Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Gəncədə 1500
məcburi köçkün ailəsi üçün tikilmiş yeni yaşayış
məhəlləsi ilə tanış olmuşdur.
Prezident İlham Əliyev 1200 şagird yerlik Kəlbəcər rayon
9 nömrəli tam orta məktəbində də oldu.
Məktəbin foyesində ulu öndər Heydər Əliyevin iştirak
etdiyi beynəlxalq tədbirləri, ümummilli liderin və
Prezident İlham Əliyevin məcburi köçkünlərlə görüşlərini
əks etdirən fotostendlər quraşdırılmışdır.
Dövlətimizin başçısı məhəllənin baş planına baxdı.
Bu məhəllə Prezident İlham Əliyevin 2004-cü il 1 iyul
tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və
məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması
və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na
Azərbaycan Prezidentinin 2007-ci il 31 oktyabr tarixli
Sərəncamı ilə təsdiq edilən Əlavələrin müvafiq
bəndlərinə əsasən inşa olunmuşdur. Kompleksə
beşmərtəbəli 25 yaşayış binası və digər zəruri sosial
infrastruktur obyektləri daxildir. Yeni binalara 1400-ü
Kəlbəcərdən, 100-ü Ağdam, Cəbrayıl, Füzuli, Laçın, Şuşa,
Zəngilan, Xocalı, Xocavənddən olmaqla 1500 ailə və ya
6750 məcburi köçkün köçürüləcəkdir. Burada klub-icma
mərkəzi, inzibati bina, tibb məntəqəsi və ATS
tikilmişdir. Su, elektrik və qaz təchizatı şəbəkələri
Gəncə şəhərinin kommunikasiya xətlərinə qoşulmuşdur.
Ümumiyyətlə, son beş ildə bütün sosial-texniki
infrastruktura malik 23 müasir qəsəbə salınmış, 16 min
ailə və ya 76 min nəfərdən çox məcburi köçkünün
mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Məktəblə tanışlıq zamanı bildirildi ki, yüksək şəraiti
ilə seçilən, müasir avadanlığı ilə diqqəti cəlb edən bu
təhsil ocağında təlim-tədris üçün hər cür şərait vardır.
Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi
diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət
siyasətinin mühüm prioritetləri sırasına daxil
edilmişdir. Bu proses təkcə paytaxtla məhdudlaşmır,
bölgələri də əhatə edir, doğma yurdlarından didərgin
düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə
təşkilinə də xidmət göstərir. Dövlət səviyyəsində həyata
keçirilən bu fəaliyyət proqramına Heydər Əliyev Fondunun
verdiyi dəstək isə öz əhəmiyyəti ilə seçilir.
Prezident İlham Əliyev məktəbin idman zalı ilə də tanış
oldu.
Diqqətə çatdırıldı ki, məhəllədə tikilən bağçada da
yüksək şərait yaradılmışdır.
AzərTAc |