faydası qeyd olunmuşdur.
Professor Asəf Zamanov səfər zamanı həmçinin Ukrayna
Milli Elmlər Akademiyası Mexanika İnstitutunun
direktoru, Avropa EA və Ukrayna MEA-nın akademiki Quz
Aleksandr Nikolayeviç ilə son vaxtlar alınmış elmi
nəticələr barədə müzakirələr aparmışdır. Mexanika
İnstitutunun, Kiyev Dövlət Universitetinin elmi
kitabxanalarına A.D.Zamanov "Колебания пластин из композитного материала с искривленными структурами" adlı
monoqrafiyası hədiyyə edilmişdir. İnstitutun təbiət
elmləri kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru
Yusif Alıyev də nümayəndə heyətində təmsil olunmuşdur.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanın Ukraynadakı
səfirliyinin rəhbərliyi nümayəndə heyətinin səfərinin
uğurlu keçməsinə şərait yaratmışdır.
Sevinc QULİYEVA,
BPKİYİ-nin mətbuat katibi |