Bakıdakı 86 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsi
ilə bağlı keçirilən tədbirdə faciəni əks etdirən
fotostendlər, divar qəzetləri, şagirdlərin əl işlərindən
ibarət sərgi nümayiş olunub. Vətənimizin bütövlüyü və
azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Almaz
Əzizova bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə Bakıda rus imperiyasının törətdiyi qanlı
faciədən 24 il keçir. M.Qorbaçov başda olmaqla Sovet
İttifaqının o vaxtkı rəhbərləri Azərbaycan xalqına
xəbərdarlıq etmədən Bakıya qoşun yeritdilər. Böyük bir
faciə baş verdi. Həmin gecə günahsız, əliyalın insanlar
küçədə, yaşadığı evlərində gülləbaran edildilər. Bu
hadisənin səhəri ilk etiraz səsini qaldıran məhz
Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyev
oldu. Ümummilli liderin Azərbaycan xalqının tələbi ilə
ikinci dəfə hakimiyyətə gəlişindən sonra 20 Yanvar
hadisəsinə siyasi qiymət verildi və əsl həqiqət bütün
dünyaya bəyan edildi.
Məktəbin müəllimlərindən Şəfiqə Axundova, Zeynəb
Vəliyeva, Xanım Rzayeva qeyd ediblər ki, 20 Yanvar
faciəsi öz azadlığına, müstəqilliyinə can atan
xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirdi.
Azərbaycan xalqı böyük itkiyə məruz qalsa da, öz
müstəqilliyinə qovuşdu.
Tədbirdə məktəbin fəal şagirdləri çıxış edərək
şəhidlərin xatirəsinə həsr olunmuş şeir söylədilər,
mahnı oxudular və kompozisiya nümayiş etdirdilər.
***
20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar
Bakıdakı 263 nömrəli tam orta məktəbdə də anım
tədbiri təşkil olunub. Şagird və müəllimlərin iştirakı
ilə keçirilən tədbiri məktəbin direktoru Nəsimi Abbasov
açaraq 1990-cı il yanvarıın 19-dan 20-nə keçən gecə
paytaxtda və bölgələrdə baş verən hadisələri ötən əsrin
sonlarında xalqımızın azadlıq və milli müstəqillik
uğrunda apardığı mübarizənin qarşısının alınmasına
yönəlmiş aksiya kimi qiymətləndirib, lakin xüsusi
qəddarlıqla törədilən qırğının xalqın iradəsini qıra
bilmədiyini, təxminən iki ilə yaxın müddətdən sonra bu
mübarizənin müstəqilliyimizin bərpası ilə
nəticələndiyini diqqətə çatdırıb. Tədbirdə 20 Yanvar
faciəsinin miqyasını, bu faciəni törədən sovet ordu
hissələrinin amansızlığını əks etdirən faktlar və
rəqəmlər slaydlar vasitəsilə nümayiş etdirilib. Mərasim
şagirdlərin şəhidlərin ruhuna həsr etdikləri
ədəbi-bədii kompozisiya ilə davam edib. Tədbirdən sonra
məktəbin həyətyanı ərazisində şəhidlərin xatirəsinə həsr
olunmuş ağacəkmə mərasimi keçirilib.
***
Bakıdakı 308 nömrəli tam orta məktəbdə də xalqımızın
qan yaddaşına əbədi həkk olan 20 Yanvar faciəsi ilə
əlaqədar tədbir keçirilib. Faciənin iyirmi dördüncü
ildönümünə həsr olunmuş mərasimdə respublikamızın
suverenliyi, azadlığı, müstəqilliyi, ərazi bütövlüyü
uğrunda canlarından keçərək qəhrəmanlıq nümunəsi
göstərmiş Vətən oğullarının əziz xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.
Sonra məktəbin direktoru Təranə Məmmədova iştirakçılara
tarix boyu xalqımızın başına gələn müsibətlərdən
danışıb, bu faciəni törədənlər barədə bəzi faktları
sadalayıb. Azərbaycanın müstəqilliyi uğrunda canını
qurban verən vətən oğullarının qəhrəmanlıqlarından söz
açıb.
Şagirdlərdən Zərifə Bünyatova, Nərmin Kərimova, Fuad
Rəhimli, Zərifə İbrahimqızı və Nilufər Kərimlinin
ifasında şəhidlərə həsr olunan şeirlər, bayatılar
səslənib, ədəbi-bədii kompozisiya göstərilib.
Müəllimlər Ziyafət Əliyeva, Yeganə Yusifova, Pərvanə
Ələkbərova, Səadət Rzayeva çıxış edərək xalqımızın
qəhrəmanlıq tarixindən, 20 Yanvar faciəsinin acı
nəticələrindən, şəhid olub əbədiyyətə qovuşan Vətən
övladlarının şücaətindən danışıblar.
Sonda 20 Yanvar faciəsinə həsr olunmuş film
göstərilib.
***
Məhz o gecə xalqımızın övladları öz hünər və
rəşadətləri ilə ali bir zirvəyə - əsl qeyrət və kişilik
zirvəsinə qalxdılar. Bu fikirlər Bakıdakı 288 nömrəli
tam orta məktəbdə 20 Yanvar faciəsinə həsr olunmuş
tədbirdə səslənib. Tədbirin aparıcıları Sarəng Zallı,
Əfsanə Seyilova, Günay Nəsirzadə, Aysu Mirzəzadə, Fidan
Kərimova və Cəfər Səfərli bildiriblər ki, bu gün
Şəhidlər xiyabanında əbədiyyət yuxusuna getmiş mərdanə
övladlarımız, o gecə vəhşi imperiya tanklarının polad
tırtılları ilə doğranırdı, canlı insan bədənləri
güllələrdən deşik-deşik olurdu. Qıpqırmızı qan seli
axırdı paytaxtımızın küçələrindən. Avtomatlardan günah
yağmuru yağırdı xalqımızın günahsızlığına.
Məktəbin direktoru Gülüstan Ağazadə və müəllimləri
çıxışlarında bildiriblər ki, başına çox bəlalar gəlmiş
Azərbaycan zaman-zaman düçar olduğu fəlakətlərdən,
haqsızlıqlardan məhz fədakar övladlarının şücaəti
sayəsində qalib çıxıb. O qanlı-qadalı qış gecəsində
doğulan körpələrin indi 24 yaşı var. İnanmaq istəmirsən
ki, aradan bu qədər illər keçib. Hələ də gözlərimiz
önündən boz havalı, qüssəli Bakının o qəhərli günləri
çəkilmir. Əlbəttə, 20 Yanvar əslində millətimizin qürur
və şərafət günüdür. Nail olduğumuz azadlığı kimdənsə
sovqat almadıq. Onu qanımızla, canımızla, torpağa
tapşırdığımız müqəddəs əmanətlərimizlə əldə etdik.
Sonda məktəbin yuxarı sinif şagirdləri şəhidlərin
ruhuna həsr etdikləri ədəbi-bədii kompozisiya
göstəriblər.
***
Lerik Rayon Təhsil Şöbəsində 20 Yanvar faciəsinin 24-cü
ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayon
təhsil şöbəsinin əməkdaşları, məktəb direktorları və
digər şəxslər iştirak ediblər.
Tədbiri rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov
açaraq 1990-cı ilin yanvarında Azərbaycanın suverenliyi
və ərazi bütövlüyü naminə mübarizəyə qalxmış dinc
əhaliyə, soydaşlarımıza qarşı sovet imperiyasının qoşun
birləşmələrinin törətdiyi qanlı cinayətlərdən danışıb.
20 Yanvar faciəsini sovet imperiyasının törətdiyi
cinayət, xalqın milli azadlıq hərəkatını boğmağa
yönəlmiş məkrli siyasətin acı nəticəsi olduğunu qeyd
edib. Bildirilib ki, yanvarın 19-dan 20-nə keçən gecə
günahsız insanlar amansızcasına qətlə yetirilib,
yüzlərlə vətəndaş itkin düşüb. Lakin bütün bunlara
baxmayaraq, xalqımız azğınlaşmış sovet qoşunlarının
qarşısında mübarizliyini, qəhrəmanlığını bir daha
nümayiş etdirib.
Ümummilli lider Heydər Əliyevin bu faciənin dünya
ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü
işlərdən danışan B.Nəsirov qeyd edib ki, məhz ulu
öndərin təşəbbüsü ilə ilk dəfə bu hadisəyə
hüquqi-siyasi qiymət verilib, şəhidlərin xatirəsi
əbədiləşdirilib.
Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsində baş verən
vəhşiliklərdən danışaraq, faciənin xalqımızın qan
yaddaşından silinməyəcəyini vurğulayıblar.
Rəşad RAMAZANOĞLU,
Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi" |