Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2014 - №02

 

Şəhriyarın pedaqoji görüşlərinə dair sanballı tədqiqat əsəri

 

Azərbaycan pedaqoji fikir tarixinin zəngin qollarından və qaynaqlarından birini tarixin müxtəlif dönəmlərində yaşamış görkəmli filosofların, istedadlı sənət adamlarının, müqtədir söz ustalarının təhsilə, onun əhəmiyyətinə və insanın inkişafındakı roluna dair fikirləri, təlim-tərbiyə ilə  bağlı qənaətləri təşkil edir. Ona görə də pedaqogika və pedaqoji fikir tariximizin tədqiqi ilə məşğul olan mütəxəssislər öz araşdırmalarında bu sahəyə də xüsusi yer ayırır, xalqımızın elm, ədəbiyyat, incəsənət tarixində mühüm yer tutan, Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr vermiş görkəmli şair və yazıçıların yaradıcılığını bu yöndən tədqiqata cəlb edərək, onların pedaqoji görüşləri, maraqlı ideya və fikirləri haqqında sanballı əsərlər yazıb ortaya qoyurlar.

Ötən ilin sonlarında pedaqoji fikir xəzinəmizi zənginləşdirən daha belə bir tədqiqat əsəri çap edilərək oxuculara təqdim olunmuşdur. Bu, tanınmış pedaqoq-alim, respublika Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin Cənubi Azərbaycandan olan tədqiqatçı  Qulamhüseyn Ədaləti ilə birlikdə qələmə aldığı "Məhəmmədhüseyn Şəhriyar: pedaqoji görüşləri" əsəridir.

Kitab, adından da göründüyü kimi, böyük söz ustadı, çağdaş dövrümüzün ən qüdrətli sənətkarlarından sayılan və müasir İran şeirinin şahı adlandırılan Seyid Məhəmmədhüseyn Şəhriyarın təlim-tərbiyəyə dair fikirlərinə həsr edilib.

Bu maraqlı tədqiqat əsəri giriş, üç fəsil və nəticədən ibarətdir. Girişdə müəlliflər öncə şairin Azərbaycan, eləcə də İran poeziyasında yeri və mövqeyinə dair fikirlərini qələmə alıb, ulu öndərimiz Heydər Əliyevin böyük sənətkara verdiyi qiyməti diqqətə çatdırıblar. Sonra M.Şəhriyarın ədəbi irsi və sənətkarlıq xüsusiyyətləri haqqında yazan tədqiqatçıların xidmətləri xatırladılıb.

Şəhriyar irsinin tədqiqini araşdıran müəlliflər bu qənaətə gəlirlər ki, böyük ustadın təlim-tərbiyəyə aid fikirləri, ümumiyyətlə, pedaqoji baxışları indiyədək sistemli və xüsusi tədqiqat obyekti olaraq öyrənilməmişdir. Təqdim olunan kitab məhz bu sahədə atılan ilk addım kimi diqqəti cəlb edir. Müəlliflər bu tipli tədqiqatların aparılması sistemi ilə bağlı yaranmış ənənəyə sadiq qalaraq, öncə Məhəmmədhüseyn Şəhriyarın ictimai mühiti, həyatı və dünyagörüşü ilə bağlı qənaətlərini qələmə alıblar. Kitabın birinci fəslini əhatə edən bu araşdırmalarında Ə.Ağayev və Q.Ədaləti XX əsrin əvvəllərində İranda ictimai-mənəvi şəraitə nəzər salıb, həmin dövrdə təlim-tərbiyə sahəsindəki vəziyyətin mənzərəsini diqqətə çatdırıb, İranda təlim-tərbiyənin inkişafını 4 mərhələyə bölərək hər bir mərhələnin xüsusiyyətlərindən, hər birində görülmüş işlərdən söz açıblar.

Sonra müəlliflər M.Şəhriyarın həyatı və dünyagörüşündən geniş şəkildə bəhs edib, böyük şairin ömür və yaradıcılıq yolunu mərhələ-mərhələ təhlil ediblər. Kitabın birinci fəslində habelə M.Şəhriyarın insan konsepsiyası, yəni onun insana dair baxışları təhlil olunaraq ümumiləşdirilib.

Əsərin ikinci fəslində tədqiqatçılar M.Şəhriyarın əsərlərində təhsil, təlim və insanın sosial-mənəvi inkişafı məsələləri ilə bağlı apardıqları araşdırmaların nəticələrini təqdim ediblər. Burada böyük mütəfəkkir şairin təlim-tərbiyə məsələlərinə ümumi baxışı, təhsilin və biliyə yiyələnməyin zəruriliyi, uşaq oyunları və onların uşağın sosial inkişafına təsiri haqqında fikirləri ardıcıllıqla şərh edilmişdir.

Əsərin üçüncü fəsli "M.Şəhriyarın əsərlərində tərbiyə məsələləri" adlanır. Müəlliflər bu fəsildə öncə Şəhriyarın pedaqoji baxışlarında müəllim və valideyn amili məsələsini araşdırır, sonra isə ana dilinin milli tərbiyə vasitəsi kimi ədibin pedaqoji baxışlarında tutduğu yeri tədqiqata çəkir, dahi şairin ədəb qaydaları və əxlaq tərbiyəsi haqqında fikirlərini, onun əsərlərində təbiətsevərlik və vətənpərvərlik, əmək və estetik tərbiyə məsələlərini ətraflı təhlil edirlər.

Sonda müəlliflər bu qənaətə gəlirlər ki, görkəmli söz ustası kimi məşhur olan Məhəmmədhüseyn Şəhriyar, eyni zamanda, zəngin pedaqoji ideyalar daşıyıcısı bir müəllim, müqtədir ictimai pedaqoji fikir sahibidir. Onun pedaqoji fikirləri qloballığı və milliliyi, ümumbəşəriliyi, zənginliyi ilə diqqəti cəlb edir. M.Şəhriyarın pedaqoji ideyaları yalnız öz dövrü üçün aktual deyil, günümüzdə də xüsusi dəyərə malikdir və gələcəkdə də öz əhəmiyyətini saxlayacaqdır.

Əsərin əsas məziyyətlərindən biri də ondan ibarətdir ki, burada ustad sənətkarın təkcə Azərbaycan dilində deyil, fars dilində yazdığı əsərləri də təhlilə cəlb olunub, hər iki dildə olan əsərlərdən nümunələr gətirilib.

Kitab magistrlər, doktorantlar, tədqiqatçılar, eləcə də geniş oxucu dairəsi üçün nəzərdə tutulub. 

Yusif ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov