Müəllimlər müəllimi - "Azərbaycan müəllimi"
Əjdər
AĞAYEV,
Azərbaycan Təhsil Şurasının sədri,
pedaqoji elmlər
doktoru,
professor,
əməkdar
müəllim
Yaranmış, dünyaya gəlmiş hər bir varlığın, hər şeyin
doğuluşu və inkişaf yolu var. Mətbuat da belədir.
İnsanlar təkcə şifahi sözdən yararlanmaqla
kifayətlənmir, yazılı sözdən bəhrələnməyə də üstünlük
verirlər. Çünki yazılı söz - mətbuat günlər, aylar,
illər keçdikcə yaşayır, dövrün tarixini əks etdirən
mənbəyə çevrilir. Bu baxımdan Təhsil Nazirliyinin mətbu
orqanı olan 80 yaşlı "Azərbaycan müəllimi" qəzetini də
təhsilin inkişafının 80 illik tarixini əks etdirən ən
etibarlı məxəz, mənbə saymaq olar.
Altmış ildən çoxdur ki, mən bu qəzetin mütaliəçisi, əlli
ildən artıqdır ki, səhifələrində müxtəlif yazılarla
imzası görünən müəllifəm. Mənim müəllimlik təcrübəmin
təkmilləşməsində, elmi-nəzəri və metodik biliklərə
yiyələnməyimdə, araşdırma nəticələrimin yayılmasında,
qələmimin püxtələşməsində "Azərbaycan müəllimi"nin böyük
rolu olmuşdur.
Ötən 50 ildən bəri qəzetin redaktorlarının və tanınmış
yazarlarının istiqamətverici, öyrədici, sensasiya
doğuran məqalələri öz dövrünün hadisəsi kimi qəbul
olunmuş, əks-səda doğurmuşdur. Nüfuzlu redaktorlardan
Rüstəm Hüseynovun, Ağaəli Bədəlovun, Mirabbas Aslanovun,
Şahin Səfərovun səyləri nəticəsində qəzet özünün
oxunaqlılığı, elmi-metodiki səviyyəsi, kütləviliyi ilə
diqqəti cəlb etmişdir.
Şöbə redaktorlarından Habil Məmmədovun, Tofiq Mahmudun,
Cavad Cavadlının, Tükəzban Əsədovanın, Xalidə
Xəlilovanın, Şamxəlil Məmmədovun, Allahverdi Eminovun,
Malik Novruzovun, Yusif Əliyevin, Tahir Əliyevin, Nadir
Abdullayevin, redaktor müavini Məhyəddin Əbdülovun və
müxtəlif illərdə redaksiyada yeni-yeni ideyaların irəli
sürülməsi və reallaşmasında xidmətləri olan digər
jurnalistlərin qələm məhsulları "Azərbaycan müəllimi"nin
salnaməyə çevrilməsinə xidmət etmişdir.
Pedaqoji elmin və təhsilin görkəmli nümayəndələri Mehdi
Mehdizadənin, Əhməd Seyidovun, Mərdan Muradxanovun,
Tələt Əfəndiyevin, Yusif Talıbovun, İsfəndiyar
Vəlixanlının, psixoloqlardan Əhməd Kərədi Zəkuzadənin,
Fuad İbrahimbəylinin, Məmmədəli Məhərrəmovun, Əkbər
Bayramovun, Əbdül Əlizadənin və metodistlərdən Camal
Əhmədovun, Mirabbas Aslanovun, Bəşir Əhmədovun, Şəmistan
Mikayılovun, Zəhra Əliyevanın və digər onlarla alimin,
qabaqcıl müəllimin, təhsil işçisinin məqalələri elmin və
təhsilin inkişafında önəmli əhəmiyyət daşımışdır.
Bu gün fəaliyyət göstərən orta və gənc nəslin mətbu
tribunası yenə "Azərbaycan müəllimi"dir. 1990-cı illərin
əvvəllərindəki ziddiyyətlər "Azərbaycan müəllimi"ndən də
yan keçməmişdir. Müstəqillik illərində qəzetin
fəaliyyətini davam etdirmiş redaktorlar Məhəmməd
Baharlı, Valeh Mirzə qəzetin ənənələrini yaşatmaqla,
mətbuatda plüralizm və demokratiya meyillərini
gücləndirmişlər. Bu gün qəzet yeniləşən Azərbaycan
təhsilinin tam mənzərəsini əks etdirir.
80 illik fəaliyyətində "Azərbaycan müəllimi" özünəməxsus
dəst-xətti olan pedaqoji mətbuat məktəbini yaratmışdır.
Ölkəmizin inkişaf strategiyası milli mətbuatın da yeni
məzmunda formalaşmasını, davamlılığını və genişlənməsini
təmin etmişdir. 80 yaşlı "Azərbaycan müəllimi" bu gün
müəllimlərin müəllimi funksiyasını məharətlə yerinə
yetirir.
80 yaşın mübarək, sevimli "Azərbaycan müəllimi"miz!
Şərəfli yubiley münasibətilə redaksiyanın bütün
əməkdaşlarını, müəlliflərini və oxucularını təbrik edir,
yeni-yeni yaradıcılıq uğurları arzulayıram. |