Ölkəmizin sosial-iqtisadi inkişafı gələcəyə
istiqamətlənmiş təhsil sahəsinin möhkəm dayaqlar
üzərində qurulmasına zəmin yaradır. Keçən əsrin
sonlarından başlayaraq təhsildə aparılan məqsədyönlü
islahatlar onun maddi-texniki bazasının güclənməsinə,
məzmununun milli və bəşəri dəyərlər əsasında
zənginləşməsinə, təşkili forma və üsullarının müasir
pedaqoji-psixoloji tələblərə uyğun yeniləşməsinə təkan
vermişdir ki, bu da yetişməkdə olan nəslin hərətərəfli
hazırlığına xidmət edir. Azərbaycan Respublikası
Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı
ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası"nda bu genişmiqyaslı
inkişafın dinamikası, məqsəd və hədəfləri 5 strateji
xətt üzrə açıqlanmışdır. "Təhsilalanların fərdi
xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları
və texnologiyaları vasitəsilə təhsilin məzmununun
səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu
təhsilverənin formalaşdırılması" kimi ifadə olunan
ikinci strateji istiqamət təhsilin aparıcı qüvvəsi
sayılan müəllim kadrların peşəkarlıq səviyyəsinin
yüksəldilməsi ilə bağlı tədbirləri əhatə edir.
Göstərilən tədbirlər sırasında maraq doğuran alt
komponentlərdən biri "2.1.3. müəllimlərin təhsil
müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq
səviyyəsinin artırılması üzrə özünü doğrultmuş innovativ
modellərin tətbiqi" adlanır ki, dövrümüz üçün olduqca
aktual olan bu məsələ üzərində ayrıca dayanmaq istərdik.
Pedaqoji fikir tarixində təhsilalanların cəmiyyət üçün
yararlı vətəndaş hazırlanmasında, hərtərəfli şəxsiyyət
kimi formalaşmasında müəllimin müstəsna rolu yüksək
dəyərləndirilmiş və bu peşə yer üzündə mövcud olanların
ən alisi sayılmışdır. Çətin və mürəkkəb, şərəfli və
məsuliyyətli olmaqla yanaşı, müəllimlik, hər şeydən
öncə, yaradıcı bir peşə kimi səciyyələndirilir. Müəllim
elə bir yaradıcıdır ki, o, hər bir şəxsi bilik və
bacarıqlarla silahlandırmaqla intellektual düşüncə
sahibi kimi, ən ülvi duyğuları aşılamaqla insan kimi
yetişdirir. Bu məqamda ulu öndər Heydər Əliyevin
müəllim haqqında söylədiyi belə bir aforistik fikri
xatırlamaq yerinə düşərdi: "Mən dünyada müəllimdən
yüksək ad tanımıram". Təbii ki, bu ucalığı qorumaq hər
bir müəllimdən böyük fədakarlıq, gərgin əmək, öz
peşəsinə böyük sevgi və qırılmaz bağlılıq tələb edir.
Zamanın sürətlə dəyişən dəyərlər müstəvisində müəllimlik
peşəsinin müasir pedaqoji meyarlara uyğunlaşması
qaçılmazdır. Fəal, yaradıcı müəllim həyata keçirilməkdə
olan təhsil konsepsiyasının mahiyyətini anlamalı, müasir
dərsə verilən tələbləri, onun strukturunu dərindən
mənimsəməli və təlim texnologiyalarına yüksək səviyyədə
yiyələnməlidir. Bunun üçün isə o, daim öz üzərində
işləməli, nəzəri-metodik hazırlığını təkmilləşdirməli və
beləliklə, səriştəli mütəxəssis kimi fəaliyyət
göstərməlidir. Mövcud təcrübənin təhlili belə bir
nəticəyə gəlməyə imkan yaradır ki, müəllimin peşəkarlıq
səviyyəsinin artırılması iki formada: tədrisdən
ayrılmaqla ixtisasartırma kursları vasitəsilə və
tədrisdən ayrılmadan öz üzərində müstəqil işləməklə
həyata keçirilə bilir. Əgər birinci forma planauyğun
qaydada əsasən məcburi şəkildə tətbiq edilirsə, ikinci
forma müəllimin mənəvi tələbat və ehtiyacına uyğun
olaraq könüllü şəkildə yerinə yetirilir. Müəllimin
tədrisdən ayrılmadan öz peşə ustalığını artırması
müxtəlif yollarla həyata keçirilə bilər ki, bunlardan
aşağıdakılar daha səmərəli hesab olunur:
1. Müstəqil mütaliə yolu ilə.
Təhsilin yeni prinsiplər (nəticəyönümlü, şagirdyönümlü,
tələbyönümlü, inteqrativ) əsasında qurulması təlimin
məzmununda və təşkili formalarında köklü dəyişikliklər
edilməsinə gətirib çıxardı. Məlum oldu ki, ümumtəhsil
məktəblərində aparılan kurikulum islahatı daha çox
akademik biliklərin aşılanmasına istiqamətlənmiş ənənəvi
təlim modelinin həyati bacarıqların formalaşmasını bir
məqsəd kimi önə çəkən yeni təlim modeli ilə
əvəzlənməsinə xidmət edir. Əgər ənənəvi təlimdə müəlllim
biliklərin bir mənbədən (dərslikdən) digər mənbəyə
(şagird yaddaşına) ötürülməsini bir məqsəd kimi qarşıya
qoyurdusa, hazırda müvafiq bilik və bacarıqların təlim
materialları üzərində fikir mübadiləsi yolu ilə əldə
olunması yollarını tətbiq etməyə çalışır. Odur ki,
şagird təfəkkürünü daha intensiv işlətməyə hesablanmış
yeni təlim modeli müəllimi daim öz üzərində çalışmağa,
axtarıcılığa sövq edir. Müəllim gözlənilən təlim
nəticələrini qabaqcadan müəyyənləşdirməklə ən optimal
təlim üsullarını tətbiq etmək bacarığına yiyələnməlidir.
Bu isə müəllimdən müasir elmi-metodik ədəbiyyatı
gündəlik izləməyi, yeni ideyalarla potensial imkanlarını
artırmağı tələb edir. Müəllim şagirdlərini
fəallaşdırmaq, təlim prosesinə yaradıcı qoşmaq
istəyirsə, ilk növbədə, özü yaradıcı olmalıdır.
Yaradıcılıq isə daimi mütaliə, düşünmə üzərində qurulur.
Müasir müəllim həm məktəb pedaqogikası və psixologiyası,
həm də tədris etdiyi fənnin nəzəri və metodik əsasları
ilə bağlı son dövrlərdə nəşr edilən elmi məqalələrlə,
monoqrafiyalarla tanış olmalıdır ki, yeni söz deməyə,
yeni iş üsulları tətbiq etməyə qadir olsun. Təəssüf ki,
bu mənbələr kənara qalsın, hətta ixtisas fənlərinin
tədrisi jurnalları ilə maraqlanmayan müəllimlərimiz də
az deyil. Sözsüz ki, bu da müəllimlərin peşə hazırlığına
mənfi təsir göstərməklə təlimin keyfiyyətini aşağı
salır.
Müəllimin özünə qarşı tələbkarlığı olmadan peşəsinin
incəliklərinə lazımi səviyyədə yiyələnə bilməz. Nəzəri
və praktik baxımdan hazırlıqlı olan müəllimin nüfuzu öz
işinə məsuliyyətsiz yanaşan müəllimlərdən qat-qat yüksək
olur. Peşəkarlıq istər müəllim, istərsə də şagird
kollektivi arasında qazanılan hörmətin başlıca
qaynağıdır ki, onun müəyyən hissəsi insaniyyətdən,
səmimi ünsiyyətdən, müəyyən hissəsi isə elmi-metodik
fəallıqdan, çalışqanlıq və fədakarlıqdan irəli gəlir.
İnteraktiv təlim metodları ilə aparılan yeni təlim
şagirdlərin tədqiqatçılığa cəlb olunması və bununla da
sinifdə idraki fəallıq atmosferi yaradılması yolu ilə
mümkündür. Həmçinin dərsin mərhələləri arasında məntiqi
bağlılığı təmin etmək üçün müəllim özü tədqiqatçı
olmalıdır. Deməli, özünütəkrardan qaçmaq, hər dəfə
şagirdləri maraqlandıran yeni təlim üsulları tətbiq
etmək müəllimin bir tədqiqatçı kimi yetişməsini tələb
edir.
Müasir müəllim təkcə şagirdlərinin bilik və
bacarıqlarını deyil, həm də öz fəaliyyətini obyektiv
qiymətləndirmək qabiliyyəti nümayiş etdirməlidir. O,
uğurları kimi, nöqsanlarını da vaxtında görüb üzərində
korreksiya aparmaq gücündə olmalıdır. Əsl yaradıcı
müəllim qazandığı nailiyyətlərlə kifayətlənməməli, təlim
prosesinə yeniliklər gətirmək həvəsi ilə çalışmalıdır.
Buna görə də gündəlik mütaliə müəllim peşəkarlığının
enerji mənbəyi kimi dəyərləndirilə bilər.
2. Qabaqcıl iş təcrübəsinin öyrənilməsi yolu ilə.
Müəllimin peşə hazırlığının yüksəldilməsində
nəzəri-metodik biliklərin artırılması ilə yanaşı,
qabaqcıl təcrübənin öyrənilməsi də mühüm əhəmiyyət kəsb
edir. Danılmaz həqiqətdir ki, Azərbaycan təhsilində
aparılan islahatlar inkişaf etmiş dünya ölkələrinin və
respublikamızın qabaqcıl məktəblərinın iş təcrübəsinə
əsaslanmaqla, təlimin təşkili, idarə olunması,
məzmununun müəyyənləşdirilməsi və digər mühüm
məsələlərlə yanaşı, müəllim hazırlığı problemini də
özündə əks etdirir. Müəllimin səriştəli bir mütəxəssis
kimi yetişməsində ixtisasartırma kurslarının,
treninqlərin, elmi-praktik konfrans və seminarların
müstəsna rol oynadığı aydın məsələdir. Bununla yanaşı,
müəllimin tədris prosesindən ayrılmadan qabaqcıl iş
təcrübələri ilə tanışlığında digər iş formalarından da
geniş istifadə olunur ki, onlardan aşağıdakıları qeyd
etmək mümkündür:
1) Müəllimlərin məktəbdaxili fənn birləşmələrində
iştirakını təmin etməklə.
Müəllimlik elə bir peşədir ki, daim yeni keyfiyyətlərlə
dolğunlaşır. Son dövrlər təlim strategiyalarının
elmi-texniki tərəqqinin və müasir pedaqoji-psixoloji
tələblərin təsiri ilə tamamilə dəyişməsi müəllimin
fəaliyyət imkanlarının genişlənməsinə meydan açdı. Artıq
informasiya-kommunikasiya vasitələrinə, kompüter
texnologiyasına dərindən yiyələnmədən şagird maraqlarına
cavab verən müasir məşğələ formalarını təşkil etmək
çətin bir prosesə çevrilməkdədir. Məhz buna görə də
məktəbdaxili fənn birləşmələrinin imkanlarından səmərəli
istifadə olunmalıdır. Müəllim qabaqcıl həmkar
yoldaşlarından iş təcrübəsini öyrənmək üçün onların
dərslərində mütəmadi iştirak etməlidir ki, aydın
olmayan məqamların müzakirə yolu ilə dərkinə nail olsun.
Belə birləşmələrdə problem xarakterli məsələlər
ətrafında fikir mübadiləsinin aparılması xüsusilə
önəmlidir.
Müşahidələr göstərir ki, qabaqcıl müəllimin "açıq
dərs"ləri yalnız eyni fənni tədris edən müəllimlərin
iştirakı ilə keçirilir. Bu onunla bağlıdır ki, çox zaman
belə dərslərin təhlilində məzmun məsələləri qabardılır.
Fikrimizcə, belə dərslərə ixtisasından asılı olmayaraq
bütün müəllimlər, xüsusilə gənclər cəlb olunmalıdırlar.
Təşkil olunan müzakirələrdə isə müəllimin şagirdlərlə
ünsiyyət qurmaq, sinfi təşkil edib araşdırılacaq
problemi təqdim etmək, dərsin mərhələləri arasında
məntiqi əlaqə yaratmaq, təlim üsullarından məqsədyönlü
istifadə etmək, bilik və bacarıqları düzgün
qiymətləndirmək və s. məsələlər qabardılmalıdır.
2) Müəllimlərin rayon metodbirləşmələrinə daha fəal cəlb
olunmasını təmin etməklə.
Müəllimin qabaqcıl həmkarlarının iş təcrübəsindən
bəhrələnərək peşəkarlıq səviyyəsini yüksəltməsi üçün
rayon təhsil şöbələrində fəaliyyət göstərən
metodbirləşmələrdə iştirakı olduqca vacibdir. Bu yolla
müəllim daha geniş bir müstəvidə iş təcrübəsini müşahidə
edib öyrənmək imkanı qazanmış olur. Həftənin müəyyən
günlərində rayon müəllimlərinin bir auditoriyaya
yığışıb həm təhsilin ümumi, həm tədris etdikləri fənnin
konkret məsələləri ətrafında fikir mübadiləsi aparmaları
onların peşə fəaliyyətinə müsbət təsir göstərir.
Etiraf edək ki, 2007/2008-ci tədris ilindən başlayaraq
tətbiq edilən kurikulum islahatı təlim prosesinin daha
optimal qurulmasına təkan verdiyi kimi, bəzi problemlər
də yaratmışdır. Belə ki, hələ də bəzi müəllimlər dərsin
məqsədini müəyyənləşdirməkdə alt-standartlara istinad
etmək, motivasiya mərhələsində yardımçı suallar əsasında
keçilən mövzu ilə bağlı araşdırılacaq problemin
mahiyyətini anlamağa yönəlmiş tədqiqat sualını və
şagirdlərin təlim fəaliyyəti ilə bağlı qiymətləndirmə
meyarlarını müəyyənləşdirmək məsələlərində çətinlik
çəkirlər. Ona görə də bu vərdişlərə yiyələnmiş qabaqcıl
müəllimlərin iş təcrübəsi ilə tanış olmaq üçün onların
çıxışlarını dinləmək, yaxud keçdikləri dərslərin
videosuna baxıb fikir mübadiləsi aparmaq səmərəli
nəticələr verə bilir. Bundan əlavə, rayon səviyyəsində
müəllimlərin peşə hazırlığını artırmaq məqsədilə
mütəmadi qaydada praktik konfranslar, seminarlar təşkil
olunmalı və qabaqcıl iş təcrübəsi müəyyənləşdirilərək
təbliğ edilməlidir.
Beləliklə, tədrisdən ayrılmadan müəllimlərin peşə
hazırlığının yüksəldilməsinin üstün cəhəti ondadır ki,
bu həm əlavə xərc tələb etmir, həm də məktəbin işinə
maneçilik yaratmır.
Adilə NƏZƏROVA,
Təhsil Problemləri İnstitutunun böyük elmi işçisi
|