Yanvarın
17-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq
Sarayının "Uşaq dünyası" rəsm qalereyasında 20 Yanvar
faciəsinin 24-cü ildönümü ilə əlaqədar Bakı Şəhəri üzrə
Təhsil İdarəsinin tabeliyində olan məktəbdənkənar təhsil
müəssisələrinin dərnək üzvlərinin və orta ümumtəhsil
məktəblərinin şagirdlərinin əl işlərindən ibarət rəsm
sərgisi keçirildi. Sərginin açılışında Təhsil
Nazirliyinin və BŞTİ-nin rəsmiləri, məktəbdənkənar
təhsil müəssisələrinin direktorları iştirak edirdilər.
Tədbirin keçirilməsində əsas məqsəd qan yaddaşımıza
yazılan bu faciəni bir daha xatırlamaq və eyni zamanda
vətən uğrunda şəhid olanların xatirəsini heç zaman
unutmamaqdan ibarət idi.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Tərbiyə və
məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir müavini
Vasif Məmmədov 1990-cı il yanvarın 20-də baş verən
faciəli hadisələrdən söhbət açdı. 20 Yanvar
hadisələrinin müasir tariximizə təkcə faciə kimi deyil,
həm də qəhrəmanlıq nümunəsi kimi daxil olduğunu
vurğuladı. Hadisələrin dünya ictimaiyyətinə
çatdırılmasının vacibliyini qeyd etdi.
Sonra iştirakçılar əl işlərindən ibarət sərgiyə baxış
keçirdilər. Qeyd edək ki, sərgidə 100-dən çox rəsm
nümayiş etdirilirdi. Rəsmlərdə 1990-cı il yanvarın 19-
dan 20-nə keçən gecə Bakıda sovet imperiyasının xüsusi
təlim keçmiş ordu hissələri tərəfindən xalqımıza qarşı
törədilən vəhşiliklər və bu vəhşiliklərə sinə gərən mərd
oğul və qızlarımızın məğrurluğu öz əksini tapmışdır.
Niyazi RƏHİMOV
"Azərbaycan müəllimi" |