Kembric Universitetinin tələbəsi Orxan Həsənovla söhbət
Orxan Asəf oğlu Həsənov 1991-ci ildə Bakıda anadan olub.
2008-ci ildə 6 nömrəli tam orta məktəbi bitirib. Elə
həmin il Azərbaycan Dövlət Neft Akademiyasının neft-qaz
mühəndisliyi ixtisasına qəbul olunub. 2010-cu ilin
yanvarından avqust ayına qədər Böyük Britaniyanın
Nyukasl Universitetinin hazırlıq kurslarına (Foundation
Üear) qatılıb. İngilis dilində riyaziyyat, fizika, kimya
fənləri üzrə keçirilən hazırlıq kurslarını "əla"
qiymətlərlə başa vuraraq Nyukasl Universitetinin
bakalavr pilləsinə daxil olub. Bakalavr təhsilini
uğurla başa vuraraq 2013-2014-cü dərs ilindən "2007 -
2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Birləşmiş
Krallığın Kembric Universitetində kimya mühəndisliyi
ixtisası üzrə magistr təhsili alır.
Orxanla söhbətimizə orta məktəb illərindən başladıq.
- Orta məktəb illərində mən əsasən texniki fənlərə
üstünlük verirdim. Lakin digər fənlərə də marağım
vardı. O biri fənlərdən də müvəffəq qiymətlər alırdım.
Sadəcə elə bir məqam var ki, insan öz gələcək ixisas
seçimini etməli və hansı fənlərə daha çox diqqət
yetirməli olduğunu müəyyənləşdirməlidir. Qardaşım
universitetin hüquq fakültəsini bitirib, hüquqşünasdır.
Buna görə də mən bir qədər fərqli sahəni seçdim. Digər
tərəfdən neft sahəsinin ölkəmizdə inkişaf etməsi və
daha perspektivli olması da mənim ixtisas seçimimdə rol
oynayıb.
- Dövlət Proqramından faydalanmaq sizin də qismətinizə
düşüb...
- Bu proqram biz tələbələr üçün çox gözəl imkandır. Bu
layihəni çox müsbət qiymətləndirirəm. Ölkəmizdə
gənclərin xaricdə təhsili üçün belə bir şəraitin
yaradılması çox sevindirici haldır. Proqram gənclərimizə
xaricdə istədikləri universitetlərdə oxumağa,
perspektiv ixtisasa yiyələnmələrinə imkan yaradır. Bu
layihə həm də xaricdə təhsil almaq istəyən hər bir gənc
qarşısında ciddi məsuliyyət qoyur. Elə insanlar var ki,
xaricdə oxumaq istəyir, ancaq buna imkanları yoxdur. Bu
işdə dövlətimizin biz gənclərə diqqət və qayğısı çox
yüksəkdir. Biz gənclər bu diqqətə təhsil uğurlarımızla
cavab verməliyik. Dövlət Proqramı ölkəmizin daha da
tərəqqisi üçün atılmış ən mühüm addımlardan biri
kimi gənclərimizdə intellektual rotensialın aşkar
olunması və inkişafına xidmət edir. Ümid edirəm ki,
universiteti bitirdikdən sonra ölkəmizin inkişafına
lazımi intellektual töhfə verə biləcəyəm. Biz gənclərə
belə bir imkan yaratdığına və göstərdiyi diqqət və
qayğıya görə ölkə rəhbərinə minnətdarlıq edirəm.
- Bir qədər seçdiyiniz ixtisas barədə məlumat
verərdiniz...
- Mən Kembric Universitetində kimya mühəndisliyi
ixtisası üzrə magistr təhsili alıram. Seçdiyim ixtisas
genişprofillidir. Burada bütün kimya texnologiyaları,
dərman preparatlarının istehsalı kimi sahələr əks
olunur. Mənim dissertasiya işim də protein, interferon
preparatının istehsalı ilə bağlıdır. Digər mühüm
sahələrdən biri də neft texnologiyaları ilə bağlıdır.
- Tələbə həyatınız necə keçir?
- Nyukaslda bakalavr təhsili aldığım dövrdə əsl tələbə
həyatı yaşadım. Kembricdə isə boş vaxt yoxdur. Günün 12
saatını universitetdə təhsilimlə və araşdırmalarımla
məşğulam. Bir az vaxt olanda isə ancaq nahar edə
bilərsən. Qalan bütün vaxt müəllimlərin verdikləri
tapşırıqların yerinə yetirilməsinə həsr olunur. Xüsusi
vaxt yoxdur ki, əlavə işlərlə məşğul ola biləsən.
Nyukaslda olanda mən boş vaxtlarımda futbol oynayır,
güləşlə məşğul olurdum. İndi isə vaxtım çatmır.
- Britaniya mühitinə uyğunlaşmaq çətin oldu?
- Birinci il çətin olur. Yeməyi özün bişirməli,
paltarını özün yumalısan. Ancaq tez alışdım. Artıq
çətinliklər arxada qalıb.
- Kembric Universitetinin məşhur alimlərindən kimləri
tanıyırsan?
- Əlbəttə ki, Kembric Universiteti dünya elminə 86
Nobel mükafatı laureatı bəxş edib. Bu çox böyük elmi
nailiyyətdir. Nobel mükafatı almış alimlərin işlədiyi
universitetdə oxumaq şərəfdir. İstər Britaniya
universitetləri, istərsə də dünya universitetlərinin
reytinq cədvəllərində Kembric Universiteti ilk
yerdədir. Elə 2013-cü ildə mənim təhsil aldığım Sidney
Sussex Kollecinin məzunu Marti Karplyus kimya
sahəsində Nobel mükafatı aldı. Qeyd edim ki, Kembric
Universitetinin nəzdində çoxsaylı kolleclər var. Onlar
arasında isə çox böyük rəqabət var. Onlar "kimin daha
çox Nobel mükafatı laureatı var" deyə rəqabət
aparırlar. Kembric Universitetində görkəmli
şəxsiyyətlər, elm adamları çoxdur. Elə götürək
nəzəriyyəçi fizik Stiven Nokinqi. O həm Kembricdə
yaşayır, həm də universitetdə dərs deyir. Onunla
rastlaşmaq mənə müyəssər olmasa da, onun olduğu bir
mühitdə yaşamaq özü də qiymətlidir.
- Hazırda dünya təhsil sistemində köklü dəyişikliklər
baş verir. Avropadan baxanda Azərbaycan təhsilinin
inkişafını, onun uğurlarını necə görürsünüz?
- Dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycan
təhsilində də islahatlar aparılır. Avropanın bir sıra
ölkələrindəki kimi Azərbaycan universitetlərinin
maddi-texniki bazası gücləndirilir, yaxşı
laboratoriyalar yaradılır. Elmi araşdırmalar aparmaq
üçün texniki dəstək olmalıdır. Ali təhsil sistemində
çalışan işçilərin peşəkarlığı nə qədər yüksək, İnternet
resurslardan istifadə etmə bacarıqları nə qədər geniş
olarsa təhsilin səviyyəsi də artar. Təhsil naziri
Mikayıl Cabbarov bu istiqamətdə çox səmərəli fəaliyyət
göstərir. Yeni qəbul olunmuş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası" da ölkəmizin təhsil sisteminin inkişafında
yeni mərhələnin başlanğıcıdır. Gənclərimizin prioritet
ixtisaslar üzrə dünyanın nüfuzlu universitetlərinə
təhsil almağa göndərilməsi də Təhsil Nazirliyinin
fəaliyyətində ən uğurlu strateji xətdir. Əlbəttə ki,
Avropadan baxanda biz milli təhsil sistemində ciddi
keyfiyyət dəyişikliklərini görürük. Və bu bizi çox
sevindirir.
- Kembric Universitetində təhsil necə qurulub?
- Tam şəffaflıq və yaradıcı mühit. Britaniya təhsilinin
ən qabarıq xüsusiyyəti ondadır ki, universitetdə oxuyan
və eləcə də işləyən hər bir şəxs öz üzərində
işləməlidir. Deyək ki, müəlllim mühazirə oxuyur,
sonda eyni zamanda tədqiqatlar barədə hər bir tələbəyə
tapşırıqlar da verir. Tələbə məcbur olub, müəllimin
mühazirədə verdiyi biliklərdən əlavə tədqiqat
aparmalıdır. Lakin bu çox ciddi araşdırma olmalıdır.
Mövzuya səthi yanaşmaq olmaz, belə olarsa, o,
qiymətləndirilməyəcək. Ona görə də mövzu üzərində yaxşı
işləməlisən. Mühazirə materialı ilə kifayətlənmək olmaz.
- Britaniya universitetlərində təhsilin elmlə əlaqəsi
barədə nə deyə bilərsiniz?
- Təhsilin elmlə qarşılıqlı əlaqəsindən danışanda
Britaniyadakı təhsil qrantlarından danışmaq lazım
gəlir. Böyük Britaniya təhsilinin ən böyük üstünlüyü
ondadır ki, ölkənin ən iri şirkətləri, kompaniyaları
universitet tələbələrinə investisiyalar yatırırlar ki,
onlar elmin konkret bir sahəsində tədqiqatlar
aparsınlar. Tələbələr də maraqlıdırlar ki, tədqiqatlar
gedişində müəyyən nəticələr əldə etsinlər ki, bunun
müqabilində də qonorar alsınlar. Bu tədqiqatların
nəticələri iri şirkətləri də maraqlandırır. Çox zaman
tədqiqatlarda uğurlu nəticə əldə etmiş tələbə şirkət
tərəfindən işlə təmin olunur. Gələcəkdə isə onlar öz
biznes fəaliyyətlərini qura bilirlər. Yəni ki, imkanlar
çoxdur.
- Kembricdə Azərbaycan diaspor təşkilatları ilə
əlaqələriniz barədə...
- 2010-cu ildə Nyukaslda təhsil aldığım dövrdə mən
"Nyukasl Universiteti Azərbaycan Cəmiyyəti"ni yaratdım.
Bu şəhərdə 30-a yaxın azərbaycanlı tələbə təhsil alır.
Deyə bilərəm ki, bu cəmiyyət son 3 ildir ki uğurla
fəaliyyət göstərir. Bu illər ərzində Nyukaslda müxtəlif
tədbirlərdə, Xocalı faciəsinin ildönümünə həsr olunmuş
aksiyalarda fəal iştirak etmişəm. Aksiyalarda 150 nəfər
iştirak edib. Kembricdə isə azsaylı tələbə
kontingentimiz var. Buna baxmayaraq biz tez-tez görüşür,
söhbətlər aparırıq. Qarşıdan gələn Novruz bayramında
Kembricdə Azərbaycanı tanıtım məqsədilə müxtəlif
tədbirlər keçirməyi düşünürük. Qeyd edim ki, əvvəlki
tədbirlərin təşkilində və keçirilməsində Azərbaycanın
Böyük Britaniyadakı səfirliyi bizə dəstək olub.
Səfirliyimiz Azərbaycanla bağlı lazımi vəsaitlərlə bizi
təmin edib və biz onları yerli əhali arasında
paylamışıq.
- Ölkəmizə münasibət necədir?
- Mən 5 ildir ki, Böyük Britaniyadayam. Son vaxtlarda
Azərbaycana maraq və diqqətin ildən-ilə artdığını
söyləyə bilərəm. Azərbaycanın iqtisadi inkişafı,
Avroviziya musiqi yarışmasında əldə etdiyi parlaq qələbə
və gənclərimizin dünyamiqyaslı idman yarışlarında
qazandığı nailiyyətlər ölkəmizə diqqəti artırıb.
Əlbəttə ki, biz tələbələrin də əsas vəzifələrindən biri
ölkəmizi, mədəniyyətimizi, təhsilimizi yad ölkədə
layiqli təmsil etmək və Azərbaycanın inkişafını,
uğurlarını tanıtmaqdır. Bizim təhsil sahəsində əldə
etdiyimiz uğurlar Azərbaycan təhsilinin inkişafına
xidmət etməlidir.
- Azərbaycan mətbəxi üçün darıxmırsan ki?
- Əlbəttə, darıxıram. Ancaq Londonda 1-2 yerdə
Azərbaycan mətbəxi, restoranı var. Darıxanda dostlarımla
ora gedirik. Özümüz də milli xörəklərimizi bişirə
bilərik, lakin buna vaxtımız yoxdur.
- Yeni ili necə keçirdiniz?
- Yeni ili Azərbaycandan olan tələbələrlə birlikdə
Nyukasl şəhərində keçirdik. Azərbaycanın milli
yeməklərini hazırladıq. Sonra şəhərə gəzintiyə çıxdıq.
Səhəri isə artıq dərslərə qatıldıq. Tələbələrin Yeni il
bayramı cəmi bir gün çəkir, səhər artıq dərsdir. Səni
mühazirələr, araşdırmalar gözləyir. Yerli əhali isə
əsasən dekabrın 25-də Milad bayramını qeyd edir. Onlar
da öz milli yeməklərini, xüsusən də hinduşka
bişirirlər. Ailə üzvləri ilə gəzintilərə çıxırlar.
Şəhərdə möhtəşəm atəşfəşanlıq təşkil olunur.
- Sizcə, təhsildə uğur əldə etmənin sirri nədədir?
- Çox çalışmaq lazımdır. Mənə elə gəlir ki, hamının
az-çox dərəcədə bilik səviyyəsi var. Ancaq daha çox
qabağa gedən, yüksək bilik əldə edənlər öz üzərlərində
daha çox çalışan, zəhmət çəkən insanlardır.
- Gələcək planlarınız barədə...
- Azərbaycanda neft sektoru inkişaf edir, kimya
kompleksləri yaradılır. Texnologiyalar yenilənir. Bu
prosesdə güclü investisiya proqramlarının tətbiqi
zəruridir. Mən bu proqramların hazırlanmasında iştirak
etməklə öz töhfələrimi verməyə hazıram. Britaniyada
aldığım təhsil, qazandığım təcrübə, araşdırmalarımla
bütün səylərimi ölkəmizin inkişafı naminə səbərbər
etməyə çalışacağam. Əlbəttə ki, arzularımdan biri
Azərbaycana qayıdıb neft sektorunda çalışmaqdır.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |