Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Yanvar 2014 - №02

 

"Azərbaycan müəllimi" - 80

 

Yubiley təbrikləri 

"Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Bayram Hüseynzadəyə 

Hörmətli Bayram müəllim!

Sizi və Sizin şəxsinizdə "Azərbaycan müəllimi" qəzetinin bütün kollektivini qəzetin nəşrə başlamasının 80-ci ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Təhsil və mətbuat hər bir xalqın taleyini müəyyən edən müstəsna dəyərlərdir. Bunların hər ikisini öz səhifələrində bir araya gətirən "Azərbaycan müəllimi" qəzeti 80 il ərzində öz adının müqəddəsliyinə sadiq qalmış, Azərbaycan ictimai fikrinin inkişafındakı yeri və rolu, bu inkişafa verdiyi əhəmiyyətli töhfələrlə özü də tarixi bir dəyərə çevrilmişdir.

"Azərbaycan müəllimi" qəzeti bizim üçün də doğma bir qəzetdir. Çünki qəzetin ərsəyə gəlməsində, yaşam dövründə və bu günə gəlib çatmasında həmkarlar ittifaqı təşkilatımızın da böyük rolu vardır. Belə ki, "Azərbaycan müəllimi" qəzeti uzun müddət Təhsil Nazirliyi ilə yanaşı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının da orqanı olmuş və ittifaqın fəaliyyəti bu qəzetin səhifələrində geniş işıqlandırılmışdır.

Ulu öndər Heydər Əliyevin irəli sürdüyü və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək dinamizmlə həyata keçirilən strateji inkişaf kursunun uğurları sayəsində Azərbaycan dövləti tarixinin böyük yüksəliş dövrünü yaşayır. Cəmiyyət həyatının ən çox  inkişaf edən sahələrindən biri də məhz təhsil sahəsidir. Respublikamızda həyata keçirilən təhsil islahatlarının ölkə ictimaiyyətinə aydın izahı, cəmiyyətimizin maarifləndirilməsi, gənc nəslin təlim-tərbiyəsi, uzun illər ərzində təhsil sahəsində formalaşdırılmış zəngin irsin varisliyinin təmin olunması baxımından milli mətbuatımızın üzərinə yenə də böyük vəzifələr düşür. Fərəh doğuran haldır ki, "Azərbaycan müəllimi" qəzeti 80 illik fəaliyyət tarixinin bütün dönəmlərində olduğu kimi yenə də öz missiyasını layiqincə yerinə yetirərək Azərbaycanın maarifçilik tarixinin ən yeni dövrünün salnaməsini yazır.

Hörmətli Bayram müəllim!

Bu tarixi gün münasibətilə Sizə ən xoş diləklərimizi çatdırır, "Azərbaycan müəllimi" qəzetinin hər yeni sayının oxucularla görüşə gəlməsində əməyi olan bütün insanlara uzun ömür, möhkəm cansağlığı, şərəfli işinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Hörmətlə, 

Səttar MEHBALIYEV,
AHİK-in sədri, millət vəkili

 


"Azərbaycan müəllimi" qəzetinin kollektivinə 

"Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq", - deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ 20 il öncə təhsilimizin bir parçası olan "Azərbaycan müəllimi" qəzetinin 60 illik fəaliyyətinə layiqli qiymət vermiş, qəzetin ictimai-siyasi həyatımızdakı  rolunu yüksək dəyərləndirmişdir.

Qəzetin  səhifələrindən möhtərəm Prezidentimiz İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinə olan diqqət və qayğısı nəticəsində təhsilimizin inkişafı haqda yazıları oxuyur, fərəh hissi keçiririk.

Qayəsi dövlətini və millətini sevən, elmi və texnoloji biliklərə yiyələnmiş mütəxəssislər yetişdirmək, Azərbaycanın tərəqqisinə xidmət etmək olan Qafqaz Universiteti "Azərbaycan müəllimi" qəzetinin elm və təhsilimizin inkişafı istiqamətində göstərdiyi peşəkar fəaliyyətini yüksək qiymətləndirir

Sizi Şəxsim və Qafqaz Universitetinin kollektivi adından 80 illik yubileyiniz münasibəti ilə təbrik edir, qazandığınız nailiyyətlərin davamını və yorulmaz fəaliyyətinizdə uğurlar arzu edirəm.

