Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2014 - №02

 

AMİ-nin əməkdaşları Fransanın təhsil sistemi ilə tanış olublar

 

Böyütmək üçün şəkili seçinBu gün müstəqil, sürətlə inkişaf edən dövlətimizin beynəlxalq əlaqələr sahəsində atdığı ən mütərəqqi addımlardan biri Avropa təhsil  məkanına inteqrasiya məqsədi ilə bu ərazidə olan dövlətlərin təhsil sistemini öyrənmək, qabaqcıl təcrübəni mənimsəmək və Azərbaycan təhsilində aparılan islahatları ardıcıl və davamlı etməklə böyük uğurlara imza atmaqdır.   Beynəlxalq rəqabətə davamlılığını artırmaq məqsədi ilə Azərbaycanda  təhsilin inkişafına dair Dövlət Strategiyasının  qəbul olunması və onun həyata keçirilməsini təmin etmək məqsədi ilə fəaliyyət proqramının hazırlanması tələbi Avropa təhsil sistemini daha dərindən öyrənməyi, qabaqcıl təcrübəyə əsaslanmağı bir zərurətə çevirir. Bu mənada Fransa kimi zəngin dövlətçilik  və təhsil tarixinə malik bir dövlətin təcrübəsini öyrənmək, məqbul cəhətləri mənimsəmək məqsədəuyğundur.

Azərbaycan Məllimlər İnstitutu ilə Fransanın tanınmış ali təhsil müəssisələrindən biri olan Serj-Pontuas Universiteti arasında ikitərəfli müqavilə bağlanmış və tərəflər müxtəlif öhdəliklər götürmüşlər. Öhdəliklərdə təhsilin müxtəlif istiqaməti üzrə təcrübə mübadiləsi, tədqiqatlar, araşdırmalar aparılması nəzərdə tutulmuşdur.

Fransada təhsil sisteminin ən başlıca özəlliklərindən biri dövlətin təhsil müəssisələrinə sahib olmasıdır, başqa sözlə, bu  ölkədə təhsil pulsuzdur.

Fransada orta təhsil 12 il müddətində həyata keçirilir və ümumilikdə təhsil sistemi  aşağıdakı struktura malikdir:

- məktəbəqədər təhsil (6 yaşınadək);

- ibtidai təhsil (6-11 yaş);

- orta təhsil (11-18 yaş);

- ali təhsil. 

Orta təhsil 

Hazırda Fransada orta təhsil sistemi üç qrupa bölünür:

1. İbtidai məktəb (5 illik təhsil)

2. Kollec (4 illik təhsil)

3. Lisey (3 illik təhsil)

Fransada uşaqlar  məktəbə  6 yaşdan cəlb edilir və ibtidai məktəblə kollecdə oxumaq məcburidir. Adətən, məktəblərdə çərşənbə günləri dərs olmur. Çərşənbə, şənbə və bazar günləri uşaqlar istirahət edir, qalan günlərdə isə  dərslərə davam edirlər. İbtidai təhsili bitirən hər bir şagird kollecdə oxuya bilər. Kollecdə təhsil iki dövrə ayrılır:

1. Müşahidə dövrü;

2. İstiqamətləndirici dövr.

Ümumtəhsil liseylərində təhsil üç il müddətində həyata keçirilir və şagirdlər sonda buraxılış imtahanı verərək bakalavriat diplomu alırlar. Bakalavr sözü bizim təhsil sistemindən fərqli olaraq, Fransa təhsil sistemində ali təhsili deyil, ümumtəhsil sahəsini əhatə edir. Bakalavriat diplomu alan hər kəs universitetə qəbul olmaq imkanı qazanır.

Kolleci bitirdikdən sonra şagirdlər peşə liseylərinə üz tutaraq, iki il burada təhsil almaqla müəyyən peşələrə yiyələnə bilərlər.  Təhsili başa vurduqdan sonra onlara ümumi peşə təhsili şəhadətnaməsi verilir. 

