Azərbaycan
Prezidenti İlham Əliyev şəhidlərin əziz xatirəsini yad
edib
Qanlı 20 Yanvar hadisələrindən 24 il keçir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də -
ümumxalq hüzn günündə 20 Yanvar şəhidlərinin xatirəsini
yad etmişdir.
1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə
ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın
qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. İyirmi dörd il
əvvəl yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun
qoşun birləşmələri Ermənistanın təcavüzkar
hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə
havadarlığından hiddətlənən, Bakının küçələrinə və
meydanlarına çıxaraq buna etirazını bildirən geniş xalq
kütlələrinə qarşı hərbi əməliyyatlara başladı. Doğma
yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər
şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin
müdhiş gecədə canlarından keçərək, şəhidlik zirvəsinə
ucalmışlar.
Keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi qanlı
qırğından 24 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş
gecəni daim xatırlayır, faciənin ağrısı ilə yaşayır, bu
vəhşiliyi törədənlərə dərin nifrətini bildirir. Hər il
yanvarın 20-də minlərlə insan Şəhidlər xiyabanını
ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda
canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz
xatirəsini ehtiramla yad edir.
20 Yanvar faciəsi mahiyyətinə görə dövlətin öz xalqına
qarşı tarixdə misli görünməmiş təcavüzü, qətliamı idi.
Bu qanlı qırğın keçmiş SSRİ, Azərbaycan SSR
konstitusiyalarının kobudcasına pozulması, ayaqlar
altına atılması idi. O gecə keçmiş SSRİ dövləti dinc
əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsini,
beynəlxalq hüquq normalarını, həmçinin iştirakçısı
olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq
Paktın bir sıra müddəalarını pozmuşdur. Respublikanın o
vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin isə
bu faciədən sonra yenə də xalqla bir olmağa cəsarəti
çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən əllərini
çəkmədilər. Həmin vaxt Moskvada yaşayan ümummilli
liderimiz Heydər Əliyev onların əksinə olaraq, həyatını
təhlükədə qoyaraq faciənin ertəsi günü Azərbaycanın
daimi nümayəndəliyinə gəldi və Qanlı Yanvar qırğınını
törədənləri pisləyən kəskin bəyanatla çıxış etdi,
xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdı.
Bununla da ulu öndərimiz cəsarətini, mərdliyini,
xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etdi.
Lakin bu qanlı qırğın Azərbaycan xalqının iradəsini
qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı
bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə
qovuşdu.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
ölkə rəhbərliyinə yenidən qayıdışından sonra 20 Yanvar
hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti
törədənlərin adları ictimaiyyətə çatdırıldı.
Azərbaycan xalqı hər il 20 Yanvar faciəsi qurbanlarının
xatirəsini dərin ehtiramla yad edir.
***
Yanvarın 20-də səhər Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Qanlı Yanvar faciəsində həlak
olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər
xiyabanına gəldi.
Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsi önünə əklil
qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin
ifasında Azərbaycanın Dövlət himni səsləndi.
***
Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini
icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı
səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də
şəhidlərin əziz xatirəsini yad etməyə gəlmişdilər.
***
Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş
nazir Artur Rasizadə, Milli Məclisin Sədri Oqtay Əsədov,
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev
iştirak edirdilər.
AzərTAc |