Qafqaz Universitetinin kollektivi adından 

prof.dr.  Ahmet SANİÇ

 


"Azərbaycan müəllimi"nin arxivindən

Səudiyyə Ərəbistanı Krallığının ali təhsil naziri doktor Xalid əl-Anqarinin qəzetimizə müsahibəsi zamanı 

5 sentyabr 2007-ci il

Tanınmış imzalar

Əlifbamız haqqında 

"Azərbaycan müəllimi",
19 iyun 1947-ci il,
23

...Məlumdur ki, həyatı zərurətlə əlaqədar olaraq hər hansı bir xalq ya özünə əlifba düzəldərkən, ya da öz əlifbasını islah edərkən, təkmilləşdirərkən, başlıca olaraq aşağıdakı cəhətləri nəzərə almalı olur:

1.Öz ana dilində mövcud ictimai mənalı səslərin hər birinə məxsus ayrıca bir işarə - hərf qəbul etmək;

2.Ana dilində olmayan səsləri ifadə edən hərfləri mexaniki surətdə başqa xalqın əlifbasından köçürməmək;

3.Ana dili üçün əlifba düzəltməkdən ötrü istifadə edilən və ya əsas götürülən əlifbada, ana dilinə xas olan bir sıra səsləri ifadə edəcək işarə - hərf olmadıqda yeni işarə - hərflər düzəltmək və ya əsas alınmış əlifbadakı bəzi hərfləri yeni mənada qəbul etmək;

4.Əsas götürülən və əxz olunan əlifbaya bağlanıb qalmamaq, onun sistemini toxunulmaz fetiş hesab etməmək, bu sistemi ana dilinin ruhuna, qayda-qanununa uyğunlaşdıraraq xalqın öz dilinə məxsus xüsusi yazı sistemini yaratmaq.

Rus əlifbasına keçərkən bu şərtlərə əsasən rəayət olunmuşdur, Məhz buna görə də щ, ь, ъ kimi rus dilinə xas olan bəzi işarələr Azərbaycan əlifbasına köçürülməmişdir və beləcə də Azərbaycan dilinə xas olan məxsusi səsləri ifadə etmək üçün ə, ö, ü, g, c, ğ, h hərfləri yaradılmışdır.

Lakin bununla belə, bəzi təhriflərə də yol verilmişdir; belə ki, dilimizdə heç bir zaman olmayan və dillərin sövti inkişaf qanununa görə yenidən yaranması da mümkün hesab edilməyən qovuşuq səslərə məxsus ц, я, ю, e hərfləri mexaniki surətdə Azərbaycan əlifbasına köçürülmüşdür.

...Я, ю, e hərflərinin bizim dilimizə məxsus mənada əlifbamızda qalması əlifba təlimində də xeyli çətinlik törədir. Çünki sövti üsulla aparılan təlim işində bu hərflərin öyrədilməsi sövti üsulun əsl tələblərinin pozulmasına səbəb olur və nəticədə müəllim heca üsuluna keçməyə məcbur qalır.

Azərbaycan dilinin lüğət tərtibi və əlifba sistemi ilə aparılan bütün işlərimizin də təcrübəsi göstərir ki, я, ю, e çox çətinlik törədir və anlaşılmazlığa səbəb olur.

...Bütün bura qədər söylədiklərimizi yekunlaşdıraraq aşağıdakı əməli nəticəyə gələ bilərik:

1.Əlifbamızdakı я, ю, e, ц hərflərini ixtisara salmalı;

2. E hərfini й+э mənasında deyil, ancaq g mənasında saxlamalıdır.

Belə bir islahat apardıqdan sonra əlifbamız 32 hərf və bir əlamətdən ibarət olacaqdır.

Qeyd etmək lazımdır ki, bu əməliyyat əlifbamızı dilimizin ruhuna daha uyğun bir məzmunda təkmilləşdirmiş olacaq, beləliklə əlifbamız son elmi tələblərə cavab verə bilən ən mükəmməl bir əlifba ola biləcəkdir

Əbdüləzəl DƏMİRÇİZADƏ,
professor


 Şagirdləri gələcək əməli fəaliyyətə hazırlaşdırmaq lazımdır

 "Azərbaycan müəllimi",
6 oktyabr 1949-cu il,
37

...Respublikamızın qabaqcıl  müəllimləri  yeddiillik və orta məktəb şagirdlərini əməli fəaliyyətə hazırlaşdırmaq məqsədilə bir sıra qiymətli işlər görmüş və  diqqətəlayiq nəticələr əldə etmişlər.

Qabaqcıl müəllimlərimizin bu sahədəki təcrübələrini hesaba almaq, ümumiləşdirmək və onu geniş müəllim kütləsinin malı etmək- qarşımızda duran əsas vəzifələrdəndir.

