"Azərbaycan müəllimi",
25 iyul 1948-ci il,
№24
Gənc nəslə həssas və qayğılı münasibət bəsləmək, məktəbə
hər cür kömək etmək sovet cəmiyyətinin səciyyəvi
xüsusiyyətlərindən biridir.
Hər il məktəblərdə dərslər başlanmadan çox-çox qabaq
onlarca qabaqcıl müəssisə, kolxoz, sovxozların
kollektivləri və ziyalı nümayəndələri məktəbləri təmir
etmək, onlar üçün tədris ləvazimatı və yanacaq
hazırlamaq, müəllimlər üçün lazımi şərait yaratmaq və
başqa işləri görmək təşəbbüsünü öz əllərinə alırlar.
Bakı şəhərinin Lenin rayonu və respublikanın Masallı,
Zaqatala, Lənkəran və başqa rayonlarının fəhlələri,
kolxozçuları və ziyalılarının göstərdiyi vətənpərvər
təşəbbüs buna parlaq misaldır. Bu rayonlarda məktəbə
göstərilən ictimai yardım ümumxalq işinə çevrilmişdir.
Masallı rayonunun kolxozçu və ziyalıları xüsusi "məktəb
günləri" keçirmişlər. Həmin günlərdə 4850 nəfərə qədər
kolxozçu və ziyalı məktəb binalarını təmir etmək,
məktəblərinin sahələrini abadlaşdırmaq və bir sıra başqa
işlər görmək üçün iməcliyə çıxmışlar.
Rayonun zəhmətkeşləri öz asudə vaxtlarında daxili
imkanları və yerli inşaat ləvazimatını səfərbərliyə
alaraq mayın 27-nədək 33 məktəb binasını təmir edib
qurtarmış, məktəblərə 2.145 kubmetr odun daşımış, bütün
məktəblərin həyətlərini qaydaya salmış, məktəblərin
ətrafında 4.725 ağac əkmiş, müəllimlərdən çoxunun
mənzilini təmir etmiş və onlar üçün odun hazırlamışlar.
Kolxozçular məktəblərin ehtiyacı üçün 10 ton əhəng, 240
kubmetr yerli taxta-şalban, 20 min kərpic tədarük
etmişlər. Kolxozçuların qüvvəsi ilə 10 yeni məktəb
tikilir. Kolxozlar və yerli sənaye artelləri, ehtiyacı
olan uşaqlar üçün 600 cüt ayaqqabı, 700 üst paltarı
hazırlamışlar...
AzərTA |