Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2014 - №02

 

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 
2013-cü il 29 dekabr tarixli 359 nömrəli qərarı ilə
təsdiq edilmişdir 

İlk peşə-ixtisas təhsili müəssisəsinin

NÜMUNƏVİ NİZAMNAMƏSİ 

1. Ümumi müddəalar

 

1.1. Bu Nümunəvi Nizamnamə "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və tabeliyindən və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini tənzimləyir.

1.2. Bu Nümunəvi Nizamnamə hər bir ilk peşə-ixtisas təhsili müəssisəsi üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur.

1.3. Dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinin nizamnaməsi təhsil müəssisəsinin təsisçisi (Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir.

1.4. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinin nizamnaməsində edilən dəyişikliklər təhsil müəssisəsinin pedaqoji şurası tərəfindən qəbul olunur və təsisçisi (Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi nizamnamələr istisna olmaqla) tərəfindən təsdiq edilir.

1.5. Bələdiyyə və özəl ilk peşə-ixtisas təhsili müəssisələrinin nizamnamələri və onlarda edilən dəyişikliklər təsisçilər tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyi əsasında təsdiq edilir.

1.6. İlk peşə-ixtisas təhsili müəssisəsi əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edir. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə müvafiq sinfi bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində dərs məşğələlərində iştirak etmədiyi üçün fənn (fənlər) üzrə biliyi qiymətləndirilməyən və ya tam orta təhsil səviyyəsində fənn (fənlər) üzrə bilik qiyməti "2" olduğu üçün attestasiyaya buraxılmayan və ilk peşə-ixtisas təhsili almaq istəyən 15 yaşdan yuxarı olan şəxslər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"na uyğun olaraq verilən müvafiq arayış əsasında ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil ala bilərlər.

1.7. İlk peşə-ixtisas təhsili müəssisəsi təhsilin bu pilləsi  üzrə təhsil proqramlarını (kurikulumları) həyata keçirən hüquqi şəxs statusuna malik təhsil müəssisəsidir. İlk peşə-ixtisas təhsili müəssisəsinin adı və hüquqi ünvanı onun nizamnaməsində göstərilir.

1.8. İlk peşə-ixtisas təhsili müəssisəsi müstəqil balansa, qanunvericiliyə uyğun olaraq, mülkiyyətində və ya sərəncamında olan əmlaka, xəzinə və bank hesablarına, üzərində öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.9. İlk peşə-ixtisas təhsili müəssisəsinə ümumi orta təhsil bazasından qəbul olunanlar peşə   ixtisası ilə yanaşı, tam orta təhsil almaq hüququna da malikdirlər.

1.10. İlk peşə-ixtisas təhsili  müəssisəsi  öz  fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını,  "Təhsil  haqqında" Azərbaycan  Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiyasının qərarlarını və bu Nümunəvi Nizamnaməni rəhbər tutur.

1.11. İlk peşə-ixtisas təhsili  müəssisəsi  təhsil  prosesini  humanistlik, millilik və dünyəvilik, keyfiyyətlilik, demokratiklik, bərabərlik, səmərəlilik, fasiləsizlik, vəhdətlilik, daimilik, varislik, liberallıq və inteqrasiya  prinsipləri  əsasında  həyata  keçirir.

1.12. İlk peşə-ixtisas  təhsili  müəssisəsində irqindən,  cinsindən, dilindən, mənşəyindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən,  sağlamlıq imkanlarından  asılı  olmayaraq,  hər  bir  vətəndaşın  təhsil  almaq  hüququ  vardır.

1.13. İlk peşə-ixtisas təhsili müəssisələrində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

1.14. Dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinin yaradılması, yenidən təşkili və ləğv edilməsi "Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarına uyğun olaraq həyata keçirilir. Bələdiyyə və özəl ilk peşə-ixtisas təhsili müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr və təsisçilər tərəfindən həyata keçirilir.

1.15. İlk peşə-ixtisas təhsili müəssisəsinin adı həmin müəssisənin yaradıldığı zaman müəyyənləşdirilir və yenidən təşkil olunduğu halda dəyişdirilə bilər. İlk peşə-ixtisas təhsili müəssisəsinin adının dəyişdirilməsi tabeliyində ilk peşə-ixtisas təhsili müəssisəsi olan müvafiq dövlət idarəetmə orqanlarının vəsatəti əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.

1.16. İlk peşə-ixtisas təhsili müəssisəsinə işə qəbuletmədə, vəzifələrə təyinolunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, bu təhsil müəssisəsinə şəxslərin qəbul olunmasında, təhsilalanların təqaüdlə təmin edilməsində, təhsilalanların və  ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məzunların işlə təmin edilməsində, həmçinin təhsilalanların və təhsilverənlərin ixtisaslarının artırılmasında, onların təhsili sahəsində və digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılır.

1.17. Ödənişli əsaslarla təhsil almaq istəyənlərin təhsili ilk peşə-ixtisas təhsili müəssisəsi ilə bağlanılan müqavilələrə uyğun olaraq həyata keçirilir.

1.18. Dövlət ilk peşə-ixtisas təhsili  müəssisələrində maddi vəziyyətindən asılı  olmayaraq,  istedadlı  şəxslər  və  sosial  müdafiəyə ehtiyacı  olanlar üçün müvafiq qaydada şərait yaradılır.

1.19. İlk peşə-ixtisas təhsili müəssisələrində təhsilalanların geyim forması hər bir təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

1.20. İlk peşə-ixtisas  təhsili  müəssisələrində  milli peşə  ənənələri  qorunur, inkişaf  etdirilir  və  innovasiyalar  tətbiq  olunur.

1.21. Xaricdə yaşayan  azərbaycanlılar üçün ilk peşə-ixtisas təhsili pilləsi ilə bağlı dövlətin həyata keçirdiyi xüsusi  layihələrdə və proqramlarda ilk peşə-ixtisas  təhsili müəssisələri iştirak edə bilərlər.

1.22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 avqust tarixli 147 nömrəli qərarı ilə təsdiq edilmiş "Formal təhsilin təşkili Qaydaları"na uyğun olaraq, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil əyani formada həyata keçirilir.

 1.23. Ölkənin iqtisadiyyatına və əmək bazarının tələblərinə  uyğun  olaraq,  ilk peşə-ixtisas təhsili müəssisələrinə dövlət və qeyri-dövlət təşkilatları və müəssisələri tərəfindən kadr hazırlığı üçün sifarişlər verilir və sifarişçi təşkilat məzunların ixtisasına uyğun işlə təmin olunmasına köməklik göstərir. 

2.  İlk peşə-ixtisas təhsilinin əsas məqsədi 

2.1. İlk peşə-ixtisas təhsilinin  əsas  məqsədi  aşağıdakılardır:

2.1.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil, yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;

2.1.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;

2.1.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və  ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq. 

3. İlk  peşə-ixtisas təhsili sahəsində dövlət  standartları 

3.1. İlk peşə-ixtisas təhsili müəssisələrində ixtisaslı kadrların  hazırlanması,  yenidən  hazırlanması  və  ixtisaslarının  artırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulumu)" və 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq  edilmiş  "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"  əsasında  həyata  keçirilir.

3.2. İlk  peşə-ixtisas  təhsilinin  dövlət  standartları  bu  təhsil  pilləsinin  məzmununu,  idarə  olunmasını,  maddi-texniki  bazasını,  infrastrukturunu,  təhsilverənlərin  (müəllimlərin,  istehsalat  təlimi  ustalarının və digərlərinin)  ölçülə  bilən  keyfiyyət  göstəricilərini, təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini  müəyyənləşdirir.

3.3. Sağlamlıq imkanları məhdud şəxslərin ilk peşə-ixtisas təhsili xüsusi dövlət standartlarına uyğun həyata keçirilir. 

4. Tədris dili 

4.1.  İlk peşə-ixtisas təhsili müəssisələrində  tədris  dövlət  dilində - Azərbaycan   dilində aparılır.

4.2. Vətəndaşların, ilk peşə-ixtisas  təhsili  müəssisələri təsisçilərinin, işəgötürənlərin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələr  və Azərbaycan Respublikasının Təhsil  Nazirliyi  ilə  razılaşdırma əsasında həmin müəssisələrdə "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda göstərilmiş Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənləri tədris edilməklə, təhsil ilk peşə-ixtisas təhsili üzrə müvafiq dövlət standartlarına uyğun olaraq digər dillərdə  də aparıla bilər.

4.3. Azərbaycan dilini zəif bilən təhsilalanlar üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada ilk peşə-ixtisas təhsili müəssisələrində hazırlıq qrupları və kursları təşkil olunur. 

5. İlk peşə-ixtisas təhsilinin keyfiyyət səviyyəsi 

5.1. İlk peşə-ixtisas təhsilinin keyfiyyət səviyyəsi dövlət standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə və bu təhsil pilləsi üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil proqramlarına (kurikulumlara), şagirdlərin hazırlıq səviyyəsinə, maddi-texniki bazaya, infrastruktura, informasiya resurslarına, təhsilverənlərin peşəkarlığına və elmi-pedaqoji səviyyəsinə, mütərəqqi tədris texnologiyalarına) uyğun olaraq müəyyən edilir.

5.2. İlk peşə-ixtisas təhsili müəssisəsində kadr hazırlığının keyfiyyət səviyyəsi məzunların milli və beynəlxalq əmək bazarında rəqabət qabiliyyəti, ölkənin sosial və iqtisadi inkişafında rolu ilə müəyyən edilir.

5.3. Bu təhsil pilləsinin keyfiyyət səviyyəsinin qəbul olunmuş dövlət standartlarına uyğunluğu dövlət akkreditasiya xidməti tərəfindən müvafiq qaydada qiymətləndirilir. 

6. Təhsil proqramı (kurikulum) 

6.1. İlk peşə-ixtisas təhsili pilləsinin ayrı-ayrı peşələri üzrə təhsil proqramları (kurikulumlar) aşağıdakı tədris-metodiki sənədlər əsasında həyata keçirilir:

6.1.1. nümunəvi tədris planı;

6.1.2. istehsalat təlimi və təcrübələrinin aparılmasına, istehsalat sınaq işlərinin   yerinə yetirilməsinə, şagirdlərin yekun dövlət attestasiyasının keçirilməsinə dair metodiki   göstərişlər;

6.1.3. fənn proqramları (kurikulumlar);

6.1.4. fənlər üzrə işçi-tədris proqramları  (kurikulumlar);

6.1.5. dərsliklər, dərs vəsaitləri;

6.1.6. ixtisas, ümumtəhsil fənləri üzrə laboratoriya işlərinin yerinə yetirilməsinə və istehsalat təcrübələrinin yekunları barədə hesabatların hazırlanmasına dair metodiki tövsiyələr;

6.1.7. təhsilalanların biliyinin qiymətləndirilməsi üçün tədris-metodiki materiallar (yoxlama və test tapşırıqları, imtahan biletləri, şagirdlərin müstəqil hazırlığı üçün suallar);

6.1.8. ixtisaslaşmış kabinet, laboratoriya və tədris-istehsalat emalatxanalarının siyahısı.

6.2. Nümunəvi təhsil proqramları (kurikulumlar) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada hazırlanır və təsdiq edilir.

6.3. Təhsil proqramlarının (kurikulumların) yerinə yetirilməsi müddəti təhsil bazasından və ilk peşə-ixtisas səviyyəsindən  asılı olaraq, Azərbaycan Respublikası  Nazirlər  Kabinetinin  2010-cu il 23 aprel tarixli 77 nömrəli qərarı ilə təsdiq  edilmiş  "İlk peşə-ixtisas təhsilinin dövlət standartı (kurikulumu)"na  uyğun müəyyən  edilir.

6.4. İlk peşə-ixtisas təhsili müəssisəsində əlavə təhsil almaq üçün müvafiq təhsil proqramları (kurikulumlar) tətbiq edilir.

6.5. Sağlamlıq imkanları məhdud olan, uzun müddət  müalicəyə  ehtiyacı  olan  təhsilalanların təhsilini, müalicəsini, sosial adaptasiyasını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi ilk peşə-ixtisas təhsili proqramları (kurikulumlar) müəyyən  edilir  və  həyata keçirilir.

6.6. Təhsilalanların həftəlik maksimal tədris yükünün həcmi dərs və dərsdənkənar məşğələlər də nəzərə alınmaqla, 40 saatdır (35 saat dərs, 5 saat dərsdənkənar məşğələlər).

6.7. İlk peşə-ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş qaydalar əsasında həyata keçirilir.

6.8. İlk peşə-ixtisas təhsili müəssisələrində  dərslər sentyabrın 15-dən başlanır və iyulun 1-dən gec olmayaraq  başa çatır. Tədris ili iki yarımildən ibarətdir (birinci yarımil 15 sentyabr - 29 dekabr, ikinci yarımil isə 7 yanvar - 30 iyun). Dərs ili ərzində qış tətilinin müddəti 8 gündür. İstehsalat təcrübəsi təhsil müddətindən asılı olaraq, tədris planına uyğun müəyyənləşdirilir.

6.9. Tədris ili müddətində işəgötürənlərin sifarişi əsasında ixtisaslar üzrə kadrların hazırlanması, yenidən hazırlanması və ixtisaslarının artırılması məqsədi ilə  qısamüddətli qruplar təşkil olunur.

6.10. Dərs  nəzəri və praktiki formada keçirilir, əlavə olaraq laboratoriya məşğələləri aparılır.     

6.11. İlk peşə-ixtisas təhsili müəssisələrində təlim məşğələləri 45 dəqiqə, məşğələlərarası fasilə isə 5-10 dəqiqə müəyyənləşdirilir. Tədris emalatxanalarında istehsalat təlimi məşğələləri zamanı təlimin birinci ilində hər 45 dəqiqədən, təlimin ikinci və sonrakı illərində isə 90 dəqiqədən sonra 10 dəqiqə fasilə verilir.

6.12. Təhsilalanların dərs zamanı tədris prosesi ilə bağlı olmayan işlərə cəlb edilməsinə yol verilmir.

6.13. İlk peşə-ixtisas təhsili müəssisələrinin tədris qruplarında orta sıxlıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)"na əsasən maddi-texniki bazadan asılı olaraq, 20 nəfər müəyyən edilir. Əgər maddi-texniki baza buna imkan vermirsə, orta sıxlıq 20 nəfərdən artıq müəyyənləşdirilir.

6.14. Təhsilalanların biliyinin təhsil müddətində qiymətləndirilməsi üzrə attestasiyanın keçirilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən  müəyyənləşdirilir.

6.15. Təhsilalanların bir təhsil proqramından və ya ilk peşə-ixtisas təhsili müəssisəsindən digərinə köçürülməsi, xaric edilməsi və bərpa olunması məsələləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş qaydalarla tənzimlənir. 

7. İlk  peşə-ixtisas təhsilinin məzmununa və təşkilinə dair tələblər 

7.1. İlk peşə-ixtisas təhsilinin məzmununa  və təşkilinə  dair  ümumi tələblər aşağıdakılardır:

7.1.1. təhsilalanlarda müasir tələblərə və şəraitə uyğunlaşmaq,  rəqabət qabiliyyətli olmaq, informasiya cəmiyyətində  yaşayıb  fəaliyyət  göstərmək və  ünsiyyət  yaratmaq  bacarığını  formalaşdırmaq;

7.1.2. öz üzərinə  məsuliyyət götürmək, kollegial  qərarların  qəbulunda,  demokratik təsisatların fəaliyyətində və  inkişafında  iştirak  etmək  keyfiyyətlərinə malik,  müstəqil,  yaradıcı  şəxsiyyət  və  vətəndaş  formalaşdırmaq;

7.1.3. təhsilalanların fasiləsiz peşə-ixtisas təhsili almasını, daim  yeniləşən  müasir  texnologiyalara uyğun biliklərə   yiyələnməsini,  cəmiyyətin  tələbatının  daha  səmərəli  ödənilməsi üçün    bərabər  imkanlara malik olmalarını təmin  etmək;

7.1.4. yüksək  intellektual  səviyyə  və  təcrübi  iş  qabiliyyətinə,  yeni  texnologiyalara  yiyələnmək,  informasiya  axınında  çevik  istiqamət  tapmaq  bacarığını  formalaşdırmaq;

7.1.5. ilk peşə-ixtisas  təhsili  müəssisəsində  tədris  prosesinin  təhsilalanların  və  təhsilverənlərin  insan  ləyaqətinə  hörmət  etməsi  əsasında  qurulmasını  təmin  etmək,  təhsilalana və təhsilverənə  qarşı  hər  hansı  fiziki  və  psixoloji  zorakılığa  yol  verməmək;

7.1.6. cəmiyyətin yüksək səviyyəli və rəqabət qabiliyyətli kadr potensialına tələbatının ödənilməsi üçün real zəmin yaratmaq. 

8. İlk peşə-ixtisas təhsili müəssisəsi və onun strukturu 

8.1. Azərbaycan Respublikasında mülkiyyət növünə görə dövlət,  bələdiyyə və özəl  ilk peşə-ixtisas təhsili müəssisələri fəaliyyət göstərir.

8.2. Dövlət ilk peşə-ixtisas  təhsili  müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi "Dövlət büdcəsindən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan  Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarına uyğun olaraq həyata keçirilir.

8.3. Bələdiyyə ilk peşə-ixtisas  təhsili  müəssisələrinin  yaradılması, yenidən təşkili və ləğv olunması Azərbaycan Respublikasının "Təhsil haqqında" və "Bələdiyyələr haqqında"  qanunlarına və digər qanunvericilik aktlarına uyğun olaraq bələdiyyələr tərəfindən həyata keçirilir.

8.4. Özəl ilk peşə-ixtisas  təhsili  müəssisələri fiziki və ya hüquqi şəxslər  tərəfindən "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun yaradılır. Respublika ərazisində xarici ölkələrin ilk peşə-ixtisas  təhsili  müəssisələrinin yaradılması, yenidən təşkili və ləğv olunması beynəlxalq müqavilələr əsasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun həyata keçirilir.

8.5. İlk peşə-ixtisas təhsili müəssisələrinin aşağıdakı növləri vardır:

8.5.1. peşə məktəbləri;

8.5.2. peşə liseyləri.

8.6. Peşə məktəbinə qəbul olunanlara yalnız ilk peşə-ixtisas təhsili verilir.

8.7. Peşə liseyinə ümumi orta təhsil bazasından qəbul olunan şəxslərə peşə-ixtisas təhsili ilə yanaşı, həmçinin tam orta təhsil almaq hüququ da verilir.

8.8. İlk peşə-ixtisas təhsili müəssisələri və müxtəliftipli təhsil müəssisələri təhsil kompleksi və kampus formasında da fəaliyyət göstərə bilərlər.

8.9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş "İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)"na əsasən ilk peşə-ixtisas təhsili müəssisələrində bölmələr üzrə ayrılan saatlara uyğun olaraq, təhsil müddəti aşağıdakı qruplara görə 6 ay, 1 il, 2 il və 3 il müəyyənləşdirilir:

8.9.1. tam orta təhsil bazasından qəbul olunmuş qruplarda təhsil müddəti - 1 il;

8.9.2. ümumi orta təhsil bazasından qəbul olunmuş və peşə ilə yanaşı, tam orta təhsilalanlar üçün təşkil edilən qruplarda təhsil müddəti - 3 il;

8.9.3. ümumi orta təhsil bazasından qəbul olunmuş və yalnız peşə alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti peşənin mürəkkəbliyindən asılı olaraq - 1-2 il.

8.10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil proqramlarının (kurikulumların) yerinə yetirilməsi müddəti"nə uyğun olaraq, ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən peşə üzrə bacarıqlar qazanmış şəxslər üçün işəgötürənlərin və fərdlərin sifarişləri əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasının artırılması və yenidən hazırlanması üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.

8.11. İlk peşə-ixtisas təhsili müəssisələrində təhsil dövlət hesabına və ödənişli əsaslarla həyata keçirilir. İlk peşə-ixtisas təhsili müəssisələrində təhsilin dövlət hesabına və ödənişli əsaslarla həyata keçirilməsi hər bir təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən olunur.

8.12. İlk-peşə ixtisas təhsili müəssisələrinə kreditlərin, qrantların və subsidiyaların verilməsi müvafiq qanunvericiliklə tənzimlənir.

8.13. İlk peşə-ixtisas təhsili müəssisələri təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədi ilə ictimai birliklər, assosiasiyalar və ittifaqlar yaratmaq, eləcə də qeyri-hökumət təşkilatlarına üzv olmaq hüququna malikdirlər.

8.14. İlk peşə-ixtisas təhsili müəssisəsi öz fəaliyyətinə görə vətəndaşlar, cəmiyyət və dövlət qarşısında məsuliyyət daşıyır.

8.15. Azərbaycan Respublikasında fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisəsinin dövlət elektron məlumat sisteminə qoşulması qanunvericiliyə uyğun olaraq təmin edilir. 

9. İlk peşə-ixtisas təhsili müəssisələrinin hüquq və vəzifələri 

9.1. İlk peşə-ixtisas təhsili müəssisələrinin vəzifələri aşağıdakılardır:

9.1.1. ilk peşə-ixtisas təhsili sahəsində dövlət proqramlarını,  kadr hazırlığının prioritet və istiqamətlərini, dünya təhsil sisteminə inteqrasiyanı həyata keçirmək və beynəlxalq standartlara cavab verən təhsil şəraitinin və mühitinin yaradılmasını təmin etmək;

9.1.2. işəgötürənlərin sifarişləri nəzərə alınmaqla, ilk peşə-ixtisas təhsili müəssisəsinə təhsilalanların qəbulunu proqnozlaşdırmaq  və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim etmək;

9.1.3. ilk peşə-ixtisas təhsili müəssisələrində müəyyən edilmiş qaydada monitorinq keçirmək və təhsilalanların biliyini qiymətləndirmək, təlim prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək;

9.1.4. hər bir təhsilalanın intellektual, mədəni və mənəvi inkişafını təmin etmək, müvafiq peşə üzrə təhsilalma tələblərini ödəmək;

9.1.5. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək;

9.1.6. yüksəkixtisaslı kadrlar  hazırlamaq;

9.1.7. mühəndis-pedaqoji heyətin ixtisasının artırılması və kadrların yenidən hazırlanması üçün tədris planı və proqramları hazırlamaq;

9.1.8. beynəlxalq fəaliyyəti və xarici əlaqələri təmin etmək.

9.2. İlk peşə-ixtisas təhsili müəssisələrinin hüquqları aşağıdakılardır:

9.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

9.2.2. ilk peşə-ixtisas təhsilinin dövlət standartı çərçivəsində təhsil proqramlarında (kurikulumlarda) dəqiqləşdirmələr aparmaq;

 9.2.3. beynəlxalq fəaliyyəti və xarici əlaqələri təmin etmək (innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etməklə);

9.2.4. tədris prosesini təşkil etmək və onun monitorinqini həyata keçirmək;

9.2.5. müasir informasiya və elmi-metodiki təminatı, ilk peşə-ixtisas  təhsili  müəssisəsinin qlobal kompüter şəbəkəsi (internet) üçün informasiya resurslarını yaratmaq;

9.2.6. peşə və ixtisaslara uyğun dərsliyin, dərs və metodiki vəsaitlərin  hazırlanmasında və nəşr edilməsində iştirak etmək;

9.2.7. tədris prosesinin keyfiyyətini yüksəltmək məqsədi ilə əlavə olaraq yerli və xarici mütəxəssisləri cəlb etmək;

9.2.8. müəllim-şagird mübadiləsini və onların xaricdə təcrübə keçmələri üçün  beynəlxalq əlaqələri yaratmaq. 

10. İlk peşə-ixtisas təhsili müəssisəsinin təsisçisi 

10.1. İlk peşə-ixtisas təhsili müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları, xarici dövlətlərin hüquqi şəxsləri,  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.

10.2. Təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan  ilk peşə-ixtisas  təhsili müəssisəsinin mühəndis-pedaqoji heyətinin azı 80 faizini Azərbaycan Respublikasının vətəndaşları təşkil etməlidirlər.

10.3. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

10.4. İlk peşə-ixtisas təhsili müəssisəsinin təsisçisi müəssisənin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş və onun yaradılması ilə bağlı olan öhdəliklər üzrə məsuliyyət daşıyır. İlk peşə-ixtisas təhsili müəssisəsi öhdəlikləri üçün ona məxsus olan bütün əmlakı ilə cavabdehdir. Qanunvericilikdə və ya ilk peşə-ixtisas təhsili müəssisəsinin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, təhsil müəssisəsinin təsisçisi (iştirakçısı) təhsil müəssisəsinin öhdəlikləri üçün, təhsil müəssisəsi isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. 

11. İlk peşə-ixtisas təhsili müəssisələrinin lisenziyalaşdırılması və akkreditasiyası 

11.1. İlk peşə-ixtisas təhsili müəssisələrinin akkreditasiyasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"na əsasən  Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir. Həmin prosedurdan keçmiş təhsil müəssisəsi akkreditasiya haqqında sertifikat alır.

11.2. İlk peşə-ixtisas təhsili müəssisəsinin akkreditasiyası təhsil prosesinin təşkilinin, maddi-texniki bazasının, təhsil proqramlarının, kadr potensialının və təhsil infrastrukturunun qəbul olunmuş dövlət standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyənləşdirilməsi, onun fəaliyyətinin növbəti müddətə  uzadılması üçün hüquqi təminat yaradır.

11.3. Azərbaycan Respublikasında hər bir ilk peşə-ixtisas  təhsili müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Təhsil Nazirliyindən xüsusi razılıq (lisenziya) almalıdır. Dövlət təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz verilir. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) 5 (beş) il müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) 3 (üç) il müddətinə verilir.

11.4. Xarici hüquqi şəxslərin, onların filiallarının və nümayəndəliklərinin, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin öz ölkələrində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınması beynəlxalq müqavilələrlə həyata keçirilir.

11.5. Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş ilk  peşə-ixtisas təhsili müəssisəsinin fəaliyyətinə hüquqi təminat verilir. 

12. İlk peşə-ixtisas təhsili haqqında dövlət sənədi 

12.1. İlk peşə-ixtisas təhsili müəssisəsində təlim  proqramının (kurikulumun)  tam mənimsənilməsi daxili və dövlət  buraxılış  imtahanı (yekun attestasiya)  vasitəsilə  başa  çatır.  İmtahanların  təşkili, forması  və  keçirilməsi, təhsilalanların biliyinin qiymətləndirilməsi qaydaları Azərbaycan Respublikasının Təhsil  Nazirliyi  tərəfindən  müəyyənləşdirilir.

12.2. İlk peşə-ixtisas  təhsili sahəsində hər bir səviyyə üzrə təlim  proqramını (kurikulumu) mənimsəmiş, daxili və dövlət buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş şagirdlərə  ixtisas dərəcəsi göstərilməklə,  təhsil haqqında dövlət sənədi verilir. Təhsil haqqında dövlət sənədi  ilk peşə-ixtisas  təhsili  müəssisəsinin möhürü ilə təsdiq edilir.

12.3. Təhsil sənədində göstərilmiş  ixtisas dərəcəsi (səviyyəsi) dəyişdirilə  bilməz.

12.4. Müvafiq kursu bitirdikdən sonra təhsilini davam etdirməyən və ya hər hansı dərs ilində məşğələlərdə iştirak etmədiyi üçün ümumtəhsil fənni (fənləri) üzrə biliyi qiymətləndirilməyən, habelə tədris planında nəzərdə tutulmuş fənlər (peşə liseylərində ümumtəhsil fənləri istisna olmaqla) üzrə attestasiyadan və yaxud yekun attestasiyadan keçməyən, habelə istehsalat təcrübəsi və təlimlərdə iştirak etməyən şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası"na əsasən müvafiq formada arayış verilir.

12.5. İlk peşə-ixtisas təhsili müəssisəsini müvəffəqiyyətlə bitirənlərə Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları"na uyğun olaraq, ilk peşə-ixtisas təhsili pilləsində aşağıdakı növ  təhsil sənədləri verilir:

12.5.1. diplom (adi);

12.5.2. diplom (xüsusi, nümunəli);

12.5.3. sertifikat.

12.6. Diplom və sertifikat ilk peşə-ixtisas təhsili pilləsini müvəffəqiyyətlə başa vurmuş şəxslərə verilir.

12.7. İlk peşə-ixtisas təhsili müəssisələrində peşə-ixtisas təhsili ilə yanaşı, tam orta təhsil almış şəxslərə diplom və müəyyən olunmuş nümunəli tam orta təhsil haqqında attestat verilir. 

13. İlk peşə-ixtisas təhsili müəssisəsində iaşə və tibb xidməti 

13.1. İlk peşə-ixtisas təhsili müəssisəsində iaşə və tibb xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları"na uyğun təşkil olunur.

13.2. İlk peşə-ixtisas təhsili müəssisəsində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və ya fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir.

13.3. İlk peşə-ixtisas təhsili müəssisəsində təhsilalanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 217 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi Qaydası"na əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qurumları tərəfindən pulsuz tibbi xidmət göstərilir.

 14. İlk peşə-ixtisas təhsili müəssisəsinin idarə edilməsi 

14.1. İlk peşə-ixtisas  təhsili müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, digər normativ hüquqi aktlara, bu Nümunəvi Nizamnaməyə və təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq  idarə edilir.

14.2. İlk peşə-ixtisas  təhsili müəssisəsinin nizamnaməsi təhsil müəssisəsinin fəaliyyətinin məqsədini, onun idarə olunması qaydalarını, təhsilalanların və işçilərin statusunu, maliyyə-təsərrüfat fəaliyyətinin strukturunu və digər məsələləri müəyyənləşdirir.

14.3. Dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə rəhbərliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təyin edilmiş direktor həyata keçirir. Dövlət təhsil müəssisəsinin ali idarəetmə orqanı Pedaqoji Şuradır. Pedaqoji Şuranın yaradılması və fəaliyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən Əsasnaməyə əsasən tənzimlənir.

14.4. İlk peşə-ixtisas  təhsili müəssisəsinin idarə olunmasında demokratikliyi və şəffaflığı təmin etmək məqsədi ilə təhsil müəssisəsində özünüidarə orqanları (ümumi yığıncaq, himayəçilər, metodiki, təhsilalanlar, qəyyumlar şuraları) yaradıla bilər. Həmin qurumların yaradılması qaydaları və səlahiyyətləri ilk peşə-ixtisas təhsili  müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

14.5. Bələdiyyə ilk peşə-ixtisas təhsili  müəssisəsinə rəhbərliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyi nəzərə alınmaqla,  bələdiyyə  tərəfindən təyin edilmiş direktor  həyata keçirir.

14.6. Özəl ilk peşə-ixtisas təhsili müəssisəsinə rəhbərliyi  həmin  təhsil  müəssisəsinin  təsisçilər şurası  (himayəçiləri, qəyyumları)  tərəfindən  təyin  edilmiş  direktor həyata  keçirir.

14.7. Təsisçiləri  əcnəbilər, vətəndaşlığı  olmayan  şəxslər  və  ya  xarici  hüquqi  şəxslər olan, o cümlədən  nizamnamə  kapitalının  51 faizdən çoxu xarici  hüquqi  şəxslərə   məxsus  ilk peşə-ixtisas  təhsili  müəssisəsinin  dövlət qeydiyyatına  alınması və həmin təhsil  müəssisəsinin  direktorunun  və onun  müavininin  təyin edilməsi Azərbaycan Respublikasının  Təhsil Nazirliyi ilə razılaşdırıldıqdan  sonra  həyata  keçirilir.

14.8. İlk peşə-ixtisas təhsili müəssisəsinin idarə edilməsi ilə bağlı məsələlərə təhsili idarəetmə orqanları istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının və digər təşkilatların müdaxilə etmələrinə  yol verilmir.

14.9. İlk peşə-ixtisas təhsili müəssisəsinin direktorunun əsas vəzifələri aşağıdakılardır:

14.9.1. təhsil müəssisəsinin ayrı-ayrı bölmələrinin işini, şagirdlərin təlim-tərbiyə prosesinin səmərəli təşkilini planlaşdırır, onun həyata keçirilməsinə nəzarət edir, işin keyfiyyəti və səmərəliliyi üçün məsuliyyət daşıyır, dövlət və ictimai orqanlarda təhsil müəssisəsini təmsil edir;

14.9.2. mühəndis-pedaqoji işçilərin yaradıcı surətdə fəaliyyət göstərmələri, onların sinifdənxaric və məktəbdənkənar işinin təşkili üçün şərait yaradır;

14.9.3. təlim-tərbiyə, tədris-istehsalat və təsərrüfat sahələrində çalışan işçilərin səmərəli əmək-istehsalat və təsərrüfat fəaliyyəti üçün şərait yaradır, pedaqoji işçilərin hüquqlarının qorunmasını və sosial müdafiəsini təmin edir;

14.9.4. işində fərqlənən mühəndis-pedaqoji işçilərin əməyinin qiymətləndirilməsi üçün müvafiq tədbirlər görür, intizam tənbehi tətbiq edir, müəllimlərin, istehsalat təlimi ustalarının və digər işçilərin işinə nəzarət edir;

14.9.5. məzunların işlə təmin edilməsi məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsinə nəzarət edir;

14.9.6. işçilər və şagirdlər arasında aparılan mədəni-kütləvi və tərbiyə işlərinə rəhbərlik edir;

14.9.7. təhsil müəssisəsinin maddi-texniki bazasının inkişafı və genişləndirilməsi, işçilər və şagirdlər üçün təhlükəsiz iş şəraitinin yaradılması sahəsində tədbirləri həyata keçirir, işəgötürənlərin və əmək bazarının tələblərinə uyğun keyfiyyətli kadr hazırlığının strateji istiqamətlərini müəyyənləşdirir;

14.9.8. kadr hazırlığını planlaşdırır, məktəbə qəbulu, ixtisaslı kadrların hazırlanmasını həyata keçirir, bu işlərin yerinə yetirilməsinə məsuliyyət daşıyır, yataqxanada yaşayan şagirdlər üçün lazımi məişət şəraitinin yaradılmasını təmin etməklə yanaşı, onların sağlamlığına nəzarəti təşkil edir;

14.9.9. təhsilalanların bir təhsil müəssisəsindən digər təhsil müəssisəsinə köçürülməsi və müxtəlif səbəblərdən ilk peşə-ixtisas təhsili müəssisəsindən xaric edilmiş təhsilalanların bərpa olunması məsələlərinə baxır;

14.9.10. mühəndis-pedaqoji işçilərin ixtisas və pedaqoji səviyyəsinin yüksəldilməsi, metodiki işlərin səmərəli təşkili üçün tədbirlər görür;

14.9.11. tədris müəssisəsinin işini müasir idarəetmənin tələblərinə uyğun qurur, büdcədənkənar gəlirlərin əldə olunmasını təşkil edir, maliyyə və ştat intizamına əməl olunması üçün məsuliyyət daşıyır;

14.9.12. inzibati-təsərrüfat işlərinə rəhbərlik edir və nəzarəti həyata keçirir, müəssisədə yeni peşələr üzrə kadrların hazırlanması barədə müvafiq orqanlar qarşısında təşəbbüslə çıxış edir;

14.9.13. işəgötürən təşkilatlarla səmərəli əlaqələrin yaradılmasını təmin edir;

14.9.14. təhsil müəssisəsinin strateji inkişaf planının hazırlanmasına rəhbərlik edir;

14.9.15. respublikada və xarici ölkələrdə fəaliyyət göstərən analoji təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin yaradılmasına rəhbərlik edir.

14.10. İlk peşə-ixtisas təhsili müəssisəsinin tədris-istehsalat işləri üzrə direktor müavininin əsas vəzifələri aşağıdakılardır:

14.10.1. məktəbin tədris və istehsalat fəaliyyətinə rəhbərlik edir, müəllimlərin, istehsalat təlimi ustalarının və digər işçilərin seçilib yerləşdirilməsində, tədrisin təşkilində iştirak edir;

14.10.2. tədris işlərinin planlaşdırılmasını və uçotunu, metodik işləri təşkil edir;

14.10.3. baş usta ilə birlikdə müəllim və istehsalat təlimi ustalarının işini əlaqələndirir;

14.10.4. müəllimlərin dərs yükünü müəyyənləşdirir, dərs cədvəlini hazırlayır, onun yerinə yetirilməsinə rəhbərlik və nəzarət edir;

14.10.5. məktəbə şagird qəbulu və tədris qruplarının komplektləşdirilməsi, şagirdlərin kursdan-kursa keçirilməsi və buraxılışı, məzunların işə göndərilməsi sahəsində iş aparır;

14.10.6. tədris planı və proqramlarının yerinə yetirilməsinə, şagirdlər tərəfindən tədris materiallarının mənimsənilməsi səviyyəsinə, onların intizamına və dərsə davamiyyətinə, mühəndis-pedaqoji işçilərin fəaliyyətinə nəzarəti həyata keçirir;

14.10.7. şagirdlərin texniki yaradıcılıq işini, kabinetlərin əyani vəsaitlərlə və təlimin texniki vasitələrlə təmin olunmasını təşkil edir;

14.10.8. tədris proqram sənədlərinin tərtibini, məktəbin tədris istehsalat fəaliyyətinə dair hesabat və uçot işlərini həyata keçirir;

14.10.9. təhsil müəssisəsi barədə elektron məlumatların, peşəyönümü təbliğat xarakterli məlumatların hazırlanmasına və bu məlumatların yenilənməsinə rəhbərlik və nəzarət edir;

14.10.10. peşə kurikulumlarının hazırlanmasına rəhbərlik edir;

14.10.11. mühəndis-pedaqoji işçilərin ixtisasartırma təhsilini və staj keçməsini təşkil edir;

14.10.12. qabaqcıl təcrübənin öyrənilməsinə və tətbiqinə rəhbərlik edir.

14.11. İlk peşə-ixtisas təhsili müəssisəsinin tərbiyə işləri üzrə direktor müavininin əsas vəzifələri aşağıdakılardır:

14.11.1. tədris müəssisəsində tərbiyə işlərinə rəhbərlik edir;

14.11.2. şagirdlərin istehsalat təliminin onların vətənpərvərlik, hüquqi, mənəvi tərbiyəsi ilə sıx əlaqə şəraitində aparılmasını təmin edir;

14.11.3. şagirdlərin mədəni istirahətinin və sinifdənkənar tədbirlərin təşkilinə rəhbərlik edir;

14.11.4. şagirdlərlə tərbiyəvi iş aparan ustaların, sinif rəhbərlərinin, tərbiyəçilərin, kitabxanaçıların və digər işçilərin fəaliyyətini əlaqələndirir və onların işinə nəzarət edir;

14.11.5. istehsalat təcrübəsi zamanı şagirdlərlə tərbiyəvi işlərin aparılmasını təmin edir;

14.11.6. məktəbdə şagirdlərin mənzil-məişət şəraitinə, intizam və davranışına nəzarət edir;

14.11.7. bədən tərbiyəsi və ibtidai hərbi hazırlıq rəhbərləri ilə birlikdə kütləvi-idman və hərbi vətənpərvərlik işlərini təşkil edir, tərbiyə sahəsində qabaqcıl təcrübəni ümumiləşdirir və yayır;

14.11.8. sinifdənkənar tədbirlər və tərbiyəvi işlərə dair pedaqoji şuraya materiallar hazırlayır, peşəyönümü və şagird qəbulu işlərini bilavasitə təşkil edir;

14.11.9. şagirdlərin hüquqi biliklərə yiyələnməsi, onların sağlam, öz peşəsinin bacarıqlı ustası və əsl vətənpərvər kimi yetişməsi üçün tədbirlər görür;

14.11.10. tədris müəssisəsinin valideynlərlə qarşılıqlı əlaqəsini təmin edir.

14.12. İlk peşə-ixtisas təhsili müəssisəsinin inzibati təsərrüfat işləri üzrə direktor müavininin əsas vəzifələri aşağıdakılardır:

14.12.1. tədris binalarının, yataqxana və digər tikililərin qorunub saxlanılmasını, düzgün istismarını və vaxtında təmir olunmasını, tədris müəssisəsinin elektrik enerjisi, istilik və kanalizasiya sisteminin saz vəziyyətdə saxlanılmasını və su ilə təchizatını təmin edir;

14.12.2. tədris müəssisəsini tələbata uyğun sinif, laboratoriya avadanlığı, mebel, yataqxana ləvazimatı ilə təmin edir;

14.12.3. müəyyən olunmuş qaydada tədris müəssisəsinin əmlakının uçotunu və inventarlaşdırılmasını, qiymətli malların və materialların qorunub saxlanılmasını təşkil edir.

14.13. İlk peşə-ixtisas təhsili müəssisəsinin baş ustasının əsas vəzifələri aşağıdakılardır:

14.13.1. istehsalat təlimi ustalarının və tədris emalatxanalarının işinə rəhbərlik edir;

14.13.2. hər bir tədris qrupu tərəfindən istehsalat təlimi proqramlarının yerinə yetirilməsini təmin edir;

14.13.3. tədris-istehsalat emalatxanalarında məhsul istehsalını planlaşdırır və hesabat işlərini təşkil edir;

14.13.4. istehsalat təlimi planlarının yerinə yetirilməsinə nəzarət edir, istehsalat təlimi dərslərinin aparılmasında istehsalat təlimi ustalarına texniki və metodiki köməklik göstərir;

14.13.5. istehsalat təliminin təkmilləşdirilməsi, tədris emalatxanalarında əməyin elmi təşkili, lazımi əmək və tədris şəraitinin yaradılması, kadrların ixtisasının və ixtisas mədəniyyətinin yüksəldilməsi sahəsində iş aparır;

14.13.6. texniki məlumatların əldə edilməsini və texniki yaradıcılıq sahəsində şagirdlərin fəaliyyətini təşkil edir, tədris emalatxanalarında istehsal olunan məhsulun keyfiyyətinin yüksəldilməsi və istehsalat təlimi prosesində qabaqcıl təcrübənin tətbiq edilməsi istiqamətində iş aparır;

14.13.7. tədris emalatxanalarında əməyin təhlükəsizliyini təmin edir;

14.13.8. şagirdlərin istehsalat təcrübəsi keçmələri üçün müəssisələrlə müqavilənin bağlanmasını və ixtisas imtahanlarına hazırlıq işlərini təmin edir;

14.13.9. peşə kurikulumlarının hazırlanmasında iştirak edir, tədris edilən ixtisaslar üzrə əmək bazarında mövcud olan tələbat haqqında məlumatı təqdim edir;

14.13.10. öyrədilən ixtisas üzrə əmək bazarında tədqiqat aparır, yeni texnologiyalar və innovasiyalar barədə məlumat toplayır;

14.13.11. təhsil müəssisəsinin büdcəsinin proqnozlaşdırılması zamanı tədris-istehsalat emalatxanasının tələbatları, istehsalat təlimi və istehsalat təcrübəsi üçün zəruri olan vəsait barədə məlumatı hazırlayır.  

15. İlk  peşə-ixtisas təhsili  prosesinin  iştirakçıları 

15.1. İlk peşə-ixtisas  təhsili  prosesinin  iştirakçıları  aşağıdakılardır:

15.1.1. təhsilalanlar - şagirdlər, müdavimlər;

15.1.2. təhsilverənlər (pedaqoji işçilər) - müəllimlər, məsləhətçilər, tərbiyəçilər, müəllim  köməkçiləri, çağırışaqədərki  hazırlıq  rəhbərləri, fiziki tərbiyə rəhbərləri, istehsalat  təlimi  ustaları, defektoloqlar, loqopedlər, psixoloqlar, sosioloq-pedaqoqlar, məktəb  uşaq  birliklərinin  rəhbərləri,  metodistlər,  təhsil  müəssisəsinin  dərnək  və  musiqi  rəhbərləri,  bilavasitə  tədrislə  məşğul  olan  mühəndis-texniki və tədris-köməkçi  işçilər, təlimatçılar, dayələr, kitabxanaçılar, nəşriyyat-redaksiya işçiləri,  təhsili  idarəetmə  orqanlarının  aparıcı  struktur  bölmələrinin  əməkdaşları, təlim-tərbiyə  işi  ilə  məşğul  olan  rəhbərlər,  təhsil  müəssisəsində  çalışan  konsertmeysterlər və məşqçilər,  sosial  müdafiə, səhiyyə  və  digər  orqanların  bilavasitə  pedaqoji  fəaliyyətlə  məşğul  olan  işçiləri;

15.1.3. valideynlər  və  ya  qanuni  nümayəndələr;

15.1.4. təhsili idarəetmə  orqanları  və  bələdiyyələr;

15.1.5. təlim-tərbiyə  prosesində  iştirak  edən  digər  fiziki  və  hüquqi  şəxslər (işəgötürənlər, biznes  sektorunun  nümayəndələri  və s.). 

16. Təhsilalanların, təhsilverənlərin və digər işçilərin hüquq və vəzifələri 

16.1. İlk peşə-ixtisas  təhsili  müəssisələrində  əmək münasibətləri və onunla bağlı digər sosial-iqtisadi münasibətlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu, bu Nümunəvi Nizamnamə,  təhsil müəssisəsinin nizamnaməsi, təhsil müəssisəsinin daxili intizam qaydaları və əmək müqaviləsi ilə tənzimlənir. Təhsil müəssisəsinin daxili nizam-intizam qaydaları və əmək müqaviləsi işçilərin işə qəbul edilməsini və işdən azad olunmasını, əmək müqaviləsinin tərəfdaşlarının hüquqlarını, təhsil müəssisəsində əmək rejimini və s. özündə əks etdirir. Əmək müqaviləsi mövcud qanunvericiliyə uyğun olaraq 1 ildən 3 ilə qədər müddətə bağlanılır və ilk peşə-ixtisas  təhsili müəssisəsinin nizamnaməsi ilə tənzimlənir.

16.2. Təhsilalanların hüquqları aşağıdakılardır:

16.2.1. qanunvericilikdə və qəbul qaydalarında nəzərdə tutulmuş tələblərə uyğun olaraq təhsil müəssisəsinə qəbul olunmaq;

16.2.2. təhsil müəssisəsini, təhsil istiqamətini, ixtisası, təhsilalma formasını və təhsil müəssisəsinin imkanları nəzərə alınmaqla təhsil dilini sərbəst seçmək;

16.2.3. dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;

16.2.4. təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, yarımillər üzrə kreditlərin miqdarını, təhsilverənləri sərbəst seçmək;

16.2.5. təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən, kitabxanalardan və s.) istifadə etmək;

16.2.6. fasiləsiz təhsil almaq;

16.2.7. sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

16.2.8. insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;

16.2.9. müəyyən olunmuş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti dayandırmaq;

16.2.10. dövlət vəsaiti hesabına qanunvericiliyə uyğun olaraq, yalnız bir dəfə pulsuz təhsil almaq;

16.2.11. təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

16.2.12. təhsil müəssisəsinin ictimai, sosial və mədəni həyatında,  dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların yaradılmasında iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli təşkilatlara üzv olmaq;

16.2.13. konfranslarda, seminarlarda, yığıncaqlarda, görüşlərdə və təhsillə bağlı digər tədbirlərdə iştirak etmək.

16.3. Təhsilalanların vəzifələri aşağıdakılardır:

16.3.1. dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;

16.3.2. mühəndis-pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

16.3.3. təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;

16.3.4. dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək.

16.4. Təhsilalanlar tərəfindən ilk peşə-ixtisas təhsili müəssisəsinin nizamnaməsi, daxili nizam-intizam qaydaları pozulduqda, onlara qarşı inzibati tənbeh tədbirləri görülür.

16.5. Təhsilverənlərin hüquqları aşağıdakılardır:

16.5.1. normal və təhlükəsiz əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə və müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

16.5.2. təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq, təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək;

16.5.3. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;

16.5.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

16.5.5. təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda seçkili vəzifələrə seçmək və seçilmək;

16.5.6. müəyyən edilmiş qaydada ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək, ixtisas  dərəcəsini yüksəltmək;

16.5.7. müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq.

16.6. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:

16.6.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

16.6.2. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini təmin etmək;

16.6.3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

16.6.4. şəxsi nümunəsi ilə təhsilalanlara Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət-ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

16.6.5. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

16.6.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;

16.6.7. gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;

16.6.8. ixtisasını və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq;

16.6.9. qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan keçmək;

16.6.10. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

16.7. Dövlət təhsil müəssisəsində rəhbər, mühəndis-pedaqoji və digər inzibati vəzifələrin tutulmasının yaş həddinə çatan pedaqoji işçilərin  vəzifə tutmamaq şərtilə, təhsil müəssisəsinin tədris və metodiki fəaliyyətində tam iştirak etmək hüququ təmin edilir.

16.8. Təhsil müəssisəsinin inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat, mühəndis-texniki, istehsal, tədris-köməkçi və digər heyətinin hüquq və vəzifələri müvafiq qanunvericiliklə və təhsil müəssisəsinin nizamnaməsi, təhsil müəssisəsinin daxili intizam qaydaları, eləcə də işəgötürənlərlə təhsilverənlər arasında bağlanan əmək müqavilələri ilə tənzimlənir. 

17. İlk peşə-ixtisas  təhsili  müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyəti 

17.1. İlk peşə-ixtisas   təhsili  müəssisəsinin əmlakı dövlət, bələdiyyə, təsisçilər, hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən, eləcə də qanunvericiliklə qadağan olunmayan və nizamnaməsində öz əksini tapan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir.

17.2. Təhsil müəssisəsi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Təhsil müəssisəsinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətə nəzarəti təsisçi və ya onun səlahiyyət verdiyi şəxs həyata keçirir.

17.3. Dövlət mülkiyyətində olan ilk peşə-ixtisas təhsili müəssisəsinin özəlləşdirilməsi qadağandır.

17.4. İlk peşə-ixtisas təhsili müəssisələri üçün maliyyə ili hər il yanvarın 1-dən başlayır, dekabrın 31-də isə başa çatır.

17.5. İlk peşə-ixtisas təhsili müəssisəsi öz nizamnaməsi ilə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərə, hüquqi və fiziki şəxslərdən ianələr və könüllü yardımlar ala bilər.

17.6. Dövlət  təhsil müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına,  təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsinə, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir.

17.7. Dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinin maliyyələşdirilməsi təhsilin  maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativlər  hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla müəyyən edilir.

17.8. Dövlət təhsil müəssisəsi nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ödənişli təhsildən əldə olunan vəsaitlərin və digər büdcədənkənar vəsaitlərin xərclənmə istiqamətlərini və işçilərin maddi həvəsləndirilməsinə ayırmaların xüsusi çəkisini qüvvədə olan qanunvericiliyə uyğun olaraq sərbəst müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardımlar göstərir.

17.9. Dövlət ilk peşə-ixtisas təhsili sahəsinə investisiyaların, o cümlədən xarici investisiyaların cəlb edilməsi məqsədi ilə əlverişli investisiya mühitinin yaradılmasını təmin edir. Bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər edilir.

17.10. Dövlət və bələdiyyə ilk peşə-ixtisas təhsili müəssisələri aşağıdakı mənbələr hesabına  maliyyələşdirilirlər:

17.10.1. qanunvericiliyə uyğun olaraq, dövlət büdcəsinin və yerli büdcənin vəsaitləri;

17.10.2. ödənişli təhsildən əldə olunan vəsaitlər;

17.10.3. qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər.

17.11. Özəl ilk peşə-ixtisas təhsili müəssisəsi aşağıdakı mənbələr hesabına maliyyələşdirilir:

17.11.1. təhsil xidmətlərinə görə əldə etdiyi vəsaitlər;

17.11.2. təsisçilərin (himayəçilərin) vəsaitləri;

17.11.3. qanunvericiliyə uyğun olaraq aldıqları qrantların  məbləğləri;

17.11.4. hüquqi və fiziki şəxslərin ianələri və yardımları;

17.11.5. təhsil, istehsal, məsləhət (konsaltinq) və qanunvericiliklə müəyyən edilmiş digər xidmətlərdən əldə edilən vəsaitlər;

17.11.6. qanunvericiliklə qadağan edilməyən və nizamnaməsində göstərilən digər mənbələr hesabına əldə olunan vəsaitlər.

17.12. Özəl ilk peşə-ixtisas  təhsili   müəssisəsi öz maliyyə vəsaitlərini sərbəst idarə edir. Özəl təhsil müəssisəsi təhsil haqqının məbləğini təhsil proqramlarına (kurikulumlara) uyğun olaraq aidiyyəti qurumlarla razılaşdıraraq  müəyyən edir.

17.13. Özəl təhsil müəssisəsi ilə təhsilalanlar, valideynlər və ya digər qanuni nümayəndələr arasında münasibətlər müqavilə ilə tənzimlənir.

17.14. İlk peşə-ixtisas təhsili müəssisəsində təhsilin dövlət təhsil standartlarına uyğun təşkil olunmaması nəticəsində təhsilalanların keyfiyyətsiz hazırlığı müəyyən edildiyi halda vurulmuş zərərin, o cümlədən təhsilalanların başqa təhsil müəssisələrində yenidən hazırlanması üçün zəruri olan xərclərin həmin təhsil müəssisəsi, təqsirkar şəxslər (direktor, pedaqoji işçilər) tərəfindən ödənilməsi barədə məhkəmədə iddia qaldırıla bilər.

17.15. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, iddia yalnız akkreditasiya edilmiş təhsil müəssisəsi barədə verilən mənfi rəyə əsasən qaldırıla bilər. 

18. Təhsil müəssisəsinin sahibkarlıq fəaliyyəti 

18.1. İlk peşə-ixtisas təhsili müəssisələri sahibkarlıq fəaliyyətinin "Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 10 nömrəli qərarı ilə müəyyən edilmiş növləri ilə məşğul ola bilərlər. 

19. Təhsil sahəsində beynəlxalq əlaqələr 

19.1. İlk peşə-ixtisas təhsili sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.

19.2. İlk peşə-ixtisas  təhsili  müəssisəsi qanunvericiliyə və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq, xarici ölkələrin ilk peşə təhsili müəssisələri, təşkilatlar, beynəlxalq qurumlar və fondlarla birbaşa əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına (ittifaqlara, birliklərə, assosiasiyalara) daxil ola və əməkdaşlığın digər formalarını həyata keçirə bilər.

19.3. İlk peşə-ixtisas təhsili müəssisəsi beynəlxalq səviyyəli birgə peşə təhsili layihələrinin hazırlanması, konfransların, simpoziumların keçirilməsi, şagirdlərin, mühəndis-pedaqoji işçilərin mübadiləsi və bu qəbildən olan digər fəaliyyətlərlə müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada müstəqil məşğul olmaq hüququna malikdir.

19.4. İlk peşə-ixtisas təhsili müəssisəsinin (xüsusi təyinatlı təhsil müəssisələri istisna olmaqla) fəaliyyətinin keyfiyyətini yüksəltmək və beynəlxalq əlaqələrini genişləndirmək məqsədi ilə Azərbaycan Respublikasının mövcud normativ hüquqi aktlarının tələblərinə əməl etməklə, öz nizamnamələrinə və mövcud qanunvericiliyə uyğun olaraq xarici tərəfdaşlarla birlikdə ölkə daxilində və xarici dövlətlərdə müştərək struktur bölmələri (mərkəzlər, filiallar, laboratoriyalar) yaratmaq hüququ vardır.

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov