Yanvarın
17-də Sumqayıt Dövlət Universitetində 20 Yanvar
faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım tədbiri
keçirildi.
Anım mərasimi universitetin həyətində 20 Yanvar
şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidənin
ziyarəti ilə başladı. Tədbiri açan SDU-nun rektor əvəzi,
dosent Elxan Hüseynov 20 Yanvar faciəsinin acı
tarixindən və xalqımızın azadlıq uğrunda mübarizəsindən
danışaraq qeyd etdi: "Hər bir xalqın milli azadlıq
tarixinin qanla yazılan qəhrəmanlıq dolu səhifəsi olur.
Bu mənada 20 yanvar Azərbaycan xalqının milli azadlıq və
milli özünüdərk tarixində unudulmaz səhifələrdəndir.
1905-1918-ci illərdə daşnak bolşevik birləşmələrinin
ölkəmizdə həyata keçirdiyi soyqırımlardan sonra xalqımız
1918-ci ilin mayında Şərqdə ilk demokratik cümhuriyyəti
qurdu. 1990-cı ilin 20 yanvarından sonra da Azərbaycan
xalqı azadlıq uğrunda mübarizə apararaq əbədi
istiqlaliyyətə qovuşdu".
Rektor əvəzi qeyd etdi ki, 1990-cı il yanvarın 19-dan
20-nə keçən gecədə keçmiş sovet imperiyasının qoşun
birləşmələri Azərbaycan xalqına qarşı ən ağır
cinayətlərdən biri kimi tarixə yazılmış qanlı faciə
törətdi. Həmin gecədə həlak olan vətən oğulları
Azərbaycan tarixinə parlaq səhifə yazdılar. Onlar öz
qəhrəmanlıqları ilə xalqın milli azadlığına,
müstəqilliyinə məşəl oldular.
Tədbirdə o da vurğulandı ki, ulu öndər Heydər Əliyevin
hakimiyyətə ikinci dəfə qayıdışından sonra 20 Yanvar
faciəsinə siyasi-hüquqi qiymət verildi və bu faciəni
törədənlərin cəzalandırılması tələb olundu.
Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan
İsayev "20 Yanvar faciəsinə aparan yol", sosiologiya və
politologiya kafedrasının müəllimi Zahid Bunyadov "20
Yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlıq və
özünüdərk tarixidir" mövzusunda çıxış edərək hadisənin
mahiyyəti barədə danışdılar.
Natiqlər qeyd etdilər ki, Qanlı Yanvar hadisəsi
Azərbaycan xalqının müstəqilliyinə qovuşmaq əzmini bir
daha nümayiş etdirdi. 1991-ci ildə Azərbaycan xalqı öz
müstəqilliyini bərpa edərək istiqlala qovuşdu.
Ulu öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli
davamçısı, ölkə başçısı cənab İlham Əliyevin gərgin və
yorulmaz fəaliyyəti, mükəmməl daxili və xarici siyasəti
sayəsində müstəqilliyimiz əbədilik qazandı.
Tədbirin sonunda 20 Yanvar faciəsinə və milli qürur
günümüzə həsr olunmuş "İnsanlıq faciəsi" adlı sənədli
film nümayiş olundu. |