Fakt və rəqəmlər
Qanlı Yanvar hadisələri zamanı Bakı şəhərində
131 nəfər həlak olub, ümumi nəticəyə görə isə bu
hadisələrdə yaralananların sayı 800, həbs
olunanların və itkin düşənlərin sayı isə 1000
nəfərdən çox olub.
Eyni zamanda 200 ev və mənzil talan edilərək
yandırıldı, 80 avtomaşın, külli miqdarda şəxsi
və dövlət əmlakı məhv edildi. Faciə SSRİ Daxili
İşlər və Müdafiə nazirliklərinin və Dövlət
Təhlükəsizlik Komitəsinin təşkilatçılığı ilə
müdafiə naziri Yazovun komandanlığı altında
törədildi.
Həmin günü xatırlayarkən...
20 Yanvar 1990-cı il! Bu tarix xalqımızın
yaddaşında ən ağrılı və dəhşətli bir gün kimi
qalmışdır. Məhz həmin gün Sovet Ordusunun seçmə
hərbi hissələri fövqəladə vəziyyət elan
olunmadan Bakıya yeridilərək misli görünməmiş
dəhşətli qırğınlar törətmiş, xalqımızın
neçə-neçə igid oğul və qızlarını qanına qəltan
etmişdir. Üstündən 12 il keçsə də, qəlbimizə
vurulmuş bu yara nəinki sağalmır, əksinə, hər
dəfə 20 Yanvar faciəsi xatırlanarkən yenidən
sızlayır. 20 Yanvarla bağlı xatirələr
çözələnərkən o müdhiş gecə göz önünə gəlir, hər
birimizin həyatında baş vermiş kədərli anlar
yada düşür. Həmin gün Vətənimizin azadlığı,
müstəqilliyi uğrunda mübarizəyə qalxmış insanlar
rus əsgərlərinin güllələrinə tuş gəldilər.
Qəhrəmanlıqlar, şücaətlər göstərərək həlak
oldular, şəhidlik zirvəsinə ucaldılar. O gecə
həmçinin yaralılarımız da çox oldu. Həkimlərin
səyi, bacarığı sayəsində çoxlu sayda yaralı
soydaşımız yenidən həyata qaytarıldı. 20
Yanvarda törədilmiş qanlı faciənin bilavasitə
şahidi olanlardan biri də BDU-nun jurnalistika
fakültəsinin mətbuat tarixi kafedrasının dosenti
Əliş Nəbilidir.
Düz 12 il bundan əvvəl bir xəbər bizi - o vaxt
BDU-nun jurnalistika fakültəsində oxuyan
tələbələri bərk sarsıtdı. Eşitdik ki, bizə dərs
deyən Əliş Nəbili yanvarın 20-də rus
əsgərlərinin atdığı güllə nəticəsində
yaralanaraq xəstəxanaya aparılıb. Qrupumuzdakı
uşaqlarla sözləşib, Əliş müəllimə baş çəkməyə
getdik. Xəstəxanada onu yaralı vəziyyətdə
görəndə özümüzə xeyli gələ bilmədik. Deyim ki,
nə o zaman, nə də sonralar Əliş müəllimlə baş
vermiş hadisə barədə danışmağa ürək etmədik.
Sadəcə olaraq müəllimimizi sağalıb, yenidən öz
iş yerində və sevimli tələbələrinin əhatəsində
görəndə ürəyimizdəki nigarançılıq sevinc hissi
ilə əvəz olundu...
Qanlı faciənin ildönümünü qeyd etməyə
hazırlaşdığımız bu günlərdə Əliş müəllimlə
görüşüb ona bir neçə sualla müraciət etdik,
hamının kədərlə xatırladığı, daim andığı o
gündən söz açdıq:
- Əliş müəllim, 20 Yanvar hadisəsindən 12 il
keçir. Xalqımızın tarixinə qanlı Yanvar kimi
daxil olmuş bu hadisəni, faciəni yaşamış şəxs
kimi necə qiymətləndirirsiniz? Ümumiyyətlə,
həmin müdhiş günü xatırlayanda hansı hissləri
keçirirsiniz?
- Mən deyərdim ki, 20 Yanvar hadisəsi ilk
növbədə Azərbaycan xalqının tarixində onun
müstəqilliyi uğrunda mübarizəsinin ən şanlı,
qəhrəmanlıq səhifələrindən biridir. Bu, əslində
xalqın təcavüzə qarşı sinəsini necə sipərə
çevirmək qabiliyyətini nümayiş etdirdi. Millətin
dəyanətini, vüqarını göstərdi.
Həmin gün Sovet Ordusunun möhkəm
silahlandırılmış hissələri tərəfindən Bakıda
faciə törədildi, xalqın nahaq qanı axıdıldı.
Xalqımız o zamanlar Sovet İttifaqına inanırdı.
Elə bilirdi ki, onun ordusu həm də bizimdir.
Həmin dövrdə ittifaq rəhbərliyinin
respublikamıza belə amansız münasibəti əslində
bütöv bir xalqa qarşı genosidin, soyqırımın
dövlət siyasəti səviyyəsinə qaldırılmasından
xəbər verirdi.
O illərdə hadisənin baş verəcəyinin simptomları
əvvəlcədən müşahidə olunurdu. Artıq bütün xalqın
əsəbləri tarıma çəkilmiş, cərəyan edən hadisələr
öz məcrasından çıxmağa başlamışdı. "Dağlıq
Qarabağ münaqişəsi" kimi göstərilən, əslində isə
Ermənistanın Azərbaycana qarşı ərazi
iddialarından xəbər verən həmin hadisələr
hamının ciddi narahatlığına səbəb olmuşdu. Bütün
bunlara cavab olaraq xalq öz birliyini nümayiş
etdirib, sözünü mitinq və etiraz aksiyalarında
bildirirdi. Təbii ki, hadisələrin bu cür gedişi
SSRİ rəhbərliyini narahat etməyə bilməzdi.
Nəticədə onlar heç bir xəbərdarlıq etmədən
Bakıya Sovet Ordusunun qoşunlarını yeritdilər.
Öz müstəqilliyini, ərazi bütövlüyünü qorumağa,
müdafiə etməyə çalışan çoxlu sayda insan qətlə
yetirildi, həmçinin yaralandı. Lakin xalqımızın
iradəsi, həmrəyliyi və mübarizliyi Sovet
imperiyasını diz çökdürməyə məcbur etdi. 20
Yanvar faciəsi göstərdi ki, xalqa qarşı çıxmaq,
onu zorla təslim etmək mümkün deyil. Bu faciə
Sovet imperiyasını bütün xalqların gözündən
saldı və onun nüfuzdan düşməsinə səbəb oldu. 20
Yanvar faciəsi bir daha hamıya sübut etdi ki,
zülmlə, silahla azadlığın, müstəqilliyin
qabağını almaq olmaz.
Bu gün bizim hamımız üçün müqəddəs ziyarətgaha
çevrilmiş Şəhidlər xiyabanında yüzlərlə qəhrəman
oğul və qızlarımız uyuyur. Onların ruhu
qarşısında baş əyirəm. Allah onlara rəhmət
etsin! Qəbirləri nurla dolsun!
- Sizin fikrinizcə, bugünkü gəncliyin
təlim-tərbiyəsində 20 Yanvar faciəsi nə kimi rol
oynayır? Müəllimlərimizin bu istiqamətdə
gördükləri işlər təhsil işçisi kimi sizi qane
edirmi?
- Suala cavab olaraq bildirim ki, ilk növbədə
bu, xalqımızın qəhrəmanlığını özündə təcəssüm
etdirən və hamının qüssə ilə yad etdiyi, eyni
zamanda qürur hissi keçirdiyi bir gündür. Hər
bir şagirdin, tələbənin hafizəsində də 20 Yanvar
faciəsi mən deyərdim, belə qalmışdır. Həmin
hadisə gənclərimizin vətənpərvərlik ruhunda
böyüməsində, milli-mənəvi tərbiyəsinin
formalaşmasında əsaslı rol oynayır. Bu işdə
xüsusilə müəllimlərimizin üzərinə mühüm
məsuliyyət düşür. Bir hadisə haqqında danışmaq
istəyirəm. 20 Yanvarda üzərimdə aparılan
cərrahiyyə əməliyyatından bir neçə gün sonra
reanimasiya şöbəsindən çıxarılıb palataya
köçürülmüşdüm. Artıq yavaş-yavaş özümə gəlməyə
başlayırdım. Hiss edirdim ki, həkimlər məni hər
dəfə müayinə edərkən qımışırlar. Növbəti müayinə
zamanı onlardan biri dözməyib dedi ki, Əliş
müəllim, biz həkimlər belə qənaətə gəlmişik ki,
peşələrin ən müqəddəsi və şərəflisi
müəllimlikdir. Onlardan niyə belə
fikirləşdiklərini soruşduqda məlum oldu ki,
cərrahiyyə əməliyyatından sonra çoxlu qan
itirmişəm. Tələbələrim həkimlərdən xahiş ediblər
ki, onların qanından mənə vurulsun. Həkimlərin
qan ehtiyatının olduğunu deməsinə baxmayaraq,
tələbələr eşitdikləri cavabla qane olmayıblar.
Nəhayət, xəstəxananın baş həkimi işə qarışandan
və buna ehtiyac olmadığını deyəndən sonra onlar
fikirlərindən daşınıblar. Həmin hadisəni
həkimlər mənə danışanda, o zaman doğrudan da
müəllimlik sənətinin müqəddəsliyini, şirinliyini
duydum. Mənim üçün həyatımda bu, qazandığım ən
qiymətli hədiyyə, mükafat idi. Bunu deməkdə əsas
məqsədim odur ki, istər şagirdin, istərsə də
tələbənin həyatında müəllim müstəsna rol
oynayır. Onlar arasında münasibət düzgün
qurulmalı, səmimi olmalıdır.
Xalqımızın tarixi keçmişinin gənclərimizə
ətraflı öyrədilməsi məsələsinə gəldikdə isə,
deyərdim ki, müəllimlərimiz buna xüsusi səy və
diqqət göstərməlidir. Millətimizin yaşamış
olduğu 20 Yanvar faciəsi və neçə-neçə digər
tarixi hadisələr olduğu kimi gənc nəslə başa
salınmalı, onların əsl vətənpərvərlik ruhunda
tərbiyə olunmalarına ciddi fikir verilməlidir.
Azərbaycan Respublikası hazırda müstəqil bir
dövlət kimi bütün dünyada tanınır. Xalqımızın bu
müstəqilliyə qovuşması üçün keçdiyi bütün
keşməkeşli, əzablı yollar, hər birimiz üçün
artıq tarixə çevrilmiş qəhrəmanlıq səhifələri
daim öyrənilməli və onlar hər bir kəsə ətraflı
izah olunmalıdır.
Söhbəti qələmə aldı:
Samirə KƏRİMOVA
"Azərbaycan müəllimi",
18-24 yanvar 2002-ci il, № 03
Xalqın
milli qürur günü
Azərbaycan xalqı tarix boyu bir çox sınaqlardan
qalibiyyətlə çıxmağı bacarıb. Xalqımızın
sevincli günləri ilə yanaşı, mübarizələrlə dolu
illəri, tarixinin qanlı-qadalı səhifələri də az
olmayıb. Bəzən faciələrlə, düşmənlərin məkrli
planları ilə də üzləşmişik. Parlaq qələbələrimiz
də olub, acı nəticələr verən qarşıdurmalar da.
Lakin Azərbaycan xalqı heç zaman nə sarsılıb, nə
də ruhdan düşüb. Öz gücünə inanıb, qüdrətinə,
vətənpərvər övladlarına arxalanıb.
1990-cı ilin 20 yanvar tarixi də Azərbaycan üçün
növbəti sınaqlardan biri oldu. Ölkəmizin
müstəqilliyi uğrunda mübarizə aparan xalqımız
keçmiş sovet hərbi birləşmələrinin qəfil
hücumuna, amansız qətliama məruz qaldı. Bakıya
və digər rayonlara ordu hissələri yeridildi.
Xalqın dinc etirazı vəhşiliklə, silahla
qarşılandı. Hərbi texnika və odlu silahlar
vasitəsilə günahsız insanlar qətlə yetirildi.
Uşaq, qadın, qoca demədən, hər kəsə atəş açıldı.
Hətta yaralılara yardıma tələsən təcili tibbi
yardım maşınları belə gülləbaran edildi.
Bizim yaşımız az olsa da, bu məlumatları
dərsliklərdən, sevimli müəllimlərimizdən
öyrənmişik. Oxuduğumuz digər kitablar, qəzetlər
və televiziya verilişlərindən də bu faciə
haqqında az bilgi almamışıq. Xüsusən sinif
müəllimimiz Mehparə Həbibli bizdə tariximizin
şərəf səhifəsi olan 20 Yanvar haqqında aydın
təsəvvür yaradıb. O, nə qədər faciəli, ağrılı
olsa da, həmin hadisələrin müstəqilliyimizi daha
da müqəddəsləşdirdiyini bildirir.
Qanlı 20 Yanvar qətliamı ölkəmiz üçün müasir
dövrün ən ağır hadisələrindən biri idi. Faciə
gecəsinin səhəri Azərbaycan tufandan çıxan
dənizi xatırladırdı. Hər kəs hüznlü, hər tərəf
viran, küçələr qana boyanmış... Lakin indi
televiziya ekranlarından, fotoşəkillərdən
gördüyümüz kimi, xalq öz qəhrəman övladlarını
ehtiramla son mənzilə yola salmaqdan çəkinmədi.
Nə ordudan qorxub-çəkindi, nə də öz istəyindən
döndü.
Həmin günlər, həmin hadisələr bizi daha fəal
olmağa, Azərbaycanın daha da güclənməsi üçün
bacardığımızı etməyə səsləyir. Biz şagirdlər
yalnız dərslərimizi yaxşı oxumaqla, gələcəkdə
yaxşı mütəxəssis olmaqla ölkəmizə xeyir verə
bilərik. Bu, Azərbaycanı sevən, bu Vətən üçün
canını belə əsirgəməyən şəhidlərimizin ruhuna ən
böyük ehtiramımız ola bilər. Axı onlar da azad
və inkişaf etmiş Azərbaycan üçün mübarizə
aparırdılar.
Azərbaycan indi güclü ordusu olan zəngin bir
ölkədir. Lakin heç vaxt qəhrəmanlarımızı, igid
Vətən övladlarının fədakarlıqlarını
unutmamalıyıq. Unutsaq, azadlığımızın,
müstəqilliyimizin qədrini bilmərik. Dünyada isə
azadlıqdan, müstəqillikdən şirin heç nə yoxdur.
Cabir MƏMMƏDOV,
Tahir HƏSƏNLİ,
Mirsəid CABBAROV,
Bakı şəhərindəki 20 nömrəli məktəb-liseyin IV-v
sinif şagirdləri
Şəhid
tələbə
1989-cu
ilin ortalarında həyat yoldaşımla birlikdə
Leninakandan hərbi xidmətdən Bakıya
qayıtmışdıq. Beş ay idi ki, "Yeni fikir"
qəzetində işləyirdim. Redaksiyada çox mehriban
kollektivimiz vardı. Gülsəda, Təranə, Ülviyyə,
Şərafət... Qızlarımızın ən çox deyib-güləni,
nikbini Gülsəda ilə Təranə idi. Gülsədagil
ailədə cəmi iki uşaqdı: özü, bir də qardaşı
Azər. Azər İncəsənət İnstitutunun axırıncı kurs
tələbəsi idi. Rejissor olacaqdı. Gülsəda qardaşı
ilə fəxr edirdi, ondan ağızdolusu danışırdı.
Söhbətinin əvvəli də Azər idi, axırı da...
O gecə bütün Azərbaycan oyaqdı... Atılan
silahların səsi, gəmilərin vahimə yaradan fiti
hələ Bakının mərkəzi küçələrini bilmirəm, hətta
Əhmədlidə də açıq-aşkar eşidilirdi. Lap
yaxınlıqdan ötən maşınlardan reproduktorlarla:
"Hamınız evləri tərk edin, rus əsgərləri indicə
evlərə doluşub hamınızı qıracaq"- deyənlər
əhalini evlərini tərk etməyə təhrik edirdilər. O
vaxtlar hamının evində olan divar radiosundan
sübh tezdən eşitdiklərimiz ayağımızı yerə
yapışdırdı: 70 il şəninə nəğmələr qoşduğumuz
"xilaskar sovet ordusu" bu gecə -1990-cı il
yanvarın 19-dan 20-sinə keçən gecə günahsız
Azərbaycan vətəndaşlarını qanına qəltan edib...
O qanlı gecədən bir müddət sonra ilk dəfə işə
gələndə bildim ki, adını şəhid olanların
sırasında eşitdiyim Ələkbərov Azər Nəsib oğlu
Gülsədanın yeganə qardaşı Azər imiş. Biz o
gündən sonra daha əvvəlki Gülsədanı görə
bilmədik. 20 yanvar gecəsi bizim Gülsədamızı
əlimizdən çaldı. 20 yanvar gecəsi Gülsədanın
gülüşünü, şən səsini, təbəssümünü oğurladı...
Sonralar üç ilə yaxın bir yerdə işlədik.
Gülsədanın toyunda redaksiya kollektivi ayrıca
stolda oturmuşduq. Çalğıçılar çalırdı,
istəyənlər oynayırdı, söhbət edənlər astadan
ürəklərini boşaldırdı. Nəsib müəllimin yeganə
qızının, həm də yeganə övladının toyuna çox
adam gəlmişdi. Amma gəlinin də, valideynlərinin
də bir gözü giriş qapısında qalmışdı. Özlərini
inandırmağa çalışırdılar ki, Azər canından çox
istədiyi bacısının toyuna gəldi bəlkə...
O toyda hər şey lazımınca təşkil edilmişdi.
Çatışmayan bircə gəlinin toya gəlməyən qardaşı
idi: 20 yanvar gecəsindən qurtulub evlərinə dönə
bilməyən Azər.
20 Yanvar faciəsində o gecənin qurbanı olmuş bir
tələbə haqqında yazı hazırlamaq lazım olduğunu
biləndə, istər-istəməz Azəri xatırladım, Gülsəda
düşdü yadıma... Unutmadığım ev nömrələrini
yığdım. Anası Sürəyya xala cavab verdi. Məni
xatırladı, tanıdı. Düzü, Azərlə bağlı anadan nə
isə soruşmağa ürəyim gəlmədi. Gülsədanın əl
telefonunu istədim.
Elə bil dünən çıxmışıq "Yeni fikir"in yerləşdiyi
İçərişəhərin qoşa qala qapısından çölə, Gülsəda
"39"nömrəli avtobusla gedib mənzil başına, mən
də metronun "Bakı Soveti" stansiyası ilə... Nə
səsi dəyişib Gülsədanın, nə də səmimiyyəti. Elə
telefondaca canımı dişimə tutub suallarımı
verdim...
- Azər məndən iki yaş kiçikdi. Mən 1965-dənəm,
Azər isə 9 avqust 1967-ci ildəndir.
- Başına dönüm Gülü, özünü toxtat... Biz bu
yazıda 24 il əvvəlki Azəri bugünkü gənc nəslə
tanıtmaq istəyirik.
- Bilirsən də instituta girmək nə deməkdir. Onun
sevinci hamımızın sevinci idi. Azər birinci il
qəbul imtahanlarından kəsilmiş, Respublika
Kitabxana Kollektorunda fəhlə kimi işə
başlamışdı. Onların direktoru erməni qadını idi.
O qadın iş vaxtı Azərə qarşı kobudluq etmiş:
"Sən fəhləsən də, mən səninlə istədiyim kimi
rəftar edə bilərəm. Sən heç vaxt instituta girə
bilməzsən" - demişdi. Azər ikinci ili
imtahanlara o qədər ciddi hazırlaşdı ki, erməni
direktora sübut etdi ki, fəhlə işləmək mənim
alnıma yazılmayıb. Mən də instituta girib oxuya,
ali təhsil ala bilərəm. Demək istəyirəm ki, Azər
çox prinsipial, dediyini edən, verdiyi sözün
üstündə duran oğlan idi.
- Azər hansı fakültədə oxuyurdu?
-Qardaşım İncəsənət İnstitutunun (indiki ADMİU)
mədəni-maarif fakültəsində kütləvi səhnə
rejissoru ixtisası üzrə təhsil alırdı.
...Axırıncı kursda oxuyurdu. Fevralda diplom
işinin mövzusunu götürəcəkdi, mayda dövlət
imtahanlarını verəcək, ali təhsilini başa vurub
diplomunu alacaqdı. Yayda da teatr truppası ilə
Almaniyaya getməli idilər. Rejissor işləyəcəyinə
çox fərəhlənirdi.
Azər musiqini çox sevirdi. Bəhram Mansurovdan
evdə tar dərsi alırdı.
İdmanın karate növü ilə məşğul olurdu.
Təbiətən çox sakit, tərbiyəli idi. Müəllimləri
ona görə Azərin xətrini həddən artıq
istəyirdilər.
Azərin eyni adda iki qız dostu vardı. Şəklini də
gətirmişdi evə, həmişə o şəklə baxırdı. İndi
Gənc Tamaşaçılarda aktrisadı o xanım. Azərin
7-si günü zəng vurmuşdu evimizə ki, "Azəri
olar?". "Bilmirsiz ki, Azər rəhmətə gedib." -
cümləsini eşidən kimi telefonun o biri başında
qiyyə çəkməyi bir oldu. Bir saat keçməmiş bir də
gördük həmin xanım durub gəlib bizə. Elə hey
ağlayaraq deyirdi ki, mən niyə eşitməmişəm?!
Deyirlər 24 il bir igidin ömrüdür, amma anamın
Azər yarası hələ qaysaq tutmayıb?! Atamı da
oğlunun yoxluğu 2007-ci ildə Azərin ad günündə
apardı bu dünyadan...
Özü bizi vaxtsız tərk etsə də, Azərin adı bu gün
də evimizdə yaşayır. İki qızım və mən anamla bir
evdə qalırıq. Qızlara nəsə lazım olanda anam, ya
da mən deyirik ki, Azərin otağındadır, keç
götür. Azərin adı bizim evdə indi də çəkilir,
Azər indi də sağdır bizim üçün. Atam Nəsib
Ağstafanın Köçəsgər kəndindən, anam Sürəyya isə
Qərbi Azərbaycandandır.
Hər 20 yanvar gələndə baş götürüb qaçmaq
istəyirəm bu dünyadan...
Öz ömrünü yaşaya bilmədi Azər... Yaşasaydı, kim
bilir indi səsi haralardan gəlirdi, çox
həvəslənirdi sevib- seçdiyi sənətlə məşğul
olmağa. Hərdən fikirləşirəm ki, heç kim yoxdu
yanımda. Eh...h! Azər sağ olsaydı deyirəm...
Məni bu boyda dərdlə baş-başa buraxmayaydı, məni
bu işıqlı dünyada tək-tənha, arxasız
qoymayaydı?! Kiminsə bir problemi olanda tez
qaçır bacı üstünə, qardaş üstünə... Bəs mən kimə
üzümü tutum?
Qızlarım hər 20 yanvar gələndə üzünü
görmədikləri, sağlığında "dayı" deyib
çağırmadıqları Azərin məzarını ziyarətə
gedirlər, bir gün əvvəldən Azərin adına stol
açırlar, üstünü elə bəzəyirlər ki, sanki Azər bu
saat qapını açıb içəri girəcək.
Azərin ad günlərində də təmtəraqlı süfrə
düzəldirik. Matəm kimi yox, toy-nişan stolu
kimi... Anam xeyir iş eləməyib axı Azərə... Ona
görə yarasına bu yolla su səpməyə çalışırıq.
Bu matəm günündə bilirsən ürəyimdə hansı
arzularım var? Qoy gənclərimizin həyatı heç vaxt
yarıda qırılmasın. Onlar əmin-amanlıq, sülh
şəraitində yaşasınlar, oxusunlar, təhsil
alsınlar, vətən sevgisinə köklənsinlər. Amma
şəhid olmasınlar. Şəhid bacısı da olmasınlar...
Ellada UMUDLU,
"Azərbaycan müəllimi |