Ali təhsil 

Fransada ali təhsil  sistemi çox rəngarəngdir. Burada  dövlət universitetləri, ali məktəblər, elmi-tədqiqat laboratoriyaları, tədqiqat mərkəzləri mövcuddur.  Ən nüfuzlu ali təhsil müəssisələri dövlət universitetləri hesab olunur. Hər bir universitet öz proqramını hazırlayır və tələbələrini özü seçir. Universitetlərin  nəzdində  müxtəlif növ institutlar fəaliyyət göstərir. Universitetlərə daxil olmaq üçün bakalavriat diplomuna sahib olmaq əsas şərtdir.

Fransada universitet təhsili üç səviyyəni özündə birləşdirir: lisans, master, doktorluq.  Lisans Azərbaycan təhsilində bakalavr dərəcəsinə uyğun gəlir.  Bu səviyyədə təhsil 3 il ərzində, 6 semestrdə 180 kredit həcmində həyata keçirilir. Lisansı bitirənlərə sonda diplom verilir. 

Lisansda təhsil müxtəlif istiqamətdə ola bilər: filologiya və dillər, iqtisadi və sosial idarəetmə, hüquq və siyasi elmlər, mühəndislik texnologiyaları,  təbiət elmləri və dəqiq elmlər,  texnologiyalar, ilahiyyat və s. Lisansı uğurla bitirən tələbələr master səviyyəsində təhsillərini davam etdirə bilərlər. 

Master səviyyəsində təhsil iki il müddətində həyata keçirilir və məzuna iki müstəqil diplom verilir: Master 1 (M1) və Master 2 (M2) Master diplomları da elmlə məşğul olmaq və ya istehsalatda çalışmaq arzusunda olanlar üçün fərqli olur. Belə ki, elmi tədqiqatlar üzrə master diplomu, peşəkar master diplomu.  Master səviyyəsində təhsil 4 semestr ərzində hər birində 30 kredit olmaqla cəmi 120 kreditlə tamamlanır.

I semestrdə  272 saat dərs tədris olunduqdan sonra 144 saat həcmində passiv praktika keçilir. II semestrdə də 271 saat dərs tədris olunur. Bu semestrdə təcrübə yoxdur. Lakin müsabiqəyə hazırlıq nəzərdə tutulur. Müsabiqə dedikdə imtahan verərək M2-yə keçə bilmə nəzərdə tutulur. İmtahanı uğurla verənlər M2-yə keçirlər. Müsabiqə zamanı  iki  yazılı və iki  şifahi imtahan vermək lazım gəlir. Şifahi imtahana getmək üçün əvvəlcə yazılı imtahandan keçmək lazımdır. 

Masterlər aşağıdakı məsələləri bilməlidirlər:

-Müəssisənin daxilində etik və məsuliyyətli davranmaq;

-Fransız dilini bilmək;

-Şagird və böyüklərlə iclas aparmaq;

-İKT-ni bilmək;

-Elmi tədqiqat bacarığına malik olmaq;

-Təhsil müəssisəsini yaxından tanımaq;

-Məktəb həyatında yaxından iştirak etmək və valideynlərlə əməkdaşlıq;

-Şagirdlərin tərbiyə məsələlərinə nəzarət etmək;

-Müəssisənin rəhbərinə müəyyən məsləhətlər verməyi bacarmaq;

-Dövlətçilik və müəssisənin mənafeyini, daxili qanunlarını bilmək;

 -Şagird nailiyyətlərinin artırılmasına kömək etmək.

Masterlər yüksək ixtisaslı mütəxəssislər tərəfindən hazırlanır. Təhsilin sonunda masterlər pedaqoji, psixoloji və metodoloji  mövzularda diplom işi yazırlar. Master 1 səviyyəsində sırf nəzəriyyə, Master 2 səviyyəsində isə metodika öyrədilir.

Ali təhsilin sonuncu üçillik pilləsi doktorluq dissertasiyasının müdafiəsi ilə başa çatır. Bu pilləyə namizədlər müsahibə yolu ilə qəbul olunurlar. Onlar əvvəlki təhsilə dair sənədləri və elmi tədqiqat üçün seçilmiş mövzunu təklif edən məktub əsasında müraciət edirlər. Bu pillədə əsas tələb namizədin müstəqil elmi iş apara bilmə bacarığıdır. Bu mərhələni uğurla bitirdikdə namizədə doktorant diplomu verilir.  

Məktəb müəlliminin hazırlanması

Universitetlərdən sonra müəllimlər birinci növ müsabiqədən keçib liseydə 18 saat dərs deyə bilərlər.  İkinci növ müsabiqədən  keçən müəllimlər isə 15 saat dərs demək hüququ qazanırlar. Müəllimlərin hansı sinifdə dərs deməsi rəhbərliyin seçimi ilə müəyyənləşdirilir.  Dərs bölgüləri, bir qayda olaraq, Elmi Şurada müzakirə olunur.  Hər sinifdə təxminən 30-35 şagird olur. Müəllimlər fəaliyyət göstərdiyi müddətdə direktordan müəyyən qiymətlər alır ki, ona administrativ qiymətlər deyilir. İkinci qiymət isə inspektor tərəfindən verilir. Fransada təhsil sistemində müəllim olmaq üçün üç böyük kateqoriya mövcuddur: 1. İbtidai sinif müəllimi,  2. Yuxarı sinif müəllimi, 3. İxtisaslı müəllim.

Məktəb müəllimi olmaq istəyənlər çox ciddi seçimdən keçirlər. Bunun üçün ümummilli sınaqdan keçmək lazımdır. Belə müsabiqələr kollec və lisey müəllimləri üçün olmaqla iki səviyyəyə bölünür. Əvvəlcə yazılı, sonra isə şifahi imtahan olur. İmtahandan keçənlərin əməkhaqqında artma müşahidə olunur. Əgər imtahandan keçə bilməsələr, gələn dəfə bunu bir də sınayırlar. Bu müsabiqəni uğurla keçən müəllim bütün həyatı boyu daimi yer, yüksək əməkhaqqı, universitetin aşağı kurslarında dərs demək hüququ qazanır. Öz üzərində daim işləyən, hazırlıqlı müəllimlər üçün dövlət qulluqçusu adını qazanmaq imkanı da var. Bu adı qazanmaq üçün Milli Təhsil Nazirliyi tərəfindən  yaradılmış komissiya qarşısında imtahan vermək lazım gəlir.

Fransa təhsilində də müəllimlərin diplomdansonrakı əlavə təhsili mövcuddur və bu zaman müəllimlər bir neçə kateqoriyaya bölünür:

1. I kateqoriyalı müəllimlər məcburi formasiondan (ixtisasartırmadan) keçməlidirlər.

2. II kateqoriya könüllülərdən ibarətdir.

3. III kateqoriyaya sahib olmaq üçün yuxarı təşkilatların razılığı lazımdır.

4. IV kateqoriyanı  yalnız  Təhsil Nazirliyinin icazəsi ilə qazanmaq olar.

Müəllimliyə yeni başlayanların  ilk ilində onların köməyə ehtiyacı olmaları nəzə alınaraq  həftədə iki saat davamlı dərsə gəlmələri təmin edilir.

II kateqoriyadan olan müəllimlər Versal Akademiyası tərəfindən təkmilləşdirilir. Versal Akademiyasında hər il orta hesabla 1000-ə yaxın müəllim hazırlanır.

Fransada təhsil müxtəlif akademiyalara ayrılır. Bu məqsədə xidmət edən beş böyük akademiyanı göstərmək olar.  Akademiyalar rektorlar tərəfindən idarə olunur.  Liseylərdə müəllimlər direktor tərəfindən götürülmür, məhz akademiyalar tərəfindən göndərilir. Direktorlar isə milli təhsil naziri tərəfindən təyin edilir.  Bu zaman direktor dörd mərhələdən keçməlidir.

1) Motivasiya məktubu,

2) İmtahan (şifahi),

3) Münsiflərin rəyi,

4) Müsabiqədən keçmək.

Lisey direktoru bu vəzifədə ən azı 3, ən çoxu 9 il işləyə bilər.

Fransada "Öyrədənləri öyrədən" beynəlxalq diplomu 2010-cu ildə təsis edilmişdir. "Öyrədənləri öyrədənlər" iki il ərzində (boş vaxtlarında) təhsil alırlar.

Bundan sonra müsabiqə keçirilir.  Həmin müəllimlər bir il müddətində dərs keçirlər və bu dərslər müzakirə edilir. İkinci ildə isə onlar məktəbdə yeni fəaliyyətə başlayan müəllimin dərslərinə nəzarət edir,  öz professionallığını analiz edirlər.

Bu zaman müəllimin istifadə etdiyi vasitələr:

- debat  - bir nəfərin dediyi dərsi və etdiyi təqdimatı müzakirə etmək;

- həmin adamla dialoq qurmaq;

- öz dərsində yol verdiyi səhvi özü tapmaq;

- təcrübələrin analizi;

- gördüyü işləri, həmçinin öz peşəsini təhlil etmək;

- videodərsin müzakirəsi;

 - açıq dərs;

"Öyrədənləri öyrədən" özü tədqiqat və analiz qabiliyyətinə malik olmalıdır. Onlar elmi məqalələr və metodik vəsaitlər işləməlidirlər. Referatlar yazaraq müdafiə edir və diplom alırlar.

Fransada təhsil prosesinin idarə edilməsində təhsil məsləhətçilərinin xüsusi rolu vardır. Bu ölkədə təhsil sistemində  təhsilin tədrisi və öyrənmə üzrə masterlər üç səviyyəyə bölünür:

Master-1 -  on yaşına qədər uşaqları hazırlayır.

Master-2  - 11-18 yaşınadək uşaqları öyrədir.

Master-3 isə təhsil məsləhətçiləri hazırlayır. Təhsil məsləhətçiləri üç əsas vəzifəni yerinə yetirir:

1. Tədris müəssisəsinin fəaliyyətinə nəzarət;

- şagirdlərin dərsə davamiyyəti, tədrisin mənimsənilməsini öyrənmək,

- uşaqların təhlükəsizliyini təmin etmək.

2. Müəllimlərlə əməkdaşlıq etmək;

3. Tərbiyəvi məsələlərlə əlaqədar tədbirlər:

- şagirdlərlə fərdi, qrup və sinif şəklində müəyyən iş aparmaq,

- şagirdlərin asudə vaxtının səmərəli təşkil olunmasına nail olmaq,

- şagirdlərin nizam-intizam qaydalarını təmin etmək,

- müəssisənin müəyyən proyektlərinə kömək göstərmək,

- şagirdlərin məktəb həyatında iştira

kını təmin etmək, şagirdin təhsil fəaliyyətinə nəzarət etmək,

- şagirdlərin vətəndaş kimi yetişməsinə kömək etmək,

- şagirdin öz təhsil istiqamətini müəyyənləşdirməsinə kömək etmək,

- müəllimlərlə iş.

Təhsil məsləhətçiləri 11 yaşından yuxarı uşaqlarla çalışır.

Təhsil məsləhətçiləri kim ola bilər?  Master-3 səviyyəsini bitirərək  xüsusi müsabiqədən keçənlər məktəbdə bu vəzifəni tuta bilərlər.

Fransada təhsilin müxtəlif istiqamətlərində aparılan müasir texnologiya, kadr hazırlığı, əlavə təhsilin əhəmiyyəti və təhsilin keyfiyyətinin yüksəldilməsi yollarını öyrəndik.

Təcrübə mübadiləsi apardığımız universitetdə olarkən respublikamızda həyata keçirilən təhsil islahatlarının nə qədər əhəmiyyətli olduğunu bir daha qiymətləndirdik. Azərbaycan təhsilinin inkişafı üçün dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə əsaslanılmalı və hər bir pedaqoji işçi müasir yanaşmalara əməl etməli və tətbiqi üçün yollar axtarmalıdır. 

Rafiq RƏSULOV,
AMİ-nin Şəki filialının direktoru, dosent,

Rasim ŞÜKÜROV,
AMİ-nin Mingəçevir filialının
direktoru, dosent

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov