Ötən
nömrəmizdə xəbər verdiyimiz kimi, qəzetimizin 80 illik
yubileyinə hazırlıqla əlaqədar ölkəmizin təhsil
həyatında mühüm rol oynamış, mübaliğəsiz demək olar ki,
son 80 ildə təhsilimizin tam salnaməsini yaratmış
"Azərbaycan müəllimi" haqqında oxuculara daha dəqiq və
geniş məlumat vermək üçün redaksiyamızın bir qrup
əməkdaşı neçə müddətdir araşdırma aparır. Qəzetimizin
nəşrə başladığı ilk illərdəki nömrələrini, xüsusən də
birinci nömrəsini əldə etmək üçün ölkənin ən böyük arxiv
və kitabxanalarına müraciətlər olunsa da bir nəticə
hasil olmurdu. Nəhayət, bu günlərdə axtarışlarımız öz
bəhrəsini verdi. Azərbaycan Dövlət Arxivi İdarəsindən
"Azərbaycan müəllimi" qəzetinin ilk nömrəsini əldə
etdik.
Öncə bu işdə əməkdaşlarımıza yaxından yardım göstərmiş
Dövlət Arxivi İdarəsinin rəhbərliyinə və işçilərinə
minnətdarlığımızı bildiririk.
İlk nömrəmizin əldə olunması qəzetimizin tarixi, məramı,
ilk redaktorunun kimliyi və s. kimi bir çox məsələyə
aydınlıq gətirdi. Məlum oldu ki, "Qommunist Məarifi" adı
ilə nəşrə başlayan qəzetimizin ilk nömrəsi 1934-cü il
sentyabrın 2-də işıq üzü görüb. Qəzet Azərbaycan SSR
Xalq Maarif Komissarlığının və Mİİ Mərkəzi İdarəsinin
orqanı kimi fəaliyyətə başlayıb. İndikindən bir qədər
kiçik formatda, 4 səhifə həcmində çıxan qəzetin ilk
redaktoru 1934-1937-ci illərdə Azərbaycanın xalq maarif
komissarı vəzifəsində çalışan Mahmud Ağayev olub. Bu
faktın özü əvvəlki araşdırmalarda yol verilmiş bir
yanlışlığı düzəltməyə imkan verir. Belə ki, indiyədək
mənbələrdə, o cümlədən də M.Ağayevin tərcümeyi-halında
onun "Kommunist" qəzetinin redaktoru işlədiyi qeyd
olunur. Bizim araşdırmamız isə göstərir ki, o,
"Kommunist" qəzetinin deyil, məhz "Qommunist Məarifi"
qəzetinin ilk redaktoru olub. Fikrimizcə, yanlışlığın
səbəbi qəzetimizin adındakı "kommunist" sözü ilə
bağlıdır. Yəqin ki, bu sözlə rastlaşan araşdırıcılar
səhvən M.Ağayevin "Kommunist" qəzetində işlədiyini güman
edib və belə də qeyd ediblər.
Araşdırmalar göstərir ki, qəzetimiz ilk nömrəsindən
başlayaraq kifayət qədər yüksək tirajla nəşr olunub.
Belə ki, qəzetin ilk nömrəsində tiraj göstərilməsə də
nəşrə başladığı ilk ilin son - 10-cu nömrəsində onun
5000 tirajla çıxdığı qeyd olunub.
Redaksiya "Bakı, doktor döngəsi, №5" ünvanında yerləşib.
Qəzet "Yefim Saratov küçəsi, №29" ünvanında yerləşən III
internasional mətbəəsində nəşr olunub.
Onu da qeyd edək ki, qəzetin ilk nömrəsində onun "5
gündə bir çıxan" (həftəlik) qəzet olduğu qeyd edilsə də
ilk dövrlərdə buna əməl olunmayıb və o, təxminən ayda 2
dəfə nəşr olunub. Belə ki, həftədə 1 nömrə hesabı ilə
1934-cü ilin 4 ayı (sentyabr-dekabr) ərzində qəzetin ən
azı 16 nömrəsi çıxmalı olduğu halda cəmi 10 nömrəsi nəşr
olunub. Sonrakı illərdə dövrilik qaydasına düşüb.