...Qabaqcıl məktəblərimizin  bu barədə əldə  etdikləri ən  qiymətli təcrübə bioloji fənlərin tədrisi ilə əlaqədar olaraq məktəbyanı sahədə bir sıra faydalı və mühüm işlərin aparılmasından ibarətdir.

Məktəblərimizin əksəriyyətində, artıq bioloji fənlərin tədrisi sosyalizm kənd təsərrüfatı ilə bağlanır, şagirdlərə  kənd təsərrüfatına aid müxtəlif vərdişlər qazandırılır və onlar bioloji dərslərində aldıqları bilikləri tətbiq etməyə alışdırılırlar.

Yalnız 1948-1949-cu tədris ilində respublikamızın məktəblərində 207,5 hektarlıq məktəbyanı sahədə şagirdlərin qüvvəsilə 103.757 meyvə ağacı və 42.946 bəzək ağacı əkilmiş, 1.534 meyvə ağacına calaq vurulmuş, 374,4 hektarlıq məktəbyanı  sahədə isə tərəvəz və bostan bitkiləri əkilmişdir. Bir sıra qabaqcıl müəllimlərimiz bu böyük dövlət əhəmiyyəti olan vəzifəni planlı surətdə aparır və bütün şagirdlərin bu əməli işdə iştirak etmələrini təmin edirlər.

...Bütün bunlar  göstərir ki, məktəbyanı sahədə  şagirdləri çalışdırmaq işi artıq kütləvi bir hal almışdır... 

Mehdi MEHDİZADƏ,
pedağoji elmləri namizədi


 Cənubi Azərbaycanın böyük maarif xadimi Mirzə Həsən Rüşdiyə 

 "Azərbaycan müəllimi",
19 fevral 1948-ci il,
7
 

...İranın inqilab beşiyi olan Cənubi Azərbaycan (Təbriz), maarif və proqresin də beşiyi olmuşdur. Cənubi Azərbaycan xalqının böyük maarifpərvər oğlu olan Mirzə Həsən Rüşdiyənin təlim-tədris sahəsindəki xidməti xüsusilə diqqətəşayandır. İranda mürtəce ruhanilərin hər cür müqavimətinə, təhqir və hədələrinə baxmayaraq, Mirzə Həsən Rüştiyə öz xalqının savadlanması və maariflənməsi uğrunda yorulmadan çalışmış və əlifba təlimini asanlaşdırmaq,  tədris prosesində daha təsirli vasitələr axtarıb tapmaq üçün bütün qüvvətini sərf etmişdir.

Mirzə Həsən Rüşdiyə yalnız Cənubi Azərbaycanda deyil, bəlkə də bütün İranda əlifba təlimində "sövti üsulun" banisi hesab olunur.

...Rüşdiyə 1887-ci ildən 1896-cı ilədək Təbrizdə 9 məktəb açır və bu məktəblərin hamısı mürtəce və ruhanilər tərəfindən bağlanılır... 1904-cü ildə "Məktəb" adlı qəzeti nəşr etməyə başlayır. Qəzetin səhifələrində Rüşdiyə maarifin və yeni məktəbin düşmənlərinə, birinci növbədə isə qəddar mürtəce Eynüldövləyə hücum edir.

...Mirzə Həsən Rüşdiyənin böyük xidmətlərindən biri də Cənubi Azərbaycanda ilk dəfə olaraq (1905-ci ildə) Azərbaycan dilində dərs kitabı yazması idi. Bu kitabın adı "Vətən dili" idi.

"Vətən dili" 1905-1911-ci illərdə Cənubi Azərbaycanda inqilabi hərəkatın alovlandığı və Səttarxanın rəhbərliyi altında Cənubi Azərbaycan xalqının öz müqəddəratı uğrunda qanlı vuruşmalara girişdiyi bir dövrün məhsuludur...

Qılman MUSAYEV 


Stalinçi gənclər

"Azərbaycan müəllimi",
14 oktyabr 1948-ci il, № 38
 

Gənclik ölkənin qüdrəti, xalqın ümididir. Böyük və qəhrəman xalqın gəncləri də fədakar və məğlubedilməz olur. Krasnodon komsomolçularının misilsiz qəhrəmanlığı bunu bir daha sübut etdi. Keçmişdə belə gənclik yox idi və ola da bilməzdi. Gənc qvardiyaçıları yalnız qalib kommunist partiyası və böyük sovet xalqı tərbiyə etmişdir. Onların gücü də məhz bundadır.

Mən "Gənc qvardiya" filminə tamaşa edirkən inqilabdan əvvəlki gəncliyin acı taleini xatırlayırdım. O zaman yoxsullar içərisindən çıxmış tək-tük gənc ziyalı öz yaşıdlarını xalqın azadlığı uğrunda mübarizəyə cəlb etmək üçün nə qədər əzab və əziyyət çəkirdi! Əsarət və cəhalət pərdəsi o zaman gəncliyin də gözünə tor çəkmişdi. İndi isə gənclik başqadır. O, savadlı, mədəni, bacarıqlıdır. O, zəhmətkeş xalqın mənafeini müdafiə edən sarsılmaz bir qüvvəyə çevrilmişdir. Müasir gənclərimizin qabaqcıl nümayəndələri olan gənc qvardiyaçılara baxırkən qəlbimin böyük iftixar hissi ilə dolduğunu hiss edirdim. Cəsarətlə, tərəddüd etmədən yüksək qayələr uğrunda mübarizəyə atılan mədəni, insanpərvər gənclər görmək qoca bir müəllim üçün həqiqi səadət deyilmi? Gənc qvardiyaçıların təmiz əxlaqı, insanpərvərliyi, yüksək mədəniyyəti biz qoca müəllimləri sevindirməyə bilərmi? Bunlar artıq tamamilə yeni gənclərdir. Stalin dövrünün gəncləridir. Bunlar təkcə Krasnodonda deyil, hər yerdə, bizim ətrafımızda yaşayır, oxuyur, inkişaf edirlər. Həyatı diqqətlə müşahidə etsək uşaqlarımızın hər birində gənc qvardiyaçılara məxsus qiymətli xüsusiyyətləri görə bilərik. Onların hamısı sosyalist vətənlərini, doğma xalqlarını Oleq Koşevoy, Sergey Tyulenin kimi canlarından artıq sevirlər. Lenin - Stalin partiyasının böyük işi uğrunda fədakar mübarizə onların hamısının ən vacib idealıdır. Hərgah biz müəllimlər yeni nəslin bu sağlam tərbiyəsində öz əməyimiz, səy və qayğımızla azacıq iştirak etmişiksə, bu bizim xoşbaxtlığımızdır. Yeni gənclik, yeni insan yetirmək uğrunda mübarizədə sovet müəllimləri ona görə qalib gəlmişlər ki, onlara dahi müəllim, ellərin atası böyük Stalin rəhbərlik edir. 

Abdulla ŞAİQ,
Azərbaycan SSR Ali Sovetinin deputatı, əməkdar müəllim


"Azərbaycan müəllimi" qəzetinin ilk nömrəsinin əldə olunması yeni faktları üzə çıxardı

80 illik yubileyə hazırlıqla əlaqədar artıq xeyli müddətdir ki, bir neçə əməkdaşımız  "Azərbaycan müəllimi" qəzetinin tarixini araşdırır, ölkənin təhsil və ictimai həyatında mühüm rol oynamış bu mətbuat orqanı haqqında oxuculara dəqiq və müfəssəl məlumatlar verməyə çalışır. Yaradıcı heyətimiz, ölkənin ən böyük arxiv və kitabxanalarına müraciət etsə də, indiyədək qəzetimizin ilk nömrəsini əldə edə bilməmişdi. Nəhayət, axtarışlarımız öz bəhrəsini verdi. "Azərbaycan müəllimi" qəzetinin ilk nömrəsini əldə etdik.

Yaradıcı qrupumuzun araşdırması nəticəsində məlum oldu ki, qəzetimiz ilk dəfə 1934-cü il sentyabrın 2-də  "Qommunist Məarifi" adı ilə nəşr edilib. Qəzetimizin indiki formatından azca kiçik ölcüdə, 4 səhifə həcmində, həftədə 1 dəfə nəşr olunub. İlk redaktoru 1934-1937-ci illərdə Azərbaycanın maarif komissarı vəzifəsində çalışmış Mahmud Ağayev olub. Qəzet Azərbaycan SSRİ Xalq Maarif Komissarlığının və Mərkəzi İdarəsinin orqanı kimi fəaliyyətə başlayıb.


Tarixi yaşadan səhifələr

Azərbaycanın tanınmış yazıçısı Cəfər Cabbarlının vəfatı xəbəri ilk dəfə qəzetimizdə verilib

"Qommunist Məarifi" qəzeti, 31 dekabr 1934-cü il

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov