Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2014 - №02

 

Tariximizin qəhrəmanlıq salnaməsi

 

Bakıdakı fizika-riyaziyyat və informatika təmayüllü liseydə  Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış 20 Yanvar faciəsinin  24-cü ildönümü münasibətilə ədəbi -bədii  kompozisiya keçirildi. İlk öncə Dövlət himni  səsləndi. Bir dəqiqəlik  sükutla şəhidlərin ruhu yad edildi. Qanlı Yanvar hadisələrini törədən cinayətkarlardan  söz açan liseyin direktor müavini Valeh Bəyalıyev xalqın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlıq salnamələri barədə ətraflı danışdı. Qeyd etdi ki, bu tarixi hadisə bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır və müstəqilliyini əldə etmək üçün bütün çətinlikləri adlamağa qadirdir. Əminlik ifadə olundu ki, Azərbaycan Prezidenti  İlham Əliyevin rəhbərliyi altında  həyata keçirilən siyasət nəticəsində işğal altında olan torpaqlarımız tezliklə geri qaytarılacaq, şəhidlərimizin müqəddəs ruhu şad olacaqdır. Vurğulandı ki, ulu öndərimiz Heydər Əliyev 20 Yanvar hadisələri zamanı  həlak olmuş insanların  xatirəsinin  əbədiləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atmışdır. Məhz onun məlum sərəncamı ilə 20 Yanvar Ümumxalq hüzn günü elan olunmuşdur. Şəhidlərin xatirəsinə ucaldılmış xüsusi memorial kompleks də  ümummilli liderin təşəbbüsü ilə ərsəyə gəlmişdir.

V.Bəyalıyev o günləri xatırlayaraq o müdhiş gecənin şahidi olduğu hadisələrdən, İlqar, Larisa, Vera və Nəriman kimi yeniyetmələrin, tələbə Ülvi Bünyadzadənin, əbədi məhəbbət dastanı olan İlhamla Fərizənin yarımçıq qalmış nakam talelərindən də söz açdı. 

Aparıcılar Orxan Miriyev, Nuray Kərimzadə  qanlı Yanvar   hadisələrində tarixdə misli-bərabəri olmayan yüzlərlə şəhid olmuş, itkin düşmüş, yaralanmış insanlardan bəhs etdilər.

Sonra  həzin musiqi sədaları altında məktəbin şagirdləri - Xədicə, Royal, Orxan, Nuray, Rəna, Şəhla, Solmaz "Şəhidlər",  "Ağla, qərənfil, ağla",  "Al bayraq", "Azərbaycan", "Qəhrəmanlar unudulmur", "Bir kərə yüksələn bayraq",  "Vətən bayatıları" və sair şeirlər söylədilər,  kompozisiya nümayiş etdirdilər.

Məktəbin direktoru Tariyel Talıbov, müəllimlər - Sərfinaz Əkbərova, Südabə Hüseynova, Allahverdi Məmmədov  xalqımızın qəhrəmanlıq tarixindən, şəhidlərimiztin ölməz xatirəsindən söz açdılar. Çıxışlarda qeyd olundu ki,  Azərbaycanın çağdaş tarixinə yazılan 20 Yanvar faciəsi  xalqımızın milli müstəqilliyi uğrunda apardığı mübarizənin ən parlaq nümunəsidir.

Sonda qanlı Yanvar hadisələrini əks etdirən videogörüntülər nümayiş olundu. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov