Uşaq terapevti Aysu Qasımova ilə söhbət
- Uşaqlar arasında ən çox təsadüf edilən infeksion
xəstəliklər hansılardır? Hansı viruslar daha
təhlükəlidir?
-
Hər bir valideynin həyatında uşaqlar ən vacib dəyərdir.
Valideynin qarşısında duran ən ümdə məsələ isə övladını
cəmiyyət üçün yararlı, sağlam bir fərd kimi böyütməkdir.
İlin payız-qış aylarında uşaqları qrip və soyuqdəymə
xəstəliklərindən tam sığortalamaq sadəcə
qeyri-mümkündür. Uşaq tez-tez xəstələnirsə və yoluxduğu
xəstəliyi həddindən artıq ağır keçirirsə get-gedə onun
immun sistemi də zəifləyir.
Nadir hallarda, gec-gec və yüngül formada xəstələnən
uşaqların isə immun sistemi sanki möhkəmlənir, eyni
virus və ya infeksiyaya təkrar yoluxduqda uşağın immun
sistemi onları dəf edə bilir.
Hazırda qış fəslidir və bu fəsildə uşaqlar arasında
kəskin respirator virus infeksiyaları, qızılca,
skarlatina, göy öskurək, məxmərək kimi yoluxucu
xəstəliklərə daha çox təsadüf edilir. Biz həkimlər,
valideynlər uşaqları nə qədər qorumağa çalışsaq da,
onlar bağçada, məktəbdə, gəzintidə müxtəlif
xəstəliklərə yoluxurlar. Hər hansı bir xəstəliyə
yoluxmuş uşaq vaxtında həkim nəzarəti altına
götürülməli, adekvat müalicə aparılmalıdır ki,
fəsadlaşmaların qarşısı alınsın.
- Valideynlər necə hərəkət etməli, hansı zəruri
profilaktik tədbirləri görməlidirlər ki, uşaqlar mümkün
qədər xəstəliyi yüngül formada, ağırlaşmalar baş
vermədən keçirsin?
- Təbabətdə bir çox sınaqdan çıxmış metodlar mövcuddur
ki, bunları bütün valideynlər bilməlidir. Hər bir
valideyn, hər bir
məktəbli özü ilk növbədə şəxsi
gigiyena və sanitariya qaydalarına riayət etməyə
çalışmalıdır. Xəstə uşaqlar məktəbə və ya bağçaya
göndərilməməlidir. Uşaqlara mütəmadi olaraq immun
sistemini möhkəmləndirən bitki tərkibli preparatlar,
xüsusən də vitamin C verilməlidir.
Mən
bir terapevt kimi valideynlərə övladlarını məktəbə və ya
bağçaya yollayarkən onların burunlarına virus əleyhinə
olan oksalin mazından sürtməyi məsləhət görürəm.
- İnfeksion xəstəliklərin məktəblərdə, uşaq
bağçalarında, evlərdə uşaqlara yoluxmaması üçün hansı
qabaqlayıcı tədbirləri görmək məsləhətdir?
- Profilaktik tədbirlərin ümumi kompleksinə uşağın
gündəlik rejimi, yuxusu, fiziki tərbiyəsi, qidalanması,
bədəninin möhkəmləndirilməsi, gigiyena və sanitariya
qaydalarına riayət olunması daxildir. Uşaq kifayət qədər
yatmalı və dincəlməlidir. Məktəblilərin yuxu müddətı 10
saatdan az olmamalıdır.
Uşaqlar hər gün ən azı 1-2 saat açıq havada olmalıdır.
Kondisioner və istilik sistemlərinin otağın havasını
həddindən artıq qurutması nəticəsində bizim selikli
qişalarımız da quruyur. Selikli qişalar orqanizmin
müdafiə sisteminə aiddir. Onlar virus və mikrobların
orqanizmə daxil olmasını əngəlləyə bilmək üçün daim nəm
qalmalıdır. Quruduqda selikli qişalar öz müdafiə
funksiyalarını itirir. Ona görə də hər gün evin bütün
səthlərini xüsusi dezinfeksiyaedici məhlulda isladılmış
nəm əsgi ilə silmək məsləhətdir. Bu, həm evə düşən virus
və infeksiyaları məhv edir, həm də evin havasını
nəmləndirir.
Virus və mikrobların əksəriyyəti təmiz havada yaşaya
bilmədiyindən, gün ərzində evin havasını da mütləq bir
neçə dəfə dəyişmək, təzələmək vacibdir.
Hava rejimi respirator xəstəliklərinin profilaktikasında
demək olar ki, ən vacib aspektlərdən biridir. Artıq
sübut olunmuşdur ki, respirator virus infeksiyalarının
yayılması yuxarı temperaturlu, yəni isti otaq şəraitində
daha da tezləşir.
Həm valideynlər, həm də bağça, məktəb müəssisələrinin
işçiləri bilməlidirlər ki, sərin, təmiz hava heç vaxt
zökəm yaratmır, əksinə, infeksiyaların yayılmasının
qarşısını alır. Uşağı havaya uyğun isti geyindirmək
lazımdır. Ancaq onu da bilmək vacibdir ki, lazım
olduğundan daha isti geyindirilmiş uşaq tərləyəcək və
nəticədə daha tez xəstələnəcək.
- Sizcə, yoluxucu xəstəliyə tutulmuş uşaqların müalicə
prosesində dava-dərmana, tibbi metodlara, yoxsa, xalq
təbabətinə üstünlük vermək məsləhətdir?
- Mənim fikrimcə, belə hallarda hər iki vasitədən, yəni
həm nənələrimizin məsləhət gördüyü bal, doşab, sarımsaq
və bitki dəmləmələrindən, həm də müasir təbabətin
vasitələri olan dərman preparatlarından istifadə etmək
lazımdır. Ancaq hər iki halda müalicənin həkim nəzarəti
altında aparılması daha məqsədəuyğundur.
- Qida rasionunun, bitki çaylarının infeksiyalardan
qorunmaqda rolu varmı?
- Təbii ki, var. Uşağın qida rasionu orqanizmə vacib
olan vitaminlərlə, zülallı maddələrlə nə qədər zəngin
olarsa, onun immuniteti də bir o qədər möhkəm və davamlı
olar. İlk növbədə, immuniteti yaxşılaşdırmaq,
xəstəliklərə qarşı orqanizmin müqavimətini artırmaq
üçün mövsümi təzə meyvə-tərəvəz, süd məhsulları,
yarmalar, ət (mal əti, toyuq əti, xüsusilə də balıq),
bitki yağları, tərkibində C vitamini olan məhsullar
-limon, qarağat mürəbbəsi, itburnu dəmləməsi, portağal,
mandarin və s. uşağın qida rasionunda hər gün olmalıdır.
Bir sözlə, uşaq keyfiyyətli qidalanmalıdır. Xəstəliyin
ilkin əlamətlərində həkim təyinatı ilə yaşına uyğun
dozada uşağa C vitamini və münasib vitamin-mineral
kompleksi də vermək olar.
Qida rasionunda uşağın 3 yaşından sonra bal, propolis,
soğan, sarımsaq kimi təbii məhsullardan istifadə etmək
immuniteti stimullaşdırır.
Bitki dəmləmələrindən kəkotu, moruq və qarağat
yarpaqları, limonotu, nanə, adaçayı, itburnu, zəncəfil
və s. istifadə etməklə də immuniteti yaxşılaşdırmaq
mümkündür.
Bitki çaylarından mən daha çox itburnu dəmləməsini
tövsiyə edərdim ki, bu, xəstəliklərə qarşı orqanizmin
dözümlülüyünü daha tez artırır.
- Bir həkim kimi valideynlərə məsləhətiniz nədir?
- Mən özüm də valideynəm. İki məktəbli qızım var.
Valideynlərə məsləhətim budur ki, övladlarının
sağlamlıqlarının qorunmasında aktiv iştirak etməyə
çalışsınlar. Uşağa xəstələnməməyi üçün nə lazım olduğunu
yalnız dillə başa salmaq yox, öz üzərində əyani
göstərmək lazımdır. Valideyn şəxsi gigiyena qaydalarına
riayət etməklə, səhər idmanla məşğul olmaqla, bədənini
möhkəmləndirməklə, düzgün qidalanmaqla öz övladına
nümunə olmalıdır. Bədəninin, geyiminin, yaşadığı yerin
təmiz saxlanmasını uşağa öyrətmək, infeksion
xəstəliklərin profilaktikasının elementar qaydalarını
ona başa salmaq lazımdır. Uşaq bilməlidir ki,
kollektivdə öskürən, asqıran uşaqlarla ünsiyyətdən uzaq
olmalı, başqalarının fərdi əşyalarından, qablarından,
diş fırçalarından istifadə etməməlidir. Əgər uşaq özü
xəstədirsə, öskürüb asqıranda ağız və burnunu maska, ya
dəsmalla tutmalı, infeksiyanın digər uşaqlara
yoluxmaması üçün onlardan aralıda durmalıdır.
Uşaq məktəbdən, çöldən evə qayıtdıqda və ya hər dəfə
qida qəbul etdikdə əvvəlcə mütləq əllərini yumalıdır. Ən
sadə gigiyenik qaydalara riayət olunması uşağın bir çox
infeksiyalardan qorunması deməkdir.
Bağçadan, məktəbdən və yaxud həyətdən evə qayıdan
uşağın boğazını, ağzını duzlu su ilə və ya bitki
dəmləmələri ilə (çobanyastığı, adaçayı və c.) yaxalamaq,
burnunu su ilə yumaq lazımdır. Bu yolla uşağın selikli
qişalarına düşən virus və infeksiyalar
zərərsizləşdirilmiş olur.
Xəstəliklərin artdığı aylarda uşaqları adam çox olan
yerlərə aparmamaq, ictimai nəqliyyatdan, metrodan mümkün
qədər az istifadə etmək daha məqsədəuyğundur.
Böyüklərin sevgi və qayğısını daim hiss etməsi, dinc,
rahat və mehriban şəraitdə böyüməsi də uşağın immun
sisteminin möhkəmlənməsində mühüm rol oynayır.
Yadda saxlamaq lazımdır ki, həyat hərəkətdədir.
Uşaqlarınızla birlikdə idmanla məşğul olun, açıq havada
gəzin, oynayın.
Ailədə olan sağlam həyat tərzi - övladlarımızın
sağlamlığının qarantıdır!
Ellada UMUDLU,
"Azərbaycan müəllimi" |