Yanvarın 23-də Təhsil Nazirliyinin sifarişi ilə
Azərbaycan dilinə tərcümə edilmiş "Oturaq həyat tərzi -
sivilizasiyanın xəstəliyi" adlı elmi-kütləvi filmin
təqdimat mərasimi keçirilib.
Filmdə təhsilalanların sağlamlığının qorunması, tədris
şəraitindən irəli gələn hərəki fəaliyyət azlığının
uşaqların sağlamlığına zərəri və digər müvafiq
məsələlərdən bəhs olunur. Film disk şəklində 8 min nüsxə
artırılaraq ümumtəhsil, ilk peşə-ixtisas, orta ixtisas
və ali təhsil müəssisələrinə paylanılıb. Həmçinin, film
mərkəzi və regional televiziya kanallarında yayımlanır.
Filmin ictimaiyyətə çatdırılması "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nda və Azərbaycan Respublikası təhsil
nazirinin "Təhsilalanların sağlamlığının qorunması və
təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil
texnologiyalarının tətbiqi üzrə işçi qrupunun
yaradılması haqqında" əmrində qarşıya qoyulan məqsədlərə
nail olmağa xidmət edir.
İşçi qrupu təhsilalanların sağlamlığının qorunması,
təlim nailiyyətlərinin yüksəldilməsi üzrə mövcud təhsil
texnologiyalarını öyrənərək onların yerli şəraitə
uyğunlaşdırılması mexanizminin və tətbiqinə dair
təkliflərin işlənib hazırlanmasını yerinə yetirir.
Təhsilalanların fiziki sağlamlığına, psixoloji
dayanıqlığına və təlim nailiyyətlərinin yüksəldilməsinə
hər hansı formada mənfi təsir göstərən halları
araşdırmaq və onların aradan qaldırılmasına dair
təkliflər hazırlayıb təqdim etmək də müvafiq işçi
qrupuna həvalə olunub.
İşçi qrupunun fəaliyyəti nəticəsində problem baxımından
mövcud vəziyyətin öyrənilməsi üçün müvafiq addımlar
atılır. Belə ki, Təhsil Nazirliyinin tabeliyində olan
təhsil müəssisələrindən müvafiq məlumatlar toplanılır.
Həmçinin, müvafiq qurumlardan yeniyetmə və gənclərin
sağlamlığına dair toplanmış informasiyalar təhlil
olunur, uğurlu beynəlxalq təcrübənin öyrənilməsi və
tətbiqi istiqamətində müzakirələr aparılır. |