Xalqımızın
azadlıq uğrunda mübarizə tarixinə həm qanlı olay, həm də
kütləvi qəhrəmanlıq nümunəsi kimi düşmüş 20 Yanvar
faciəsi hər il paytaxtımızdakı "Tərəqqi" texniki
humanitar liseyində təsirli anım tədbirləri ilə qeyd
olunur. Faciənin 24-cü ildönümü ilə əlaqədar bu il də
liseydə geniş məzmunlu tədbirlər planı tutularaq həyata
keçirilib. Ümumxalq hüzn günü ərəfəsində burada "20
Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir"
mövzusunda şagirdlər arasında inşa müsabiqəsi təşkil
olunub, faciə qurbanlarının xatirəsini yad etmək məqsədi
ilə liseyin dəhlizində xatirə guşəsi yaradılıb,
şagirdlər tərəfindən referatlar, albomlar,
fotoşəkillər, divar qəzetləri hazırlanıb və nümayiş
olunub.
Yanvarın 17-də isə bu tədris ocağında faciə ilə bağlı
anım mərasimi və "dəyirmi masa" keçirildi. Tədbir
iştirakçıları öncə dəhlizdəki guşələrlə tanış olub
onların önünə qərənfillər düzdülər.
Anım mərasimi VII "a" sinif şagirdi Solmaz Rzayevanın
"Təzadlar içində" şeirini ifa etməsi ilə başladı. Sonra
faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad
olundu, ekranda 1990-cı il yanvarın 19-dan 20-nə keçən
gecə baş vermiş qanlı hadisələrdən fraqmentlər nümayiş
etdirildi.
Liseyin V"a", VIII "a", VIII "b", IX "a", IX "c" sinif
şagirdləri hazırladıqları ədəbi-bədii kompozisiyanı
təqdim etdilər. Şagirdlərdən Fatimə Məsimli, Bilqeys
Axundova, Aydın Bayraməliyev, Fidan Sultanlı, Ləman
Ələsgərzadə, Solmaz Rzayeva və başqaları "Şəhid
qəbirləri", "Ağla, qərənfil, ağlı", "Bu gün", "20
Yanvar", "Şəhidlər", "Matəm mərasimi" və b. şeirləri
söylədilər. Zərnigar Nəbiyevanın sazda ifa etdiyi həzin
mahnı, Lalə Süleymanlı ilə Əhəd Quliyevin nümayiş
etdirdikləri İlham və Fərizənin ölüm səhnəsi tədbirin ən
kövrək və təsirli anları kimi yaddaşlara yazıldı.
Şagirdlərin təqdimatlarını həzin musiqi müşayiət edir,
eyni zamanda böyük interaktiv ekranda o dövrün
dəhşətlərini əks etdirən slaydlar nümayiş olunurdu.
Kompozisiya başa çatdıqdan sonra liseyin müəllimlərinin
və fəal şagirdlərinin iştirakı ilə "Azadlığa gedən yol
hardan başlanır" mövzusunda "dəyirmi masa" keçirildi.
Debat şəklində təşkil olunmuş müzakirələrdə şagirdlər
çıxış edərək 20 Yanvar faciəsinə qiymət verdilər, onu
törədənlərin niyyətindən, amansızlığından söz açdılar,
hadisələrin kədərli statistikası xatırladıldı. Tarix
müəllimi Sevda Yarmetova çıxışında faciə ərəfəsində
ölkədə yaranmış vəziyyətdən danışdı.
Sonra liseyin direktoru Məhbubə Məmmədova çıxış edərək
sovet ordusunun seçilmiş hissələri tərəfindən xüsusi
qəddarlıqla törədilmiş bu qırğının xalqımızın azadlıq
arzularını boğa bilmədiyini, onu ümummilli dəyərlər
ətrafında daha sıx birləşdirdiyini vurğuladı.
Faciənin heç zaman xalqımızın yaddaşından
silinməyəcəyini söyləyən M.Məmmədova, ona hüquqi və
siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər
Əliyevin rolunu yüksək qiymətləndirdi, ataların
başladığı və qələbə ilə başa çatdırdığı
müstəqilliyimizin daha da möhkəmləndirilməsi işinin
bugünkü nəslin öhdəsinə düşdüyünü diqqətə çatdırdı,
şagirdləri faciəni heç vaxt unutmamağa, gündən-günə
möhkəmlənən, regionda lider mövqeyə yüksələn ölkəmizin
layiqli övladları olmağa səslədi.
Direktor tədbirin yüksək səviyyədə və təsirli
hazırlandığını da qeyd edib bu işdə daha çox zəhmət payı
olan müəllim və şagirdlərə, o cümlədən direktor müavini
Mehriban Salahovaya təşəkkürünü bildirdi.
"Dəyirmi masa"dakı debatda şagirdlər "Şəhid kimdir", "20
Yanvar qırğını nə üçün törədildi?", "Nə üçün həmin
faciənin qurbanlarına şəhid deyirlər?" və s. məsələlər
barədə geniş müzakirə açdılar, şagirdlərdən Bilqeys
Axundova həmin günün "Qürur günü" kimi
dəyərləndirilməsini təklif etdi.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |