Yanvarın
17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə
həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatları, tanınmış elm,
ədəbiyyat və mədəniyyət xadimləri, xarici ölkələrdən
gəlmiş qonaqlar iştirak etmişlər.
İştirakçılar əvvəlcə akademiyanın foyesində Ədəbiyyat
İnstitutunun alimləri tərəfindən nəşr etdirilmiş
kitablarla tanış olmuşlar.
Yubiley tədbirini giriş sözü ilə aşan AMEA-nın
prezidenti, akademik Akif Əlizadə Ədəbiyyat İnstitutunun
fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi
dəyərli töhfələrdən və milli ədəbi nümunələrimizin
tədqiqi, öyrənilməsi və təbliği istiqamətindəki
çoxşaxəli fəaliyyətindən geniş söz açmışdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycan elm adamlarına
göstərdiyi diqqət və qayğıdan danışan natiq hazırda bu
istiqamətdə işlərin Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat
İnstitutunun direktoru, Milli Məclisin deputatı,
akademik İsa Həbibbəyli "Nizami adına Ədəbiyyat
İnstitutu davamlı ənənələr və müasirləşmə yollarında"
mövzusunda geniş məruzə ilə çıxış etmişdir.
Məruzədə
institutun keçdiyi tarixi yola bir daha nəzər salınmış
və qeyd edilmişdir ki, 1933-cü ildə əsası qoyulan bu elm
məbədi 80 ildən artıq müddətdə Azərbaycan filologiya
elminin mərkəzinə çevrilmiş, milli mənəvi
dəyərlərimizin, xalqın folklorunun, klassik və müasir
ədəbiyyatının öyrənilməsi ilə ardıcıl məşğul olmuş, onun
tədqiqi, nəşri və təbliği sahəsində miqyaslı işlər
görmüşdür.
Bildirilmişdir ki, Azərbaycan Milli Elmlər
Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu
özünəməxsus şərəfli tarixi, böyük araşdırma ənənələri,
görkəmli yaradıcıları və adlı-sanlı yetirmələri ilə
mühüm elmi mərkəzlərdən biri kimi qəbul olunur. Bu
elmi-tədqiqat institutu bir əsrə yaxındır ki, ölkəmizdə
ədəbiyyatşünaslıq elminin baş qərargahı funksiyasını
yerinə yetirir. Azərbaycanda ədəbiyyatşünaslıq
tədqiqatları Nizami adına Ədəbiyyat İnstitutu vasitəsilə
əlaqələndirilir və istiqamətləndirilir. Bu elm məbədi
Azərbaycan Respublikasının ədəbiyyat siyasətini sistemli
və davamlı şəkildə, uğurla həyata keçirir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan ədəbiyyatşünaslıq
elminin bir neçə nəsli Nizami adına Ədəbiyyat
İnstitutunda formalaşıb inkişaf etmişdir. Bu gün
tanınmış ədəbiyyatşünas alimlər institutda elmi
fəaliyyətlərini uğurla davam etdirirlər. Bu
elmi-tədqiqat institutunda çalışanların sıralarında 1
akademik, 2 müxbir üzv, 49 elmlər doktoru, 80 nəfərdən
çox fəlsəfə doktoru vardır. Ədəbiyyat İnstitutunun
əməkdaşlarından 3 nəfəri Dövlət mükafatı laureatı, 2
nəfəri isə əməkdar elm xadimidir.
İsa Həbibbəyli demişdir ki, müstəqillik dövründə Nizami
adına Ədəbiyyat İnstitutunun fəaliyyətinin yeni
mərhələsi başlanmışdır. Azərbaycançılıq ideyasının,
milli maraqların ön mövqeyə çəkilməsi, dünyanın əsas
elmi mərkəzləri ilə əlaqələrin genişləndirilməsi,
açılmamış səhifələrin tədqiqata cəlb olunması Ədəbiyyat
İnstitutunun müasir mərhələsinin əsas istiqamətlərini
müəyyən edir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü
il 12 yanvar tarixli Sərəncamının həyata keçirilməsində
institut əməkdaşlarının özünəməxsus xidmətləri vardır.
Ölkəmizdə klassik və müasir ədəbiyyatın bir çox dəyərli
nümunələri institut əməkdaşlarının tərtibçiliyi və
müqəddiməsi əsasında latın qrafikası ilə çap edilmişdir.
Hazırda Ədəbiyyat İnstitutunda yeddi cildlik Azərbaycan
ədəbiyyatı tarixinin dörd cildinin nəşri başa
çatdırılmışdır. Ədəbiyyat İnstitutunun çap etdirdiyi
böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin
redaktorluğu ilə çıxmış "Molla Nəsrəddin" jurnalının
səkkiz cilddə və Əli bəy Hüseynzadənin "Füyuzat"
jurnalının bir cilddə transliterasiya nəşri ölkə
miqyasında elmi-ədəbi hadisə sayılmağa layiqdir.
Vurğulanmışdır ki, hazırda bütövlükdə Azərbaycan Milli
Elmlər Akademiyasında olduğu kimi, Nizami adına
Ədəbiyyat İnstitutu da yeni islahatlar dövrünü yaşayır.
Bu elmi-tədqiqat institutunda aparılan yeniləşmə və
dəyişikliklər müstəqillik dövrü Azərbaycan
ədəbiyyatşünaslıq elminin daha dərindən və əsaslı
şəkildə, ölkənin milli maraqlarına və dünya elmi-ədəbi
mühitində gedən proseslərlə əlaqəli şəkildə
öyrənilməsinə geniş şərait yaradır. Bu mənada 2013-cü
ildə yaradılmış müstəqillik dövrü Azərbaycan ədəbiyyatı,
Azərbaycan mühacirət ədəbiyyatı, ədəbi tənqid şöbələri,
Nizamişünaslıq və Füzulişünaslıq sektorları
ədəbiyyatşünaslıq elminin nüfuzunun genişləndirilməsinə
yeni imkanlar açmışdır.
Natiq son vaxtlar Nizami adına Ədəbiyyat İnstitutunun
beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində
atılmış mühüm addımlardan da danışmışdır.
Yubiley tədbirində iştirakından böyük məmnunluq hissi
keçirdiyini söyləyən M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialının rektoru, professor
Nərgiz Paşayeva Ədəbiyyat İnstitutunun bütün
əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik
etmişdir.
Nərgiz Paşayeva sözünə davam edərək demişdir: "Mən də
ədəbiyyata bağlı olan, bütün ömrünü onun inkişafına
xidmət edən bir nəslin nümayəndələrindənəm. Bəlkə də bu
sahəyə olan marağımın əsasında da bu amilin böyük rolu
vardır. Ədəbiyyat böyük aləmdir. Dünyanın yaranışının
özəyində də söz dayanır. Dünya yaranandan mövcud olan
söz, bütün zamanlarda tədqiqat obyekti olmuşdur".
Rektor bildirmişdir ki, tarixin hər bir mərhələsində
xalqımıza məxsus ədəbiyyat nümunələrində digər xalqlara
məxsus nadir dəyərlərə xüsusi diqqət və hörmətlə
yanaşılmışdır. Bu özü də böyük bir tədqiqatın mövzusudur
və ədəbi nümunələrimiz bir çox istiqamətlərdə
araşdırılmalıdır. Tarixin müxtəlif dövrlərində
Azərbaycan ədəbiyyatı yalnız olduğu kimi qalmamışdır.
Onun dahi simaları Yaxın və Orta Şərq fikrini,
mədəniyyətini özündə cəmləmişdir. Orta əsrlərdə bütün
fəlsəfi fikirlər, məktəblər Azərbaycan ədəbiyyatı
tərkibində özünü dünyaya tanıtmışdır. Əgər XVIII-XIX
əsrlərdə Avropanın vətənpərvər ziyalıları insanın və
cəmiyyətin azadlığını maarifçilik ənənələrində
axtarırdılarsa, bunu hələ çox-çox əvvəllərdə, XII əsrdə
dahi Nizami Gəncəvi görmüş və əsərlərində şərh etmişdi.
Bu, böyük bir zənginlikdir. Bəzən özümüzün nə qədər
qədim və zəngin mədəniyyətə sahib olduğumuzu dərk edə
bilmirik. Məhz bu səbəbdən də zəngin ədəbi irsimizi
təqdim və təbliğ etmək borcumuzdur.
Nərgiz Paşayeva demişdir: "Azərbaycan ədəbiyyatı əsrlər
boyu böyük inkişaf yolu keçmişdir. Amma bəzən dünya
çərçivəsində, böyük arenada biz ədəbiyyatımızı lazımi
səviyyədə təbliğ etməyi bacarmamışıq. Arzu edərdim ki,
bundan sonra Azərbaycan ədəbiyyatının dəyərli, nadir
nümunələri dünyada lazımi səviyyədə təqdim olunsun".
N.Paşayeva demişdir ki, ədəbiyyat xalqları, millətləri
birləşdirən bir qüvvədir. Əgər bədii söz insanı daxilən
göylərə ucaldır, ona yeni ruh, mənən zənginlik,
sakitlik, təmizlik gətirirsə, elmi söz insanı ədalətli
olmağa səsləyir, onu yer üzündə mövcud qayda-qanunlara
əməl etməyə çağırır. Bütün bunlar sözün, ədəbiyyatın
gücünün, böyüklüyünün göstəricisidir. Bu günədək dünyada
ictimai fikrə, cəmiyyətə, insana ədəbiyyat qədər təsir
edəcək ikinci bir silah kəşf edilməmişdir.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anar, AMEA-nın Humanitar və İctimai Elmlər
Bölməsinin akademik-katibi, Bakı Slavyan Universitetinin
rektoru, akademiyanın müxbir üzvi Kamal Abdullayev,
Macarıstan Elmlər Akademiyası Türkoloji Araşdırmalar
İnstitutunun direktoru, akademik Georg Xazai, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli
Məclisin deputatı Səttar Mehbalıyev, Milli Məclisin
Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü,
professor Nizami Cəfərov, dünya şöhrətli azərbaycanlı
alim, doktor Cavad Heyət, AMEA-nın Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli
Məclisin deputatı, akademiyanın müxbir üzvü Rafael
Hüseynov, Milli Məclisin deputatı, xalq şairi Sabir
Rüstəmxanlı və başqaları əlamətdar gün münasibətilə
Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşlarını təbrik
etmiş, onlara yeni uğurlar arzulamışlar.
Tədbirə yekun vuran Nizami adına Ədəbiyyat İnstitutunun
direktoru İsa Həbibbəyli yubiley münasibətilə xarici
ölkələrdən və Azərbaycanın bir sıra ali təhsil
ocaqlarından, görkəmli mədəniyyət xadimlərindən gəlmiş
təbrik məktublarını oxumuşdur.
Yubiley tədbirində institutun inkişaf yolundan bəhs edən
slaydlar nümayiş olunmuşdur.
AzərTAc |