İlk nömrədə verilmiş baş məqalədə qəzetin bir növ məramı
öz əksini tapıb. "Yeni qələbələrə doğru" adlı baş
məqalədə öncə Şuralar ölkəsində maddi istehsalın
möhtəşəm inkişafının mədəni cəbhə işçiləri qarşısında
olduqca böyük vəzifələr qoyduğu bildirilir və qeyd
olunur ki, məktəblər, texnikum və ali məktəblər
sosializm istehsalatının hər cəhətdən inkişaf etmiş
adamlarını, kommunizm cəmiyyətinin savadlı
yaradıcılarını hazırlamaq üçün meydana gəlmişlər.
Məqalədə sovet məktəblərinin yarandığı vaxtdan bəri,
xüsusilə də son üç ildə əldə etdiyi uğurlardan, çatdığı
inkişaf səviyyəsindən söz açılır, o dövrün bir nömrəli
problemi olan yaşlı əhali arasında savadsızlığın aradan
qaldırılmasında böyük uğur qazanıldığı, Azərbaycanda
yaşayan azlıqda qalan millətlər arasında 15 dildə dərs
keçilməsinin genişləndiyi qeyd olunur.
Baş məqalədə eyni zamanda nöqsanlara da geniş toxunulur,
məktəblərin Ümummittifaq Kommunist (bolşeviklər) Firqəsi
Mərkəzi Komitəsinin göstərişləri ruhunda yenidən
qurulmadığı, müəllimlərin çox vaxt savadsız olduğu
göstərilir. Bildirilir ki, "Qommunist Məarifi" qəzeti
nöqsanlara qarşı mübarizədə kəskin silah olacaq,
kütlələri sinfi düşmənə qarşı mübarizə üçün təşkil
edəcək, bu kütlələri firqə siyasəti biliyilə
silahlandırmağa və onların sinfi düşüncəsinin
yüksəlməsinə yardım edəcəkdir. "Bu qəzetə XVII Firqə
qurultayının göstərdiyi hərəkət proqramının məktəb, dərs
haqqında UQ(b)P MQ qərarının həyata keçirilməsi uğrunda
qəti mübarizə aparacaqdır".
Baş məqalədə "Qommunist Məarifi"nin - yeni kollektiv
təşkilatçı və kollektiv təbliğatçının meydana gəlməsi
"bizim daha da yüksəldiyimizin əlaməti" kimi
dəyərləndirilir.
Qeyd edək ki, qəzet bu məramına - dövlətin təhsil
siyasətinin həyata keçirilməsində yaxından iştirak
etmək, ölkənin təhsil həyatını geniş işıqlandırmaq,
müəllimlərə, digər təhsil işçilərinə, təhsil
müəssisələrinə öz fəaliyyətlərində dəstək vermək,
yenilikləri yaymaq, çoxminli müəllim ordusunu pedaqoji,
psixoloji, metodik biliklərlə silahlandırmaq, qabaqcıl
təcrübəni aşkara çıxarmaq və təbliğ etmək, təhsil
sahəsindəki mövcud nöqsanlara qarşı mübarizə aparmaq və
s. kimi fəaliyyət prinsiplərinə həmişə sadiq qalıb, buna
görə də hər zaman pedaqoji ictimaiyyətin sevimli mətbu
orqanı olub.
Qəzetimizin nəşrə başlaması münasibəti ilə o vaxt
ölkənin ən nüfuzlu və aparıcı dövlət qəzetləri olan
"Kommunist" və "Bakinski raboçi" qəzetləri ona təbrik
ünvanlayıblar. "Qommunist Məarifi"nin ilk nömrəsinin
birinci səhifəsində dərc olunmuş həmin təbriklərdə yeni
fəaliyyətə başlayan qəzetin ilk nömrəsindən etibarən
partiyanın XVII qurultayının qərarlarının yerinə
yetirilməsini, xalq maarifi dəyərinin yüksək pilləyə
qaldırılması, dərslərin kəmiyyət və keyfiyyətinin
yaxşılaşması, yeni dərs ilinin bolşevik hazırlığı ilə
qarşılanması, Azərbaycanın başdan-başa savadlılar
cümhuriyyətinə çevrilməsi və müəllimlərin
Marks-Engels-Lenin-Stalin inqilabi nəzəriyyələri ilə
silahlanması uğrunda maarif kütlələrinin həqiqi və
kütləvi təbliğatçısı, təşviqatçısı və təşkilatçısı
olacağına, partiya qərarlarının həyata tətbiqində
kütlələri səfərbərliyə alacağına əminlik ifadə olunur.
İlk nömrələrindən başlayaraq qəzetin mövzu dairəsi
kifayət qədər geniş olub. Təhsilə dair partiya və
hökumətin qərarlarından, digər direktiv sənədlərdən
tutmuş məktəb kitabxanaları, məktəb ictimai
təşkilatlarının həyatına, yeni dərs ilinə hazırlığın
vəziyyətinə kimi ən müxtəlif məsələlər qəzetin
səhifələrində öz əksini tapıb.
Bununla yanaşı, araşdırmalar göstərir ki, "Qommunist
Məarifi" və onun xələfi "Azərbaycan müəllimi" təkcə
təhsil qəzeti olaraq qalmayıb, ölkənin ictimai-siyasi
həyatında da fəal iştirak edib, bu mövzuda müntəzəm
yazılar dərc ediblər. Sovet dövlətinin və Azərbaycan
Respublikasının dövlət və hökumət rəhbərlərinin,
ideoloqlarının, o cümlədən İ.V.Stalinin, Molotovun,
Jdanovun, N.S.Xruşşovun, L.İ.Brejnevin, M.C.Bağırovun və
başqalarının partiya qurultaylarında, Mərkəzi Komitənin
plenumlarında, partiya-təsərrüfat fəalları
yığıncaqlarındakı məruzə və çıxışları, dünya ölkələri
liderləri ilə görüşlərini, müxtəlif məsələlərə
münasibətlərini əks etdirən yazılar qəzetdə geniş əksini
tapıb. Hətta SSRİ Müdafiə Nazirliyinin bəzi əmrləri də
qəzetin səhifələrində dərc olunub.
Nəşrə başladığı ilk illərdən qəzetimiz öz səhifələrində
ədəbiyyat, mədəniyyət məsələlərinə də geniş yer ayırıb.
Ölkənin ədəbi həyatından, ayrı-ayrı sovet, Azərbaycan və
xarici ölkə ədiblərinin yaradıcılığından müntəzəm
yazılar dərc edib. Məsələn, qəzet nəşrə başladığı ilk
dövrdə anadan olmasının 1000 illiyi ilə əlaqədar böyük
İran şairi Firdovsi haqqında böyük material (3 qəzet
səhifəsi həcmində) verib. Yaxud başqa bir misal.
Tanınmış Azərbaycan yazıçısı və dramaturqu Cəfər
Cabbarlının vəfatı xəbəri ilk dəfə məhz "Qommunist
Məarifi" qəzetinin 1934-cü ildəki son nömrəsində dərc
olunub. Bu təcrübə sonralar da ardıcıl olaraq davam
etdirilib.
Xarici ölkələrdə təhsil və məktəb də qəzetin daimi
mövzularından olub. Müxtəlif illərin nömrələrini
vərəqlədikcə bu mövzuda yazılara tez-tez rast gəlmək
mümkündür. Bu baxımdan ABŞ-da, Almaniyada, Polşada,
Bolqarıstanda və onlarca digər ölkədə təhsilin mövcud
vəziyyəti, sosializm yoluna qədəm qoymuş ölkələrin, o
cümlədən də SSR ittifaqını təşkil edən müttəfiq
respublikalarda təhsil quruculuğu ilə bağlı verilmiş
yazılar diqqəti cəlb edir.
Nəşrə başladığı ilk dövrlərdən etibarən qəzetin
ictimaiyyət arasında böyük nüfuz qazandığını göstərən
cəhətlərdən biri də ölkənin ən tanınmış simalarının onun
səhifələrində müntəzəm çıxışlar etməsidir. Belə ki,
partiya və dövlət rəhbərlərindən başqa tanınmış
yazıçılar Abdulla Şaiq, Qılman Musayev, SSRİ xalq
artisti Şövkət Məmmədova, görkəmli maarif təşkilatçıları
Cəmo Cəbrayılbəyli, Mehdi Mehdizadə, Azərbaycan
jurnalistikasının korifeylərindən Şirməmməd Hüseynov,
dahi bəstəkar Üzeyir Hacıbəyli, görkəmli elm xadimləri
Mirzağa Quluzadə, Əbdüləzəl Dəmirçizadə, Əhməd Seyidov,
Mərdan Muradxanov, Heydər Hüseynov, Ağamməd Abdullayev
və onlarca başqaları qəzetlə müntəzəm əlaqə saxlayaraq
onun səhifələrində dövrün ən aktual pedaqoji, ədəbi və
mədəni məsələlərilə bağlı sanballı yazılarla çıxış
ediblər.
Azərbaycan dilinin saflığı, əlifbamızın
təkmilləşdirilməsi uğrunda mübarizə də qəzetin daimi
diqqət yetirdiyi və öz səhifələrində yer ayırdığı
məsələlərdən olub. Görkəmli dilçi alim Əbdüləzəl
Dəmirçizadənin hələ 40-cı illərin ortalarında qəzetdə
dərc olunmuş və latın qrafikalı Azərbaycan əlifbasının
təkmilləşdirilməsi məsələlərindən bəhs edən "Əlifbamız
haqqında" adlı geniş təhlili yazısı ("Azərbaycan
müəllimi", 19 iyun 1947-ci il, №23) və onlarca digər
məqalə fikrimizi sübut edir.
Məlumat üçün onu da bildirək ki, təhsilə, pedaqoji
məsələlərə geniş yer ayırdığı üçün qəzetin adı 1938-ci
ildə dəyişdirilərək "Müəllim qəzeti" adlandırılıb və
1941-ci ilin iyununadək qəzet bu adla nəşr olunub.
1941-ci ilin 22 iyununda Almaniyanın SSRİ-yə hücumu və
Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar qəzetin
nəşri dayandırılıb, əməkdaşları isə döyüşən orduya
yollanıblar.
Qəzet öz nəşrini 1946-cı ilin aprelində bərpa edərək
"Azərbaycan müəllimi" adı ilə çıxmağa başlayıb və bu
günədək də bu adla çıxmaqda davam edir.
Qəzetimizin 80 illik tarixinin ən şərəfli dövrünü,
şübhəsiz, ümummilli liderimiz Heydər Əliyevin 1969-cu
ilin iyulundan bəri Azərbaycanda hakimiyyətdə olduğu
dövr təşkil edir. Cəmiyyət həyatında mətbuatın roluna
böyük önəm verən ulu öndər hakimiyyətdə olduğu bütün
illər ərzində digər mətbuat orqanları kimi "Azərbaycan
müəllimi" qəzetinə də böyük diqqət və qayğı
göstərmişdir.
Qəzetimizin 60 illik yubileyində ulu öndərin ona
ünvanladığı təbrik məktubu məhz bu diqqət və qayğının,
qəzetimizin fəaliyyətinə verdiyi yüksək dəyərin
təzahürüdür. Qəzet bu gün də dövlətimizin diqqət və
qayğısı altındadır. Ulu öndər Heydər Əliyevin bütün
sahələrdə olduğu kimi mətbuatla bağlı yeritdiyi siyasəti
də uğurla davam etdirən ölkə Prezidenti cənab İlham
Əliyev qəzetimizin 70 illiyi yubileyində "Azərbaycan
müəllimi"nə ünvanladığı təbrik məktubunda onun ölkəmizdə
təhsilin inkişafına verdiyi töhfəsini yüksək
qiymətləndirib, təhsil məsələləri üzrə ixtisaslaşmış
jurnalistlərin formalaşmasında aparıcı rol oynadığını
bildirib.
Əlbəttə, bu yazı qəzetimizin şanlı 80 illik tarixinə,
xüsusən də onun nəşrə başladığı ilk dövrlərdə ölkənin
təhsil və ictimai-siyasi həyatında oynadığı rola qısa
bir baxışdır. Redaksiyamız bundan sonra bu şərəfli
tarixin müxtəlif dövrləri ilə bağlı yazılar dərc
olunmasını nəzərdə tutur.
Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi" |