Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2014 - №02

 

Şəhidlərin xatirəsi Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda anıldı

 

Böyütmək üçün şəkili seçinAzərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun 29 dekabr 2013-cü il tarixli əmrinə əsasən yanvarın 13-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş "20 Yanvar - milli birlik və mübarizlik günüdür" mövzusunda elmi-praktik konfrans keçirildi. Əvvəlcə tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

İnstitutun professor-müəllim heyəti və tələbələrin iştirak etdikləri tədbirdə rektor, professor Asəf Zamanov çıxış edərək bildirdi ki, 20 Yanvar, ölkəmizin tarixində ondan əvvəlki faciələr kimi, XX əsrdə xalqımıza qarşı yeridilən düşünülmüş mənfur siyasətin növbəti təzahürü idi. Sovet ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrinin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət olundu. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni, o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan mənfur qonşu olan ermənilərin də təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görmədi, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.

Professor Asəf Zamanov qeyd etdi ki, Qorbaçovun qısqanclığı nəticəsində rəsmi Moskvanın təqib və təzyiqlərinə məruz qalan ümummilli lider Heydər Əliyev Bakıda törədilən bu qanlı faciənin ertəsi günü - yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib mətbuat konfransı keçirdi və kəskin bəyanatla çıxış edərək, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı təcavüzünü açıq şəkildə pislədi.

Qeyd edildi ki, Azərbaycan xalqına qarşı soyqırımının törədilməsi, sovet hakimiyyəti illərində əzəli və əbədi torpaqlarımızın tədricən ilhaq olunması, nəticədə ərazimizin 84 min kv.km-dək azalması, sovet rəhbərlərinin havadarlığı ilə başlayan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, soydaşlarımızın Ermənistandan - öz ata-baba torpaqlarından qovulması düşünülmüş mənfur siyasətin mərhələləridir.

1990-cı il yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan oğul və qızlarımız öz qanları ilə Azərbaycan tarixinə parlaq səhifə yazdılar, milli azadlıq və müstəqilliyimiz üçün yol açdılar, sovet imperiyasının dağılması üçün katalizator rolu oynadılar.

Natiq çıxışında onu da vurğuladı ki, Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda çəkişmələrə qarışmış rəhbərlər 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra - 1994-cü ildə qanlı Yanvar hadisələrinə siyasi - hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıqlandı.

Sonra institutun elmi işlər üzrə prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru Mönsüm Alışov,  tədris işləri üzrə prorektor Məhəmməd Bayramov, pedaqogika kafedrasının müdiri Fikrət Əliyev və digərləri çıxış edərək Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçən oğul və qızlarımızın igidliklərindən nümunələr gətirdilər.

Tədbirin sonunda tarixi faciələrimizin xronikası əsasında radioçarx səsləndirildi. 

BPKİYİ-nin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov